Məhkəmə qərarları › İş №1(008)-758/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-758/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-758/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- Bakı şəhəri 07 saylı vəkili Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə gilzi olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub, bir qrup şəxs halında həmin cinayətin törədilməsi üçün Təqsirləndirilən şəxs1 məlumat və məsləhət verməkdən ibarət köməyindən istifadə edib, sonuncunun dayısı Zərərçəkmiş şəxs Bərdə rayonundakı evini sataraq əldə etdiyi pulun bir hissəsinə avtomobil aldığını, qalan hissəsini isə yaşadığı evdə saxlaması barədə konfidensial mühüm məlumatlardan yararlanaraq, habelə 29 mart 2023-cü il tarixdə, saat 15 radələrində telefon vasitəsi ilə dayısının ailə üzvləri ilə birlikdə evindən çıxıb xəstəxanaya getməsi, evdə heç kimin olmadığından, məhz həmin vaxtda evə girib oğurluq cinayətinin həyata keçirilməsinin mümkün olması haqqında məsləhəti əsasında 29 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən, nömrəsiz fərdi yaşayış evinə gələrək bir qədər müşahidə aparıb ətrafdan heç kimin onun hərəkətlərini görmədiyinə tam əmin olduqdan sonra həmin evin həyətinə hasardan aşmaq yolu ilə daxil olmaqla evin saxlanc yeri hesab edilən otaqlarına pəncərədən daxil olaraq 7.300 ABŞ dolları (həmin günə olan olan məzənnəyə uyğun olaraq 12.410 manat), müxtəlif əskinaslarla 11.390 manat və 60 manat dəyərində qəpik pulları gizli talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 23.860 (iyirmi üç min səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs1 onun qonşusudur və aralarında dostluq münasibətləri var. 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 ilə aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs1 ona dayısı Zərərçəkmiş şəxs Bərdə rayonundakı evini sataraq əldə etdiyi pulun bir hissəsinə avtomobil aldığını, qalan hissəsini isə yaşadığı evdə saxladığını bildirərək dayısına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən, nömrəsiz fərdi yaşayış evindən oğurluq etməyi təklif etmişdir. O, maddi sıxıntıları və pula ehtiyacı olduğuna görə onun təklifi ilə razılaşmışdır. 29 mart 2023cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək dayısı Zərərçəkmiş şəxsun ailə üzvləri ilə birlikdə şəhərə getdiyini, evdə heç kimin olmadığını, evə girərək oğurluq etmək üçün uyğun vəziyyət yarandığını bildirmiş, o, oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən, nömrəsiz fərdi yaşayış evinin yaxınlığına getmişdir. Bir qədər ətrafı müşahidə etdikdən sonra heç kəsin olmadığına əmin olub qəbirstanlıq tərəfdən hasarı aşaraq həyətə enmiş, evin pəncərəsinin dəmir barmaqlığını əlləri ilə dartaraq ayırmış, bundan sonra plastik pəncərəni əli ilə açıb, həmin pəncərədən evə daxil olmuşdur. O, ilkin olaraq qonaq otağını axtarmış, lakin, pul tapa bilmədiyi üçün daha sonra yataq otağında axtarış aparmış, yataq otağındakı çarpayının altından qara rəngli sellofana bükülmüş şəkildə olan pulları taparaq götürmüş, bundan sonra digər otaqlara baxış keçirmiş, həmin otaqlardan birində olan ağ rəngli vedrənin içərisindəki qəpik sikkələri də, götürərək oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 zəng edərək pulları götürdüyünü bildirmiş, onunla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsində görüşmüş, yaşadığı evin yaxınlığında olan dalana keçib sellofan torbanı açdıqları zaman, torbada 7.300 ABŞ dolları, 11.390 manat nəğd pul olduğunu görmüşlər. Onlar həmin puldan hər birinə 695 manat nəğd pul və 30 manat dəyərində qəpik pullar olmaqla hər birinə ümumilikdə 725 manat pulu aralarında bölmüş, qohumlarının və qonşularının onlardan şübhələnməməsi üçün Təqsirləndirilən şəxs1 geri qalan 7.300 ABŞ dollar və 10.000 manat pulu daha sonra bölmələri üçün özündə saxlamasını ona təklif etmiş, o, etiraz etməyərək Əsədin təklifi ilə razılaşmışdır. Bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmış, ibtidai istintaq zamanı Əsədin onda olan pulları şəxsi ehtiyaclarına sərf etdiyini öyrənmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun tanışı, Zərərçəkmiş şəxs isə dayısıdır. Zərərçəkmiş şəxs Bərdə rayonundakı evini sataraq əldə etdiyi pulun bir hissəsinə avtomobil almış, qalan hissəsini isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən, nömrəsiz fərdi yaşayış evində saxlamışdır. Maddi çətinlikləri olduğu üçün həmin pulu əldə etmək istəmiş, bununla bağlı tanışı Təqsirləndirilən şəxs2 məlumat verərək dayısına məxsus evdən oğurluq etməyi təklif etmiş, Emiin Quliyev pula ehtiyacı olduğu üçün onun təklifi ilə razılaşmışdır. 29 mart 2023-cü il tarixdə, saat 15 radələrində dayısı Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə şəhərə getdikdən sonra o, Eminə zəng edərək dayısıgilin evdə olmadığını, evdən oğurluq etmək üçün uyğun vəziyyət yarandığını bildirmişdir. Bir müddət sonra Emin ona zəng edib, evə girərək evdə olan pulları götürdüyünü bildirmiş, daha sonra onunla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsində görüşmüşdür. Eminin yaşadığı evin yaxınlığındakı dalana keçərək onlar torbadakı pulları saymış, torbada 7.300 ABŞ dolları, 11.390 manat nəğd pul olduğunu görmüşlər. Həmin puldan hər biri ümumlikdə 725 manat götürmüş, o, geri qalan 7.300 ABŞ dollar və 10.000 manat pulu daha sonra bölmələri üçün özündə saxlamağı Eminə təklif etmiş, Emin, etiraz etməyərək onun təklifi ilə razılaşmışdır. O, bir neçə gün sonra özündə saxladığı pulları şəxsi ehtiyaclarına sərf etmiş, daha sonra Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın Təqsirləndirilən şəxs1 valideynləri tərəfndən ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs1 onun bacısının övladıdır. 2021-ci ilin oktyabr ayında Bərdə rayonunda yerləşən özünə məxsus fərdi yaşayış evini 35.000 manata satmış, həmin məbləği hazırda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən fərdi yaşayış evinə gətirmiş, pulun 11.000 manat hissəsini öz işləri üçün xərcləyərək geri qalan 7.300 ABŞ dollan və 11.390 manat olmaqla, ümumilikdə təxminən 23.800 manatı isə evin yataq otağında olan çarpayıdakı döşəyin altında saxlamışdır. 29 mart 2023-cü il tarixdə, saat 15 radələrində xəstəxanada müalicə olunan qohumlarını görmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən hospitala getmiş, həmin gün, axşam saat 20 radələrində yaşadığı ünvana qayıtdığı zaman yataq otağının pəncərəsinin açıq olduğunu və əşyaların dağınıq olduğunu, pəncərinin dəmir barmaqlığının divardan qopanldığını görərək, evdən oğurluq edildiyini anlamış, yataq otağındakı taxt çarpayıdakı döşəyin altına baxdığını zaman qara rəngli sellofana bükülmüş 7.300 ABŞ dollan və 11.390 manat olmaqla, ümumilikdə 23.800 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan başqa, digər yataq otağındakı dolaba qoyduğu plastik ağ rəngli kiçik vedrənin içərisində olan 60 manat qəpik pulların oğurlandığını müəyyən etmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus 7.300 ABŞ dollan və 11.390 manat olmaqla, dolların həmin günə olan kursunu 1,7 manatla hesablamaqla ümumilikdə 23.800 manat və 60 manat miqdarında qəpik pullar oğurlanmışdır. Cinayət işinin 21-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 03 aprel 2023-cü il tarixli, 3-13-11/2-4242/2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayişə edilmiş, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədi (plastik pəncərə üzərindən götürülmüş) (ADİS-in məlumat bankına Sabunçu MSY-dən daxil olmuş) xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmiş, digər eynilik aşkar edilməmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan 20 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 77-ci vərəqəsində olan 20 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 113-115-ci vərəqələrində olan 20 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Zaur Kərimovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 118-120-ci vərəqələrində olan 20 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Zaur Kərimovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 121-122-ci vərəqələrində olan 20 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan 20 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 131-ci vərəqəsində olan 27 may 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs2 əl-barmaq izlərinin eyniləşdirilməsinə dair çıxarış cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 132-135-ci vərəqələrində olan 07 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 136-cı vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyanın ödənildiyindən onlara qarşı şikayət və tələbinin yoxdur. Cinayət işinin 139-cu vərəqəsində olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 128-129-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Rusiya Federasiyasında məhkum olunmuşdur. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 487/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 02 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023-cü il tarixə kimi «02» (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı «10» avqust 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin şikayət və tələblərinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə hər iki təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 20 aprel 2023-cü il tarixdə tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onun barəsində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlğın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza çəkmə müddətinin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 20 aprel 2023-cü il tarixdə tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli cinayət işinin ibtidai istintaqı zamanı 02 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023cü il tarixə kimi şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tutulduğu 03 (üç) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs2 əl-barmaq izlərinin eyniləşdirilməsinə dair çıxarış cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 01 (bir) gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınaraq həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulduğu 01 (bir) gün və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli hökmü üzrə tutulduğu 02 (iki) gün, cəmi 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-487/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs2 əl-barmaq izlərinin eyniləşdirilməsinə dair çıxarış cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Sumqayıt şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar