Məhkəmə qərarları › İş №1(008)-748/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-748/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-748/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 26 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivi nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olub, həyətdəki saxlanc yeri hesab edilən qarajdan 01 ədəd 200 manat dəyərində dəmir kəsən laqondanı, 01 ədəd 200 manat dəyərində qaynaq aparatını, 01 ədəd 100 manat dəyərində elektrik direlini və hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 100 manat olan 05 ədəd qaz balonunu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 600 (altı yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,413 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsinə qədər daşımış və 22 aprel 2022-ci il tarixdə, saat 15:00-da Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-yə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümdə içərisində təmiz çəkisi 0,413 qram olan tünd qəhvəyi rəngli, küstar üsulla hazırlanmış narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 yanvar 2022-ci il tarixdə pula ehtiyacı olduğuna görə oğurluq edərək maddi ehtiyaclarını ödəməyi qərara almış, bu məqsədlə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivi ərazisində yaşayış olmayan ev axtarmağa başlamışdır. Həmin gün, saat 03 radələrində sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu öyrəndiyi evdə heç kəsin omadığını müəyyən etdikdən sonra, hasardan aşaraq həyətə daxil olmuş, həyətdəki qarajın içindən bir ədəd direli, bir ədəd laqondanı, bir ədəd qaynaq aparatını və boş vəziyyətdə olan 4 ya 5 ədəd qaz balonunu götürərək hasardan aşmaqla bir kənara yığmış, daha sonra həmin əşyaları yaşadığı evə apararaq həyətə yığmışdır. Növbəti gün, yəni, 27 yanvar 2022-ci il tarixdə oğurladığı əşyaları küçədən keçən metal yığımı ilə məşğul olan “Qazel” markalı avtomobilin sürücüsünə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 21 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı dairəsi yaxınlığına gedərək oradan üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manat müqabilində bir büküm narkotik vasitə heroin alaraq bir qismini istifadə etmiş, geri qalanını isə gələcəkdə istifadə etmək məqəsədi ilə üzərində saxlamışdır. 22 aprel 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində olduğu zaman zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra, narkotik vasitələrin əldə olunmasında və daşınmasında şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət edilmiş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Sabunçu RPİ-nin 42-ci PB-də barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilərək ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, şəxsi üzərinə axtarışın keçirilməsinə etiraz etməmiş, şəxsi axtarış zamanı vəkilin hüquqi xidmətindən imtina imtina edərək buna dair ərizə təqdim etmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin bükümə baxış keçirilmiş və həmin bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 21 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı dairəsi yaxınlığına gedərək oradan üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, yeni tikilidə yaşayır. 26 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, nömrəsiz bağ evinə gəldikdən sonra həyətdə olan saxlanc yeri kimi istifadə etdiyi, lakin, qapısı olmayan qarajdan 01 ədəd 200 manat dəyərində dəmir kəsən laqondanın, 01 ədəd 200 manat dəyərində qaynaq aparatının, 01 ədəd 100 manat dəyərində elektrik direlinin və hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 100 manat olan 05 ədəd qaz balonunun oğurlandığını aşkar etmiş, lakin, vaxtı olmadığı üçün bu barədə polisə məlumat verməmişdir. 22 aprel 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları onun yaşadığı ünvana gələrək ondan həyətindən oğurluq edilib-edilməməsini soruşmuş, o, polis əməkdaşlarına 2022-ci ilin yanvar ayının sonlarında həyətdəki saxlanc yeri hesab edilən qarajdan 01 ədəd dəmir kəsən laqondanın, 01 ədəd qaynaq aparatının, 01 ədəd elektrik direlinin və 05 ədəd qaz balonunun oğurlandığı, lakin, vaxtı olmadığı üçün edilmiş oğurluqla bağlı polisə məlumat vermədiyini bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. Vəzifə səlahiyyətlərinə narkotik, psixtrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 22 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 42-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, yəni, 22 aprel 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət edilmişdir. Sabunçu RPİ-nin 42-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, şəxsi axtarış zamanı vəkilin hüquqi xidmətindən imtina etmiş və buna dair ərizə yazmışdır. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra həmin bükülü tərəflərindən açılmış, həmin bükülüdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik vasitə heroin olduğunu, həmin maddəni 21 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı dairəsi yaxınlığına gedərək oradan üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Daha sonra, həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-cu vərəqəsində olan 22 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqəsində olan 22 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 37-39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli 6/2304 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,413 qram tünd qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf ediildikdən sonra heroinin qalıq çəkisi 0.363 qramdır. Cinayət işinin 84-86-cı vərəqələrində olan 23 aprel 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Turab Yusubovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan 23 aprel 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1m 39-140-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 10 avqust 2022-ci il tarixli, 4383 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunmuşdur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 144-152-ci vərəqəsində olan 15 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.363 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görüntüləini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivi, nömrəsiz fərdi yaşayış evin həyətindəki qarajdan oğurlanmış 01 ədəd qaz balonu cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə qaytarılmışdır. Cinayət işinin 160-cı vərəqəsində olan 17 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 186-188-ci vərəqələrində olan 18 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 aprel 2022-ci il tarxdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış, Quliyev X2 RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 141-143-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 18 avqust 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Quliyev X2 Rayon Məhkəməsinin 14 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.3, 29, 177.2.3, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 13 noyabr 2013-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 22 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək, 17 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.363 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivi, nömrəsiz fərdi yaşayış evin həyətindəki qarajdan oğurlanmış 01 ədəd qaz balonunun zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut olan Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.363 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivi, nömrəsiz fərdi yaşayış evin həyətindəki qarajdan oğurlanmış 01 ədəd qaz balonunun zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar