Məhkəmə qərarları › İş №1(008)-779/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-779/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-779/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər – X21 və X11, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçiləri – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, X21 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X21 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdeh X16 qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tutulması tələbləri ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edilmişdir. Hazırda həmin iddia üzrə 2(008)-5645/2025 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin hakimi Vidadi Qasımovun icraatındadır. O, artıq bir il bir aydan artıq müddətdir cavabdehdən ayrı yaşayaraq valideynlərinin evində məskunlaşmışdır. Cavabdehlə birgə nikahdan doğulmuş X22 və X18 hazırda onun yanında yaşayırlar. Qeyd olunan müddət ərzində uşaqların saxlanılması, tərbiyəsi, maddi və mənəvi təminatı tam şəkildə onun tərəfindən həyata keçirilir. O, orta məktəbi fərqlənmə attestatı ilə bitirmiş, Azərbaycan Dövlət Neft Akademiyasının Kimya-texnologiya mühəndisliyi fakültəsini dövlət ödənişli əsaslarla başa vurmuşdur. X33 tibb müəssisəsində çalışır, iş fəaliyyəti hər gün saat 08:00-da başlayır və 14:00-da başa çatır. İş vaxtı bitdikdən sonra birbaşa yaşayış ünvanına qayıdır. Təxminən bir ildir cavabdeh Novruzov Orxanla ailə münasibətləri pozulduğundan, onunla birgə yaşadığı ünvanı azyaşlı uşaqları ilə birlikdə tərk etmiş, valideynlərinə məxsus yaşayış evinə köçərək orada yaşamağa məcbur olmuşdur. 2025-ci ilin iyul ayında cavabdeh X10 boşanmaq məqsədilə müvafiq Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh həmin təşkilata gələrək nikahın pozulmasına razılıq vermədiyini bildirmişdir. Bu səbəbdən Mediasiya Təşkilatı tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmiş və məhkəməyə müraciət etmələrinin zəruri olduğu izah olunmuşdur. - Qeyd olunan təhqir halları məhkəmə zalında hamının eşidə biləcəyi yüksək səslə baş vermiş, bu hal məhkəmə iclasının videokamera görüntüləri ilə də təsdiq olunur. Məhkəmə iclasında onun vəkili və nümayəndəsi X4, cavabdeh X12 vəkili və nümayəndəsi X17, məhkəmə katibi və köməkçisi, eləcə də cavabdehin qardaşı və onun anası X19 iştirak etmişdir. Həmin şəxslərin iştirakı və hamının eşidə biləcəyi şəraitdə X21 tərəfindən ünvanına “fahişə” və digər nalayiq ifadələr səsləndirilmişdir. X21 və qardaşı X23 məhkəmə iclası zalında ona və anası X13 qarşı nalayiq ifadələr işlətmiş, zalda iştirak edən ümumilikdə 6 nəfərin qarşısında onları açıq şəkildə təhqir etmişlər. 07 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hakim Vidadi Qasımovun icraatında olan 2(008)-5645/2025 saylı mülki iş üzrə keçirilmiş məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə “İzahat” adlı sənədlər təqdim edilmiş, həmin sənədlərin məzmununda ona və valideynlərinə qarşı təhqiredici ifadələr işlədilmiş, anası və atası barəsində “mikrob” ifadəsi istifadə olunmuşdur. Məhkəmə iclasından sonra X21 onun iş yerinə gələrək səsinə oxşar səsləri mobil telefonuna əvvəlcədən qeyd etmiş, həmin səslərdən istifadə etməklə iş yoldaşlarının, müəssisə rəhbərliyinin, qardaşının, anasının, atasının və digər qohumlarının yanında onu rüsvayedici və təhqiredici ifadələrlə alçaltmış, barəsində şər-böhtan xarakterli məlumatlar yaymış və şərəf və ləyaqətini qəsdən nalayiq formada zədələməyə cəhd göstərmişdir. 17 noyabr 2025-ci il tarixdə Sabunçu Rayon Məhkəməsində hakim Fuad Babaşovun iclas zalında keçirilmiş məhkəmə baxışı zamanı cavabdeh X21, məhkəmədə iştirak edən 2 məhkəmə işçisi, 2 tanımadığı vətəndaş və əlavə olaraq 6 proses iştirakçısının qarşısında onun barəsində “Nərminə Mayıs adlı şəxslə otellərə gedib, əxlaqsızlıq edib” ifadələrini işlədərək şər-böhtan atmışdır. O, hələ də “Mayıs” adlı şəxsin kim olduğunu bilmir və ümumiyyətlə belə bir şəxsi tanımır. Həmçinin, o yalnız iş yerindən və yaşadığı evdən başqa heç bir yerə getmədiyini qeyd edir. Cavabdeh Orxan Kamil oğlu bu faktları çox yaxşı bilsə də, onun namuslu və qeyrətli qadın olduğunu o da, bütün qohum və tanışları da yaxşı bilir. Buna baxmayaraq, cavabdeh şər-böhtan atmaqla onu hakim və digər insanların gözündə aşağı salmağa çalışmışdır. X21 ona hədə-qorxu gəlmiş, bildirmişdir ki, əgər boşanma prosesi baş tutarsa, iş yerindən çıxartdıracaq, işdəki hörmətini və nüfuzunu itirməsi üçün əlindən gələni edəcək və ən sonda həyatına son qoymaqla hədələyəcəkdir. Hətta, o, hazırda işlədiyi Yeni Klinikaya CV təqdim edərək müsabiqədən keçməklə işə qəbul olunmasına baxmayaraq, cavabdeh X21 və qardaşı X23 iş yerinə gələrək müdiriyyət və kollektivin qarşısında onu nüfuzdan salmağa çalışmış, haqqına nalayiq və xoşagəlməz ifadələr işlədərək iş yoldaşları arasında biabır etmişlər. Novruzov Orxan və qardaşı Novruzov Əfqan tərəfindən iş yerində nüfuzunun alçaldılması, işgüzar reputasiyasına ziyan vurulması səbəbindən, noyabr ayında o məcbur olmuş və ərizə təqdim edərək işdən çıxmışdır. Qeyd olunur ki, bu müddət ərzində o yalnız öz əmək haqqı ilə uşaqlarının təminatını həyata keçirmişdir. X21 uşaqlarına qarşı da onun barəsində xoşagəlməz ifadələr işlədərək, onları vasitə edərək onu onların gözündə aşağı salmağa çalışır. Cavabdeh X21 ona qarşı təhqir, hədə-qorxu, həqarət və məişət zorakılığı əməllərini davam etdirməkdədir. X21 və qardaşı X23 ona və anasına qarşı təhqir və böhtan atmaqla onu boşanmaq, uşaq və aliment tələb etmək hüququndan istifadə etməməyə məcbur etməyə çalışmışlar. Möhtərəm hakim, təqdim olunan video diskdə açıq şəkildə görünür ki, cavabdeh X21 məhkəmə iclasında onu təhqir etmiş, ona şər-böhtan atmış və səs göndərməklə onu alçaltmışdır. X21 və X23 onun şərəf və ləyaqətini bilərəkdən alçaldaraq böhtan atmış, yalan məlumatları yazılı, şifahi və disk şəklində iş yerində, qonşuların və qohumların yanında yaymaqla onun nüfuzunu ləkələmişlər. Baş vermiş cinayət əməlləri onun şüuraltısında mənfi psixoloji təsirlərə səbəb olmuş, cəmiyyət içində şərəf və ləyaqəti alçalmış, nəticədə o iş yerindən ərizə verərək ayrılmağa məcbur olmuşdur. X21 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onların barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə, həmçinin ondan iş yoldaşlarının, qohum və qonşular arasında yazılı və şifahi şəkildə üzr istəmələri barədə hökm çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X9 bildirdi ki, O, artıq bir il bir aydan artıq müddətdir cavabdehdən ayrı yaşayaraq valideynlərinin evində məskunlaşmışdır. Cavabdehlə birgə nikahdan doğulmuş X22 və X18 hazırda onun yanında yaşayırlar. Təxminən bir ildir cavabdeh Novruzov Orxanla ailə münasibətləri pozulduğundan, onunla birgə yaşadığı ünvanı azyaşlı uşaqları ilə birlikdə tərk etmiş, valideynlərinə məxsus yaşayış evinə köçərək orada yaşamağa məcbur olmuşdur. O, hazırda işlədiyi Yeni Klinikaya CV təqdim edərək müsabiqədən keçməklə işə qəbul olunmasına baxmayaraq, cavabdeh X21 və qardaşı X23 iş yerinə gələrək müdiriyyət və kollektivin qarşısında onu nüfuzdan salmağa çalışmış, haqqına nalayiq və xoşagəlməz ifadələr işlədərək iş yoldaşları arasında biabır etmişlər. X21 onun məlumatı olmadan, gizli şəkildə övladlarının planşetinə səs yazıcı proqram quraşdırmış və evdə ailə arasında aparılan bütün danışıqları qeydə almışdır. 07 oktyabr 2025-ci il tarixdə X23 onun işlədiyi Yeni Klinikaya gələrək həmin səs yazılarını, qeydə alınmış gündəlik danışıqları başqa şəxslərlə aparılan danışıq kimi təqdim etmiş, işçi heyətinə onun barəsində nalayiq ifadələr işlədərək əxlaqsızlıqla ittiham etmişdir. X23 əvvəlcə mühafizə rəisinin yanında olmuş, daha sonra şöbə müdiri Lamiyə xanıma, eləcə də direktor müavini İlqar müəllimin qəbuluna yönləndirilmişdir. O, səs yazılarını həmin şəxslərə təqdim edərək, onu işdən çıxarmasalar, bütün kollektivə yayacağını bildirmişdir. Bundan əlavə, X23 işçi kollektivinin qarşısında onu əxlaqsız adlandırmış, “fahişə” və “qəhbə” kimi nalayiq ifadələr işlətmişdir. Həmçinin, X23 onun mühafizə xidmətinin əməkdaşları ilə münasibətinin olduğu barədə əsassız ittihamlar irəli sürmüş və bu ittihamları işçi kollektivinin qarşısında səsləndirərək onun nüfuzunu ləkələmişdir. 07 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclası zamanı X21 və X23 tərəfindən ona və anası X13 qarşı açıq şəkildə təhqiredici ifadələr işlədilmişdir. Qeyd olunan təhqir halları məhkəmə zalında hamının eşidə biləcəyi yüksək səslə baş vermiş, bu hal məhkəmə iclasının video-kamera görüntüləri ilə də təsdiq olunur. Məhkəmə iclasında onun vəkili və nümayəndəsi X4, cavabdeh X12 vəkili və nümayəndəsi X17, məhkəmə katibi və köməkçisi, eləcə də cavabdehin qardaşı və onun anası X19 iştirak etmişdir. Həmin şəxslərin iştirakı və hamının eşidə biləcəyi şəraitdə X21 tərəfindən ünvanına “fahişə” və digər nalayiq ifadələr səsləndirilmişdir. 08 oktyabr 2025-ci il tarixdə X22 ona zəng edərək iş yerinə gəldiyini, onu öldürməklə hədələyib və aşağı düşməsini tələb etmişdir. Həmin vaxt qorxduğuna görə dərhal 102 xidməti ilə əlaqə saxlamış və bu barədə məlumat vermişdir. Bununla bağlı, Binəqədi Rayon Polis İdarəsinin 3-cü polis şöbəsində müvafiq araşdırma aparılmışdır. Həmçinin, X7 Klinikada onun barəsində əsassız ittihamlar irəli sürərək nalayiq ifadələr işlətsə də, həmin vaxt şok vəziyyətdə olduğu üçün X2 yanında hansı ifadələri işlətməsini dəqiq xatırlaya bilmir. 17 noyabr 2025-ci il tarixdə Sabunçu Rayon Məhkəməsində hakim Fuad Babaşovun iclas zalında keçirilmiş məhkəmə baxışı zamanı cavabdeh X21, məhkəmədə onun barəsində “Nərminə Mayıs adlı şəxslə otellərə gedib, əxlaqsızlıq edib” ifadələrini işlədərək şər-böhtan atmışdır. O, hələ də “Mayıs” adlı şəxsin kim olduğunu bilmir və ümumiyyətlə belə bir şəxsi tanımır. Hazırda işçi kollektivi arasında yayılmış səs yazıları onun əlində yoxdur. Hadisə nəticəsində yaşadığı sarsıntı səbəbindən həmin səs yazılarını özündə saxlamamışdır. X21 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onların barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə dair hökm çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X21 bildirdi ki, X3 iddialarının hamısı yalan və böhtan xarakteri daşıyır. X3 özü Klinikanın mühafizə xidmətinin əməkdaşları ilə qeyri-etik hərəkətlər edib. Mövcud səs yazıları hadisələrin həqiqi vəziyyətini əks etdirir və ekspertiza təyin olunduğu təqdirdə bu fakt öz təsdiqini tapacaqdır. Həqiqətən, X9 onun barəsində Binəqədi Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə şikayət edib və bununla bağlı araşdırma aparılır. Lakin, X3 Yeni Klinika ilə bağlı iddiaları həqiqəti əks etdirmir; ümumiyyətlə, belə bir hadisə baş verməmişdir və bunu heç kim təsdiq edə bilməz. X1 bu məsələyə dair hər hansı şahidi varsa, həmin şəxslərin gəlib bunu təsdiq etməsini tələb edir. X3 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X24 bildirdi ki, X3 iddialarının hamısı yalan və böhtan xarakteri daşıyır. X3 ərizəsində qeyd etdiyi iddiaların heç biri baş verməmişdir. Ümumiyyətlə, vəsatətdə göstərilən iki şəxs heç bir halda hadisələri təsdiq edə bilməz, çünki belə bir hal baş verməmişdir. Həmin şəxslər onu görməmiş və tanıdıqlarını təsdiq edə bilməzlər. X9 həmçinin bildirir ki, o, Yeni Klinika rəhbərliyi və işçi kollektivinin yanında onu təhqir etmişdir. Əgər belə bir hadisə baş veribsə, onun adlarını qeyd etdiyi şəxslər gəlib bunu sübut etməlidirlər. X3 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 müdafiəçisi Müdafiəçi1 bildirdi ki, X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir, lakin prosessual normalara riayət olunmamışdır. Şəxs sübut etmə yükünü məhkəmənin üzərinə qoymağa çalışmışdır. Onun ərizəsində bildirdiklərini təsdiq edəcək faktlar və sübutlar iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, şəxs konkret olaraq hər bir şəxsin ona qarşı etdiyi şər və böhtanın mahiyyətini göstərməmişdir. Hər hansı şəxsin hansı ifadəni işlətməsi və ya onların hərəkətlərində nəyin şər və böhtan təşkil etməsi dəqiq şəkildə qeyd edilməmişdir. Buna görə də, hesab edirəm ki, təqdim olunmuş ərizə düzgün tərtib edilməmişdir və hüquqi baxımdan kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 müdafiəçisi X17 bildirdi ki, əslində, onlar özləri X5 qarşı xüsusi ittiham qaydasında şikayət verməlidir. Çünki dəfələrlə keçirilmiş məhkəmə iclaslarında X9 hüquqlarını müdafiə etdiyi şəxsə qarşı nalayiq ifadələr işlətmiş və ona şər və böhtan atmışdır. Lakin, X6 təbiətli insan olduğundan bununla bağlı məhkəməyə müraciət etməmişdir. Bildirir ki, X9 tərəfindən disk şəklində təqdim edilmiş səs yazısında işlədilmiş ifadənin nədən ibarət olduğu və ya konkret neçənci dəqiqədə həmin ifadənin işlədildiyi göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayət prosessual normalara uyğun tərtib edilməmişdir. Xüsusi ittiham qaydasında şikayət verilməsi üçün müvafiq prosessual əsaslar tələb olunur, lakin X3 şikayətində bu əsaslar mövcud deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. X9 şikayətdə digər şəxslərin gözü qarşısında şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə məhz hansı əməlin məhz kim tərəfindən törədilməsi, həmin əməlin təhqir və ya böhtan olmasını, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən təhlil edilən şikayət ərizəsi xüsusi ittiham qaydasında təqdim olunmuş olsa da, onun tərtibində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) müvafiq tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, : - Şikayət ərizəsində qeyd edilmişdir ki, “07 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclası zamanı X21 və X23 tərəfindən ona və anası X13 qarşı açıq şəkildə təhqiredici ifadələr işlədilmişdir.”- “Təhqiredici ifadələr” deyildikdə tam olaraq nəyin nəzərdə tutuduğu aydın deyil. Bundan başqa, əgər belə ifadələr işlədilibsə Orxan Novruzov tərəfindən hansı ifadələrin, Əfqan Novruzov tərəfindən hansı ifadələrin işlədilməsi qeyd olunmamışdır. Bundan başqa, şikayət ərizəsinə əlavə edilmiş 07 oktyabr 2025-ci il tarixli məhkəmə iclasının video görüntüsünə baxış keçirilməzdən əvvəl şikayətçidən təhqirin və ya böhtanın videonun neçənci dəqiqəsində və hansı formada ifadə edildiyi soruşulsa da, cavab verilməmişdir. Məhkəmə tərəfindən həmin videoya baxış zamanı şikayət verən X3 təhqir olunması və ya ona böhtan atılması ilə bağlı hər hansı an müəyyən olunmamışdır. Buna görə də, həmin hal üzrə “təhqir” və ya “böhtan” olaraq şikayətçi tərəfindən nəyin nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmamışdır. - Şikayət ərizəsinə Orxan Novruzovun təhqiredici sözlər və böhtan əks olunmuş ərizəsinin əlavə olunduğu qeyd olunsa da, əlavə olunmamışdır. - Şikayət ərizəsində qeyd edilmişdir ki, “Məhkəmə iclasında onun vəkili və nümayəndəsi X4, cavabdeh X12 vəkili və nümayəndəsi X17, məhkəmə katibi və köməkçisi, eləcə də cavabdehin qardaşı və onun anası X19 iştirak etmişdir. Həmin şəxslərin iştirakı və hamının eşidə biləcəyi şəraitdə X21 tərəfindən ünvanına “fahişə” və digər nalayiq ifadələr səsləndirilmişdir.” Həmin iclasın videogörüntüsünə şikayət ərizəsinə əlavə edilmiş disk vasitəsilə baxış keçirilsə də, belə bir hala rast gəlinməmişdir. Əgər belə bir hal audio-video qeydiyyat aparılmadığı zaman baş vermişdirsə belə, şikayətçi tərəfindən bu halın hansı sübutlarla sübut edildiyi qeyd olunmamışdır. Adlarını çəkdiyi şəxslərdən anası X19 artıq məhkəmə iclas zalında olduğundan, digər adları sadalanan şəxslər isə məhkəmə aparatı işçiləri, eləcə də vəkil və nümayəndə olduqlarından gələcəkdə onlar şahid kimi dindirilə bilməzlər. - Həmçinin şikayət ərizəsində qeyd olunmuşdur ki, “X21 onun iş yerinə gələrək səsinə oxşar səsləri mobil telefonuna əvvəlcədən qeyd etmiş, həmin səslərdən istifadə etməklə iş yoldaşlarının, müəssisə rəhbərliyinin, qardaşının, anasının, atasının və digər qohumlarının yanında onu rüsvayedici və təhqiredici ifadələrlə alçaltmış, barəsində şər-böhtan xarakterli məlumatlar yaymış və şərəf və ləyaqətini qəsdən nalayiq formada zədələməyə cəhd göstərmişdir.”, “Hazırda işçi kollektivi arasında yayılmış səs yazıları onun əlində yoxdur.” Məhkəmə iclasında məhkəmə tərəfindən dəfələrlə həmin səs yazılarında nə olması soruşulmuş, şikayətçi isə həmin səslərdə adi gündəlik danışıq səslərinin olmasını bildirmişdir. Belə olduqda, şikayətçinin məhz hansı ifadəni “təhqir” və ya “böhtan” olmasını nəzərdə tutmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, bu hal şikayətçinin sözlərinə əsasən onun iş yerində, iş yoldaşlarının, müəssisə rəhbərliyinin yanında baş vermişdir. Qeyd olunanlar əsasında nə hadisənin baş vermə tarixini, nə baş verdiyi yeri, nə də konkret olaraq kimlərin yanında baş verdiyini, bunun nə ilə təsdiq olunduğunu, ümumiyyətlə tam olaraq nə baş verdiyini müəyyət etmək mümkün olmamışdır. Daha sonra, şikayətçi ümumi sözlərlə həmin səs yazılarından istifadə etməklə onun ailə üzvlərinin və qohumlarının yanında da təhqir edildiyini qeyd etsə də, bu halların nə zaman, harada baş verdiyini müəyyən etmək müəyyən olmamışdır. Bu məlumatlar olmadıqda ərazi yurisdiksiyasını, məsuliyyətə cəlb etmə müddətinin keçib-keçmədiyini müəyyən etmək qeyrimümkündür. Ümumiyyətlə isə “səs yazısı” sözündən başqa məhkəməyə araşdırıla biləcək heç bir məlumat təqdim olunmamışdır. Belə olduqda, isə elə bir səs yazısının mövcudluğu, varsa həmin səs yazısının təhqir və ya böhtan xarakterli məlumatlar ehtiva-edib etmədiyini, bu səs yazıları ilə barəsində şikayət verilən şəxslərin əlaqəsinin olub-olmadığını araşdırmaq mümkün olmamışdır. - “Həmçinin, X7 Klinikada onun barəsində əsassız ittihamlar irəli sürərək nalayiq ifadələr işlətsə də, həmin vaxt şok vəziyyətdə olduğu üçün X2 yanında hansı ifadələri işlətməsini dəqiq xatırlaya bilmir.” Şikayətçi xatırlamadığı üçün qeyd olunan halları araşdırmaq mümkün olmamışdır. - “Hətta, o, hazırda işlədiyi Yeni Klinikaya CV təqdim edərək müsabiqədən keçməklə işə qəbul olunmasına baxmayaraq, cavabdeh X21 və qardaşı X23 iş yerinə gələrək müdiriyyət və kollektivin qarşısında onu nüfuzdan salmağa çalışmış, haqqına nalayiq və xoşagəlməz ifadələr işlədərək iş yoldaşları arasında biabır etmişlər.”, “X21 və X23 onun şərəf və ləyaqətini bilərəkdən alçaldaraq böhtan atmış, yalan məlumatları yazılı, şifahi və disk şəklində iş yerində, qonşuların və qohumların yanında yaymaqla onun nüfuzunu ləkələmişlər. ” – Şikayət ərizəsində hadisənin, nə zaman, harada, konkret olaraq kimlərin iştirakı ilə baş verdiyi, yayılmanın nədə ifadə olunmasını, Orxan Novruzov və Əfqan Novruzov tərəfindən ayrılıqda konkret olaraq hansı ifadələrin işlədilməsinin təhqir və böhtan olması və bu halların hansı sübutlarla təsdiq edildiyi qeyd olunmamışdır. - Bundan başqa, şiakyət ərizində CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmaqla şikayətçinin vəzifəsi, şikayət ərizəsinin yazıldığı yer və şahidlərin yaşayış yeri qeyd olunmamışdır. Şikayət ərizəsində 2 şahidin yalnız ad, soyad ata adı qeyd olunmuş, yaşayış yerləri qeyd olunmamış, bu şahidlərin şikayət ərizəsində qeyd olunmuş çoxsaylı epizodlardan məhz hansının şahidi olduğu qeyd olunmamışdır. Nəticə etibarilə, şikayətçi əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, əməlin məhz həmin şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi barədə məlumatlara yer verilməmişdir. Sübutlar təqdim edilmədikdə və ya sadəcə ümumi şəkildə “var” deyilərək göstərilmədikdə, şikayət faktlara deyil, subyektiv iddialara əsaslanan sənəd kimi dəyərləndirilir. Cinayət təqibi üçün şəxsə müəyyən bir əməl aid edilməlidir, bu əməl də konkret sübutlarla təsdiq olunmalıdır. Şəxsin yalnız adı çəkilməklə məsuliyyətə cəlb edilməsi, faktiki əsaslandırma olmadan, prosessual hüquq normalarının pozulmasıdır. Cinayət təqibi prosesi şəxsin əməldə iştirakına dair aydın sübut olmadan başlaya bilməz. Şikayətdə şəxsin əmələ birbaşa aidiyyəti hansı dəlillərlə sübuta yetirildiyi əks olunmamışdır. Cinayət əməlinin şahidlər vasitəsilə sübuta yetirilməsi üçün heç bir konkretlik yoxdur. Məhkəmə təhlili göstərir ki, şikayətçi hadisəni görmüş və ya bilavasitə bilən şahidləri göstərməyib, yaxud bu şəxslərin: Adı, soyadı, atasının adı, yaşayış ünvanı hadisə ilə bağlı konkret nəyi bildikləri göstərilməyib. Qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla, təqdim olunmuş şikayət ərizəsinin, prosessual forma baxımından qeyri-qənaətbəxş olduğu, məzmun və əsaslandırma baxımından Cinayət-Prosessual Məcəllənin tələblərinə cavab vermədiyi, həmçinin, icraata qəbul edilməsi üçün hüquqi əsasların yetərli şəkildə göstərilmədiyi açıq-aydın müəyyən edilmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X21 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar