Məhkəmə qərarları › İş №1(008)-762/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-762/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-762/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Ağstafa rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağstafa rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs onu və rəfiqəsi Maralı təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlcə əllə boyun nahiyəsindən, sonra yerdən götürdüyü daş parçası ilə qəsdən başından vuraraq Zərərçəkmiş şəxs sağ təpə-gicgah-ənsə nahiyəsinin sıyrıqla müşayiət olunan dərialtı hematoması, sağ çənə və boyun nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində aralarında münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı əsəbləşərək əllə Tərlanın boyun nahiyəsindən və yerdən götürdüyü daşla qəsdən Tərlanın baş nahiyəsindən vuraraq bədən xəsarətləri yetirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində qeyri rəsmi münasibətdə olduğu Şahid ilə söhbət etmək üçün onun yaşadığı ünvan 3 ünvanına gələrək Maralla söhbət edərkən aralarında yaranmış mübahisə zamanı Maralın rəfiqəsi Nilgün qəsdən əllə onun boyun nahiyəsindən və yerdən daş götürərək onun baş nahiyəsindən vuraraq xəsarətlər yetirmişdir. O, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat zamanı şahid şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən dörd ay əvvəl Tərlanla tanış olmuş və onun kirayə yaşadığı Xocasən qəsəbəsindəki evdə təxminən iki ay qeyri rəsmi olaraq birlikdə yaşamışlar. Yaşadığı müddətdə Tərlanla tez-tez aralarında sözsöhbət olduğundan ondan ayrılmaq qərarına gələrək çıxıb qeydiyyatda olduğu Kürdəmir rayonuna getmişdir. Lakin bir müddətdir ki, rayondan gələrək rəfiqəsi Təqsirləndirilən şəxs yaşadığı Bakıxanov qəsəbəsindəki ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə evdə olarkən saat təxminən 13:00 radələrində Tərlan həmin evə gələrək ona verdiyi köhnə “Nokia" markalı mobil telefonunu istəmiş, o, telefonu gətirib Tərlana verdikdə onunla getməyi təkid etmişdir. Lakin Şahid getmək istəmədiyini bildirdikdə Tərlan mübahisə edərək Maralı təhqir etmişdir. Bu zaman Maralın rəfiqəsi Nilgün Tərlandan getməsini bildirdikdə Tərlan Nilgünü təhqir etdikdə Nilgün qapının qarşısında yerdə olan kiçik daş parçasını götürərək qəsdən Tərlanın başından vurmuşdur. İş materiallarının 23-24-cw vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 20 iyul 2023-cü il tarixli, 1711 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə-gicgah-ənsə nahiyəsinin sıyrıqla müşayiət olunan dərialtı hematoması, sağ çənə və boyun nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarının 19-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 iyul 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar