Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-760/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Ağcabədi rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Muğanlı Ə/D, Muğanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Ramana sahəsi, 3196 ünvanında yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi- 6,61 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının əməliyyat axtarış haqqında qanuna müvafiq olaraq 07 yanvar 2025-ci il tarixdə saat 02:23-də DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılıb üstünün yoxlanılması zamanı, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümün içərisində saxladığı xeyli miqdarda, təmiz çəkisi- 6,61 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən aşkar olunan narkotik vasitəyə görə özünü təqsirli bilir, 6 qram tutulan vaxt üzərində olmuşdur. Ramanadan əldə etmişdir, təxminən 40-50 manat pula almışdır. Üzərindən istifadə etmişdir. 2024-cü il təxminən iyul-avqust aylarında almışdır. 2025-ci ilin yanvar ayının 6dan 7-nə keçən axşamı siqaret çəkmək üçün evdən çölə çıxmışdır. Polis əməkdaşları yaxınlaşmışlar, üzərinə axış keçirmişlər. Üzərindən narkotik vasitə çıxmışdır. Daha sonra evə baxış keçirmişlər. Evə baxış keçirən zamanı Ülviyənin gətirdiyi narkotik vasitələri tapmışlar. Evdəki narkotik vasitədən xəbəri olmamışdır, heç ağlına gəlməzdi ki, Ülviyyə onun evinə gətirib narkotik vasitə qoyar. Video çəkiliş zamanı narkotik vasitələrdən məlumatı olduğunu demişdir. Çünki onu Fidanla hədələmişlər. Demişlər ki, Fidanı da sənə qoşacağıq. O da buna görə razılaşmışdır ki, Ülviyyənin gətirdiyi narkotik vasitələr ilə bağlı məlumatı var. Yanvarın 6-sı yoldaşı ilə anasını görməyə getmişlər. Anası Kürdəxanıda həbsdədir. Evdən çıxarkən Ülviyyə gəlmiş, yoldaşının anası üçün əşyalar gətirmişdir. Ülviyyə yoldaşının dayısının yoldaşıdır. Onlara çox az-az gəlib-getmişdir. Böyük qara sellofan idi, içində nə olduğu görünmürdü. O da, etiraz etməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ayın 6-sı gətirmişdir. Evin darvazasında rastlaşmışlar. Saat səhər 11-12 olardı. Fidan demişdir ki, qoy zirzəminin girişinə gəlib özü götürər. Həmin günün gecəsi polis əməkdaşları ona yaxınlaşmışlar. Ailəli idi, amma nikah yox idi. Elə həmişə soruşanda yoldaşı yox nişanlısı olduğunu demişdir. Yoldaşı ilə onu hədələyəndə yoldaşı yanında olmamışdır. Çəkiliş zamanı bağlamadan 80 qram götürdüyünü demişdir, polislər elə ifadə verməyini istədiklərinə və onun ailəsini də bu işə qatacaqları ilə hədələdikləri üçün elə ifadə vermişdir. İşi Sabunçu Rayon Prokurorluğuna göndərildikdən sonra müstəntiqə hadisənin necə olduğunu danışmışdır. İstintaq zamanı Ülviyyə ilə üzləşdirmişlər. Ülviyyə də demişdir ki, onun evdəki narkotik vasitələrdən xəbəri olmayıb. Hədə qorxu edilməyi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Ancaq vəkilə və müstəntiqə məlumat verilmişdir. Tutulan vaxt ona nə deyilibsə o məzmunda ifadə vermişdir. Siqaret çəkəndə 6 qram nakotik vasitə cibində olmuşdur. Balaca sellofanda cibində idi. Həmin vaxtı narkotikdən istifadə etməmişdir, siqaret çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yanvar ayı gecə saatları idi daxil olmuş məlumatlara əsasən əraziyə getmişlər. Şəxsə yaxınlaşdıqda üzərindən bir bükümdə narkotik vasitə çıxmışdır, daha sonra evə baxış keçirmişlər, evdən də təxminən 2-3 büküm narkotik vasitə çıxmışdır. Amid demişdir ki, evdəki narkotik vasitələri Ülviyyədən götürmüşdür. Səhv eləmirsə onlara daxil olan məlumat da hər ikisi barəsində olmuşdur. Onlara daxil olan məlumat da narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Amid etiraz etməmişdir, bükümlərdən məlumatlı olduğunu bildirmişdir. Üzərinə baxış çəkilişlə olmuşdur. Çəkiliş zamanı da o narkotik vasitənin Ülviyyənin gətirməsini bildiyini demişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, neçə nəfər polis əməkdaşı olduğunu xatırlamır. Evə baxış zamanı səhv etmirsə anası və yoldaşı evdə olmuşdur. Evdə heç biri etiraz etməmişlər. Dedilər ki, Ülviyyə gətirib. Daha sonra Ülviyyəni saxlamışlar. X3 İdarəsinə göndərmişlər. Tərəflərindən heç bir hədə-qorxu edilməmişdir. Üzərindən 6 qram narkotik vasitə tapılandan sonra bildirmişlər ki, onlara məlumat daxil olub evə də baxış keçirməlidirlər. Özü evdəki narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Həm üzərindən çıxanı sənədləşdirmişlər, həm də evdən çıxan narkotik vasitəni sənədləşdirmişlər. Əlavə narkotik vasitə evin aşağı hissəsindəki saxlanc yerindən çıxmışdır. Ülviyyənin saxlanmasında iştirak etmişdir. İfadələrində təzadlar var idi. Amidin evindən çıxan narkotik vasitələrin ona məxsus olduğunu etiraf edirdi. Amidin narkotik vasitələrdən məlumatı olduğunu deyirdi. Başqa əşyaların içəsirində deyildi, qara torbada sırf narkotik idi. Amidi evinin qarşısında saxlamışlar. Evdən çıxmağını gözləmişlər. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadələrində hazırki cinayət işi ilə bağlı xüsusatlar üzrə Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs rəsmi həyat yoldaşıdır. Yanvar ayının 6-sı Təcridxanada olan anası Cəfərova Şəlaləyə yemək aparmaq üçün evdən çıxarkən dayısının yoldaşı Ülviyyə ilə qapıda rastlaşmışlar. Anası tutulandan sonra kirayə qaldıqları üçün əşyalar dayısıgildə olmuşdur. Ülviyyənin dediyinə görə anası ona zəng edib deyib ki Ülviyyəgildə olan paltarları gətirsin onlara. Çünki onlar tez-tez anasını görməyə getmişlər. Qapıda rastlaşmışlar. Evin qapısını kilidləmişlər, zirzəmi isə həmişə açıq olmuşdur. Ülviyyəyə demişdir ki gətirdiklərini içəri keçib qoysun. Ülviyyə demişdir ki, gətirdiklərinin içərisində dayısının əşyaları da var, 1-2 günə gəlib götürəcək. İkisidə etiraz etməmiş, gətirdiklərini keçib içəri qoymuşdur. Daha sonra getmişlər anası ilə görüşmüşlər, qayıdıb gəlmişlər evə. Gecə olmuş, Amid demişdir ki, çıxır siqaret çəksin, gəlsin. Amid gedəndən sonra 5-10 dəqiqə keçmiş, sonra 4-5 nəfər tanımadığı adamlarla içəri girmişdir. Daha sonra bilmişdir ki, gələnlər polis əməkdaşlarıdır. Daha sonra o, keçmiş yataq otağına. Qapıdan eşitdiyi qədəri ilə polis əməkdaşları Amidə demişdir ki, Ülviyyənin gətirdiyi narkotiklərdi, onların məlumatı var ki, onun narkotik vasitələrin burada olmasından xəbəri var. Demişdilər ki, “qəbul etməsən yoldaşını da sənə qoşacağıq”. Bu hadisələrdən sonra ona məlum olmuşdur ki, Ülviyyənin gətirdiyi əşyaların içərisində narkotik vasitə olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, iki ədəd böyük qara torba olmuş, içərisi görünməmişdir, demişdir ki, biri anasının paltarlarıdır, digəri özü ilə dayısının əşyalarıdır. Sellofanlar açılanda görmüşdür ki, bir sellofonda tam “ot” kütəsi olmuşdur. Digərində isə Ülviyyənin paltarlarının altında idi “ot” kütləsi. X5mışdır. Ülviyyədən özünün və dayısının paltarlarını niyə onlara gətirdiyini soruşmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Amid onun baldızının yeznəsidir, onun yoldaşı tutulmuşdu, bu səbəbdən evini satdığa qoymuşdur. Evdə qardaşı ilə problemləri olmuşdur yoldaşının tutulması ilə bağlı. Evdıki əşyaları toplayanda narkotiki tapmışdır. Bilməmişdirki nə etsin, elə bilmişdir ki, hər yerdən güdürlər. Baldızı tutulanda kirayə qaldıqlarından onların əşyaları onlarda vardı, onlar kənd kimi balaca yerdə yaşayırlar Binədə, narkotiki qoymuşdur paltarlarının üstünə, baldızınında paltarlarını götürmüşdür, aparmışdır Fidangilə. Fidan paltarları ona verəcəyini bilmişdir, amma həmin günü təsadüfən getmişdir. Fidan nişanlısıgildə qalmışdır, əvvəllər onlara getmişdir. Fikirləşmişdir ki, onlardan atmaq daha rahat olar, əri tutulduğuna görə gəlib onları yoxlayarlar. Ordan atmağa qorxmaz. Fidanın anasına məxsus paltarlar ayrı klokda olmuş, narkotiki kloka qoymuş, öz paltarlarınıda üstünə qoymuşdur. Fidanla Amid evə girməmişlər, onlar Kürdəxanıya Fidanın anasının yanına gedirdilər. Narkotiki zirzəmidə qapının ağzından içəri qoyub getmişdir. Sonra Amidi, sonrada onu tutmuşlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotikdən Amidin məlumatı olmamışdır, ilkin ifadəsini qorxduğu üçün vermişdir, qorxmuşdur ki, onuda tutacaqlar. Əvvəllər Amidlə danışmışdır, amma Amiid ona narkotik vasitə gətirib verməsini deməmişdir. Üzləşdirmə zamanı məhkəmədə dediklərini demişdir. Hazırda işi Bakı Ağır Cinayətlər məhkəməsindədir, orada da eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin gəzdirməsində və yaşadığı evdə saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığını, video çəkiliş vasitəsi ilə üstünün yoxlanılacağını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üstünün yoxlanılmasına etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxs də etiraz etmir. Bundan sonra əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bağlamanı çıxardaraq tədqim edir və həmin bağlamanın içərisində qurudulmuş marixuana olduğunu bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama açıldıqda içərisindən yaşılımtıl rəngli bitki mənşəli kütlə aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində bitki mənşəli kütlə olan bağlama əməliyyat müvəkkili Şahid1 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir və iştirak edən şəxslər tərəfindən imzalanır. Bundan sonra əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin zəruri olduğunu, bunun üçün könüllü olaraq icazə verməsini xahiş edir, Təqsirləndirilən şəxs də onun yaşadığı evə baxış keçirilməsinə etirazınm olmamasını bildirərək, onun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə daxil olurlar, əməliyyat müvəkkili Şahid1, HTəqsirləndirilən şəxs yaşadığı evdə olan narkotik vasitənin yerini onlara göstərməsini və həmin narkotik vasitəni təqdin etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs evin zirzəmisinə daxil olaraq orada olan üç ədəd sellofan bağlamanı təqdim edir və həmin bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu deyərək, həmin bağlamalarda olan qurudulmuş marixuananı həyat yoldaşının dayısının arvadı Ülviyyənin saxlamaq üçün onun yaşadığı evə gətirdiyini və Ülviyyəyə məxsus olduğunu bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamalar açıldıqda içərisindən yaşılımtıl rəngli bitki mənşəli kütlələr aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində bitki mənşəli kütlələr olan bağlamalar əməliyyat müvəkkili Şahid1 tərəfindən qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir və iştirak edən şəxslər tərəfindən imzalanır(cild 1, i.v.16-17); Təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə haqqında 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 02:18 dəqiqədə ünvan 3 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq, üstü yoxlama zamanı 01 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə 01 ədəd zərfdə, evinə baxış zamanı isə 03 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr 01 ədəd torbada qablaşdırılması, Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim edilmişdir. Təqdim edilən 1 ədəd mobil telefon, 01 ədəd zərfə, 01 ədəd torbaya və 1 ədəd DVD-yə baxış keçirilmiş, Təqsirləndirilən şəxs imzası olan zərfdən bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, torbadan 3 ədəd bağlamada, açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra DVD diskə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim edilən narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır(cild 1, i.v.21-22); Şübhəli şəxsin tutulması haqqında 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:18-də CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.33); Məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2025-ci il tarixli, 7/17 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,61 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış sellofan bağlamada 03 (üç) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 935,0 qram, 1025,0 qram, 365,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 2331,61 qramdır.Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər.Qeyd: 1) Tədqiqatlar «Çətənənin yoxlanılması üçün tövsiyyə olunan metodlar» Bakı 2005-ci il metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. 2) Marixuananın ümumi çəkisi - 2331,61 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram (hər obyektdən 0,05 qram.) qalıq- 2331,41 qramdır(cild 1, i.v.74-78); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-8/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.120- 126); Maddi sübut kimi tanıma haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs və X2 aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 2331 qram və 910 qram olan marixuanadan qalıq qalmış 3241,16 qram marixuananın Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilməsi qərara alınmışdır(cild 1, i.v.182-183); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Hacıyev X6 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin cəzanın çəkilməmiş qalan 01 il 02 ay 05 gün hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır(cild 1, i.v.195-196); Mobil telefon aparatına baxış keçirilməsi haqqında 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “**********01208”, “**********01216” imei kodlu, 1100137B5010952 seriya nömrəli, üzərində 051 *** ** ** saylı mobil GSM nömrəsi olan “Tecno” markalı mobil telefon aparatına baxış keçirmiş, baxış zamanı mobil telefonun çıxış və daxil olan zənglər siyahısına, eləcə də mesajlar bölməsinə və Vhatsap adlı proqramda olan SMS yazışmalarında, həmçinin səsli yazışmalarda cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək məlumatlar aşkar edilməmişdir(cild 1, i.v.210); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı DVD diskdə olan görüntülərin Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair 07 yanvar 2025-ci il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir(cild 1, i.v.212-213); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-200/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay müddətinə, yəni 07 iyul 2025-ci il tarixədək uzadılmışdır(cild 2, i.v.16-22); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-315/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə, yəni 07 avqust 2025-ci il tarixədək uzadılmışdır(cild 2, i.v.108-113); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 432 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaobinoidlərin qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v.118-119); 26 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 2, i.v.126-128); Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən Təqsirləndirilən şəxs bir qrup şəxs tərəfindən 2325 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, daşımasə və yaşadığı evində saxlaması cinayətinin törədilməsində təqsiri sübuta yetirilmədiyindən həmin epizod üzrə barəsində cinayət təqibinə hissəvi xitam və barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə olan xeyli miqdarda təmiz çəkisi həmin 6,61 qram qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşıması cinayətin törədilməsi təsdiq edildiyindən əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə yeni məzmunda ittiham elan edilməsi, barəsində həbslə bağlı olmayaq qətimkan tədbiri seçilməsi, CPM-nin 211-ci maddəsinin tələblərinə riayət etməklə barəsində cinayət işinin ayrılmasından ötrü istintaqın davam etdirilməsi üçün cinayət işinin Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır(cild 2, i.v.143-151); Məhkəmə istintaqı zamanı DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin videogörüntünün şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair 07 yanvar 2025-ci il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 6.61 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Hacıyev X6 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), 07 yanvar 2025-ci il tarixdən 01 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasının əvvəli 03 dekabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM- 93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07 yanvar 2025-ci il tarixdən 01 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 06(altı) ay 25(iyirmi beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 02(iki) ay 05(beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6,61 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-760/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-760/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver