Məhkəmə qərarları › İş №1(008)-767/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-767/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-767/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs –X1 və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.2008-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, “Xaçapuri Baku” də aşbaz işləmiş, Salyan rayonu, Arbatan ərazi dairəsi, Xurşud kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Bravo marketin yaxınlığında yerləşən 26 nömrəli fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 elan edilmiş ittihama əsasən, o, özgənin əmlakını təkrarən açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, X4 özgənin əmlakını açıq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 taksi fəaiyyəti ilə məşğul olduğu Toyota Fielder markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayani küçəsinə sürdürüb həmin gün təxminən saat 06 radələrində orada avtomobildən Zərərçəkmiş şəxs1 məxsus üzərində 5 manat dəyərində 050-859- 95-32 CSM nömrəsi, həmin nömrənin balansında 30 manat olan 400 manat dəyərində Samsung Galaxy A14 markalı mobil telefonu Zərərçəkmiş şəxs1 gözü qarşısında qəflətən götürüb avtomobildən düşüb Zərərçəkmiş şəxs1 tərəfindən təqib olunmasına baxmayaraq oradan qaçıb uzaqlaşaraq açıq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 435 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, X4 özgənin əmlakını təkrarən açıq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığından Zərərçəkmiş şəxs2 taksi fəaiyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesində fərdi yaşayış evlərinin yerləşdiyi məhəlləyə sürdürüb həmin gün təxminən saat 23 radələrində orada avtomobildən Zərərçəkmiş şəxs2 məxsus üzərində 10 manat dəyərində ***-***-**-** CSM nömrəsi, həmin nömrənin balansında 20 manat olan 300 manat dəyərində OPPO A3 markalı mobil telefonu Zərərçəkmiş şəxs2 gözü qarşısında qəflətən götürüb avtomobildən düşüb Zərərçəkmiş şəxs2 tərəfindən təqib olunmasına baxmayaraq oradan qaçıb uzaqlaşaraq açıq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 330 manat maddi ziyan vuraraq təkrar soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə səhər saat 05:30 da o, Yeni Ramana qəsəbəsindən yaşadığı ünvana- Sabunçu qəsəbəsinə taksi sifariş vermişdir. Ağ rəngli “Toyota” markalı taksi avtomobili gəldikdən sonra o, həmin avtomobilin ön sağ tərəf oturacağında əyləşmişdir. “Samsung A14” markalı mobil telefonun şitin üzərində olan maqnitə yapışdırılmışdır. Qərara almışdır ki, avtomobildən düşəndə həmin mobil telefonu götürüb qaçsın. O, avtomobili Sabunuçu qəsəbəsində yerləşən küçələrin birinə sürdürmüş, sürücünün kart hesabına 4 manat pul köçürdükdən sonra avtomobildən düşəndə cəld həmin telefonu götürüb qaçmış, dar küçələrə daxil olub oradan uzaqlaşmışdır. O, həmin gün “Lalafo” sosial şəbəkəsində həmin telefonun satılması barədə elanı yerləşdirmiş, həmin gün tanımadığı şəxs 70 manata həmin telefonu ondan almışdır. Bundan başqa o, xx.xx.2025-ci il tarixində təxminən saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq avtovağzalın yaxınlığında “Toyota Prius” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Sabunçu rayonu, Şəhər Şosesinə aparmasını bildirmişdir. “OPPO A3” markalı mobil telefon şitin üzərində olan maqnitə yapışdırılmışdır. Qərara almışdır ki, avtomobildən düşəndə həmin mobil telefonu götürüb qaçsın. Həmin gün təxminən saat 23 radələrində o, əyləşdiyi avtomobillə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesinə çatanda avtomobili fərdi yaşayış evlərinin yerləşdiyi məhəlləyə sürdürmüşdür. O, gediş haqqını nağd olaraq ödəmiş, şitin üzərindən qəfildən “OPPO A3” markalı mobil telefonu götürüb avtomobildən düşüb qaçmış, dar küçələrə daxil olub oradan uzaqlaşmışdır. O, həmin gün “Lalafo” sosial şəbəkəsində həmin telefonun satılması barədə elana yerləşdirmiş, həmin gün tanımadığı şəxs 80 manata həmin telefonu ondan almışdır. Telefonları ondan alan şəxslərə özünə məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslərin heç birinin sağlamlığına xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Əməlindən çox peşmandır. O, aşbazlıq üzrə təhsil almışdır. Həbs olunana qədər bir neçə restoranda aşbaz olaraq işləmişdir. Bir dostuna borcu olduğundan bu hərəkətə yol vermişdir. Evdə valideyninə bildirmək istəməmişdir. Etdiyi hərəkətin yanlış olduğunu dərk edir. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, 6 aydır ki, “Toyota Fielder” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixində 05:30 radələrində Komsomol dairəsi yaxınlığından Sabunçu qəsəbəsi xəstəxanayani küçəsinə sifariş gəldikdə sifarişi qəbul edib həmin ünvana yaxınlaşmış, Komsomol dairəsi yaxınlığında yol kənarından həmin müştərini götürüb dediyi ünvana avtomobili sürmüşdür. Həmin müştəri cavan oğlan olmuşdur. O, avtomobili Xəstəxanayanı küçəsində ara məhəlləyə sürmüş və həmin cavan oğlan ödənişi bank kartına köçürmək istədiyini dedikdə ona razılıq vermişdir. Həmin oğlan 4 manatlıq ödənişi ona məxsus olan **********102668 hesabına köçürtmüş və mesaj səsi gəldikdə qəfildən avtomobilin ön tutacağında olan ona məxsus imei kodunu bilmədiyi “Samsung Galaxy A14” markalı üzərində ***-***-**-** CSM nömrəsi olan mobil telefonu götürüb avtomobildən düşüb qaçmış, o, isə dərhal avtomobildən düşmüş, lakin həmin oğlana çata bilməmişdir. O, avtomobilindən mobil telefonunu götürüb qaçan şəxsi tanımamış, həmin şəxsi müştəri kimi birinici dəfə avtomobilinə götürmüşdür. Onun avtomobilndən mobil telefonunu götürüb qaçan şəxs ona hər hansı bir formada müqavimət və ya zor tətbiq etməmişdir. O, “Samsung Galaxy A14” markalı mobil telefonu təxminən 1 il bundan əvvəl “Kontakt Home” mağazasından kreditlə 600 manata almışdır. Onun “Samsung Galaxy A14” markalı mobil telefonu cinayət hadisəsi baş verən zaman 400 manat dəyərində olmuş, mobil nömrəsinin balansında 30 manat pul olmuş, mobil nömrəsinin dəyəri 5 manat olmuşdur. Mobil telefonunun talanmasına görə ona ümumilikdə 435 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir.Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin yaşının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, bir il olar ki, “Toyota Prius” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixində təxminən saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq avtovağzalın yaxınlığında bir nəfər cavan oğlan sərnişin qismində avtomobilə əyləşmiş, həmin oğlan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi istiqamətinə sürdürmüş, təxminən saat 23 radələrində o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesinə çatanda həmin oğlan avtomobili fərdi yaşayış evlərinin yerləşdiyi məhəlləyə sürdürmüşdür. Həmin oğlan gediş haqqını nağd olaraq ödəmişdir. Daha sonra həmin oğlan qəfildən avtomobilin ön hisəssində, yəni şitin üzərində olan ona məxsus 8699 5607 2591 699 imei kodlu OPPO A3 markalı üzərində ***-***-**-** CSM nömrəsi olan mobil telefonu götürüb avtomobildən düşüb qaçmış, o, isə dərhal avtomobildən düşmüş, lakin həmin oğlana çata bilməmiş, bundan sonra isə yaxınlıqda yerləşən 12-ci PŞ-nə gedib baş vermiş hadisəsi barədə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ona hər hansı bir formada müqavimət və ya zor tətbiq etməmişdir. O, “OPPO A3” markalı mobil telefonu təxminən 11 ay bundan əvvəl kreditlə 400 manata almış, kreditlə 600 manat təşkil etmiş, cinayət hadisəsi baş verən zaman telefonun 300 manat dəyəri olmuş, mobil nömrəsinin balansında 20 manat pul olmuş, mobil nömrəni 10 manata almışdır. Mobil telefonunun talanmasına görə ona ümumilikdə 330 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir.Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin yaşının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, nömrəsiz fərdi yaşayış evləri yerləşən küçəsidir. Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin oğlan avtomobili həmin küçəyə sürdürüb sonra mobil telefonu avtomobildən götürüb qaçmışdır. Baxış zamanı protokola əlavə edilməsi üçün fotoşəkillər çəkilmişdir. Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 1 ədəd CD diskə baxış keçirilən zaman faylda olan 2 ədəd videogörüntüdə vətəndaş Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsinə müştəri ilə gəldiyi, daha sonra həmin müştərinin avtomobildən mobil telefonu götürüb qaçdığı əks olunmuşdur. şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X4 xx.xx.2025-cü il tarixdə saat 18:35 dəqiqədə CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 Rasim oğlunun müraciəti əsasında hadisə yerinə, yəni Sabunçu rayonu, Şəhər şossesinə tərəfindən baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı təhqiqat üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta əsasən AR CM-nin 180.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə X1 əməli AR CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 AR CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 2 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. AR DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X1 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3564 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X4 cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. X4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X4 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. X1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. X1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. X2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: X1 əqli inkişafı normaya uyğundur. X4 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, fizoloji affekt halında olmamışdır. X4 öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X1, onun qanuni nümayəndəsinin, müdafiəçisinin iştirakı ilə 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə 02 ədəd video fayl vardır. 1-ci video fayl 43 saniyə, 2-ci video fayl 52 saniyə davam edir. 1-ci video fayla baxanda görünür ki, küçədə bir ədəd göy rəngli, bir ədəd ağ rəngli avtomobil dayanmışdır. Ağ rəngli avtomobilin ön faralarının işıqları yanılı vəziyyətdədir, 30-cu saniyədə ağ rəngli avtomobil ön sağ tərəf qapısı açılır, bir nəfər cavan oğlan əlində mobil telefon avtomobildən düşüb qaçır, daha sonra avtomobilin sürücüsü avtomobildən düşüb həmin şəxsin arxasınca qaçır, lakin ona çata bilmir. X4 bildirir ki, avtomobil ön sağ tərəf qapısını açıb avtomobildən düşüb qaçan şəxs o, özüdür. 2-ci videofayla baxanda görünür ki, küçədə bir ədəd göy rəngli avtomobil dayanmışdır, bir qədər irəlidə beton pilləkən vardır, 42-ci saniyədə bir nəfər cavan oğlan əlində mobil telefon qaçaraq beton pilləkana qalxıb oradan uzaqlaşır. X4 bildirir ki, beton pilləkana qalxıb oradan qaçaraq uzaqlaşan şəxs o, özüdür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 18 avqust 2025-ci il tarixdə X1 Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy A14” markalı mobil telefonu avtomobildən götürüb qaçdığı anın videogörüntüsü olan 01 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə X1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, onların şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. X1 əməlində AR CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X1 həm məhkəməyədək icraat dövründə, həm məhkəmə icraatı zamanı səmimilik göstərərək törətdiyi əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərin şikayətçi olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Həmçinin işin hallarından da görünür ki, zərərçəkmiş şəxslərə zor tətbiq edilməmiş, təqsirləndirilən şəxs telefonları avtomobildə şitin üzərindən götürərək hadisə yerindən uzaqlaşmış, cinayət nəticəsində yalnız maddi ziyan dəymişdir. AR CPM-nin 434.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona ağır və ya xüsusilə ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən şəxslərə isə həmçinin az ağır cinayətin zorakı üsulla və ya iki dəfədən çox törədilməsi istinad edildikdə yol verilir. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Qanunvericiliyin qeyd edilən normalarından da görünür ki, yetkinlik yaşına çatmayan şəxslərin azadlıq hüququnun məhdudlaşdırılmasına yalnız onlar ağır, xüsusilə ağır cinayətin törədilməsinə yaxud az ağır zorakı cinayətlərin törədilməsinə yol verildikləri halda mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİ PLENUMUNUN 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndindən görünür ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X4 Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, yuxarıda qeyd edilmiş məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət X1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal azad olunmalı, barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X3 təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal azad olunsun, barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar