Məhkəmə qərarları › İş №1(008)-77/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-77/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-77/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Mirzənağlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,739 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 23 sentyabr 2024-cü il tarixdə saat 19:55 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən “Al market”in yaxınlığında şübhəli olduğuna görə Azərbaycan Respublikası DİNnin ƏÇPA-nın 8-ci PB-nün əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PBnə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən xeyli miqdarda satış məqsədi olmadan əldə edib daşımaqla saxladığı bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 0,739 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən “Al market”in yaxınlığında, öz məhəlləsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Həmin an onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Bölmədə üzərinə videoçəkilişlə baxış keçirilən zaman isə özü başa düşmədiyi şəkildə üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərində psixotrop maddə metamfetamin olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və sənədləri imzalamışdır. Bundan başqa iş materiallarında olan Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli rəylə razı deyildir, çünki ondan bu ekspertizanın keçirilməsi üçün heç bir analiz nümunəsi götürülməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Əlahiddə CPA-nın 8-ci Polis Bölüyünün əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə saat 19:55 radələrində həmkarı Əlahiddə CPA-nın 8-ci Polis Bölüyünün polis nəfəri Şahid2lə bərabər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən “AL market”in yaxınlığında xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından, həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri dəqiq cavab verməklə onun narkotik təsir altında olmasına dair şübhələri yarandığından həmin şəxsi ərazi üzrə Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs tərəflərindən polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona müdafiəçi təqdim olunmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ərizə ilə müraciət edərək ona təqdim olunmuş müdafiəçinin şəxsi axtarışda iştirak etməsindən imtina etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdə, həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofan bükümü təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə baxdıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olmasını müəyyən edib bu barədə Təqsirləndirilən şəxs sorğu etdikdə Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olmasını və öz istifadəsi üçün saxlanılmamışdan əvvəl 23 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində olarkən əvvəllər tanımadığı, anket məlumatlarını və əlaqə telefonunu bilmədiyi şəxsdən 10 manata əldə etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz saxladığı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Azərbaycan Respublikası DİNnin Əlahiddə CPA-nın 8-ci Polis Bölüyünün əməkdaşı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 11-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 19:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu RPİnin 15-ci PB-nin baş təhqiqatçısı Anar Kərimov, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında, xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf selefona bükülmüş 1 ədəd spesifik iyə malik olmayan xırda kristal formalı psixotrop maddə olan metamfetominə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, bu maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 10 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf selofana bükülmüş spesifik iyə malik olmayan xırda fonnalı psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş 1 ədəd şəffaf selofana bükülmüş spesifik iyə malik olmayan xırda kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırmada aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Tərtib edilmiş protokol imzalarla təsdiq edildi. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli, 6/4684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün №161” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut; İştirak etdilər: 1. /imza/ Şahid1; 2. /imza/ Şahid2; Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs. Qablaşdırdı: 15-ci PB-nin baş təhqiqatçısı polis mayotu /imza/ Anar Kərimov” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,739 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 75-80-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-590/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsdə olma müddətinin əvvəlinin 23 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Babaşov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 88-92-ci vərəqələrində olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(022)-71/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və Təqsirləndirilən şəxs məhkəmə iclasının zalında həbs edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 23 may 2023-cü il tarixdən hesablanması hökm verilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 6920 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin, Psixostimulyatorların və Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-119-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 0,739 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq 0,689 qramının cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf selefona bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edilməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 0,739 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun cəzadan azad edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 23 sentyabr 2024-cü il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,689 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar