Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-768/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o. satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,766 qram olan psixotrop maddə metamletamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına qədər daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci polis bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2024-cü ıl tarixdə, saat 14:10 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən xeyli miqdarda təmiz çəkisi 0,766 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür . Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı qanunsuz predmet olmamışdır. Onu polis əməkdaşları evdən götürmüşlər. Bölmədə ona büküm təqdim edərək həmin bükümün özünə məxsus olduğunu deməsini bildirmişlər. O, polis əməkdaşları ilə razılaşaraq verilən bütün sənədləri imzalamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs polis bölməsində hər hansı təsir-təzyiqə məruz qalmadığını, ona fiziki və ya psixoloji təzyiq göstərilmədiyini, hər hansı xəsarətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhər Sabunçu rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir, üzərində saxlayır və daşıyır. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında iş yoldaşı Şahid2 ilə birlikdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2024-cii il tarixdə, saat 14:10 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında üzərində narkotik vasitə saxlayaraq daşımaqda şübhəli olduğu üçün tərəflərindən saxlanılaraq Bakı şəhər Sabunçu RPİ -nin 15-ci Polis Bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Ağayusit' oğlu polis bölbəsində gətirildikdən sonra üzərində şəxsi axtarış aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində narkotik vasitəni hər hansı üsulla özündən kənarlaşdırılmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan ona təhqiqatçı tərəfindən hüquqları izah edilmiş, daha sonra iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş bükülünün içərisindən psixotrop maddəyə oxşar kütləni təqdim edib bildirmişdir ki, şəxsi istifadəsi üçün Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı kişi cinsli şəxsdən 10 (on) manata almışdır. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçiriləndə bükülünün içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunur iştirakçılar tərəfindən imza olunmuşdur. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütləni könüllü təqdim edir. O, həmin psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı kişi cinsli şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (i.v. 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 17 may 2024-cü il tarixli, 3-16-16/2-6/2787 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ... və.s. sözlər və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,766 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.33-37). Məhkəmə-narkoloji ekspertizasının 22 may 2024-cü il tarixli, 3637 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.86-87).. “Sübutların qiymətləndirilməsi barədə” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 0,766 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, həmin metamfetaminin tədqiqatdan sonra 0,716 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan psixotrop maddənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.109-113). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olsa da, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddənin olmadığını, psixotrop maddənin onun üzərinə polis bölməsində qoyulduğunu və özünün də buna etiraz etmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq naminə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki və psixoloji zor tətbiq edilmədiyini bildirmişdir. Belə olan halda, şəxsə hər hansı təsir-təzyiq olmadan əvvəllər dəfələrlə məhkum olunmuş şəxsin sadəcə polis əməkdaşlarının sözlərinə əsasən hər hansı cinayəti öz boynuna götürməsi ümumiyyətlə real və inandırcı deyil. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunan zaman o, könüllü şəkildə əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütləni könüllü təqdim edir. O, həmin psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı kişi cinsli şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə, saat 14:55-dən tutulmuş hesab edilmişdir (i.v.16). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.68-70). “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 may 2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.71). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 07 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2001-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28 yanvar 2002-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən cəzasının qalan 01 il 09 ay 29 gün hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmiş, 28 fevral 2003-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 avqust 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 fevral 2018-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 29,177.2.3-cü maddəsi hökmdən xaric edilməklə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.98-100). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmənin hazırlıq iclasının qərarına əsasən tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,716 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-768/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-768/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver