Məhkəmə qərarları › İş №1(008)-747/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-747/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-747/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, narkotik tərkibli çətənə bitkisi toxumlarını yaşadığı ünvan 1 ünvanında həyətyanı sahədə kultivasiya etmiş, onun yaşadığı ünvanda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiyası ilə məşğul olması barədə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 26 iyul 2025-ci il tarixdə saat 23:18 radələrində həyətyanı sahəyə baxış zamanı 15 (on beş) ədəd yaş vəziyyətdə olan ümumi çəkisi xeyli miqdarda 12530,0 qram (12 kq 530 qram) olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilk öncə həmin bitkilərin yabanı bitkilər olmasını bildirsə də, daha sonra ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Təxminən altı aya yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir. 26 iyul 2025-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanında olduğu zaman evin darvazasının döyülməsini eşitmişdir. Darvazaya yaxınlaşdıqdan sonra o, qapını döyən şəxslərin kimliyini soruşmuş, həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Qapı açıldıqdan sonra polis əməkdaşları xidməti vəsiqələrini təqdim etmiş və bildirmişlər ki, əldə edilmiş əməliyyat məlumatlarına əsasən onun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik vasitələr olan bitkilərin kultivasiya edilməsində şübhəlidir. Polis əməkdaşları tərəfindən həmin şəxsə hüquqları, o cümlədən müdafiəçi (vəkil) ilə təmin olunmaq hüququ izah edilmişdir. O, müdafiəçi ilə təmin edilmək hüququ ona izah edildikdən sonra bu hüquqdan istifadə etməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən göstərilən əməli törədib-törətməməsi barədə sorğu edilmiş, o isə artıq vəziyyətin izah edilməz olduğu və polis əməkdaşlarının dəqiq məlumata malik olduqlarını anladığı üçün səmimi şəkildə etiraf edərək həyətyanı sahəsində tərkibində narkotik vasitə olan çətənə kollarını əkib-becərdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ondan kultivasiya etdiyi bitkiləri göstərməsini xahiş etmiş və həyətyanı sahəyə daxil olunmasına etirazının olub-olmadığını soruşduqda, hər hansı etirazının olmadığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə həyətyanı sahəyə keçmişdir. Məlum olmuşdur ki, çətənə kolları həyətyanı sahənin heç kimin daxil ola bilməyəcəyi gizli hissəsində əkilib-becərilmişdir. O, həmin evdə tək yaşadığını və bu əməli barədə hər hansı digər şəxsin məlumatının olmadığını da qeyd etmişdir. Həmin yerə getmək məqsədilə o, polis əməkdaşları ilə birlikdə evinə daxil olmuş, daha sonra yataq otağının pəncərəsindən çölə çıxaraq tərkibində narkotik vasitə olan kultivasiya edilmiş kolların yerini polis əməkdaşlarına və onlarla birgə gələn aqronoma göstərmişdir. Polis əməkdaşları kolların növü barədə soruşduqda, o, səmimiliklə etiraf etmişdir ki, göstərilən kollar çətənə kollarıdır və onları təxminən üç ay müddətində şəxsi istifadəsi üçün əkibbecərmişdir. Aqronomun iştirakı ilə ümumilikdə 15 ədəd çətənə kolu torpaqdan çıxarılmış, qaydasına uyğun olaraq qablaşdırılmış və şəxsə bu kolların ekspertizaya təqdim ediləcəyi barədə məlumat verilmişdir. O, bu barədə hər hansı etiraz irəli sürməmişdir. Kolların qablaşdırılmasından sonra aparılan çəkiliş başa çatmış və bundan sonra polis əməkdaşları onu Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirmişlər. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasında o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin dəvət edilməsi təmin edilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim edilmiş qablaşdırılmış bağlamalara baxış keçirilmişdir. Təhqiqatçı təqdim edilən bükümdəki kütlənin mənşəyi barədə soruşduqda, səmimi şəkildə bildirmişdir ki, kütlə çətənə bitkisindən ibarətdir, həmin kolları təxminən üç ay müddətində özü əkib-becərmiş, qulluq etmiş və şəxsi istifadəsi üçün saxlamışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, həyətyanı sahəsində aşkar edilmiş çətənə kollarını yalnız şəxsi istifadə məqsədilə yetişdirdiyini bəyan etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis baş leytenantı rütbəsi daşıyır. 26 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda həyətyanı sahədə qanunsuz olaraq tərkibində narkotik vasitə olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz cinayət əməlinin ifşa edilməsi məqsədilə 26 iyul 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun tərkibinə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, Şahid2 və cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 daxil edilmişdir. Aparılan əməliyyat tədbirlərinin nəticəsi olaraq 26 iyul 2025-ci il tarixdə, saat 23:18-də əməliyyat qrupunun üzvləri və aqronom-mütəxəssis X3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana gəlmiş, dəmir darvazanı döymüşlər. Bir müddət sonra Təqsirləndirilən şəxs darvazanı açmışdır. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək ona daxil olmuş əməliyyat məlumatına əsasən həyətyanı sahədə çətənə kollarının kultivasiyası ilə məşğul olmasından şübhələndiyini bildirmişlər. Onunla aparılan sorğu zamanı Təqsirləndirilən şəxs səmimi şəkildə həyətyanı sahəsində tərkibində narkotik vasitə olan bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf etmişdir. Tərəflərindən həyətyanı sahəyə baxış keçirilməsinin zəruri olduğu bildirilmiş və buna etirazının olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs baxışa etiraz etmədiyini açıqlamışdır. Eyni zamanda ona müdafiəçi ilə təmin edilmək hüququnun mövcud olduğu izah edilmiş, müdafiəçi ilə təmin olunmaq istəyib-istəmədiyi soruşulduqda isə Təqsirləndirilən şəxs vəkil ilə təmin edilməkdən imtina etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməkdaşların ardınca həyətyanı sahəyə keçmək məqsədilə birmərtəbəli yaşayış evinə daxil olmuş, evin otaqlarından birinə keçərək otağa məxsus pəncərədən çıxmış, polis əməkdaşları da onun ardınca pəncərədən həyətə daxil olmuşlar. Həyətyanı sahədə Təqsirləndirilən şəxs əli ilə göstərərək əkib-becərdiyi 15 ədəd çətənə kolunun şəxsi istifadəsi üçün kultivasiya edildiyini bildirmişdir. Aqronom-mütəxəssis Ramis Bayramov tərəfindən bitkilərə baxış keçirilmiş və həmin kolların qanunla əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik vasitə olan çətənə bitkiləri olduğu, həmçinin bitkilərə aqrotexniki qulluq göstərildiyi müəyyən edilmişdir. Aşkar edilmiş 15 ədəd bitki polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq qara sellofan paketlərə qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə ona təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və hüquqlarının təmin olunması məqsədilə Bakı şəhəri 7 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Dəvət olunmuş vəkil Müdafiəçi təqdim olunmuşdur. Vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərkibində narkotik vasitələr olan bitkilərin kultivasiyasında şübhəli bilinərək saxlanıldığı izah edilmişdir. Təhqiqatçı tərəfindən saxlanıldığı yer barədə sorğu ünvanlandıqda, o, yaşadığı evin qarşısında saxlanıldığını bildirmişdir. Həmçinin polis əməkdaşları tərəfindən həyətyanı sahəsinə baxış zamanı 15 ədəd çətənə kolunun aşkarlandığını, həmin bitkiləri yalnız şəxsi istifadəsi üçün əkibbecərdiyini, evdə tək yaşadığını və bu əməldən hər hansı digər şəxsin məlumatlı olmadığını qeyd etmişdir. Təhqiqatçı tərəfindən qablaşdırılmış bağlama açılmış və Təqsirləndirilən şəxs göstərilən bitkilərin onun yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş bitkilər olub-olmadığı soruşulduqda, o, bitkilərin ona məxsus sahədən götürüldüyünü təsdiq etmişdir. İçərisində narkotik tərkibli çətənə bitkiləri olan sellofan paket təhqiqatçı tərəfindən qaydasına uyğun olaraq möhürlənmişdir. Təhqiqatçı kütlələrin növ və tərkibinin müəyyən edilməsi məqsədilə onların ekspertizaya təqdim ediləcəyini bildirmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticələri əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkarlanaraq götürülmüş bitkilər narkotik tərkibli çətənə bitkiləridir. Təqsirləndirilən şəxs qarşı saxlanılma zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə verərək, həmin xüsusatları tam şəkildə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında mütəxəssis kimi dindirilən aqronom X3 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşamaqla qəsəbə ərazisində yerləşən kənd təsərrüfatı bitkilərinin istehsalı müəssisəsində aqronom vəzifəsində çalışır. 26 iyul 2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında həyətyanı sahədə keçiriləcək baxışa aqronom qismində dəvət edilmişdir. O, bu dəvətə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə qeyd olunan ünvana getmişdir. Keçirilmiş baxış zamanı ünvan 4 ünvanda, Təqsirləndirilən şəxs yaşadığı yaşayış evinin həyətyanı sahəsində, evin arxa hissəsində mişar daşı ilə hörülərək girişi məhdudlaşdırılmış təqribən 25–30 m² ölçüsündə olan ərazidə əkilməsi və becərilməsi qanunla qadağan olunmuş, hündürlüyü 150–250 sm arasında dəyişən 15 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuş, bitkilər mütəmadi olaraq suvarılmış və alaq otlarından təmizlənmişdir. Aşkar olunmuş həmin bitkilər polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Həmin bitkilərin yabanı bitməsi və dəmyə suvarılması ehtimalı heç bir faiz də deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” 27 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v. 1). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin həyətyanı sahəsinə baxış və götürmə keçirilməsinə dair” 27 iyul 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış zamanı hündürlüyü 150–250 sm arasında dəyişən 15 (on beş) ədəd yaş vəziyyətdə olan narkotik vasitəyə bənzər kollar aşkar edilərəik götürülmüşdür. (i.v. 8-9). Aqronom-mütəxəssis X3 tərəfindən tərtib edilmiş 26 iyul 2025-ci il tarixli aqronomiki rəydən görünür ki, ünvan 4 ünvanda, Təqsirləndirilən şəxs yaşadığı yaşayış evinin həyətyanı sahəsində, evin arxa hissəsində mişar daşı ilə hörülərək girişi məhdudlaşdırılmış təqribən 25–30 m² ölçüsündə olan ərazidə əkilməsi və becərilməsi qanunla qadağan olunmuş, hündürlüyü 150–250 sm arasında dəyişən 15 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuş, bitkilər mütəmadi olaraq suvarılmış və alaq otlarından təmizlənmişdir. Aşkar olunmuş həmin bitkilər polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. (i.v. 12). "Şübhəli şəxsin tutulması haqqında” 27 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə, saat 23:18-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.17). "Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 36-37). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. (i.v.44). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2025-ci il tarixli, 7/1016 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 15 (on beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 12530,0 qram (12 kq 530 qram) olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Çətənə bitkilərinin ümumi kütləsi 12.530,0 qram təşkil etmişdir. Tədqiqat aparılması üçün ümumilikdə 1,5 qram (hər bir obyektdən 0,1 qram) istifadə olunmuş, qalıq kütlə 12.528,5 qram müəyyən edilmişdir. Narkotik tərkibli çətənə (kannabis) bitkisi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin siyahısına (Siyahı İİİ) daxildir. (i.v. 45). “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 28 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 28 iyul 2025-ci il tarixdə cinayət işinə əlavə edilmiş DVD diskdə aparılan baxış zamanı üç video fayl müəyyən edilmişdir. Birinci videoda polis əməkdaşları yaşayış evinin dəmir darvazasını döyür və Təqsirləndirilən şəxs darvazanı açır. Polis əməkdaşları həyətyanı sahədə çətənə kollarının kultivasiyası ilə bağlı məlumat verdikdə, Təqsirləndirilən şəxs məlumatı təsdiqləyir və sahəyə baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Polis əməkdaşları və aqronom həyətyanı sahəyə daxil olaraq 15 ədəd kolları müəyyən edirlər. X7 həmin bitkilərin qanunla əkilməsi qadağan olunmuş narkotik tərkibli bitkilər olduğunu təsdiqləyir. Bitkilər torpaqdan çıxarılaraq qara sellofan paketlərdə qablaşdırılır. İkinci videoda qablaşdırılmış bitkilərin nümayişi və çəkilişin başa çatması göstərilir. Üçüncü videoda təhqiqatçı polis baş leytenantı Ayxan Səfərli və vəkil Müdafiəçi iştirak edir. Təhqiqatçı Təqsirləndirilən şəxs məlumat alır və o, bitkilərin özünə məxsus həyətyanı sahədə əkildiyini, şəxsi istifadə məqsədilə becərildiyini bildirir. Həmin bitkilər möhürlənir və ekspertizaya təqdim olunacağı bildirilir. Şübhəli fiziki və psixi təzyiqə məruz qalmadığını təsdiqləyir. Baxış nəticəsində Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz narkotik tərkibli bitkilər aşkarlanmış, bitkilər müvafiq qaydada qablaşdırılıb və ekspertizaya təqdim edilmişdir. (i.v. 60-61). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 28 iyul 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X2 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru Murad Dadaşov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.88-91). “Qətimkan tədbiri seçilməsi haqqında” 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.92-94). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış baxış zamanı “Samsung Galaxy A04e” markalı mobil telefon götürülmüşdür. Müəyyən edilmişdir ki, mobil telefon üzərində ***-***-**-** saylı nömrə qeydiyyatdan keçmiş və “WhatsApp” tətbiqində istifadə edilmişdir. Baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək digər məlumat və ya hal aşkar edilməmişdir. (i.v.106). 29 iyul 2025-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə ondan götürülmüş özünə məxsus “Samsung Galaxy A04e” markalı mobil telefon Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Samir Seyiddən təhvil almışdır. (i.v. 107) "Maddi sübut kimi tanıma haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 12.528,5 qram çətənə (kannabis) bitkisi iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v.108-111). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 29 sentyabr 2025-ci il tarixli 5329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.134-135). Sübutların qiymətləndirilməsi haqqında” 13 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (i.v.140-147). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 sentybr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 132- 133). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 iyul 2025-ci il tarixdən 28 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 12528,5 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar