Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-78/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəzərov Xalid Xaliq oğlunun, Təqsirləndirilən şəxs – Bayramova Həcər İlham qızının Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Bayramova Sevinc Adil qızının, Müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Kərimov Aydın Əli oğlunun iştirakı ilə, 13.09.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, XX Qurultay küçəsi, döngə 1, ev 17 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri seçilmiş, Bayramova Həcər İlham qızının Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bayramova Həcər İlham qızı özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2024cü ilin iyun ayının son on günlüyündə gündüz saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, nömrəsiz evdə yaşayan dayısı Əliyev Valeh Adil oğlunun yaxın qohumu olduğu üçün evə və bütün otaqlara sərbəst giriş-çıxışa malik olduğundan V.Əliyevin evində olarkən yataq otağında şkafın içərisindən bir ədəd dəyəri 500 manat olan qızıl boyunbağı, bir ədəd dəyəri 400 manat olan qızıl üzüyü və bir ədəd dəyəri 600 manat olan qızıl qolbağı gizli olaraq talayıb ələ keçirməklə zərərçəkmiş şəxs Əliyev Valeh Adil oğluna ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bununla da, Bayramova Həcər İlham qızı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Bayramova Həcər İlham qızı ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə dayısıgil arasında normal qohumluq əlaqələri, gediş-gəlişləri mövcuddur və bu səbəbdən dayısıgilin evlərinə istənilən zaman girib-çıxa bilmişdir. Dayısının qızı ilə yaxın olduqlarından, ona dayısının yoldaşı olan Əliyeva Fatmaxanım Əmiraslan qızının qızıl-zinət əşyalarını baxması üçün göstərmişdir. Həmin əşyaların olduğu yer artıq ona məlum olduğundan sonrasında dayısı Əliyev Valeh Adil oğlunun evlərinə ailəsi ilə gəldikdə həmin əşyalara baxmaq üçün otağa girərək geyim şkafından gödəkcənin cibindən götürmüşdür. Oğurluq etmək niyyəti olmasa da həmin an dayısının yoldaşının içəri girməsiylə səhv başa düşülməmək üçün bir ədəd boyunbağı, bir ədəd üzük və bir ədəd qolbaq olmaqla həmin qızıl-zinət əşyalarını qorxub gizlətmiş və ailəsi gəldiyi üçün özündə saxladığı əşyaları yerinə yerləşdirə bilməmiş, ailəsi ilə evə qayıtmışdır. Daha sonrasında nənəsindən özünə yadigar qaldığını bildirərək qardaşı Bayramov Hətəmə bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl üzüyü satması üçün ona, bir ədəd qızıl qolbağı isə satması üçün xalası oğlu Babayev Həsənə vermiş və oğurluq etməsi barədə heç nə deməmişdir. Satılan qızıl-zinət əşyalarından əldə etmiş olduğu pul vəsaitini oynadığı oyunlara, “Mospet”ə yüklədiyini bildirmiş, ümumi dəyərlərinin təxminən 1500 manatədək olduğunu, xalası oğluna verdiyi qızıl qolbağın isə 300 manata satıldığını əlavə etmişdir. Sonda isə əməlindən peşman olduğunu ifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Bayramova Sevinc Adil qızı ifadəsində göstərmişdir ki, qızı Bayramova Həcərin, dayısı Əliyev Valeh Adil oğlunun evindən oğurluq etməsini təsdiq etmiş və qızının törətmiş olduğu əməldən peşman olmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Əliyeva Fatmaxanım Əmiraslan qızı ifadəsində göstərmişdir ki, Bayramova Həcər və ailəsi ilə normal qohumluq münasibətləri, aralarında gediş-gəliş olmuşdur. Oğurluq hadisəsinin törədildiyi yer olan evlərinə yeni köçdüklərindən əşyalarını daha tam yerləşdirə bilməmiş bu səbəbdən ona məxsus qızıllarını şkafda öz gödəkcəsinin cibində hər birini ayrı-ayrı salfet bükümlərində olmaqla yerləşdirmişdir. Bayramova Həcərgilin gəlişlərindən təxminən 2 ay sonra məlum olmuşdur ki, həmin qızıl-zinət əşyaları yoxdur. Polisə şikayət etməzdən öncə əgər onlar götürmüşlərsə etiraf etmələrini təklif etmiş, ancaq ailəsi həmin əşyaların özlərində olmadıqlarını bildirdiklərindən artıq polisə şikayət etmişdir. Bayramov Həcər sadəcə olaraq 3 əşyanın adını çəksə də həmin əşyalardan əlavə olaraq oğurlanan əşyalar içərisində iki ədəd qızıl qolbaq, bir ədəd yadigar üzük, bir ədəd boyunbağı, tək sırğa və bir ədəd komplekt olduğunu, Bayramova Həcərin müvəqqəti olaraq saxlandığı yerdən çıxarılması üçün ailəsinin xahişi ilə ibtidai istintaq zamanı tələb olunan əşyalarının sayı və dəyərini azaldaraq ittiham aktında nəyə görə daha az miqdarda əşya və tələblərinin olmasının səbəbini açıqlamışdır. Aralarında hər hansısa bir düşmənçilik münasibətinin olmadığını əsas gətirərək söyləmiş olduğu ifadəsinin yalan olmadığını bildirmişdir. Ümumilikdə isə oğurlanan əşyaların dəyərindən sadəcə olaraq 500 manat ödəmiş olduqlarını qeyd etmişdir. Həmin əşyaları dar günündə kömək olması, xəstə övladının əməliyyatı üçün həmin anadək saxladığını qeyd edərək, ona vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Əliyev Valeh Adil oğlu ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi baş vermiş və sonrasında qızılların evdə olmadığı onlara məlum olmuşdur. Oğurlanmış əşyaların qiymətləri təxminən ümumilikdə 1500 manat dəyərində olan qolbaq, boyunbağı və üzük olmuşdur. Həmin qızıllar şkafda yoldaşı Əliyeva Fatmaxanım Əmiraslan qızına məxsus olan gödəkcənin cibində topa şəklində salfetə bükülmüş halda yerləşdirilmişdir. Sədrlik edən tərəfindən əvvəlki məhkəmə iclaslarında etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və arvadı Əliyeva Fatmaxanım Əmiraslan qızı tərəfindən verilmiş ifadənin onun ifadəsindən fərqləndiyi, dəymiş ziyanın tam ödənilmədiyi və Həcərgilin əlavə 10.000 manat da ödəməli olduğu ilə bağlı dedikləri bildirildikdə zərərçəkmiş şəxs Əliyev Valeh Adil oğlu onun nümayəndəsinin yox, özünün sözlərinin nəzərə alınmasını xahiş edərək arvadının düzgün məlumat vermədiyini, ona əlavə 10.000 manat ödənilməli olmadığını və işin hallarının istintaq materialına uyğun olduğunu, oğurlanan əşyaların qolbaq, üzük və boyunbağıdan ibarət olmaqla ümumilikdə 1500 manat ziyan vurulduğu və dəymiş ziyan da tamamilə ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını və heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babayev Həsən Yaqub oğlu ifadəsində göstərmişdir ki, təqribən sentyabr aylarında öz xalası oğlu Rəhimov Əhmədağa Məmmədağa oğlu ilə birlikdə Sevinc xalasıgilə getmiş və həmin vaxt xalası evdə olmamış, işdə olmuş, evdə isə Həcər, qardaşı Hatəm və ruhi xəstə olan ataları olmuşdur. Biraz oturduqdan sonra Həcər onlara nənəsindən yadigar qalmış olduğunu söylədiyi biləkliyi göstərərək, onlardan satmaqlarını istəmişdir. Bununla bağlı Sevinc xalasına deməli olduğunu bildirmiş olsa da, Həcər ehtiyac olmadığını bildirmiş, özünün qız olması səbəbindən onu aldada biləcəkləri düşündüyünü və anasının dişlərini düzəltdirməyə ehtiyac olduğu üçün qızılları onlardan satmaqlarını istəmişdir. Həcərin dedikləri ilə razılaşmış və xalası oğlu Əhmədağa ilə birlikdə 20 Yanvarda bir şəxsə satmış olduqlarını qeyd etmişdir. Satdıqdan sonra Sevinc xalasına verməyi təklif etmişlər, lakin Həcər onlara narahat olmamalarını özünün anasına məlumat verəcəyini söyləmişdir. Bu hadisədən təxminən 15-20 gün sonra isə dayısı Əliyev Valehgildən qızıl götürülməsi barədə xəbər çıxmış, bu zaman Həcərin anasına bu barədə məlumat verdikdə məlum olmuşdur ki, xalasının olanlar haqda bir məlumatı olmamışdır. Həcərin onlara verdikləri əşyanın yalnızca bir qolbaq olduğunu, xalası oğlu Əhmədağa ilə birlikdə onu satdıqdan sonra əldə etdikləri pulu isə Həcərə verdiklərini, həmin əşyanın oğurluq olmasını sonradan bildiklərini və həmin anadək Həcərə nənəsindən yadigar qaldığını bildiklərini qeyd etmişdir. Bundan başqa, satılan qızılın dəyərinin niyə ucuz olmasını, həmin qızılın 3- 4 qramlıq nazik bilərzik olması ilə açıqlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bayramov Hatəm İlham oğlu ifadəsində göstərmişdir ki, bacısı Həcər ona bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzük vermiş və nənəsindən yadigar qaldığını, anasının bundan xəbərinin olduğunu bildirərək satmağını xahiş etmişdir. Həcərin sözlərinə inanmış və həmin qızılları qəsəbədə Mirhəbib adlı şəxsə vermək üçün götürmüş, Mirhəbibə satmaq istədikdə həmin şəxsin onların evlərinə gəlib anasından soruşduqdan sonra almasının mümkün ola biləcəyini dediyini, ancaq Həcərin anasının olanlardan xəbərinin olmasını, anasının dişlərini düzəltdirmək üçün pula ehityaclarının olmasını dediyini bildirmişdir. Bacısının sözlərinə inandıqdan sonra Mirhəbib onunla getmiş və ona verdiyi 2300 manat pul vəsaitini bacısı Həcərə gətirmişdir. Həmin pulları “Million” vasitəsi ilə oyun hesabına onlayn ödəmə edib oyunlar alıb oynamış, qalan 200 manat pulu isə Həcərin özündə saxladığını bildirmişdir. Sonrasında xalası oğlanları Əhmədağa və Həsən onlara gəldiyi vaxtda Həcər onlardan bir ədəd nənələrindən ona yadigar qaldığını söylədiyi qızıl qolbağı satıb pulunu isə özünə verməklərini xahiş etmişdir. Əhmədağa nəyə görə satmaq istədiyini soruşduqda Həcər pula ehtiyaclarının olduğunu demişdir. Əhmədağa və Həsən isə Həcərə inanaraq qızılları aparıb satmışlar və gəlib 300 manata satdıqlarını bildirərək əldə etdikləri pulu xalaları Sevinc Bayramovaya vermək istədiklərini bildirsələr də, Həcər onlara narahat olmamalarını, özünün həmin pulu analarına verəcəyini bildirmişdir. Bundan sonra Əhmədağa 300 manat pulu Həcərə vermişdir. Xalası oğlanları getdikdən sonra, bacısı Həcər həmin pulu anasına verəcəyini deyib saxlamış, sonradan məlum olmuşdur ki, Həcər həmin qızılları dayılarının evindən oğurlamışdır. Özününsə bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Rəhimov Əhmədağa Məmmədağa oğlununun elan edilmiş ifadəsində göstərilmişdir ki, Bayramova Həcər xalası qızıdır, Əliyev Valeh isə doğma dayısıdır. Təxminən 2024-cü ilin sentyabr ayının ortalarında o və digər xalası oğlu Həsənlə birlikdə Bilgəh qəsəbəsində yerləşən xalası Bayramova Sevincgilin evinə getmişlər, lakin həmin vaxt xalası Sevinc evdə olmamış, evdə sadəcə olaraq xalası uşaqları Bayramova Həcər və Bayramov Hatəm, birdə onların ruhi xəstə olan ataları olmuşdur. Həmin vaxt Həcər bir ədəd qızıl qolbaq çıxardaraq onlara göstərmiş və ona nənəsindən yadigar qaldığını, pulları olmadığı üçün satmaq istədiyini bildirmişdir. Həcər özünün qız olması səbəbindən onu aldada biləcəkləri düşündüyünü buna görə də onlardan satmaqlarını və satdıqları zaman əldə edəcəkləri pulu ona verməyi xahiş etmişdir. Bu zaman həmin qolbağı satması ilə bağlı xalası Sevincin məlumatının olub-olmadığını soruşduqda, Həcər anasının məlumatının olduğunu demişdir. Buna baxmayaraq yenə də xalası oğlu Həsənlə birlikdə xalaları Sevincdən soruşduqdan sonra Həcərə satmaqda kömək edə biləcəklərini demişlər, lakin Həcər «soruşmağa ehtiyyac yoxdur siz mənə inanmırsız ki deyə soruşmuş», onlarsa «əlbəttə inanıram» demişdir. Sonrasında həmin əşyanı satmaqda kömək edəcəklərini ancaq pulun nəyə görə lazım olduqlarını soruşmuş, Həcər isə anasının dişlərini düzəltdirmək üçün lazım olduğunu, pullarının isə olmadığını demişdir. Daha sonra Həcərdən həmin qolbağı götürərək 20 yanvar metrosu yaxınlığında bir nəfər adını bilmədiyi şəxsə 300 manata satmış və pulunu götürüb xalası Sevincin evinə gəlmişdir, Həcərə 300 manata satmış olduğunu, ancaq pulu xalası Sevincə verəcəyini demişdir. Həcər isə anasının axşam işdən gəldikdən sonra pulu ona verəcəyini demişdir. Bundan sonra Həcərin sözlərinə inanaraq pulu ona vermiş və çıxıb getmişlər. Təxminən 15-20 gün sonra Həcərin dayısının evindən qızıl oğurladığını və sonradan Həcərin satdığı qolbağın dayısına məxsus olması ona məlum olmuşdur. O təcili olaraq Sevinc xalasıgilə getmiş və Sevinc xalasına Həcərin ona nənəsindən yadigar qaldığını bildirərək satmaq üçün qolbaq verdiyini bildirmişdir. Xalası Sevinc isə Həcərin yalan danışdığını söyləyərək həmin qızılı dayısının evindən oğurladığını demişdir. Daha sonra dayısı Əliyev Valehin polisə şikayət etdiyini və sonradan ziyan ödənildiyi üçün şikayətini geri götürdüyünü eşitmişdir. Əgər həmin qolbağı Həcərin dayısıgildən oğurlamış olduğunu bilsəydi, onu dayısına verəcəyini qeyd etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Rəsulov Mirhəbib Mirmais oğlununun elan edilmiş ifadəsində göstərilmişdir ki, Bilgəh qəsəbəsində arada bir qızıl məmulatlarının alış-satışı ilə məşğul olub ailəsini dolandırırmış. Həcər və onun ailə üzvlərini bir həmkəndli kimi tanıyırmış, münasibəti normal olmuşdur. 2024-cü ilin sentyabr ayının ortalarında Bayramova Həcərin qardaşı Bayramov Hatəm bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl üzük gətirib nənələrindən bacısına yadigar qaldığını və pula ehtiyacları olduğu üçün bacısının satdığını demişdir. Hatəmin azyaşlı olduğunu görmüş, qızılları götürüb onların evlərinə getmiş və Həcərə anası Sevinc xanımla danışıb razılıq olsa qızılları alacağını demişdir. Həcər anasının işdə olduğunu, evdə olmadığını demiş, o isə anasının gəldikdən sonra soruşacağını demişdir. Həcər ona inanmadığını, anasının bildiyini ona görə də satmaq lazım olduğunu demişdir. Həmin vaxt Həcərin atası evdə olmuş, lakin o ruhi xəstə olduğu üçün onunla danışmaq mümkün olmamışdır. Ona görə də o, Həcərin sözlərinə inanıb qızılları götürərək Hatəmlə gedib 2300 manat pulu ona vermiş və qızılları əridib satmışdır. Sonradan eşitmişdir ki, Həcər həmin qızılları dayısının evindən oğurlayıbmış. Əgər bilsəydi ki, Həcər oğurluq edib heç bir vaxt həmin qızılları almazmış, sadəcə olaraq onlar çox kasıb ailə olduğu üçün o, Həcərin ehtiyacları olması sözlərinə inanmış, ona görə almışdır. Onun ağlından Həcərin oğurluq etməsi keçməzmiş. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ilə bağlı fotoşəkillər çəkilərək, protokola əlavə edilmişdir.(i.v. 8-11) “Şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında” 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bayramova Həcər İlham qızı ilə zəruri istintaq hərəkətlərinin aparılması üçün anası Bayramova Sevinc Adil qızının onun qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır.(i.v.15) “Tutma haqqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bayramova Həcər İlham qızı 07 oktyabr 2024-cü il tarixdə saat 22:20-də tutulmuşdur.(i.v. 24) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Əliyev Valeh Adil oğlu 240050829 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v. 33) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Bayramova Həcər İlham qızı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v 37-38) “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bayramova Həcər İlham qızı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır.(i.v. 49) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Bayramova Həcər İlham qızı əvvəllər məhkum olunmamışdır.(i.v. 65) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nın Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının 12 oktyabr 2024-cü il tarixli 2978 saylı rəyindən görünür ki, Bayramova Həcər İlham qızında hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır.(i.v. 66) Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin etibarnamə ilə nümayəndəsi qismində çıxış edən həyat yoldaşı Əliyeva Fatmaxanım Əmiraslan qızı tərəfindən verilmiş ərizədən görünür ki, oğurlanmış qızıl əşyaları qadın əşyaları olmasına baxmayaraq həmin əşyalar üzərində sərəncam hüququ yoldaşı Əliyev Valeh Adil oğluna məxsusdur. Bu səbəbdən yoldaşı Əliyev Valeh Adil oğlunun zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmiş və ona hər hansı bir maddi ziyanın dəymədiyini bildirmişdir.(i.v. 31) Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Əliyev Valeh Adil oğlu tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan 1500 manat məbləğində maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxs Bayramova Həcər İlham qızına qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.(i.v. 54) “Sübutların qiymətləndirilməsi haqqında” 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bayramova Həcər İlham qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, onun əməlində AR CM-nin 177.2.3-cü maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmiş, iş üzrə Rəsulov Mirhəbib Mirmais oğlunun əməlində AR CM-nin 194-cü maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmiş, iş üzrə Babayev Həsən Yaqub oğlu, Rəhimov Əhmədağa Məmmədağa oğlu və Bayramov Hatəm İlham oğlunun əməllərində AR CM-nin 177.2.1-ci maddəsinin əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, göstərilən sübutlarla Bayramova Həcər İlham qızının Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cinayət nəticəsində vurulmuş ziyanla bağlı zərərçəkmiş şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və zərərçəkmişin özünün ifadəsi arasında ziddiyyət məhkəmə araşdırması zamanı aradan qaldırılmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi zərərçəkmişin nümayəndəsi istintaq zamanı oğurlanmış qızıl əşyalarının qadın əşyaları olmasına baxmayaraq həmin əşyalar üzərində sərəncam hüququnun yoldaşı Əliyev Valeh Adil oğluna məxsus olması və buna görə də həyat yoldaşı Əliyev Valeh Adil oğlunun zərərçəkmiş şəxs qismində tanınması ilə bağlı ərizə yazmış və yeganə zərərçəkmiş şəxs qismində tanınmış Əliyev Valeh Adil oğlu ona cəmi 1500 manat məbləğində ziyan dəydiyini və və dəymiş ziyan tam şəkildə ödənildiyinə görə bacısı qızı Həcərgillə barışdığını heç bir tələb və şikayətinin olmamasını və nümayəndəsinin yox, onun sözlərinin nəzərə alınmasını xahiş etmişdir. Zərəçəkmiş şəxsin nümayəndəsi isə zərərçəkmiş şəxsin söyləyəcəkləri ilə bağlı etiraz etmədiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Bayramova Həcər İlham qızının barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Bayramova Həcər İlham qızının şəxsiyyətini, yetkinlik yaşına çatmamasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olduğunu və vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılıq əldə edərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Bayramova Həcər İlham qızının cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Bayramova Həcər İlham qızına təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Bayramova Həcər İlham qızının törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yetkinlik yaşına çatmamasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Bayramova Həcər İlham qızı azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində ictimai işlər növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü maddəsinə əsasən ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Bayramova Həcər İlham qızının üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Bayramova Həcər İlham qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Bayramova Həcər İlham qızının, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Kərimov Aydın Əli oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Bayramova Həcər İlham qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) saat müddətinə ictimai işlər növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatına bərabər olmaq hesabı ilə ona təyin edilmiş ictimai işlər növündə cəzasından çıxılsın və ona qəti olaraq, 184 (yüz səksən dörd) saat müddətinə ictimai işlər növündə cəza müəyyən edilsin. Bayramova Həcər İlham qızının üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Bayramova Həcər İlham qızının üzərində nəzarətin həyata keçirilməsi qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Bayramova Həcər İlham qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Bayramova Həcər İlham qızının ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 26 (iyirmi altı) iş saatı üçün 156 (yüz əlli altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Kərimov Aydın Əli oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 07 saylı Vəkil Bürosunahesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN 9900003611m/h AZ37NABZ01350100000000001944 Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB 33010019442000207120, VÖEN 1800333381) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-78/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-78/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver