Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-774/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən sədrliyi, məhkəmə iclasının katibi Səfərova Aytən Eldar qızının katibliyi, prokuror-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ilde Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 18, 641 nömrəli Hərbi hissədə qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2025-ci il tarixdə saat 08 radələrində rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi fərdi evində olan zaman aralarında yaranmış ailə-məişət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən sağ üz nahiyəsindən bir dəfə sillə vurub itələyərək yerə yıxıb ona sağ qulaqda təbii pərdəsinin travmatik cırılması, sağ qulaq seyvanın qançırı, sol said və sağ diz oynağı nahiyələrinin sıyrıqları xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2025-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ilə birgə nikaha daxil olmuşlar. Nikahdan övladları olmamışdır. Onlar ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evində anası Şahid da onlarla yaşamağa başlamışlar. Evləndikləri müddətdən aralarında mübahisələr yaranırdı. Səbəb isə ona xanımlıq etməməsi olmuşdur. Nə evi təmizləyir, nə də yemək bişirib qabağına qoymuşdur. Ancaq belə şeylərə görə Aygünü acılayırdı ki qulluğunda dayansın. Aygün anası da yola getmirdi. Bir neçə dəfə də Aygün atasıgilə getmişdir. Sonuncu dəfə atası gəlib Aygünü evlərinə aparmışdır. Anası gəlib onlarda ağlayırdı ki qızı düzələcək xahiş edir ayrılmasın. O da anası ilə razılaşıb düzələcəyi təqdirdə gətirəcəyini demişdir. 08 sentyabr 2025-ci il tarixində gedib Aygünü evlərinə gətirmişdir. Lakin sonradan onlar yenidən yola getməməyə başlamışlar. 02 oktyabr 2025-ci il tarixdə Aygün ona atasının gəlib aparacağını bildirmiş və o da Aygünlə razılaşmışdır. Lakin 03 oktyabr 2025-ci il tarixdə saat 08 radələrində Aygündən nəyə görə getməməsini soruşmuş Aygün də cavabında “sizi öldürüb gedəcəm” demişdir. Aygün anasına meyidinin evdən çıxmasını arzuladığı üçün o da Aygünün üzündən sol əli ilə sillə vurmuşdur. O, Aygünlə bir qədər söz mübahisəsi etdikdən sonra əsəbləşərək Aygünün qolundan tutaraq çölə çıxarıb evinə aparmaq istəmişdir. Lakin Aygün buna mane olmağa başlamış, özünü yerə atıb onlara qarğış edərək özünü yerə sürtməyə başlamışdır. Sonradan qalxıb onun boynuna əl atmışdır. O da Aygünü vuraraq özündən kənara itələmişdir. Boynuna əl atıb boynunu da cırmışdır. Bundan sonra o, evdən çıxaraq getmişdir. Bununla da onların mübahisələri başa çatmışdır. Aygünün atası və anası onlara gəlmişdir. Anası Şahid da üstünə təcili tibbi yardım gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 03 oktyabr 2025-ci il tarixdə yaşadıqları evdə baş vermişdir. Mübahisə zaman evdə anası Şahid, Aygün və özü olmuşdur. O, Aygünün qolundan tutub çölə çıxarmaq istəmiş və daha sonra sillə ilə onu vurub itələmişdir.O, Aygünə sillə ilə sağ üz nahiyəsindən bir dəfə vurmuşdur. Sonra da qolundan tutub evdən çıxartmağa çalışaraq Aygünü itələmişdir. Başqa Aygünə heç bir xəsarət yetirməmişdir. Ola bilər ki həmin digər xəsarətləri Aygün yerə yıxıldıqda və özünü yerə sürtdükdə almışdır. Aygünün ifadəsində qeyd etdikləri hamısı böhtandır. O, yuxarıda qeyd etdiyi kimi ancaq Aygünə sillə ilə sağ üz nahiyəsindən bir dəfə vurmuşdur. Sonra da qolundan tutub evdən çıxartmağa çalışaraq Aygünü itələmişdir. Başqa Aygünə heç bir xəsarət yetirməmişdir. Ola bilər ki həmin digər xəsarətləri Aygün yerə yıxıldıqda və özünü yerə sürtdükdə almışdır. Anası Şahid heç bir müdaxilə etməmişdir. Ancaq onları sakitləşdirməyə çalışmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2025ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə birgə nikaha daxil olmuşdur. Nikahdan övladları olmamışdır. Onlar ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi, yaşayış evində anası Şahid da onlarla yaşamağa başlamışlar. Evləndikləri müddətdən aralarında mübahisələr yaranırdı. Həmişə mübahisə edib onu vurmuşdur. Hər dəfəsində onu söyüb təhqir edərək vurmuşdur. Ancaq o da ailəsinə görə heç kimə deməyib polisə də məlumat verməmişdir. Sonuncu dəfə 03 oktyabr 2025-ci il tarixdə saat 08 radələrində evdə üçü olan zaman aralarında mübahisə yaranmağa başlamışdır. Orxanın onu istəmədiyi və çıxıb getməsini istəyirdi. O da hər dəfəsində ailəsinin dağılmaması üçün susub heç nə deməmişdir. Orxan onu həmin günü söyüb təhqir etməyə başlamışdır. Saçından tutub evdə sürüməyə başlamışdır. Sonradan onu evdən çıxartmağa çalışmışdır. Onu pilləkəndən itələmişdir ki evdən çıxsın. Həmin vaxt ayaq və əlindən xəsarət almışdır. Sonradan sillə ilə baş və üz nahiyyəsindən vurmağa başlamışdır. Şillənin gücündən sağ qullağında ağrı hiss etmişdir və huşunu itirmişdir. Orxan onu sillə, təpik və yumruqla vurmuşdur. Evdə də həyətdə də onu tutub sürümüşdür. O da həyətdə qalmış, Orxan da evə girmişdir. Anasına zəng vurub gəlib onu aparmasını demişdir. Anası da gəlib onu həyətdə huşsuz vəziyyətdə görmüş və başına gələnləri anasına deyib bu barədə polisə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu şillə və təpiklə döymüşdür, sağ qulağı tərəfdən zərbə vurmuşdur, bir sillə olmayıb, bədəninin müxtəlif nahiyələrindən təpik yumruq vurmuşdur, onun evdən çıxıb getməsini istəmişdir, bildirmişdir ki başqa qadınla evlənəcək, mübahisələri əvvəldən olmuşdur, hadisə günü mübahisə səbəbi Orxanın onun evdən getməsini istəməsi və onun getməməsi olmuşdur, o Orxana ananı öldürəcəm kimi sözlər deməmiş, qarğışlar etməmişdir. Ailə həyatı qurmamışdan qohum kimi münasibətləri olmuşdur, ailə qurduqdan sonra qaynanası ilə münasibətləri yaxşı olmayıb. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ona qarşı şikayətçidir. Ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Şahid məlumat verildikdən sonra təqsirləndirilən şəxs yaxın qohumu oğlu olduğundan onun əleyhinə məhkəmə iclasında ifadə vermək istəməmişdir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ilə birgə nikaha daxil olmuşdur. Nikahdan övladları olmamışdır. Onlar ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evində onunla birlikdə yaşamağa başlamışlar. Evləndikləri müddətdən aralarında mübahisələr yaranmışdır. Səbəb isə gəlininin evdə xanımlıq etməməsi olmuşdur. Nə evi təmizləyir, nə də yemək bişirmişdir. Ancaq belə şeylərə görə oğlu Aygünü acılayırdı ki qulluğunda dayansın. Aygün onunla da yola getməmişdir. Bir neçə dəfə də Aygün atasıgilə getmişdir. Sonuncu dəfə atası gəlib Aygünü evlərinə aparmışdır. Anası gəlib onlarda ağlayırdı ki qızı düzələcək xahiş etmişdir ki, ayrılmasınlar. Oğlu da anası ilə razılaşıb düzələcəyi təqdirdə gətirəcəyini demişdir. 08 sentyabr 2025-ci il tarixində gedib Aygünü evlərinə gətirmişdir. Lakin sonradan Orxangil yenidən yola getməməyə başlamışdılar. 02 oktyabr 2025-ci il tarixdə Aygün Orxana atası evinə gedəcəyini və atasının gəlib Aygünü aparacağını bildirmişdir. Oğlu da Aygünlə razılaşmışdır. Lakin 03 oktyabr 2025-ci il tarixdə saat 08 radələrində oğlu Aygündən nəyə görə getməməsini soruşmuşdur. Aygün də cavabında “sizi öldürüb gedəcəm" demişdir. Aygün ona meyidinin evdən çıxmasını arzulamağa başlamışdır. Bu zaman oğlu da Aygünün üzündən sol əli ilə sillə vurmuşdur. Orxan Aygünlə bir qədər söz mübahisəsi etdikdən sonra əsəbləşərək Aygünün qolundan tutaraq çölə çıxarıb evinə aparmaq istəmişdir. Lakin Aygün buna mane olmağa başlamışdır. Aygün özünü yerə atıb onlara qarğış edərək özünü yerə sürtməyə başlamışdır. Sonradan qalxıb oğlunun boynuna əl atmışdır. Orxan da Aygünü vuraraq özündən itələmişdir. Boynuna əl atıb boynunu da cırmışdır. Orxan icazə vermədiyi üçün o, heç bir müdaxilə etməmişdir. Bundan sonra Orxan evdən çıxaraq getmişdir. Bununla da mübahisələri başa çatmışdır. Aygünün atası və anası onlara gəlmişdir. O da əsəbləşdiyi üçün üstünə təcili tibbi yardım gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 03 oktyabr 2025-ci il tarixdə yaşadıqları evdə baş vermişdir. Oğlu Orxan, gəlini Aygün və o olmuşdur. Orxan Aygünü qolundan tutub çölə çıxarmaq istəmiş və daha sonra sillə ilə Aygünü vurub itələmişdir. O, yuxarıda qeyd etdiyi kimi oğlu Orxan Aygünə sillə ilə sağ üz nahiyəsindən bir dəfə vurmuşdur. Sonra da qolundan tutub evdən çıxartmağa çalışaraq Aygünü itələmişdir. Başqa Aygünə heç bir xəsarət yetirməmişdir. Ola bilər ki həmin digər xəsarətləri Aygün yerə yıxıldıqda və özünü yerə sürtdükdə almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu Ramana qəsəbəsi nömrəsiz fərdi evdir(i.v.6-8). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X2 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2025-ci il tarixli, 2228 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ qulaqda təbii pərdəsinin travmatik cırılması, sağ qulaq seyvanın qançırı, sol said və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər. Müddət qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir(i.v.18-19). Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.31). 28 oktyabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərilən xüsusatları bir daha təsdiq etmişlər(i.v.39-41). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir(i.v.50-51). Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.61-63). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v. 71). “toplanmış sübutların qiymətləndirilməsi barədə” 05 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 133 və 221.1-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış protokolu, ekspert rəyi sübut növü kimi tanınmışdır(i.v. 72-75). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması zərərçəkmiş şəxsin ifadələri, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Göründüyü kimi, Quliyev X1 Aygün Ağa qızına bir sillə ilə sifətindən xəsarət yetirdiyini, digər xəsarətləri yetirmədiyini bildirsə də, onun həmin ifadəsi zərərçəkmiş şəxsin ifadəsi və müvafiq ekspert rəyi ilə təkzib edilmişdir ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsin ifadələrində yalnız bir sillə vurması, digər bədən xəsarətlərini yetirməməsi özünümüdafiə xarakterli dəlil kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması sübuta yetirildiyindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması(məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyətinə cəlb edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə beş cəza növü: (-cərimə, -ictimai işlər, islah işləri, -azadlığın məhdudlaşdırılması, -azadlıqdan məhrumetmə) nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3) nəzərə alınmaqla ona ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi zamanı sərf etdiyi 19 iş saatına görə 11 manat hesablanmaqla 209 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı:Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-774/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-774/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver