Məhkəmə qərarları › İş №1(008)-761/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-761/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-761/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,982 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 20 avqust 2025-ci il tarixdə saat 19:49-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3ndə hərəkət edən zaman saxlanılmış, saxlanıldığı ünvanda videoçəkilişlə üstü yoxlanılmış və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,982 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götrülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspertizalarının rəyləri, eləcə də işin birbirini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, lakin üzərindən aşkar olunan narkotik vasitə ona aid olmayıb, üç gün təzyiq altında olub, çəkiliş olan yerdə deyilir ki, Balaxanıdan gəlir, lakin orada həmin yerdə o gəlməyi üçün yol yoxdur, arxa dalanların yanıdır, alıb gəlmək üçün o tərəfdə yer yoxdur, üstünə qoyub, aparıb orada çəkiliş ediblər, telefon üstündə olmayıb, bölmədə təzyiq altında olmuş, o da üzərinə götürməyə razılaşmışdır. O ümumiyyətlə metamfetamin istifadə etməmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, onu bölmədən aparıb çəkiliş ediblər, o səhər saat 10-da evdən çıxıb Zabratın kruqundan işə gedirmiş, post patrul əməkdaşları ona yaxınlaşıb, 18 avqust tarixində tutulub, Zabrat qəsəbəsi İstixana kombinatı ünvanında yaşayır, Sabunçuda Vağzalda bazarda işləyir, kruqdan çıxanda polis əməkdaşları saxlamışlar, saat 10 radələrində onu saxlamışlar, iki nəfər polis əməkdaşı olmuşdur, polis əməkdaşları ona yaxınlaşıb, şübhəli şəxs olduğunu bildirmişlər, ondan üstündə nə olduğunu soruşmuşlar, o da üstündə telefon və pul olduğunu demişdir, başqa heçnə, məhkumluğu olub-olmamasını soruşmuşlar, o da olduğunu bildirib, portala vurublar axtarışı olmadığını görmüşlər, ondan narkotik istifadə edib etməməsini soruşmuşlar o da yalandan istifadə etmədiyini bildirmişdir, onu polis bölməsinə dəvət etmişlər, o da getmişdir, polis maşını ilə aparmışlar, iki nəfər onu saxlayan şəxs videoçəkilişdə olan şəxslər deyil, başqa adamlardır, çevikin əməkdaşlarıdır, onu saxlayanın adı Tahirdir, digərinin adını bilmir, bölmədə ondan narkotik vasitə istifadə etməsinin soruşmuşlar o da 10-15 gün əvvəl istifadə etdiyini bildirmişdir, onu analizə göndərmişlər, analizə gedib gəlmiş, ona bildirmişlər ki onu külli miqdarla vermək istəyirlər, o demişdir ki, onun ona aidiyyatı yoxdur, ona bildirmişlər ki, ona belə hörmət edə bilərlərki CM-nin 234.1-ci maddəsi ilə versinlər, bu söhbətləri videoçəkilişdə olan əməliyyatçılar etmişlər, Elvin və Fərid olmuşdur, o da etiraz etmişdir, onu döymüşlər, yumruq və remenlə vurmuşlar, sağ tərəfində qabırğasının altında göyərmə olub, remenin izi qalıb, iki gün sonra sənədələşmə olub, o metamfetamin istifadə etmir, axırıncı dəfə “nəşə” və heroin istifadə etmişdir, axırıncı dəfə məhkum olunan zamanda üstündə heroin olub, orada bədənində göyərti olubolmamasını soruşmuşlar o da qızartı olmasını bildirmişdir, onlar başının üstündə olmuşlar deyə danışa bilməmişdir, sənədə qol çəkmişdir, MSY-də iki gün qalmışdır, oradan sonra onu çəkiliş etdikləri yerə aparmışlar, o həmin çəkiliş olan yerdə tutulmamışdır, videoçəkilişi Elvin və Fərid aparmışdır, heç yerə şikayət edə bilməmişdir, şikayət yazmamışdır, müdafiəçisinə də deyə bilməmişdir, qorxmuşdur ki, onu yükləyərlər, ona şikayət etməməsi ilə bağlı hədələməmişlər, lakin o qorxmuşdur ki külli miqdar verilər şikayət etməmişdir, Zabratda tutulan zaman üstündə telefon olmuşdur, daha sonra çəkilişdə üstündə telefon olmayıb, telefonu bölmədə qalmışdır, şərait olmadığından müdafiəçisinə də deyə bilməmişdir, metamfetamin bir ay olar çəkmişdir, onu 18 avqustda saxlamışlar, 22 avqustda azad olunmuşdur, lakin azad olunduqdan sonra da qorxduğundan şikayət etməmişdir, qorxmuşdur ki bilərlər, bölmədə çəkiliş zamanı müdafiəçisi ona məxsus olubolmamasını soruşmuş, o da ona məxsus olduğunu bildirmişdir, təzyiq altında olmuşdur, təzyiq onun yüklənməsi ilə bağlı olmuşdur, bu təzyiqlə bağlı heç kimə deməmiş, etiraz, şikayət və ya məlumat verməmişdir, 18 avqustda onu bölməyə gətirmişlər, üstünü yoxlamışlar üzərindən heç nə aşkar olunmamışdır, ona narkotik vasitə istifadə edib etməməsinin soruşmuşlar, o da istifadəçisi olduğunu bildirmişdir, ona bildirmişlər ki çəkiliş olmalıdır, 234.1-ci maddə verməlidirlər o etiraz etmişdir, bu söhbətlər 18 avqust tarixində olub, daha sonra çəkiliş olmuşdur, o onun olmadığını demişdir, çəkiliş o tutulduqdan iki gün sonra olmuşdur, 21 ya 22 avqustda buraxılmışdır, orada müdafiəçisinə də deyə bilməmişdir. Onu Pünhan və Elvin döymüşlər, Fərid orada olmayıb, xidməti otaqda döymüşlər, Elvin onu hədələmiş və kəmərlə döymüşdür. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, üstünün yoxlanılması zamanı psixotrop maddənin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, təxminən 5 ilə yaxındır ki, narkotik maddədən istifadə edir. Həmin narkotik maddəni Bakıda müxtəlif yerlərindən alır. Sonuncu dəfə 20 avqust 2025-ci il tarixdə ona yenidən narkotik maddə ehtiyac olduğundan üzdən tanıdığı adını bilmədiyi şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində görüşüb 20 manat verərək bir büküm narkotik maddə olan “patı”nı alaraq istifadəsi üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 19:49-da ünvan 3ndə piyada hərəkətdə olan zaman ona üç nəfər yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduğunu bildirdilər. Həmin polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin gəzdirilməsində şübhəli olduğunu bildirərək video çəkilişlə üzərinə baxış keçirtdilər. Onlar qanunla qadağan olunmuş üzərində nə varsa təqdim etməsini təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə “patı”nı çıxardıb təqdim etmişdir. Həmin bükümdə olan psixotrop maddə metamfetamini 20 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün alıb üzərində saxladığı bildirdi. Üstünün yoxlanılması ilə bağlı protokol tərtib edildi, o və iştirak edən digər şəxslər həmin protokolu imzaladılar. Videoçəkiliş bitdikdən sonra onu polis bölməsinə apardılar. Orada təhqiqatçı tərəfindən videoçəkilişlə dövlət hesabına vəkillə təmin olunaraq hüquqları ona izah edilmiş və o, şübhəli şəxs qismində həbs olunaraq həmin təqdim olunmuş üzərindən aşkar edilmiş psixotrop maddə olan zərfə baxış keçirilmişdir. Üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamin qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş “patı”nı o, 20 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq istifadə üçün üzərində saxlamışdır. Həmin psixotrop maddəni aldığı şəxsin barəsində hər hansı məlumatı yoxdur. Həmin şəxsi ancaq üzdən tanıyır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci PŞ CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 avqust 2025-ci il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı həmin günü onlar tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. 20 avqust 2025-ci il tarixdə saat 19:49-da əməliyyat qrupunun üzvü kimi o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 19:49-da Təqsirləndirilən şəxs ünvan 3ndə piyada hərəkətdə olan zaman onlar tərəfindən saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində ağ rəngli, kristal halında maddə olan 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində "şüşə, patı" deyilən maddə vardır. Həmin maddəni özü istifadə etmək məqsədilə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə etmişdir. Başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Aşkar edilmiş büküm zərfə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparmışlar. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində büküm olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən həmin zərf açılmış, içərisində 01 ədəd bükümdə ağ rəngli, kristal halında maddə olması aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm yenidən zərfə qablaşdırılaraq götürülmüşdür. Qeyd olunanlar barədə ayrı-ayrılıqda videoçəkilişlər edilməklə, protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən protokollara imza edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb polis bölməsinə gətirilərkən hər hansı təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Ona verilmiş suallara cavabında isə bildirmişdir ki, üstünə baxış şəxs saxlanılan zaman ünvan 3ndə keçirilmişdir, saxlanılan zaman heç bir müqavimət göstərməmişdir, Təqsirləndirilən şəxs tutularkən ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır, Tahir adlı əməkdaş onlarda yoxdur, şəxsi onlar saxlamışlar, o, Pünhan və Fərid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq edərək, analoji ifadə vermişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, şəxsi ünvan 3ndə saxlamışlar, Şahid1 və Şahid3 onunla olmuşdur, əməliyyat məlumatı baş əməliyyat müvəkkili Şahid1 olub, şəxs saxlanılarkən qaçmağa, yayınmağa cəhd göstərməmişdir, videoçəkilişi o həyata keçirmişdir, sorğu-sualı Şahid1 etmişdir, üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur, o, həmin maddənin “patı” olduğunu demişdir, sonra 14-cü PB-nə aparmışlar, şəxsə qarşı heç bir ədavət və düşmənçilikləri olmamışdır, polis bölməsində şəxsə heç bir təzyiq və ya təsir olmamışdır, onların tərəfindən saxlanılmışdır, bu videoçəkilişdə də var, heç bir hədə olmamışdır, saxlayan zaman 3 nəfər olmuşlar, o videoçəkiliş aparmışdır, şəxsi 20 avqust tarixində saat 8-ə qalmış tutmuşlar. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələrinin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır(i.v.3-4). əməliyyat qrupunun təşkil edilməsi barədə 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə və psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün polis əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur(i.v.5). Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 20 avqust 2025-ci il tarixdə, saat 19:49 dəqiqədə ünvan 3 ünvanında olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülmüş ağ rəngli psixotrop maddəyə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəflərindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rənfli şəffaf sellofan bükümdə narkotik maddəyə bənzər kütlə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab oiaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir Üstünü yoxlama və baxış ünvan 3 ünvanında keçirilmiş və videokamera vasitəsi ilə çəkiliş aparılmışdır(i.v. 7-8). Əşyaya baxış keçirilməsi haqqında 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan əşyaya baxış keçirilməmişdən əvvəl əşyaya baxış keçirilən şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərindən aşkar edilərək götürülmüş maddi sübutun qablaşdırıldığı zərfə baxış keçirilən zaman 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli psixotrop maddə olan metamfetamin bənzər maddə yenidən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqdim edilən əşyaya baxış keçirilməsi zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(i.v 31-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki kimyəvi ekspertizasının 21 avqust 2025-ci il tarixli 6/2838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)” yazı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,982 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(i.v 41-43). “diskə baxış keçirilməsi barədə” 21 avqust 2025-ci il tarixli protokoldan görünür ki, diskin yaddaşında iki ədəd fayl mövcuddur. Həmin fayldan biri açılaraq, keçirilmiş baxış zamanı çəkilişin ünvan 3ndə aparıldığı və çəkilişdə Bakı şəhəri Sabunçu Rayon Pois İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin 15-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu görünür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirildikdən sonra üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində ağ rəngli, kristal halında maddə olan 01 ədəd sellofan bükümü çıxarıb təqdim edir, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirir ki, həmin bükümün içərisində “şüşə, patı" deyilən maddə vardır. Həmin maddəni özü istifadə etmək məqsədilə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə etmişdir. Başqa onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilmir. Aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə üzərindən yuxarıda qeyd olunan psixotrop maddə olan metamfetamin aşkar olunan şəxsin özü olduğunu bildirdi(i.v.54). “diskə baxış keçirilməsi barədə” 21 avqust 2025-ci il tarixli protokoldan görünür ki, keçirilmiş baxış zamanı çəkilişin xidmətdi otaqda aparıldığı, otaqda ümumilikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi olduğu görünür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm zərfə qablaşdırılmış vəziyyətdə təhqiqatçıya təqdim olunur, təhqiqatçı tərəfindən həmin zərf açılır, zərfin içərisində sellofan bükümdə içərisində ağ rəngli, kristal halında maddə olması aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin "şüşə, patı" olduğunu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 20 manata aldığını bildirir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən yenidən zərfə qablaşdırılaraq götürülür(i.v.55). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhər 2 nömrəli X1 müraciət etməyibdir(i.v 84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanda müalicədə olmamışdır(i.v 84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 oktyabr 2025-ci il tarixli 6548 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür(i.v 99-100). “Sübutların qiymətləndirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə, hazırki cinayət işindən zəruri istintaq sənədlərinin kserosurətləri çıxarılmaqla material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,982 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,932 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, 20 avqust 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair» protokol, 20 avqust 2025-ci il tarixli «əşyaya baxış keçirilməsi haqqında» protokol, həmin protokollara əlavə edilmiş 01 ədəd DVD disklər və həmin diskə keçirilmiş baxış protokolları sübut növü kimi tanınmışdır(i.v.105-110). İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v.1). “Şübhəli şəxsin tutulması haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə, saat 19:49-dan tutulmuş hesab edilmişdir(i.v.20). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.56-57). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(i.v.69-71). “Qətimkan tədbiri seçilməsi barədə” 22 avqust 2025-ci il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.72-74,76). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə müddəti 06 ay azaldılmış, 11 fevral 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunub, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü ilə 01 il 03 ay müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilərək xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır(i.v.95-97). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.102-104). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı özünü təqsirli bilməməsinə və ifadəsində göstərilən dəlillərinə qiymət verilməlidir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə ona aid olmayıb, üç gün təzyiq altında olub, çəkiliş olan yerdə deyilir ki, Balaxanıdan gəlir, lakin orada həmin yerdə o gəlməyi üçün yol yoxdur, arxa dalanların yanıdır, alıb gəlmək üçün o tərəfdə yer yoxdur, üstünə qoyub, aparıb orada çəkiliş ediblər, telefon üstündə olmayıb, bölmədə təzyiq altında olmuş, o da üzərinə götürməyə razılaşmışdır. 22 avqustda azad olunmuşdur, lakin azad olunduqdan sonra da qorxduğundan şikayət etməmişdir, qorxmuşdur ki bilərlər, bölmədə çəkiliş zamanı müdafiəçisi ona məxsus olubolmamasını soruşmuş, o da ona məxsus olduğunu bildirmişdir, təzyiq altında olmuşdur, təzyiq onun yüklənməsi ilə bağlı olmuşdur, bu təzyiqlə bağlı heç kimə deməmiş, etiraz, şikayət və ya məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi dəyişdirilmiş ifadəsinə qiymət verərək hesab edir ki, o, psixotrop maddə ona məxsus olmadığını, təzyiq altında olduğu üçün belə ifadə verdiyini, polis əməkdaşlarının onu başqa ünvandan götürməsini bildirsə də, məhkəmə baxışınadək dedikləri ilə bağlı bir dəfə də olsun hüquq mühafizə orqanlarına müraciət etməmiş, buna dair etirazını bildirməmişdir. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs 22 avqust 2025-ci il tarixdən polisin nəzarəti altından azad olunmuş, ona qarşı hər hansı qanunsuz hal baş vermişsə buna dair etirazını bildirmək və müraciət etmək imkanına malik olmuşdur. Həmin tarixdən sonra üzərindən aşkar edilmiş psixotrop maddənin onun olmaması, onu saxlanma yerinin fərqli olması, ona qarşı təzyiq olması ilə bağlı hər hansı etirazı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində psixotrop maddə metamfetamin qəbul etmədiyini qeyd etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 oktyabr 2025-ci il tarixli 6548 nömrəli rəyindən müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs onu saxlayan şəxslərin fərqli olmasını qeyd etsə də, iş materiallarında olan sənədlər və video görüntülərdən də aydın olur onu polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 saxlamışlar. Təqsirləndirilən şəxs onun başqa yerdə saxlanılmasını bildirsə də, bunu təsdiq edəcək hər hansı dəlil məhkəməyə təqdim etməmiş və iş üzrə olan sübutlarda onun saxlanma yerini şübhə altına salacaq hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən(şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının(onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Avropa Məhkəməsinin "Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, "...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə "əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin "Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Əksinə olaraq təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə bir neçə dəfə davamlı olaraq üstünün yoxlanılması və baxış keçirilməsi haqqında protokolda(i.v 7-8), şübhəli şəxs kimi(i.v 52-53), təqsirləndirilən şəxs kimi(i.v.65-66) ifadələrində, əşyaya baxış keçirilməsi haqqında protokolda(i.v 31-33),(video çəkilişdə), eyni məzmunlu ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi məhkəməyədək icraat zamanı ifadələrin doğruluğuna əsas verir. Hadisənin görüntüsünü özündə əks etdirən video görüntünün tətbiqi zamanı təqsirləndirilən şəxsin müdafiəçisi üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olub-olmamasını aydınlaşdırmaq üçün təqsirləndirilən şəxsə suallar ünvanlamış, təqsirləndirilən şəxs suallara cavabında psixotrop maddənin ona məxsus olmasını təkrar olaraq qeyd etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi özünü müdafiə xarakterli qiymətləndirilməli və məhkəməyədək icraat dövründə verdiyi ifadələri tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdırılaraq təsdiq edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15-2-dək qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İİ) əsasən 0,15-2-dək qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən Cinayət Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçü--ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hazırki cinayət əməlini 20 avqust 2025-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər eyni maddə ilə üç dəfə məhkum olunmasını(məhkumluq ödənilsə belə) və cəza olaraq azadlıqdan məhrum edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır və hesab edir ki, maddənin sanksiyasın nəzərdə tutulmuş daha yüngül cəza azadlığın məhdulaşdırılması cəzası təqsirləndirilən şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz və cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə cəzanın həddinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı-0,982 qram olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallların müəyyən edilməməsi, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdiriməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı(CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından sonra qalıq qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), DVD və CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il il tarixdən 22 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin, icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut-ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,932 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut-01 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla, məhkəmə istintaqı zamanı 24 iş saatına görə 264 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar