Məhkəmə qərarları › İş №1(008)-763/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-763/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-763/2022 18.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X4, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X13 küçəsi, döngə 5, ev 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəyə olan tələbatını təmin etmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından arıtq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,155 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və Sabunçu RPİnin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi-0,155 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, psixotrop maddəyə olan tələbatını təmin etmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından arıtq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,480 qram psixotrop maddə olan metafetamini əldə edib, üzərində saxlayaraq daşımış və 23 may 2022-ci il tarixdə, saat 10:10 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının qarşısında ərazidə xidmət aparan Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin polis əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq, bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,480 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir narkotik vasitədən istifadə edir. Bundan başqa o, göstərmişdir ki, 18 may 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsindən anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir büküm heroin almış və üzərində gəzdirmiş, həmin günü saat təxminən 13 radələrində Nardaran qəsəbəsi, Asəf Zeynallı küçəsində olan zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, sonra onu narkotik maddə istifadə etməkdə şübhəli bilib saxladıqlarını deyərək, polis bölməsinə dəvət etmiş, birlikdə Sabunçu RPİ-nin 42-ci polis bölməsinə getmiş, orada xidməti oraqların birində ondan üzərində qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etmədiyini başa düşərək üzərində narkotik maddə heroin olmasını bildirmiş, sonra əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir büküm narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş və bu barədə protokol tərtib olunmuş, bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi büküm qablaşdırılaraq möhürlənmiş, narkotik vasitədən istifadə etsə də heç vaxt satışı ilə məşğul olmamımş, heroini aldığı şəxsi tanımamışdır. Bundan başqa, o, 23 may 2022-ci il tarixdə “şüşə” kimi tanıdığı psixotrop maddəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etmiş və mütəmadi olaraq üzərində saxlamış, həmin gün, yəni 23 may 2022-ci il tarixdə, təxminən saat 10:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və sorğu-sual edilərkən davranışlarından şübhələndikləri üçün onu Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə dəvət etmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə 14-cü Polis Bölməsinə getmiş, orada şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqlardan birinə aparılmış və ona hüquq-vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu səbəbdən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan “şüşə” kimi tanıdığı psixotrop maddəni çıxarıb təqdim etmiş, sonra üzərindən aşkar edilən həmin narkotik vasitə qablaşdırılmış və protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Qızı onkoloji xəstədir. Göstərilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölməyə etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumata əsasən, həmin şəxsin ifşa olunması məqsədilə 18 may 2022-ci il tarixdə özünün rəhbərliyim ilə bölmənin CA xətti üzrə kiçik inspektor Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 1 min günü tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 13:00-da Səmədov X3 rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılmış və Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilmiş, polis bölməsində xidməti otaqda təhqiqatçı, polis mayoru Natiq Babanlı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı Natiq Babanlı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaretin kağızma bükülmüş qəhvəyi rəngli, toz halında kütləni çıxarıb təqdim etmiş, sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bir büküm kütlənin narkotik vasitə olan heroin olmasını və həmin heroinin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün Zabrat qəsəbəsindən tanımadığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 20 manata almasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm narkotik vasitə olan heroin təhqiqatçı Natiq Babanlı tərəfindən qablaşdırılaraq götürülmüş, sonra bu barədə müvafiq protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə saat 10:10-da Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid4 ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində xidmətdə olduğu zaman 1 saylı Respublika Psixiatriya Xəstəxanasının qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış və özlərini təqdim etmiş, həmin şəxsdən özilnü təqdim etməsini xahiş etdikdə onun verilən suallara qeyri-adekvat cavab verməsini görərək ondan şübhələnib Sabunçu RPİ-nin 14-cı PB-nə dəvət etmiş, bölmədə həmin şəxsin xx xxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsi, döngə 5, ev 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və o, üzərində narkotik vasitə olmasını bildirmişdir. Eləcə də o, göstərmişdir ki, bölmədə xidməti otaqda təhqiqatçı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı Zamin Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş içərisində ağ rəngli kristalşəkilli kütləni çıxarıb təqdim etmiş, sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bir büküm kütlənin psixotrop maddə olan metamfetamin olmasını və həmin psixotrop maddənin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün Zabrat qəsəbəsindən üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 20 manata almasını bildirmişdir. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm psixotrop maddə olan metamfetamin təhqiqatçı Zamin Həsənov tərəfindən qablaşdırılaraq götürülmüş, sonra bu barədə müvafiq protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı disk protokola əlavə edilmişdir. Şahid4 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofona bükülmüş içərisində ağ rəngli, kristallardan ibarət psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, həmin psixotrop maddəni tutulmamışdan əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsində üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmiş, sonra şübhəli şəxs X2 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur (i.v. 24-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 23 may 2022-ci il tarixli, 6/2928 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,480 qram ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.37-39). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, X1 olaraq əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, heroini tutulmamışdan əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsində üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmiş, sonra şübhəli şəxs X2 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur (i.v.102-104). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli, 6/2858 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəlci 01 ədəd bükümdə təmiz çəkisi 0,155 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.110-112). “Maddi sübut kimi tanınma haqqında” 20 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0, 155 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza üçün istifadə edilməsi nəzərə alınmaqla Sabunçu RPİ-də saxlanılması qərara alınmışdır (i.v.148). “Cinayət işlərinin birləşdirilməsi haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi altında istintaq davam etdirilmişdir (i.v.156). Məhkəmə-narkoloji ekspertizasının 20 avqust 2022-ci il tarixli, 4614 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Hazırda ona narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.173-174). “Sübutların qiymətləndirilməsi haqqında” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən təmiz çəkisi 0,155 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,105 qram heroin saxlanması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən təmiz çəkisi 0,480 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,430 qram metamfetamin saxlanması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesini videogörüntüsünü əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.175-186). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdə, saat 11:12-dən tutulmuş hesab edilmişdir (i.v.14). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 4(008)-427/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəli 23 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.66- 69). “Şübhəli şəxsin tutulması haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdən, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v.89). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 20 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.144-146). “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.147). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Xalq Məhkəməsinin 26 yanvar 1995-ci il tarixli hökmü ilə AR CM-nin 143 maddəsinin 2-ci hissəsi ilə 23-1-ci maddəsinə əsasən əməyə mütləq cəlb edilməklə 02 il müddətə azadlıqdan şərti məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 23 may 2996-cı il tarixli hökmü ilə AR CM-nin 83-cü maddəsinin 3-cü hissəsi, 215, 142 maddəsinin 3-cü və 4-cü hissələri, 38 və 39-cu maddələrinə əsasən 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə AR CM-nin 29, 120.1, 234.1, 237.1, 304.2.1 maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 avqust 2004-cü il tarixli qərarı ilə cəzası 08 ilə endirilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2004-cü il tarixli hökmü ilə AR CM-Pnin 304.1 ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinə əsasən 08 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 fevral 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.153-155). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(008)- 763/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən 01 noyabr 2022-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə daxil olmuş 21 oktyabr 2022-ci il tarixli, 7497 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 19 oktyabr 2022-ci il tarixdə Bakı istintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini təkrar törətməsini (AR CM-nin 61.1.1-ci maddəsi) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun istintaq zamanı şübhəli şəxs qismində və həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(008)-763/2022 saylı qərarına əsasən tutulduğu 18 oktyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 18 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 23 may 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 03 ay müddət, cəmi 03 ay 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0, 430 qram metamfetamin və 0,105 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 manat və 92 manat, cəmi 206 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar