Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-763/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Güllücə Ə/d, Tağıbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüquq verən «BC» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 816 L markalı, Evakuator tipli, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobili 20 sentyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu ilə Zabrat qəsəbəsi istiqamətindən, Pirşağı qəsəbəsi istiqamətinə 50 km/saat sürətlə idarə edərkən, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən “Bravo” marketin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı və hərəkətin təhlükəsizliyini təmin etməli, piyadanın qarşıda onun hərəkət etdiyi istiqamətdə 1.3 nişanlama xəttinin üzərində dayanmasını nəzərə almalı və əvvəlcədən həmin piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbir görməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyada X4 vurulmasına, nəticədə Pirəli Məmmədova ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ ənsə sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı, İ-İİ boyun fəqərələrinin, burun və çənə sümüklərinin yerini dəyişən qapalı, sağ bazu sümüyünün açıq sınıqları, ağciyərlərə və hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, boyunun, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 20 ildir ki, avtomobil idarə edir, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də var. 20 sentyabr 2023-cü il tarixdə saat 19:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 816 L markalı, Xüsusi təyinatlı modelli, Evakuator tipli ** UT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu ilə Zabrat qəsəbəsi istiqamətindən, Pirşağı qəsəbəsi istiqamətinə saatda 50 km sürətlə yolun soldan birinci zolağıyla hərəkət edən zaman Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yolun sağ tərəfində yerləşən “Bravo” marketin qarşısına çatdıqda idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə qarşı-qarşıya əks hərəkət istiqamətlərini ayıran qoşa bütöv ağ xəttdə nəsə vurmuş, həmin vaxt avtomobilin qabaq sol yan güzgüsünün aşağı hissəsi sınmış, ancaq hava şəraiti qaranlıq olduğundan avtomobillə nəsə vurduğunu dəqiq bilməmişdir. O, nə vurduğunu dəqiqləşdirmək üçün avtomobili bir qədər irəliyə yolun sağ tərəfinə sürərək dərhal saxlamış və avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra yolun ortasında qarşı-qarşıya əks hərəkət istiqamətlərini ayıran qoşa bütöv ağ xəttə yaxın üzü üstə uzanıqlı vəziyyətdə kişi cinsindən olan şəxs görmüş, həmin vaxt başa düşmüşdür ki, adam vurmuşdur. O, köməklik etmək məqsədi ilə həmin uzanıqlı vəziyyətdə olan şəxsə yaxınlaşmış, həmin vaxt həmin şəxsin Kürdəxanı qəsəbəsində yaşayan tanıdığı Pirəli olduğunu görmüşdür. Pirəlini nə qədər uca səslə səsləsə də ona cavab verməmiş, artıq onun öldüyünü bildikdən sonra onu qucağına götürüb yolun sol tərəfinə, yəni Zabrat qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yol qırağına yerə qoymuş, həmin vaxt ətrafda olan tanımadığı şəxslərdə yaxınlaşaraq Pirəlinin ölüb-ölmaməsini dəqiqləşdirmək üçün nəbzini yoxlamışlar, ətrafda olan tanımadığı şəxslərdə Pirəlinin öldüyünü bildirmişlər. Hadisədən bir qədər sonra ətrafa çoxlu sayda tanımadığı insanlar toplaşmışlar, yolda avtomobillərin gediş-gəlişi dayanmış, yolda tıxac yaranmaması üçün hadisə yerinə gələn X10 əməkdaşları hadisə nəticəsində ölan Pirəlini yoldan keçən tanımadığı, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı yük maşınına mindirərək Sabunçu rayon MTE-nın meyitxanasına yola salmışlar, o, isə hadisə yerində qalmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər, həmin baxışda o, da iştirak etmişdir. O, piyadam ümumiyyətlə görməmiş, ancaq ətrafda olan tanımadığı şəxslərdən eşitmişdir ki, piyada qarşı-qarşıya əks hərəkət istiqamətlərini ayıran qoşa bütöv ağ xəttin üzərində dayanmış vəziyyətdə olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobildə özü tək olmuş, həmin vaxt heç bir xəsarət alamamışdır.Zərərçəkmiş şəxsin dəfn xərclərini və yas mərasimi xərclərini çəkmiş, əlavə olaraq 25000 manat pul ödəmişdir, nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərdi ki, mərhum X3 ilə 2012-ci ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan iki oğlan və bir qız övladları var. X3 ölən günə qədər onunla eyni ünvanda, yəni ünvan 2 fərdi evdə yaşamışdır. 20 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində X3 yolu keçmək istəyərkən Kürdəxanı-Pirşağı yolu ilə hərəkət edən avtomobil onu vurmuş və yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Sabunçu rayon MTE-nın meyitxanasında Pirəli Məmmədovun meyiti müayinə oldunduqdan sonra ona və ailə üzvlərinə təhvil verilmişdir. Yol nəqliyyat hadisəsini törədən Mercedes Benz markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən “Bravo” marketin qarşısı, Kürdəxanı-Pirşağı yolu hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v.07-13); Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AC 714415 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.15); xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz 816 L markalı, Xüsusi təyinatlı modelli, Evakuator tipli ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindədir (i.v.16); xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Mercedes Benz 816 L markalı, Xüsusi təyinatlı modelli, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir (i.v.17); 20 sentyabr 2023-cü il tarixli, 1/4463 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X11 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 258 saylı ekspert rəyindən görünür ki,
1. X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş-beyin maddəsinə və yumşaq qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma. Sağ ənsə sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı. İ-İİ boyun fəqərələrinin, burun və çənə sümüklərinin yerini dəyişən qapalı, sağ bazu sümüyünün açıq sınıqları. Ağciyərlərə və hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma. Başın, sifətin, boyunun, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları. - Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir.
2. X1 ölümünə səbəb baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir.
3. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupu törəmələri və salisatlar aşkar edilməmişdir (i.v.36-39); zərərçəkmiş şəxsin hüquqi varisi X2 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi, iddia və şikayəti yoxdur (i.v.57); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.59); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AC 714415 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilib, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb (i.v.60); Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2542 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 816 L markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.66-69); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.97-98); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova