Məhkəmə qərarları › İş №1(008)-771/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-771/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-771/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Salahov küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 06 iyun 2025-ci il tarixdə saat 17:30-da Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 1,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ziddiyyətli ifadələr verərək bəzən özünü təqsirli bilmiş, bəzən isə özünü təqsirli bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2025-ci ilin yay fəslində, dəqiq tarix və günü xatırlamadığı vaxtda, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Salahov küçəsində yerləşən məhəllə ərazisində olarkən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Saxlanılma zamanı onun üzərində hər hansı narkotik vasitə aşkar edilməmişdir. Buna baxmayaraq, videoçəkiliş aparılan zaman üzərinə baxış keçirilərkən cibindən guya aşkar ediləcək narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsi ondan tələb edilmişdir. O, etiraz etməyərək, videoçəkiliş vasitəsilə aparılan baxış zamanı cibindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra o, Sabunçu Rayon Prokurorluğuna aparılmış və prokurorun qəbulunda olduğu zaman ümumiyyətlə narkotik vasitə olan heroindən istifadə etmədiyini bildirmiş, bunun təsdiqi məqsədilə tibbi müayinədən keçirilməsini xahiş etmişdir. O, qanında və sidiyində heroin aşkar ediləcəyi təqdirdə istənilən məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bəyan etmişdir. Narkoloji mərkəzdə tibbi müayinədən keçirilmiş və müayinə nəticələrinə əsasən narkotik vasitə olan heroindən istifadə etmədiyi müəyyən edilmişdir. Bu hal nəzərə alınaraq, prokuror tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat verilməsindən imtina edilmiş, eyni zamanda ona cinayət işinin məhkəmə mərhələsində köməklik göstəriləcəyi bildirilmişdir. O, keçmişdə narkotik vasitə olan çətənədən və bəzi ağrıkəsici dərman preparatlarından istifadə etsə də, artıq 4 (dörd) ildən çoxdur ki, narkotik vasitə olan heroindən istifadə etmir. Cinayət işi üzrə ibtidai istintaq zamanı məsələnin məhkəmə mərhələsində hərtərəfli araşdırılacağına inandığından, ona narkotik vasitə ilə yüklənməsi halları ilə bağlı müvafiq dövlət orqanlarına şikayət etməmişdir. Bundan əlavə, onun saxlanılması məhkəmə iclasında şahid qismində ifadə vermiş şöbənin əməkdaşı Şahid tərəfindən deyil, digər şəxs tərəfindən həyata keçirilmişdir. Polis şöbəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki təzyiq göstərilməmiş, habelə polis əməkdaşları tərəfindən döyülmə faktı baş verməmişdir. Ona aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsi təklif edilmiş, o isə bu təkliflə razılaşaraq həmin narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 06 iyun 2025-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi məqsədilə 35 (otuz beş) manat məbləğində bir büküm şəklində “kokos” adı ilə tanınan narkotik vasitə olan heroini alaraq üzərində saxlamışdır. Həmin gün, 06 iyun 2025-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi ilə piyada hərəkətdə olarkən mülki geyimdə olan bir şəxs ona yaxınlaşmış, özünü polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqəsini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir. O, üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığından, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmiş və həmin şəxslə birlikdə könüllü şəkildə polis şöbəsinə getmişdir. Polis idarəsinin inzibati binasında yerləşən otaqlardan birində təhqiqatçı tərəfindən onun prosessual hüquqları izah edildikdən sonra vəkil dəvət olunmuşdur. O, yazılı ərizə ilə müraciət edərək şəxsi axtarışın aparılması zamanı vəkilinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən ondan üzərində qanunla qadağan edilən hər hansı əşya və ya maddənin olub-olmaması soruşulduqda, səmimi şəkildə əynində olan gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə olan maddəni çıxararaq könüllü şəkildə təqdim etmişdir. Polis əməkdaşı tərəfindən təqdim edilən maddəyə baxış keçirilməmiş, lakin ondan həmin maddənin nə olduğu və haradan əldə edildiyi soruşulduqda, səmimi izahat verərək bildirmişdir ki, həmin maddə “kokos” adı ilə tanınan narkotik vasitədir və o, bu maddəni 06 iyun 2025-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 35 (otuz beş) manat məbləğində şəxsi istifadəsi üçün əldə etmişdir. Sonra onun üzərindən aşkar edilərək götürülmüş maddə kağız zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri hadisə yerində iştirak edən şəxslərlə birlikdə tərəfindən də imzalanmışdır. O, bildirir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, tutularkən, habelə üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı fiziki zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız özü tərəfindən istifadə məqsədilə saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş ifadələr arasında olan ziddiyyətlərlə bağlı verilmiş suallara cavab olaraq, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və qəbul olunmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində sahə inspektoru vəzifəsində xidmət edir və polis leytenantı xüsusi rütbəsinə malikdir. 06 iyun 2025-ci il tarixdə, saat 17:30 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində inzibati ərazidə xidmət aparan zaman həmin ərazidə hərəkətdə olan bir nəfər onu gördükdə dayanmış və hərəkət istiqamətini dəyişmək istəmişdir. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və xidməti vəsiqəsini göstərməklə polis əməkdaşı olduğunu bildirmiş, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişdir.Lakin həmin şəxs üzərində heç bir sənədinin olmadığını bildirdikdən sonra onunla bir müddət söhbət etmişdir. Söhbət zamanı polis əməkdaşında şəxsin narkotik vasitənin təsiri altında olması, həmçinin üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilən maddə, əşya və ya narkotik vasitə saxlaması barədə şübhələr yaranmışdır. Bu səbəbdən şəxsi işlədiyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişdir. Şəxs həmin dəvətə etiraz etməmiş və onunla birlikdə polis şöbəsinə aparılana qədər müşahidə altında saxlanılmışdır. Bu müddət ərzində şəxsin üzərində olan narkotik vasitəni kənarlaşdırmağa imkanının olmamışdır. Polis şöbəsində şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra şöbənin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini təmin etmək məqsədilə Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət olunmuş vəkil Təqsirləndirilən şəxs təqdim edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilmişdir, bu barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini xahiş etmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və istifadəsi qanunla qadağan olunmuş əşya, predmet və maddələrin təqdim edilməsi təklif edilmişdir. Təklifə əsasən, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Məhkəmə iclasında Şahid ifadə verdikdən sonra təqsirləndirilən şəxsdən həqiqətən şahid Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində sahə inspektoru Şahid tərəfindən həyata keçirilib-keçirilmədiyi və üzərindən narkotik vasitənin aşkar olunub-olunmadığı soruşulmuş, təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılması şahid Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində sahə inspektoru Şahid tərəfindən həyata keçirilmişdir və üzərindən narkotik vasitə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 1) "Şübhəli şəxsin tutulması haqqında” 06 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 16). "Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitəyə bənzər maddəyə aşkar olunaraq götürülmüş, sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 25-26). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 89 (səksən doqquz) manat müəyyən edilmişdir. (i.v. 36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/2119 nömrəli, 07 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №159...” dairəvi möhür əksləri olan, “Sabunçu RPİ-nin 12-ci PŞ-nin s/i “imza”Şahid; Şübhəli şəxs Təqsirləndirilən şəxs “imza"; Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçıs “imza" Ramin Kəngərli” yazıları qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 1.200 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (i.v. 37-38). “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 08 iyun 2026-cı il tarixli protokoldan görünür ki, polis əməkdaşı və Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati otaqların birində otağa daxil olmuş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərində qanunsuz hər hansı bir əşya və yaxud maddə olub-olmadığı soruşulmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən sellofana büklümş maddəni çıxararaq təqdim etmiş, sorğu əsasında isə həmin maddənin kokos olduğunu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 35 manata şəxsi istifadəsi üçün aldığını və uzun müddətdir ki narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin maddə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bununla da şəxsi axtarış və götürmə zamanı tərtib edilən protokolda göstərilənlər bir daha öz təsdiqini tapmışdır. Bu barədə tərəfimdən protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 68-69). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 08 iyun 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X2 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 77-79). “Qətimkan tədbiri seçilməsi haqqında” 08 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 iyun 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 80-82). "Maddi sübut kimi tanıma haqqında” 08 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.200 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (i.v 85-86). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v 106- 107). “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü şəkildə gəlmişdir. (i.v 116). “Qətimkan tədbiri seçilməsi haqqında” 23 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 avqust 2025-ci il tarixdə “polisin nəzarəti vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 118-120). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-311/2021 nömrəli, 10 noyabr 2021ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v. 125-134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi Mərkəzi Ambulator X1 ekspert komissiyasının 23 avqust 2025-ci il tarixli, 5199 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 135-136). "Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə və mənzilinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 152-159). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Babayev X5 rayon Xalq Məhkəməsinin 15 aprel 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 fevral 2001-ci il tarixli amnistiya haqqında qərarına əsasən, həmin qərarın 1.5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs 5 fevral 2001-ci il tarixdə cəzanın çəkilməsindən azad edilmişdir. ACDİÜ AR Məhkəməsinin 16 iyul 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum edilmişdir. ACDİÜ AR H Məhkəməsinin 10 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1, 315.2 və 317.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum edilmişdir. ACDİÜ AR Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum edilmiş, eyni zamanda narkomaniyadan məcburi müalicə tədbiri təyin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 28 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. 07 iyul 2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 28 dekabr 2023-cü il tarixdə cəzanın tam başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. (i.v 94-96). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 800 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı mərhələlərində verdiyi izahat və ifadələr arasında cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən hallara dair ciddi və aradan qaldırılmayan ziddiyyətlər mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində son 4 (dörd) il ərzində narkotik vasitə olan heroindən istifadə etmədiyini bildirmişdir, halbuki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 üzrə ekspert komissiyasının 23 avqust 2025-ci il tarixli, 5199 nömrəli rəyindən açıq şəkildə görünür ki, müayinə zamanı onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranmış asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar edilmiş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmiş və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. Həmin tibbi müayinə zamanı təqsirləndirilən şəxsin həkimlərin verdiyi suallara cavab olaraq narkotik vasitə olan heroindən istifadə etdiyini bildirməsi onun məhkəmədə verdiyi “heroindən istifadə etmirəm” məzmunlu ifadəsini təkzib edir və ifadələrinin etibarlılığına ciddi şübhə yaradır. Bundan əlavə, təqsirləndirilən şəxs saxlanılma faktı ilə bağlı da ardıcıl və stabil mövqe nümayiş etdirməmişdir. O, məhkəmə istintaqı zmanı ifadəsində saxlanılmasının məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı Şahid tərəfindən deyil, digər şəxs tərəfindən həyata keçirildiyini bildirmişdir. Lakin məhkəmə iclasında Şahid qismində dindirildikdən və saxlanılmanı kimin həyata keçirməsi barədə təqsirləndirilən şəxsə konkret sual ünvanlandıqdan sonra o, faktiki olaraq saxlanılmanın məhz Şahid tərəfindən həyata keçirildiyini etiraf etmişdir ki, bu da onun əvvəlki izahatlarının həqiqətə uyğun olmadığını göstərir. Eyni zamanda, təqsirləndirilən şəxs bir tərəfdən üzərində narkotik vasitə olmadığı halda ona narkotik vasitə “yüklənməsi” iddiasını irəli sürmüş, digər tərəfdən isə məhkəmə iclasında polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloji zor tətbiq edilmədiyini, habelə qeyri-qanuni təzyiq göstərilmədiyini bildirmişdir. O, məhkəmədə verdiyi ifadəsində yalnız narkotik vasitənin ona məxsus olmasını etiraf etməsinin təklif edildiyini, bu təklifi isə öz iradəsi ilə qəbul edərək aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu bildirdiyini qeyd etmişdir ki, bu hal da “yüklənmə” barədə irəli sürdüyü iddialarla məntiqi və hüquqi baxımdan uzlaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı nə fiziki, nə də psixi təzyiq olmadığını qeyd edir. Belə olan halda təqsirləndirilən şəxsin ibtidai istintaq müddətində verdiyi ifadələrin mötəbərliyinin şübhə altına alınması üçün heç bir əsas görsənmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, ekpertiza rəyləri, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək X3 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdən 08 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək "həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06 iyun 2025-ci il tarixdən 08 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək "həbs” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,280 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,200 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar