Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-778/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7V, mənzil 19-da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,514 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 03 yanvar 2023-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində xidmət aparılarkən həmin tarixdə saat 01 radələrində küçədə yerləşən “Səhram” marketin qarşısında narkotik vasitələrin istifadəsində və üzərində qanunsuz olaraq narkotik vasitə saxlayaraq daşımasında əsaslı şübhələr yarandığından saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət olunmuş, bölmədə onun üzərinə keçirilən şəxsi axtarış zamanı təmiz çəkisi 1,514 qram olan həmin narkotik vasitə heroin 01 ədəd bükümdə olmaqla onun əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir və istifadə etdiyi narkotik vasitələri adətən sosial şəbəkə vasitəsi ilə tanış olduğu anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən alır. 03 yanvar 2023-cü il tarixdə həmin şəxslə «İnstagram» sosial platforması vasitəsilə sms danışığı aparıb ondan narkotik vasitə heroin istəmiş, həmin şəxs ona kart hesabının şifrəsini göndərərək həmin karta 62 manat köçürməsini bildirmiş, o da qeyd olunan şəxslə danışıb ilkin olaraq 57 manata, daha sonra isə 56 manata razılaşdıqdan sonra həmin kart hesabına yaşadığı evin yaxınlığında olan mağazalardan birində ödəniş terminalı vasitəsilə 56 manat pul köçürmüşdür. Həmin şəxs ona "İnstagram" sosial şəbəkəsində fotoşəkil göndərərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində, "Səhram" marketin qarşısında, yolun digər tərəfində, şam ağacının altında bir büküm narkotik vasitə heroin qoyulduğunu bildirmiş, o da həmin yerə getmiş və fotoşəkildə olan istiqamətlə Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Səhram” market ilə üzbəüz yolun digər tərəfində olan şam ağacının dibindən bir büküm heroini götürərək üzərində saxlamışdır. 03 yanvar 2023-cü il tarixdə, tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Səhram” marketin qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək adını və soyadını soruşmuş, özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 13-cü PB-yə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. 13-cü Polis Bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroin olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, həmin bükümdə narkotik vasitə heroin olduğunu, 03 yanvar 2023-cü il tarixdə anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən «İnstagram» sosial platforması vasitəsilə əldə etdiyini bildirmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin büküm zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmət bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. 03 yanvar 2023-cü il tarixdə, tarixdə saat 01 radələrində Sabunçu RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində xidmət apararkən, həmin küçədə yerləşən “Səhram” marketin qarşısında bir nəfər şəxsin davranışları onlarda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 13-cü PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroin olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, həmin bükümdə narkotik vasitə heroin olduğunu, 03 yanvar 2023-cü il tarixdə anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən «İnstagram» sosial platforması vasitəsilə sms danışığı apararaq ödəniş terminalı vasitəsilə həmin şəxsin kart hesabına 56 manat pul köçürməklə əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin, qanunla daşınması və saxlanılması qadağan edilən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 6-cı vərəqəsində olan 03 yanvar 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqəsində olan 03 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 33-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 yanvar 2023-cü il tarixli, 6/09 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,514 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 1.464 qramdır. Cinayət işinin 67-68-ci vərəqələrində olan 04 yanvar 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Fərid Soltanlının vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru vəzifəsini icra edən Qəhrəman Əsgərov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 69-70-ci vərəqələrində olan 04 yanvar 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan 18 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.464 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 95-96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20 fevral 2023-cü il tarixli, 959 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-ci vərəqəsində olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 116-121-ci vərəqəsində olan 24 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 mart 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini və himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 03 yanvar 2023-cü il saat 01:00-dan 04 yanvar 2023-cü il saat 13:30-dək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq 1.464 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1.464 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-778/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-778/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver