Məhkəmə qərarları › İş №1(008)-743/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-743/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-743/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 1, ev 3b-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 04 aprel 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında baldızı Zərərçəkmiş şəxs ilə aralarında yaşadıqları evdən qeydiyyatdan çıxmamaları səbəbindən ailə məişət zəminində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs qəsdən istintaqa məlum olmayan bərk küt əşya ilə bir dəfə vurub ona sağ təpəgicgah nahiyəsinin sıynqla müşayiət olunan dərialtı hemotoması, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həyat yoldaşı Şükür Mirzəyev ona qarşı ağır cinayət törətdiyinə görə hazırda iki ildir ki, həbsdədir. Zərərçəkmiş şəxs adlı baldızı da onun qeydiyyatda olduğu evdə qeydiyyatdadır, həmçinin Gülnanə və Təranə adlı baldızları da var, Fuad Təranənin oğludur, bir müddətdir ki, qaynatası hazırda ərini və Sevinci evdən qeydiyyatdan çıxarmaq istəyir, qaynatası bununla bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də Sevinclə onların arasında münaqişə baş vermişdir. 04 aprel 2023-cü il tarixdə saat 19 radələrində Gülnanə, Fuad və Sevinc evlərinə gəlmiş, həmin zaman oğlu Mirxəlillə qaynatası da evdə olmuşlar. Həmin vaxt Sevinclə Mirzə kişi arasında mübahisə olmuş, sonra o, mətbəxdən qonaq otağına gəlmiş, o, Sevinci təhqir edib atası ilə nəyə görə sözlə evin qeydiyyat məsələsinə görə mübahisə etməsini soruşmuş, sonra Sevinc də onu təhqir etmiş, ona tərəf qəndqabı atmış, qəndqabı atmış, qəndqabı Sevincin başına dəymiş, Sevinc başından xəsarət almış, sonra oğlu ilə Fuad onları aralamış, Sevinc çıxıb getmiş, sonrakı dəqiqələrdə isə Fuadla Gülnanə də çıxıb getmişlər. Hadisə 3-4 dəqiqə aralığında yaşadığı evdə 04 aprel 2023 tarixdə baş vermişdir, hadisənin baş verməsinin səbəbi ailə münaqişəsi, evin qeydiyyat məsələsinə görə mülk mübahisəsi olmuşdur. Hadisə şəxsi münasibətlər zəminində baş vermişdir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şükür Mirzəyev qardaşıdır, iki ildir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə baş vermiş hadisəyə görə həbsdədir, onların iki övladı var. Təqsirləndirilən şəxs atasının yaşadığı evdə oğlu və atası ilə yaşayır. Qardaşı həbs olunandan bəri Kəmalə ilə münasibəti pisləşmiş, o, qardaşının yanına 7 saylı cəzaçəkmə müəssisəsinə getməməyini istəyir, həmçinin o, hazırda qardaşından rəsmi olaraq boşandığından atası da evdən qeydiyyatdan çıxarmaq istəyir. Həmçinin 84 yaşlı atasına da öyrədir ki, atası onlara qarşı olsun, həmin evə o və bacıları gedib-gəlməsin, evi isə özü satsın, pulları ələ keçirsin. 04 aprel 2023-cü il tarixdə saat 19 radələrində o, evlərinə getmiş, atası ilə görüşmüş, orada Gülnanə və Fuad da olmuşlar. Atası ilə söhbət etmiş, həmin zaman Kəmalə mətbəxdə olmuşdur. Sonrakı dəqiqələrdə Xəlil oraya gəlmiş, sonra qonaq otağına onların yanına Kəmalə gəlmiş, Kəmalə ilə onların həmin evə gəlməyi üstündə aralarında mübahisə baş vermiş, Kəmalə onun üzərinə gəlib onu və bacısını təhqir edib, bir daha atasının yanına gəlməməyi tələb etmiş, əlinə masanın üzərində olan qəndqabını götürüb baş nahiyəsindən vurmuş, o, xəsarət almış, sonra bacısı, Xəlil və Fuad onu sakitləşdirib oradan uzaqlaşdırmış, o isə oradan çıxıb həkimə getmiş, sonrakı gün isə polisə gedib ərizə yazıb izahat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 06 aprel 2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən nömrəsiz fərdi evə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını hadisə yerində göstərmişdir (i.v.14-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 xx.xx.2023-ci il tarixli 695 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bayram qızında sağ təpə-gicgah nahiyəsinin sığrıqla müşayiət olunan dərialtı hemotoması ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətdir. 04 aprel 2023-cü il tarixinə uyğun gəlir, yıxılma və özünə xəsarət olması inkar edilir(i.v.22-23); zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır(i.v.28-29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur(i.v.54); İfadənin yerində yoxlanması haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, sonuncu hadisənin baş verdiyi şəraiti və yeri əyani şəkildə göstərməklə ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir(i.v.55-57); 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.99); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar