Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-745/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əsassız ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs məxsus 2011-ci il buraxılışlı Hyundai Elantra markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili 17000 manat qiymətinə satacağına dair yalandan vəd verib, həmin avtomobili ələ keçirilməsi üsulu kimi, guya etibarlı bir tanışının adına avtomobilə etibarnamə verəcəyi halda artıq maşının satışı ilə özü məşğul olacağını bilirməklə, cinayət haqqında məlumatı olmayan tanışı X2 inanılımış və etibarlı şəxs kimi qələmə verib onun sənədlərini Pərvin Fərzəliyevə təqdim etməklə etibarını qazanaraq aldadıb həmin avtomobili “nəqliyyat vasitəsinə sərəncam verməsinə dair” Pərvin Fərzəliyev tərəfindən etibarnamə ilə 26 oktyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən 16 saylı Notariat kontorunda Əliyar Əhliyarlının adına rəsmiləşdirrməsinə nail olub həmin avtomobilə dair sərəncam verməsi hüququ əldə etməklə avtomobili ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törətmiş və avtomobilə dair sərəncam vermək hüququndan istifadə etməklə avtomobili əvvəlcə digər şəxsin adına keçirdikdən sonra 31 oktyabr 2023-cü il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də tanışı Şahid1 adına girov qoymaqla əldə etdiyi 11700 manat pulu götürərək öz şəxsi ehtiyaclarına xərcləyib zərərçəkmiş Pərvin Fərzəliyevə 17.000 manat məbləğində xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, maşın alqı-satqısı ilə məşğul olandan heç vaxt belə problemlərlə qarşılaşmamışdır. Pərvin ona maşın alıb-satmaq üçün etibarnamə vermiş, heç vaxt onu aldatmamışdır. Özü olmadan maşın satıb pulunu da özünə vermişdir. 2500 manatlıq maşın ilə başlamışlar alverə. Bu işdə olan 17500 manat pulu qazanc olaraq əldə edilmişdir. Həmin pulu əldə edərkən atasının maşınını da satmışdır. Atasının maşının dəyəri 3500 manat olmuşdur. Həmin dediyi məbləğin içində həm atasının maşınının pulu həm də onun əziyyəti var.17800 manat pulu gətirib özü vermişdir Pərvinə. Onlar həmişə alqı-satqı etmişlər, Pərvinin maşın gətizdirmək üçün verdiyi puldan atasının maşınının pulunu da götürməmişdir. Maşını gətizdirmək üçün beh vermişdir. Yerdə qalan pula “Chevrolet” markalı maşın almışdır. Fikriləşmişdirki, alıb-satıb pulunu çıxardar. “Chevrolet” markalı maşını alandan sonra qəzaya düşmüşdür. Pərvinin özünə demişdir ki, qəzaya düşmüşdür. Beh verdiyi maşın gələndən sonra pulunu verməli olduğunu demişdir. Pərvinə demişdir ki, “keçirim maşını sənin adına o biri maşın gələnə kimi pulunu düzəldərəm”. Sonra “Elantra” markalı maşın almışdır. Nasaz vəziyyətdə olmuş, istəmişdir düzəltdirib gətirib versin. Atası dəmirçi olduğundan dəmirlə bağlı olan problemlərini düzəltdirmişdir. 2500 manat pul qoymuş çatmayan detallarını alıb yığdırmışdır. Amma müəyyən məbləğini Pərvin də vermişdir. Sonra nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini keçirmişdir Pərvinin adına. Borcları çox olmuşdur bu maşın məsələsinə görə. “Elantra” markalı maşını almaq üçün “Chevrolet” markalı maşını 5900 manata girov qoymuşdur. Sonra Pərvin gəlib demişdir ki, “Elantra” markalı maşını da satsınlar. Gülnar da maşını almaq istəmişdir, almaq istəməsə niyə 3000 manat versin ki?! Maşın da heç həmin müddət Gülnarda olmamışdır, onda olmuşdur. 1-2 ay Gülnarın verdiyi 3000 manat Pərvində qalmışdır, heç bir etibarnamə də verilməmişdir Gülnara. Görmüşdür ki, Gülnar almaq vədi versə də almır. Motoru iki dəfə xarab olmuş, ikisinidə özü düzəltdirmişdir. Pərvindən də 3000 manatı geri almışdır. Sonra borcu çox olduğu üçün Lombarda qoymuşdur maşını. Əliyara da satmaq üçün etibarnamə vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Əliyarı Razindən tanıyır. Ətrafında hamı alqı-satqı ilə məşğul olduğunu bilir. Borcları çox olduğu, yükləndiyi üçün yalan danışmışdır. Pərvinə demişdir ki maşını satmaq üçün etibarnamə versin. Fərqi nədir ki, kimə verir. O, Pərvinə yalan deməmişdir, ona deməmişdir ki, öz adına etibarnamə versin. Pərvinə demişdir ki maşını satmaq üçün etibarnamə verməlidir, oda razılaşmışdır. Danışanda Əliyarın şəxsiyyətini vhatsapda atmışdır Pərvinə. Maşın onda olan vaxt motoru xarab olduğundan, “Chevrolet” markalı maşınla bağlı borcları yığıldığından maşını satmaq üçün etibarnamə verməyə daha sonra onu girov qoymağa məcbur olmuşdur. Girovdan götürdüyü pulu borclarına vermişdir. Həm motorları düzəltmək üçün olan borclarına, həm də əvvəlki borclarına vermişdir. Aralarında etibarnamənin kimə verilməsi ilə bağlı söhbət olmamışdır. Əliyara maşını satmaq üçün etibarnamə vermişdir. Təxminən 1 ay müddətdə də Samirə satmaq üçün etibarnamə vermişdir. Verilən etibarnamələrin nə qədər müddətə verildiyini xatırlamır. Samirə borcu olmuş, maşını lombarda qoyub Samirə olan borcunu vermişdir. Mülki iddia ilə bağlı bildirir ki, ziyanı ödəmək istəyir, hazırda ödəyə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onlar əvvəllər də maşın alqı-satqısı etmişlər. Onun qara rəngdə Elantra maşını olmuşdur. Onu satmışlar, Vüsala demişdir ki onun puluna yaxşı maşın alsınlar. Vüsal ona demişdir ki, tanışı var, maşını burdan almaq yox, gətizdirsələr yaxşı olar. O da demişdir ki alınan iş deyil, burdan baxıb almaq yaxşıdır. Vüsalda demişdirki, “sən nə danışırsan gətizdirəndə yaxşı olur”. Demişdirki, gətizdirəndə 3 aya gəlir. Vüsal demişdirki, tanışı var 1 aya gətizdirəcək. 17600 manat məbləğində pul vermişdir Vüsala. Pulu bir dəfəyə vermişdir. Bir ay, iki ay keçmiş, bir il ərzində müddət uzanmışdır. Müddət uzandığına görə Vüsala demişdir ki, ya pulunu versin, ya da maşını gətirsin. Vüsal da o pulun əvəzində “Hyundai” markalı, “Elantra” modelli, **-KU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili gətirmişdir. 2011-ci ilin “Elantra” modelli maşını vuruq vəziyyətdə olmuşdur. Vüsal demişdirki, vuruq vəziyyətdədir,yığdırıb hazır vəziyyətdə verəcəkdir ona. O da razılaşmışdır. Maşını gedib onun adına keçirmiş, sonra atası dəmirçi olduğundan dəmir işlərini görmüşdür. Vüsaldan maşının nə olduğunu soruşmuş, demişdir ki maşını rəngləməyə vermək lazımdır, motoru, radiatoru falan yerdədir. Vüsal demişdirki, hamısını alıb, düzəltdirəcək. Amma Vüsaldan xəbər çıxmamışdır. Vüsala demişdirki, maşını götürsünlər, atasının yanından götürüb gətirmişlər Bakıxanova. Görmüşdürki, Vüsal gecikdirir, Vüsalı da götürmüş getmişlər maşını təmirə. Oda pul vermişdir, Vüsalda. Maşın təmir edilmiş, 2-3 ay əlaqələri olmamışdır. Razin dairəvi yolunda Vüsalı görmüş, yaxınlaşıb Vüsala demişdirki, “Vüsal maşın yaxşı deyil, gündə bir yeri xarab olur, sürə bilmirəm. İmkan varsa sataq başqa maşın alım özümə”. Üstündən 2-3 gün keçmiş maşını vermişdir Vüsala ki həm idarə eləsin həm də müştəri düşəndə satsın. Bir gün Vüsal demişdirki, bir xanım var Gülnar adında, “Garden” restoranında kassada işləyir, maşını görüb, xoşu gəlib maşından. O da demişdir ki, lap yaxşı, ona sat. Demişdir ki, Gülnarın 3000 manat pulu var, onu beh kimi versin. 1 ay içində də qalan pulunu verəcək. O da razılaşmışdır. Bir gün Vüsal demişdir ki, Gülnar ona inanmır, gəlsin işlədiyi yerə 3000 manatı versin ona. O da getmiş, 3000 mant vermişlər ona, 1 ay ərzində qalanını verəcəyini bildirmişdir. Pulu Vüsal vermişdir, Gülnar da orada olmuşdur. 1 ay keçmiş, Vüsaldan pulun qalanını soruşmuş, Vüsal da demişdirki, Gülnarın evi var satıb verəcək. Sonra da demişdirki, Gülnar pulu düzəldə bilmir, maşını başqasına satır, alqı-satqı etmək lazımdır, sentyabr ayı olmuş, ofis ləvazimatları satdığından işdən çıxa bilməmişdir, demişdir ki, etibarnamə versin gedib satsın, əvvəllər də həmişə birbirlərinə etibarnamə vermişlər. Ailəliklə bir birilərini tanıyırlar. Vüsala demişdir ki, o, hazırlatsın, onu çox vaxtı keçməsin. O, etibarnaməni oxumadan sadəcə imza atıb getmişdir. Vüsal orada olmuş, o, sadəcə etibarnaməyə imza etmiş, oxumamışdır. 2-3 gün keçmiş, Vüsaldan xəbər almış, demişdir ki, alınacaq, Gülnar alacaq. Gülnarın 3000 manatı onda olmuşdur. Görmüşdür ki, bu söhbət alınan deyil, uzanır. Vüsalı çağırmış, gəlmişdir. 3000 mantı qaytarmışdır ki, getsin maşını gətirsin. Vüsal söhbəti dəyişmişdir ki, yox pulunu verəcəklər. Biraz müddət keçdikdən sonra görmüşdürki, maşın onun adından çıxmışdır. Vüsaldan soruşmuş, demişdir ki, Gülnarın dayısının adınadır. Demişdir ki, pulu verməyiblər niyə maşını salmışdır onun adına. Vüsal demişdir ki, fərqi nədir verəcəklər pulunu. Görmüşdür pulu vermirlər Vüsaldan Gülnarın nömrəsini istəmişdir. Gülnar da təsdiqləmişdir ki, maşın dayısının adınadır. Gülnara demişdirki, pulu verə bilmirsə maşını qaytarsın. Gülnar demişdir ki, dayısı burada yoxdur, Tükiyədədir, qayıtdıqdan sonra etibarnamə verəcək ona. 10-15 gün keçmiş, yenədə xəbər çıxmamışdır. O da Gülnara yazmışdır ki, 10 gün vaxt verir, ya maşını ya da pulunu versin yoxsa onları şikayət edəcəkdir. 10 gün keçmiş, gəlməmişlər. O da 13–cü Bölməyə şikayət ərizəsi yazmışdır. İzahatı alınanda baxmışlar ki, etibarnamə Vüsalın adına deyil. Əliyar adında şəxsə etibarnamə verdiyini demişlər. O, Əliyar adlı şəxsə etibarnamə verməmişdir. Bu barədə Vüsal ona heç nə deməmişdir. Hazırda dəymiş ziyandan ona 1000 manat ödənilmişdir. Şikayətçidir, mülki iddia ərizəsinin təmin edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, pul qoyub maşın gətizdirməmişdir, lakin burada maşın alıb- satmışlar əvvəllər. Maşın nasaz olduğu üçün satmaq istəmişdir. Vüsal gəlib etibarnamə verməli olduğunu demiş, o da etibarnamə vermişdir. Başqa adama etibarnamə verməmişdir, şikayət verəndə bilmişdirki, etibarnamə başqa şəxsin adınadır. Vüsaldan soruşanda ki Əliyar kimdir demişdirki, ona borcu var, ona görə onun adına keçirmişdir. Əliyardan sonra maşın Samirin adına keçirilmişdir. Hər ikisindən də məlumatı olmamışdır. Avtomobili Gülnar almaq istədiyini demiş, Gülnarla onu görüşdürmüşdür.Gülnar adlı şəxsdən 3000 manat götürmüş, amma qalan pulu vermədiklərini gördükdə pulu qaytarmışdır. Həmin vaxtda avtomobil Vüsalda olmuş, avtomobili lombarda qoymuşdur, lombarda qoyulduğunu şikayət verən zaman blmişdir.Dediklərinə görə lombarddan 8000-9000 manat pul götürmüşlər. Vüsal ona demişdir ki, borcu var imiş onu ödəmişdir. Hazırda avtomobil lombard tərəfindən satılıb. Ona beh verildiyinə görə etibarnaməni ləğv etdirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı tanıyır. “Garden” restoranında işləyir. Vüsalı da ordan tanıyır, maşın alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Bir gün Vüsal yaxınlaşmışdırki, maşın alqısatqısı ilə bağlı kömək lazımdır. Əvvəl etiraz etsə də daha sonra kömək etmək qərarına gəlmişdir. Demişdir ki, üzərində qolbaq olduğundan öz adına keçirə bilmir maşını, onun adına keçirəcək maşını.Bir neçə gün sonra maşını adına keçirmək üçün getmişlər polisə. Ya həmin gün ya da ondan bir neçə gün sonra maşın lombarda qoyulmuşdur. Maşının niyə lombarda qoyulduğunu soruşduqda Vüsal demişdirki, indi təcili pula ehtiyacı var satan kimi lombardı bağlayacaq. Lombardda sənədlərə qol çəkmişdir. Aylıq ödənişi ilə maraqlandıqda demişdirki, narahat olmasın o ödəyəcək. Bir müddət sonra Pərvin ona yazmış, Vüsaldan almış nömrəsini, o nə cavab verəcəyini bilməmiş, Vüsalla əlaqə saxlamış, Vüsal ona demişdirki, onun dostu elə bilir ki, maşını o alır. Ona demişdir ki, Pərvinə desin ki, nəqliyyat vasitəsini idarə etmək üçün şəhadətnamə dayısının adınadır, dayısı gələndə verəcək. Dediyi kimi də o, Pərvinə yazmışdır. Hadisədən sonra lombarddan ona zəng etmişlərki, Vüsal pulu ödəsin. Demişlər ki, ya maşını gətirin qoyun sataq, ya da imtina ərizəsi yazın. Daha sonra lombardla əlaqə saxlamış, demişlərki, maşın onlardadır, satışa qoymuşlar, satılanda məlumat verəcəklər, gəlib qol çəksin. 1 ay sonra yenidən əlaqə saxlamış, bildirmişlərki, maşın satılıb, onluq heç nə qalmamışdır. Daha sonra xalasının yoldaşı bankla əlaqə saxlamış, demişlər ki, onun adına 10000 manat borc maşın satılaraq bağlanmış, amma 4000 manat gecikmiş borcu var, ödənilməlidir. Verilmiş suallara cavab olaarq göstərmişdir ki, Vüsala köməyinin qarşılığında ona heç bir vəd verilməmiş, pul təklif olunmamışdır. Pərvini tanımamışdır, həmin an nə cavab verəcəyini bilməmişdir deyə məcbur olub Vüsalın dediyi kimi Pərvinə cavab vermişdir. O, hələ bu yaxınlarda öyrənmişdirki, maşın heç vaxt onun adına olmamışdır. Alqı-satqı ilə bağlı sənəd işlərindən o qədər də anlayışı yoxdur. Vüsal qandalının olduğu üçün rahat hərəkət edə bilmədiyini, kömək etməyini xahiş etmişdir. O, maşın almaq üçün 3000 manat beh verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çox da yaxşı tanımır, Mirzəcalala görə tanımışdır. Dəqiq xatırlamır, təxminən 2023-cü ilin oktyabr ayında Mirzəcalal ondan xahiş etmiş ki, “sənin adına bir avtomobil üçün etibarnamə veriləcək, bir müddətdən sonra həmin avtomobil satılacaq, adından çıxar”. O da Mirzəcalal ilə razılaşmışdır. Təxminən 9-10 gün sonra Vüsal, o və Mirzəcalal ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə getmişlər, ona orada Vüsal demiş ki, “avtomobili satırıq, etibarnamə səndədir deyə, sən imza çəkməlisən”. O da Vüsala inandığı üçün yol polis idarəsində sənədlərə imza çəkmişdir. Daha sonra Vüsalgildən uzaqlaşıb öz işinin arxasınca getmişdir. Vüsalın onun adına verdiyi Hyundai Elantra markalı avtomobili kimə satdığını, nə etdiyini bilməmiş, hazırda da bilmir. Ondan adına avtomobil üçün etibarnamə verilməsini xahiş etmişlər, bir müddət sonra da avtomobil satılması üçün sənədlərə imza çəkmiş, başqa heç nə bilmir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır. Vüsal avtomobil alıb satmaqla məşğuldur. Təxminən 3-4 il əvvəl ona məxsus Hyundai Elantra markalı avtomobili Vüsalın idarə etdiyi Hyundai Genesis markalı avtomobil ilə barter etmişdir. Vüsal 2023-cü ilin oktyabr ayında ondan xahiş etmiş ki, “Pərvin mənə Hyundai Elantra markalı avtomobil verib ki, satıb borclarımı bağlayım, həmin avtomobili satmaq üçün bir nəfər tanış yoldaşa baş etibarnamə vermək lazımdır, kimi tapa bilərsən?”. Onun da Bakıxanov qəsəbəsində Əliyar adlı tanışı olmuş, Əliyardan xahiş etmiş ki, “bir nəfər sənə avtomobilə baş etibarnamə verəcək, sən də etibarnamə verərsən”. Əliyar da onunla razılaşmışdır. X6 Elantra markalı avtomobili idarə etmək üçün baş etibarnamə vermişdir. Bir dəfə də Vüsal ona dediyi vaxt Əliyarı notariusa çağırmış, Əliyar Samir adlı şəxsə Hyundai Elantra markalı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Daha sonra nə baş verdiyindən, Vüsalın nə etdiyindən onun heç bir məlumatı olmamışdır. Vüsalın Pərvin adlı dostuna məxsus Hyundai Elantra markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili aldadıb satmasından onun heç bir məlumatı və qazancı olmamışdır. Həmçinin Əliyarın da bu barədə heç bir məlumatı olmamış, Əliyardan o xahiş etmiş ki, etibarnamə versin(i.v.141-143); Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 2023-cü ildən "xxxx" ASC-nin direktor müavini vəzifəsində çalışır. "xxxx" ASC Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 3C ünvanında yerləşir. Şirkət əvvəllər "xxxx" MMC kimi fəaliyyət göstərmişdir. Həmin sözügedən "xxxx" ASC 2019-cu ildən fəaliyyət göstərir. Bu işlə bağlı müştəri qismində Şahid1 və Təqsirləndirilən şəxs tanımış, belə ki, həmin şəxslər xx.xx.2023-cü il tarixdə onun iş yeri olan "xxxx" ASC-yə yaxınlaşaraq “Hyundai” markalı, “Elantra” modelli, **-KU- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təqdim edərək həmin avtomobili almaq istədiklərini və bunun üçün pullarının bir hissəsinin çatmadığını, bu iş üçün onlardan həmin avtomobili girov qoyaraq pul götürmək istədiklərini bildirmişlər. Bu səbəbdən də onlar, Gülnar ilə Vüsala 11700 manat məbləğində kredit ayıraraq Şahid1 rəsmiləşdirmişlər. Həmin şəxslər deyilən məbləği götürmüşlər, həmin sözü gedən “Hyundai” markalı, “Elantra” modelli, 99-KU- 043 dövlət qeydiyyat nömrə nişanlı avtomobili girov qoyaraq getmişlər. Avtomobil girov qoyulduğu üçün ASC-nin əməkdaşı X3 adına rəsmiləşdirilmişdir. Daha sonrakı proseslərdə Vüsal ilə Gülnar ödənişləri mütəmadi olaraq gecikdirmişlər, vaxtı-vaxtında ödəməmişlər. Sonuncu dəfə Vüsal ilə Gülnarın onlara 14900 manat borcu olmuşdur. Bildirir ki, onların çalışdığı "xxxx" ASC şəffaf olaraq xidmət göstərir, qeyri-qanuni heç bir əməlləri yoxdur, bütün sənədləri tam qaydasındadır, istənilən yoxlanışa tam hazırdırlar. Əslində tərəflər arasında bağlanmış müqaviləyə əsasən girov obyekti üzrə ödəniş 30 gün gecikdirilsə, satışa çıxarıla bilər. Lakin onlar girov qoyan tərəfində sonuncu ödənişdən təxminən 4-5 ay sonra tapıb, satışa çıxartmışlar. Hazırda da Hyundai Elantra markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil satılmış, artıq ASC-nin mülkiyyətində deyildir. Vüsal tamamilə yalan deyir. Belə ki, müqavilə tərəflərin heç bir təyziq altında olmadan bağlanılır, müqavilədə girovu qəbul edən tərəfin ödədiyi məbləğ, girov qoyan tərəfindən aylıq ödənilməli olan məbləğ açıq aydın göstərilir. Əgər Vüsala onlar tərəfindən 8000 manat ödənilmişdirsə, niyə imza atdıqları müqavilədə 11700 manat yazıldığına etiraz edilməmişdir. Bundan da aydın görsənir ki, Vüsal yalan deyir(i.v.149-152). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 15 №-li notarius ofisinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 07-08); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-nin 330.2.1-ci maddəsinə əsasən 02 il 08 ay 29 günü müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.131-132, 166-179); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, onlar ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində həmin xüsusatları bir-birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.133-138); Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-326/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, cəza müddəti xx.xx.2025-ci il tarixdə bitdiyindən Bakı şəhər Probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, o, ödənilməmiş maddi ziyan olaraq 16000(on altı min) manat, dövlət rüsumu qismində 141(yüz qırx bir) manat, hüquqi yardıma görə ödənilmiş 1000(min) manat, ümumilikdə 17141(on yeddi min yüz qırx bir) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmşdir. Mülki iddia ərizəsinə əlavə edilmiş 1-********** saylı qəbzdən görünür ki, verilmiş mülki iddia ərizəsinə görə 141 manat dövlət rüsumu ödənilmişdir. Kassa mədaxil orderinin 040103 və 040169 saylı qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 500 manat və 500 manat olmaqla ümumilikdə 1000 manat hüquqi yardımın göstərilməsi üçün fərdi fəaliyyət göstərən Nümayəndə hesabına ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək əvvəllər də maşın alqı satqısı ilə məşğul olduqlarını, əməlində dələduzluq əməlinin olmamasını əsasə gətirərək yuxarıda göstərilən məzmunda ifadə versə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında! Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobili satmaq məqsədilə öz adına etibarnamə verilməsini bildirsə də, həmin avtomobili öz adına rəsmiləşdirməmiş, həmin avtomobilin Zərərçəkmiş şəxs tanımadığı və əvvəlcədən adına etibarnamə verilməsindən məlumatı olmadığı X1 adına rəsmiləşdirilməsinə nail olmuşdur. Məhkəmə bu xüsusatla bağlı Təqsirləndirilən şəxs suallar verərkən o, zərərçəkmiş şəxsin bu haqda məlumatı olduğunu, Əliyarın sənədlərinin zərərçəkmiş şəxsə vhatsap vasitəsilə təqdim etdiyini bildirmiş, həmin sübutları məhkəməyə təqdim edə biləcəyini bildirsə də, təqdim etməmişdir. Həmin xüsusatla bağlı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatları təkzib etmiş, yalnız istintaq zamanı avtomobilin tanımadığı Əliyar adlı şəxsin adına keçirildiyindən məlumatlı olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3000 manat beh adı ilə pul təqdim edərək Gülnar adlı şəxsə avtomobili satacağını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərmişdir ki, “...Gülnar da maşını almaq istəmişdir, almaq istəməsə niyə 3000 manat versin ki?! Maşın da heç həmin müddət Gülnarda olmamışdır, onda olmuşdur. 1-2 ay Gülnarın verdiyi 3000 manat Pərvində qalmışdır, heç bir etibarnamə də verilməmişdir Gülnara.” Halbuki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavab olaraq həmin avtomobili almaq niyyətində olmadığını, maşın almaq üçün 3000 manat beh vermədiyini bildirmişdir. Buda bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus avtomobili tanışına satmaq niyyətində olduğunun görüntüsünü yaratmış, əslində isə onun niyyəti həmin avtomobili əldə edərkən sataraq pulunu ələ keçirmək olmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs avtomobili Samirin adına keçirərək onun adından lombarda qoyub pul götürdüyünü, həmin pulla Samirə olan borcunu bağladığını bildirmişdir. Lakin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çox da yaxşı tanımır, Mirzəcalala görə tanımışdır. Dəqiq xatırlamır, təxminən 2023-cü ilin oktyabr ayında Mirzəcalal ondan xahiş etmiş ki, “sənin adına bir avtomobil üçün etibarnamə veriləcək, bir müddətdən sonra həmin avtomobil satılacaq, adından çıxar”. O da Mirzəcalal ilə razılaşmışdır. Təxminən 9-10 gün sonra Vüsal, o və Mirzəcalal ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə getmişlər, ona orada Vüsal demiş ki, “avtomobili satırıq, etibarnamə səndədir deyə, sən imza çəkməlisən”. O da Vüsala inandığı üçün yol polis idarəsində sənədlərə imza çəkmişdir. Daha sonra Vüsalgildən uzaqlaşıb öz işinin arxasınca getmişdir. Vüsalın onun adına verdiyi Hyundai Elantra markalı avtomobili kimə satdığını, nə etdiyini bilməmiş, hazırda da bilmir. Ondan adına avtomobil üçün etibarnamə verilməsini xahiş etmişlər, bir müddət sonra da avtomobil satılması üçün sənədlərə imza çəkmiş, başqa heç nə bilmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus avtomobili lombarda qoyduqdan sonra əldə etdiyi pulu Şahid4 verdiyini göstərsə də, Şahid4 həmin xüsusatları təkzib edərək yuxarıda göstərilən məzmunda ifadə vermişdir. Beləliklə, yuxarıda göstərilən xüsusatlardan aydın olur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bir birinə uyğun gəlməyən ziddiyyətli ifadə vermiş, həmin xüsusatlar zərərçəkmiş şəxs və şahid ifadələri ilə təkzib edilərək öz təsdiqini tapmamışdır. Bütün bunlar göstərir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui istifadə edərək həmin avtomobilə dair sərəncam verməsi hüququ əldə etməklə əslində niyyəti həmin əmlakı ələ keçirmək olmuş, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakterli ifadə vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin İİ bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-326/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Lakin, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi halda sözügedən cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-326/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq, bundan nəticə çıxarmayaraq azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə yenidən hazırki cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməmiş maddi ziyan olaraq 16000(on altı min) manat, dövlət rüsumu qismində 141(yüz qırx bir) manat, hüquqi yardıma görə ödənilmiş 1000(min) manat, ümumilikdə 17141(on yeddi min yüz qırx bir) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmşdir. İş materiallarından göründüyü kimi, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Buna görə də zərərçəkmiş Zərərçəkmiş şəxs hazırkı mülki iddianı qaldırmağa haqlı olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu zərərin ödənilməyən hissəsi kimi 16000(on altı min) manat məbləğ olması məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iddia ərizəsinə əlavə edilmiş 1-********** saylı qəbzdən görünür ki, verilmiş mülki iddia ərizəsinə görə 141 manat dövlət rüsumu ödənilmişdir. Kassa mədaxil orderinin 040103 və 040169 saylı qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 500 manat və 500 manat olmaqla ümumilikdə 1000 manat hüquqi yardımın göstərilməsi üçün fərdi fəaliyyət göstərən vəkil Nümayəndə hesabına ödənilmişdir. Məhkəmə, mülki iddiaçının iddia tələbinin təmin olunmasını, eyni zamanda mülki iddiaya əlavə edilmiş qəbzdən 141(yüz qırx bir) manat məbləğində dövlət rüsumunun ödənilməsini, 1000(min) manat hüquqi yardıma görə ödəniş olunmasını nəzərə alaraq hesab edir ki, 141(yüz qırx bir) manat məbləğində dövlət rüsumu və 1000(min) manat hüquqi yardıma görə ödənilmiş pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs ödənilməmiş maddi ziyan olaraq 16000(on altı min) manat, dövlət rüsumu qismində 141(yüz qırx bir) manat, hüquqi yardıma görə ödənilmiş 1000(min) manat, ümumilikdə 17141(on yeddi min yüz qırx bir) manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-745/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-745/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver