Məhkəmə qərarları › İş №1(008)-754/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-754/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-754/2025 24.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Xocalı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, satıcı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, bina 5, mənzil 48 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, bina 5, 48 nömrəli mənzilin qonaq otağında ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs bir dəfə sillə ilə sifətindən qəsdən vurmaqla döyərək sonuncuya sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ildə rəsmi ailə qurmuş, bu evlilikdən 2 övladı var. Ayana qədər bir dəfə ailəli olmuş, ilk ailəsindən ayrılandan sonra Ayanla ailə qurmuşdur. Ailə qurduqdan sonra hər bir ailədə olduğu kimi onların da ailələrində mübahisələri olmuşdur. Ayanla hərəsi 60 manat çörəkpulu alırlar. Ayan özünün həmin kartını anasına vermiş və pulları anası çıxarmışdır. Lakin, son zamanlar ikinci övladının dünyaya gəlməsinə görə maddi cəhətdən pula ehtiyacları olmuşdur. Bu barədə Ayana demişdir ki, imkan varsa, kartı anasından alsın, ailələrinin dolanışığı üçün istifadə etsinlər. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 23:40-da yaşadıqları evdə olan zaman yemək yemiş, Ayan isə anası ilə telefonla danışmışdır. Ayana bir daha kartı anasından götürməsini xahiş etmişdir. Ayan onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamış, anası Hamayıl onu söymüşdür. Əsəbləşib evdə olan stulu vurub aşırtmışdır. Ayan onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdiyi üçün, əsəbləşib bir dəfə sillə ilə Ayanın sifətindən vurmuşdur ki, söyüşlərini dayandırsın. Ayan isə həyətə qaçıb getmişdir. Bir qədər sonra evdə olan zaman polislər gəlmiş və məlum olmuşdur ki, Ayan polisə şikayət etmişdir. Etdiyi əməlindən peşman olduğunu, nəzərə alınmağını xahiş etmişdir. Hadisə təxminən 1-2 dəqiqəyə yaxın davam etmiş, hadisə zamanı evdə yalnız 2 yaşlı qızları olmuşdur. Başqa heç kəs olmadığı üçün hadisəni heç kəs görməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmiş, əməlindən peşmandır. Hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ildə rəsmi ailə qurmuş, bu evlilikdən 2 övladı var. Şahverdi onun ikinci əridir, o ilk dəfə ailəli olsa da, sonradan boşanmış və ilk evliliyindən övladı olmamışdır. Özü ankoloji xəstəlikdən əziyyət çəkmişdir. Ailə qurduqdan sonra mütəmadi olaraq Şahverdi onu səbəbsiz dəfələrlə söyüb təhqir etsə də, mübahisləri olsa da, heç vaxt onu döyməmiş və polisdə işləri olmamışdır. Ona dövlət tərəfindən 60 manat çörəkpulu verilir. Həmin pulu anasına vermişdir ki, uşaqları üçün lazım olanı alsın. Şahverdi isə bundan narazı olmuşdur. Bir neçə dəfə buna görə onunla mübahisə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində yaşadıqları evdə olan zaman yenidən Şahverdi onunla mübahisə etməyə başlamış, 60 manat çörək pulunu anasından alıb özünə verməyini tələb etmişdir. Bunun üstündə yaşadıqları evin qonaq otağında aralarında mübahisə düşmüş və Şahverdi bir dəfə sillə ilə sifətindən vurub ona xəsarət yetirmişdir. Qaçıb həyətə çıxmış və yolda olan zaman DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra 13-cü PŞ-nə gedərək ərizə yazıb Şahverdi barədə qanuni tədbir görülməsini və bir daha bu halların təkrarlanmaması üçün qabaqlayıcı tədbir görülməsini xahiş etmişdir. Hadisə təxminən 1-2 dəqiqə çəkmiş, lakin Şahverdiın onu bir dəfə sillə ilə sifətindən vurmağı ani zaman kəsiyində olmuşdur. Baş vermiş hadisə zamanı evdə ikisindən başqa 2 yaşlı qızı olmuşdur. Heç bir tibb müəssisinə müraciət etməmişdir. Şahverdi onu vursa da, o Şahverdini vurmamışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 04 sentyabr 2025-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi məhəllə 2595, bina 5, 48 nömrəli mənzilə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.15-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 xx.xx.2025-ci il tarixli 2051 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması - bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasyasına və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.23-24); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 69.3-cü maddələrinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 11 ay 24 gün islah işləri cəzasına məhkum olunmuşdur. AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5 bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.57-58); zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.72); Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.87-88); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.101-102); Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 12 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 07 oktyabr 2025-ci il tarixd Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, hadisə yerinə baxış, məhkəmə-tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli 2051 nömrəli rəyi, eləcə də digər istintaq hərəkəti protokolları cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir(i.v.104-106). Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar