Məhkəmə qərarları › İş №1(008)-773/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-773/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-773/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Həsənovun sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi–Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1958-ci ildə Quba rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, pensiyaçı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2, Dilarə Əliyeva küçəsi nömrəsiz evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, zərərçəkmiş şəxsə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xəsarət yetirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat-Pirşağı yolu 1-ci km, 33 ünvanında yerləşən müvəqqəti məskunlaşdığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X1 Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yataq otağında onunla eyni otaqda qalan Zərərçəkmiş şəxs kondisioneri söndürməsinə görə irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı sonuncunun sinəsinə oturub 2-3(iki-üç) dəfə yumruq zərbəsi ilə baş və sifət nahiyəsindən qəsdən vuraraq, sağ gözyuvasıaltı-burun nahiyəsinin dərialtı hematoması və burun vasitəsi ilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən qapalı qəlpəli sınığı, alın-təpə, ənsə, sağ qulaq seyvanı və sol ağız bucağı nahiyələrinin qançırları ilə müşayiət edilən xəsarətlər yetirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında əməli törətmiş şəxs şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yaşayış yerinin olmamasına görə 2025-ci ilin iyun ayından Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat-Pirşağı yolu 1-ci km, 33 ünvanında yerləşən “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X1 Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi”ndə məskunlaşmışdır. Müvəqqəti olaraq yaşadığı sığınacaqda qaldığı otaqda ondan başqa Zərərçəkmiş şəxs və Şahid da qalır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində sözügedən sığınacaqda məskunlaşdığı otaqda kondisionerin nasaz vəziyyətdə işlədiyini eşidərək səsinə yuxudan oyanmış və təhlükəsizlik baxımından kondisioneri söndürüb yenidən uzanıb yatmışdır. Səhər saat 06 radələrində münasibət saxlamadığı otaq yoldaşı Zərərçəkmiş şəxs yuxudan oyanıb sanitar qovşağına baş çəkib yenidən otağa geri qayıdandan sonra təkrar otağın kondisionerini işə salmış, və ona kondisioneri söndürdüyünə görə iradını bildirsə də sonuncuya cavab qaytarmamışdır. Bundan sonra çarpayıdan qalxıb otaqdan çıxmaq istəyərkən otaq yoldaşı Zərərçəkmiş şəxs onu “erməni” adlandırmış, sonuncunun işlətdiyi “erməni” sözü ona xoş gəlmədiyi üçün uzandığı çarpayısına sarı yaxınlaşıb, sinəsi üstünə oturub 2-3 dəfə yumruq zərbəsi ilə baş və sifət nahiyəsindən vuraraq döymüşdür. Hadisədən dərhal sonra sığınacaq rəhbərliyi onu və Təqsirləndirilən şəxs qaldıqları sığınacaqdan xaric etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdirki, ona qarşı işlədilmiş erməni ifadəsinə görə vurmuşdur, əməlindən peşmandır. Kondisionerin yandırılması yaşayış binası üçün təhlükəli ola bilərdi, çünki nasazlıq olmuşdur. Hazırda yaşadığı evdən olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşayış yerinin olmadığına görə təxminən 1 ildir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat- Pirşağı yolu 1-ci km, 33 ünvanında yerləşən «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X1 Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi»ndə məskunlaşmışdır. Müvəqqəti olaraq yaşadığı sığınacaqda qaldığı otaqda ondan başqa Təqsirləndirilən şəxs və Şahid da qalır. xx.xx.2025-ci il tarixdə saat 06:10 radələrində yuxudan oyanaraq otaqda havanın soyuduğunu görmüş, bu səbəbdən də otağın isinməsi üçün kondisioneri yandırıb yenidən yatmaq üçün çarpayısına uzanmışdır. Onunla eyni otaqda qalan Təqsirləndirilən şəxs da öz uzandığı çarpayısından qalxıb otağın kondisionerini söndürmüş, Təqsirləndirilən şəxs nəyə görə kondisioneri söndürdüyünü xəbər alanda sərt şəkildə yaxşı elədiyini demiş, bu səbəbdən də aralarında baş vermiş mübahisə zamanı hər ikisi bir-birlərini təhqir etmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun çarpayıda uzanıqlı olmasından istifadə edərək öz çarpayısından qalxıb onun çarpayısına tərəf yaxınlaşaraq sinəsinin üstündə əyləib 2-3 (iki-üç) yumruq zərbəsi ilə baş və sifət nahiyəsindən qəsdən vurub döyərək ona xəsarətlər yetirmişdir. Bunu bilən sığınacaq rəhbərliyi onu və Təqsirləndirilən şəxs qaldıqları sığınacaqdan xaric etmişdir. Ona verilmiş suallara cavabında göstərdi ki, onun barışmaq fikri yoxdur. Zərbələrin təsiri hələ də qalmaqdadır. Təqsirləndirilən şəxs ağır cəza olmasa da cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda yaşayış yerinin olmamasına görə təxminən 1 ilə yaxındır ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat-Pirşağı yolu 1-ci km, 33 ünvanında yerləşən «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X1 Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi»ndə məskunlaşmışdır. Müvəqqəti olaraq yaşadığı sığınacaqda qaldığı otaqda ondan başqa Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da qalır. Bir yerdə qaldıqları müddət ərzində Nizami ilə Natiqin bir-birləri ilə yola getmədiklərini, dəfələrlə aralarında baş vermiş mübahisələrə görə sığınacaq rəhbərliyinə sonuncuların bir-birlərindən uzaq olmaları məqsədi ilə otaqlarının dəyişdirilməsini xahiş etsə də lakin rəhbərlik tərəfindən çoxsaylı xahişlərinin nəzərə alınmadığını bildirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saat 05- 06 radələrində sözügedən sığınacaqda məskunlaşdığı otaqda yatdığı zaman qəfl səsəküyə oyanıb Natiqlə Nizaminin bir-birləri ilə mübahisə etmələrini görmüş, Natiqin Nizamini vurduğunu həmin vaxt yatılı olduğuna görə görməsə də lakin Nizaminin sifət nahiyəsində xəsarətlərin olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X1 Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi»ndə baş vermişdir(i.v.12-15); Məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2025-ci il tarixli 2403 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ gözyuvasıaltı-burun nahiyəsinin dərialtı hematomasının və burun vasitəsi ilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən qapalı qəlpəli sınığının; alın-təpə, ənsə, sağ qulaq seyvanı və sol ağız bucağı nahiyələrinin qançırlarının müəyyən edildiyi, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törəndiyi, müddətinin qərarda göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəldiyi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edildiyi qeyd edilmişdir(i.v.24-25); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v27). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 167 M, 1his 172AR maddəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 2 il azadlıqdan şərti məhrum olunmuşdur(i.v.60-61); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir(i.v65-67). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməli törətmiş şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, əməli törətmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında:-iki ilədək müddətə islah işləri, -iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, -iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərə tutulmuşdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs pensiya yaşına çatması(67 yaş)(59.2) cəzasını yüngülləşdirən haldır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə cəzanın növü və həddinə münasibətdə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 10 iş saatına görə (hər iş saatına görə 11 manat hesablanmaqla) 110 manat məbləğində vəsait, məhkəmə icraatı zamanı sərf etdiyi 13 iş saatına görə (hər iş saatına görə 11 manat hesablanmaqla) 143 manat məbləğində vəsait, cəmi 253 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar