Məhkəmə qərarları › İş №1(008)-747/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-747/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-747/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,748 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 07 iyun 2022-ci il tarixdə saat 12:10-da Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanında yerləşən 192 saylı tam orta məktəbin qarşısında saxlanılaraq PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən şəffav sellofona bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,748 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 07 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbin qarşısı ilə piyada gedən zaman iki nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş, sonra üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədilə Sabunçu RPİnin 15-ci PB-nə dəvət etmişlər. Həmin vaxt etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 15-ci PB-nə getmiş, orada xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş, daha sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Öz istəyi ilə müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilmiş və həmin vaxt ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibində saxlayaraq özü ilə gəzdirdiyi bir ədəd selofona bükülmüş içərisində ağ rəngli kristal şəklində olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş bir büküm psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, sonra bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni tutulmamışdan əvvəl Suraxanı rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölməyə etimad doğuran, qərəzsiz mənbədən xx xxxxxx 1986-cı ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 1 C-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumata əsasən həmin şəxsin ifşa olunması məqsədilə 07 iyul 2022-ci il tarixdə özünün rəhbərliyi ilə bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin günü tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 12:10-da Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 saylı nömrəli məktəbin qarşısında saxlanılmış və Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, polis bölməsində xidməti otaqda təhqiqatçı, polis polkovnik-leytenantı Faiq Bədəlov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı Faiq Bədəlov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofona bükülmüş ağ rəngli kristal şəklində kütləni çıxarıb təqdim etmiş, sorğu zamanı isə üzərindən aşkar olunaraq götürülmüş bir büküm kütlənin psixotrop maddə olan metamfetamin olmasını və həmin psixotrop maddənin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 iştirak etmədiyindən onun iş materiallarında olan istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd selofona bükülmüş içərisində ağ rəngli kristal şəklində olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, həmin psixotrop maddəni tutulmamışdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur ( i.v. 31-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 6/3714 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİNnin zərflər üçün №161” dairəvi möhür əksləri, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1,748 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,748 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq qaldı 1,698 qram (i.v.43-46). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi ambulator məcbirinarkoloji tibbi yoxlamanın 16 iyul 2022 il tarixli, 3845 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və pisxostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.97-98). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,748 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,698 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Sabunçu RPİnin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videoçəkilişin olduğu bir ədəd “CD” diskin maddi sübut hesab olunmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır ( i.v. 100-107). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 iyul 2022-ci il tarixdə, saat 12:10-dan tutulmuş hesab olunmuşdur (i.v. 20). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbi seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.70-71). “Qətimkan tədbiri seçilməsi haqqında” 08 iyul 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.72-73). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli hökmü ilə AR CM-nin 126.2.2, 62,132, 128, 68.1.3 və 66.3-cü maddələri ilə qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli, 1268 saylı “Əfv” Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (i.v.85-86). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işlədiyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,698 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar