Məhkəmə qərarları › İş №1(008)-765/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-765/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-765/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşıyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada sürücü işləyən, Bakı şəhəri Nərimanov rayonu X13 küçəsi 1969 ev 27 mənzil 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən onun tərəfindən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 3(005)-2750/2018 nömrəli qərarına əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, etibarnamə əsasında idarə etdiyi, X1 mülkiyyətində olan «X11» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi X3 yerləşən «Nur» marketin qarşısı ilə Nardaran qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkət etdirərkən idarəetməni itirmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, habelə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib həmin qaydaları pozaraq, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə qarşıda hərəkətdə olduğu zolaqda dayanmış vəziyyətdə olan sürücü Şahid idarə etdiyi «Kamaz 65115 YÜK» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol hissəsinə dəyərək toquşmuş, ehtiyatsızlıqdan avtomobilində sağ qabaq oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ yuxarı ətrafın bazunun aşağı 1/3 hissəsindən travmatik amputasiya və burun sümüklərinin yerini dəyişən qapalı sınıqları, ümumilikdə sağ yuxarı ətrafın bazunun aşağı 1/3 hissəsindən travmatik amputasiyası ilə əlaqədar ümumi əmək qabiliyyətinin 1/3-dən çox (70%) hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, özü qapı pəncərə ustası olsa da, təxminən 2 il olar ki, İlqar adlı şəxsin işlətdiyi «Etalon» qapı və pəncərə sistemləri inşaatı şirkətində qapı-pəncərə sexində sürücü kimi işləyir. Həmin işə onu İlqar cəlb etmiş, onunla əmək müqaviləsi bağlanmamış, 600 manat əmək haqqı İlqar tərəfindən ona nağd qaydada ödənilmişdir. Zərərçəkmiş şəxs sexdə usta kimi işləmişdir. Həmin sexə məxsus «Ford» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil ilə qapı pəncərələri daşımışdır. Avtomobili 19 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş AD136720 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 12 fevral 2024-cü il tarixdə sexdə qapı pəncərə ustası işləyən Zərərçəkmiş şəxs ilə birlikdə Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən müştərinin evində qapı və pəncərə quraşdırmışlar. Saat 17 radələrində işlərini tamamlayıb Sənanla birlikdə idarə etdiyi «Ford» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşmişlər. Özü sükan arxasında, Sənan isə qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobili Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi X3 yerləşən «Nur» marketin qarşısı ilə Sabunçu rayonu Nardaran qəsəbəsinin mərkəzi istiqamətində təxminən 60-70 km/saat surətlə idarə etmişdir. «Nur» marketdən təxminən 500-600 metr aralıda yerləşən evin qarşısında idarə etməni itirmiş və idarə etdiyi avtomobilin sağ qabaq hissəsi hərəkətdə olub-olmadığını xatırlamadığı «Kamaz» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol arxa tərəfindən dəyib toqquşmuşdur. Həmin vaxtı sağ tərəfdə əyləşmiş Sənanın sağ qolunun qopduğunu görmüş və tez avtomobildən düşüb, Sənanı avtomobildən çıxarmaq istəmiş, lakin çıxara bilməmişdir. Buna görə də ip tapıb onun qolunu bağlamış, daha sonra avtomobili geri idarə etmiş və Sənanı hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə avtomobilin sağ tərəfindən çıxartmışlar. Bir qədər sonra polis əməkdaşları gəlmiş, Sənanı polis əməkdaşlarının avtomobili ilə xəstəxanaya aparan zaman yolda X8 avtomobili ilə qarşılaşmış və polis avtomobilindən X9 Yardım avtomobilinə köçürüb X5 aparmışdırlar. Oradan isə Sənanın qolunu tikmək üçün Bakı Sağlamlıq Mərkəzinə aparmışdırlar. Hadisə anidən baş verdiyi üçün hadisənin qarşısını almaqdan ötrü əyləcdən istifadə edə bilməmiş, heç bir tədbir görə bilməmiş, hadisənin necə baş verdiyini xatırlamır. Hadisə nəticəsində özü xəsarət almamışdır. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitələr qəbul etməmiş, hadisə zamanı ayıq olmuşdur. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Sürücülük hüququnun olmaması ilə bağlı qeyd edir ki, ona xx.xx.2018-ci il tarixdə xx.xx.2028-ci il tarixədək qüvvədə olan AD136720 nömrəli sürücülük vəsiqəsi verilmişdir, 6 il ərzində onun sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır, bu müddət ərzində onu dəfələrlə yol polis əməkdaşları saxlamış, lakin onun sürücülük hüqunun məhdudlaşdırılması ona bildirilməmişdir. Məhkəmədəndə ona bu haqda qərar göndərilməmiş, məlumat verilməmişdir. Nə DYP tərəfindən nə də məhkəmə tərəfindən ona sürücülük vəsiqəsini təqdim etməsi ilə bağlı məlumat verilməmişdir. İstintaq dövründə bu barədə məlumat aldıqdan sonra Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmiş, oradan ona İXM-nin 529.3-cü maddəsinə əsas olmuş cərimənin ödənildiyi bildirilmiş, buna görə də iş üzrə icraata xitam verilmişdir. Buna görə də o sürücülük hüququ olmayan şəxs hesab edilə bilməz. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Odur ki, barəsində olan hazırki işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 3-4 il olar ki, fərdi qaydada plastik pəncərə və qapıların quraşdırması ilə məşğul olur. Daim iş yeri yoxdur. Belə ki, müxtəlif plastik qapı və pəncərə sexlərində işləyən şəxslər onunla əlaqə saxlayıb lazım olduqda onu kvadrat metrə uyğun olaraq əmək haqqı hesablayıb pəncərə və qapıların quraşdırılması üçün onu dəvət etmişlər. Özü valideyinləri ilə birlikdə Şəmkir rayonu Zəyəm kəndində yaşayır və iş olanda Bakı şəhərinə gəlib-gedir. Təxminən 2-3 il olar ki, fərdi qaydada plastik pəncərə və qapıların təmiri, quraşdırması və istehsalı ilə məşğul olan İlqar adlı şəxslə tanış olmuşdur. İlqarın daim işlədiyi sex olmamışdır. İlqar sifariş olduqda müxtəlif ünvanlarda fəaliyyət göstərən sexlərdən birini lazım olan müddətə icarəyə götürüb sifarişləri, yəni pəncərə və qapıları fərdi qaydada günəmuzd işləyən ustalara düzəltdirdikdən sonra onu həmin pəncərə və qapıları ünvanlarda quraşdırması üçün Bakı şəhərinə dəvət etimişdir. Sonuncu dəfə təxminən 2024-cü ilin yanvar ayında Bakı şəhərinə gəlmişdir. 12 fevral 2024-cü il tarixdə İlqarın dəvəti ilə Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən müştərinin evində qapı və pəncərə quraşdırdıqdan sonra saat 17 radələrində Bəxtiyarın idarə etdiyi «Ford» markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşmişdir ki, oradan çıxıb getsinlər. Avtomobildə qabaq sağ tərəfdə sərnişin oturacağında, Bəxtiyar isə sükan arxasında əyləşmişdir. Avtomobildə başqa sərnişin olmamışdır. Nardaran qəsəbəsindən pəncərə quraşdırdıqları ünvandan çıxdıqdan sonra o baş verənləri xatırlamır. Sonradan ayıldıqda xəstəxanada olduğunu və sağ qolunun amputasiya olunduğunu bilmişdir. Eşidib bilmişdir ki, Bəxtiyarın idarə etdiyi və onun sərnişin olduğu «Ford» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Nardaran qəsəbəsi ərazisində «Kamaz» markalı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə sağ qolundan, burnundan xəsarət almışdır. Təqsirləndirilən şəxsla hazırda barışmış, ona dəymiş ziyan ödənilmişdir, hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, mülkiyyətində olan «Kamaz» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə tikinti materialları daşımaqla pul qazanıb ailəsini dolandırır. Həmin avtomobili BC005388 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. 12 fevral 2024-cü il tarixdə saat 17 radələrində çınqıl ilə yüklənmiş «Kamaz» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi X3 yerləşən «Nur» marketin qarşısı ilə Nardaran qəsəbəsi istiqamətində saatda 15-20 km. sürətlə hərəkət etmişdir. «Nur» marketdən təxminən 500-600 metr aralıda yerləşən evin qarşısında avtomobil dönmə əməliyyatı etdiyi üçün idarə etdiyi avtomobili saxlamış, həmin avtomobil getdikdən sonra o hərəkətə başlamaq istədikdə qəflətən arxadan səs eşitmiş və avtomobilinə arxadan nəyinsə dəydiyini hiss etmişdir. Avtomobilin sol qapısından baxdıqda görmüşdür ki, «Ford» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sağ qabaq tərəfi ilə onun idarə etdiyi avtomobilin sol arxa tərəfinə dəymişdir. Sağ qapıdan düşdükdə görmüşdür ki, avtomobildə iki nəfər, biri avtomobili idarə edən, digəri isə sağ oturacaqda əyləşmiş şəxs olmuşdur, sağ oturacaqda əyləşmiş şəxsin sağ qolunun qopduğunu görmüşdür, lakin sürücü heç bir xəsarət almamışdır. «Ford» markalı avtomobilin sürücüsü ip tapıb xəsarət almış sərnişinin qolunu bağlamış, sonra isə avtomobili geri idarə etmiş və həmin şəxsi hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə avtomobilin sağ tərəfindən çıxartmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və xəsarət alan şəxsi polis əməkdaşlarının avtomobili ilə xəstəxanaya aparmışdırlar. Hadisə baş verən zaman idarə etdiyi avtomobil tam dayanmış vəziyyətdə olmuşdur. Hadisə nəticəsində özü heç bir xəsarət almamışdır. Avtomobilində sərnişin olmamışdır. Diqqəti qarşıda olduğundan və hadisə anidən baş verdiyindən avtomobilinə arxadan çırpılmış «Ford» markalı avtomobilin sürəti barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi qaydada plastik pəncərə və qapıların təmiri və quraşdırması ilə məşğul olur. Sifariş olduqda plastik pəncərə və qapıları müxtəlif ünvanlarda yerləşən sexlərdə düzəldir. Həmin sexləri gündəlik və ya aylıq müxtəlif şəxslərdən icarəyə götürür. Zərərçəkmiş şəxs təxminən 2024-cü ilin yanvar ayından tanıyır. Sənanla tanışlığı təsadüf nəticəsində yaranmışdır. Sənan bildirmişdir ki, plastik qapı və pəncərə təmirini və quraşdırması işlərini bacarır. Təklif etmişdir ki, əgər iş olsa ona məlumat verər gəlib işləyər və fərdi qaydada əldə etdikləri gəlirdən ona da pul verər. Sənandan başqa onunla birlikdə Şəhriyar və Bəxtiyar adlı şəxslər də fərdi qaydada işləmişdirlər. Bəxtiyar həmçinin sürücü kimi özünün idarə etdiyi «Ford» markalı avtomobili ilə sifarişləri ünvanlara çatdırmışdır. Adlarını qeyd etdiyi şəxslərlə o fərdi qaydada işləmiş, onlar onun rəsmi işçiləri olmamışdırlar. 2024-cü ilin yanvar və ya fevral ayında fərdi qaydada pəncərə və qapı təmiri və quraşdırması sifarişi qəbul etmişdir. İş bir qədər çox olduğu üçün Zərərçəkmiş şəxslə əlaqə saxlayıb onu işləmək üçün dəvət etmişdir. Zərərçəkmiş şəxs razılaşıb Bakı şəhərinə gəlib onlarla birlikdə işləmişdir. Pəncərə və qapıları Binəqədi rayonu ərazisində "xxxx" MMC-nin zavodun inzibati ərazisində yerləşən sexdə düzəltmişdirlər. Pəncərə və qapı hazırlandıqdan sonra 12 fevral 2024-cü il tarixdə təxminən saat 15 radələrində Sənan və Bəxtiyar quraşdırmaq üçün Bəxtiyarın idarə etdiyi «Ford» markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sifariş verilən ünvana, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsinə getmişlər. Həmin günü saat 17 radələrində Bəxtiyar ona zəng edib işi qurtardıqdan sonra ünvandan çıxıb gələrkən Nardaran qəsəbəsində idarə etdiyi avtomobil ilə «Kamaz» markalı avtomobilə arxadan çırpıldığını və Sənanın qolundan xəsarət aldığını, Sənanın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldığını demişdir. Bu barədə bilib dərhal onların olduğu tibb müəssisəsinə getmişdir. Sənanın müayinə və müalcəsi üçün mümkün qədər maddi yardım göstərmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X3 yerləşən Nur marketin yaxınlığında baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 05-10); Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə 10 il müddətinə AD136720 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 19); 13 fevral 2024-cü il tarixli, 1/1269 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 22); Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında 493 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı maddədən istifadə halı aşkar edilməmişdir(i.v.23); Məhkəmə-tibbi ekspertizasının 02 mart 2024-cü il tarixli 369 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs sağ yuxarı ətrafın bazunun aşağı 1/3 hissəsindən travmatik amputasiya və burun sümüklərinin yerini dəyişən qapalı sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmiş, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti 12 fevral 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağ yuxarı ətrafın bazunun aşağı 1/3 hissəsindən travmatik amputasiyası ilə əlaqədar ümumi əmək qabiliyyətinin 1/3-dən çox (70%) hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddir(i.v.37-39); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02 aprel 2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Qaradağ rayon məhkəməsinin qərarına əsasən çəkilməmiş cəzanın 02 il 03 ay 15 gün müddətindən vaxtından əvvəl şərti azad edilmişdir(i.v.65-66); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 23 aprel 2024cü il tarixli 3-13-16/2-62933/2024 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 19 mart 2018-ci il tarixdə (19 mart 2028-ci il tarixədək etibarlı olan) AD 136720 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs 19 dekabr 2018-ci il tarixdən 19 iyun 2019-cu il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə baxmayaraq, sürücülük vəsiqəsi X10 orqanlarına təhvil verilməmişdir. Bu səbəbdən məhdudlaşdırılma müddətinin axımı dayandırılmış və müddətin axımı müvafiq sənəd təqdim edildikdən sonra başlanacaqdır. Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur, 02 iyun 2023-cü il tarixdən X1 mülkiyyətində olan «X11» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə etmək hüququna dair 07 iyun 2023-cü il tarixdə (19 mart 2028-ci il tarixədək) etibarnamə verilmişdir. xx xxxxxx 1968-ci il təvəllüdlü Şahid 17 may 2021-ci il tarixdə (17 may 2031-ci il tarixədək etibarlı olan) BC 005388 nömrəli «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Şahid adında 01 oktyabr 2021-ci il tarixdən «Kamaz 65115 YÜK» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır(i.v.86); Məhkəmə yoi-nəqliyyat hadisələri ekspertizasının 13 iyun 2024-cü il tarixli 8/1417 nömrəli rəyindən görünür ki, «Ford» markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.94-95); Cinayət işinin tövsif edilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmişdir(i.v.99-103); Qətimkan tədbirinin seçilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.125-126); Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 3(005)- 2750/2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir(i.v.134); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam ödənmişdir, heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. İbtidai istintaq orqanı bu nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 3(005)-2750/2018 nömrəli qərarına əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan hazırki cinayət əməlini törətmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 3(005)- 2750/2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir; 146.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır; 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir; 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikası DİN-i) tərəfindən təmin edilir; 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 3(005)-2750/2018-ci il tarixli qərarının qanuni qüvvəyə minməsindən 5 ildən artıq müddət keçdikdən sonra Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətmişdir. Göründüyü kimi, İXM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası üçün nəzərdə tutulmuş icra müddəti keçmişdir. Təqsirləndirilən şəxs sözügedən qərarın icrasından boyun qaçırmasını təsdiq edən hər hansı hal nə istintaq orqanı tərəfindən, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, sürücülük hüququnun olmaması ilə bağlı qeyd edir ki, ona xx.xx.2018-ci il tarixdə xx.xx.2028-ci il tarixədək qüvvədə olan AD136720 nömrəli sürücülük vəsiqəsi verilmişdir, 6 il ərzində onun sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır, bu müddət ərzində onu dəfələrlə yol polis əməkdaşları saxlamış, lakin onun sürücülük hüququnun məhdudlaşdırılması ona bildirilməmişdir. Məhkəmədən də ona bu haqda qərar göndərilməmiş, məlumat verilməmişdir. Nə DYP tərəfindən nə də məhkəmə tərəfindən ona sürücülük vəsiqəsini təqdim etməsi ilə bağlı məlumat verilməmişdir. İstintaq dövründə bu barədə məlumat aldıqdan sonra Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmiş, oradan ona İXM-nin 529.3-cü maddəsinə əsas olmuş cərimənin ödənildiyi bildirilmiş, buna görə də iş üzrə icraata xitam verilmişdir. Buna görə də hesab edir ki, o sürücülük hüququ olmayan şəxs hesab edilə bilməz. Məhkəmənin sorğusuna əsasən 3(005)-2750/2018 saylı inzibati xəta haqqında material Bakı şəhəri Nərimanov rayon məhkəməsindən alınmış, həmin materialdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 19 dekabr 2018-ci il tarixli, 3(005)-2750/2018-ci il tarixli qərar barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan qəbul edilmiş, qəbul edilmiş qərar icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə göndərilmiş, barəsində qərar çıxarılmış şəxsə qərarın surəti təqdim edilməmiş və ya göndərilməmişdir(bunu təsdiq edən məktub, qəbz, xəbərnamə iş materiallarında olmamışdır). Həmin materialda olan 06 iyun 2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə müraciət edilmiş, Təqsirləndirilən şəxs 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə qərarın bugünədək icra olunmadığı, həmin qərarın icrası barədə heç bir məlumatın məhkəməyə daxil olmadığı, qərarın icra olunub olunmaması barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Həmin materialda olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, DİN BDYPİ-nin rəis müavini tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edilərək Təqsirləndirilən şəxs İXM-nin 529.3-cü maddəsinə əsasən sürücülük hüququndan məhrum edilməsinə dair qərarın qeydiyyata alındığını, sürücülük vəsiqəsinin göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin təqdim edilməsi ilə bağlı ona hər hansı məlumatın verilməsi nə inzibati xəta haqqında materialda olmuş, nə də bunu təsdiq edən sübut cinayət işinin materiallarına əlavə edilməmişdir. Təqdim edilmiş materiallardan göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərilmiş həmin xüsusatlar öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 19 dekabr 2018-ci il tarixli, 3(005)-2750/2018-ci il tarixli qərardan məlumatı olmasını, eləcə də həmin sənədi bilərəkdən təqdim etməməsini təsdiq edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edlməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumu qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirinin icrası müddəti İXM-nin 146.1-ci maddəsinə əsasən keçdiyindən, İXM-nin 146.2-ci maddəsində nəzərdə tutulmuş müddətin axımının dayandırılmasına əsas olmuş boyun qaçırma halları müəyyən olunmadığından, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs hesab edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263-cümaddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 128(yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3, 156.4, 300.1.7, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 128(yüz iyirmi səkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar