Məhkəmə qərarları › İş №1(008)-780/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-780/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-780/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan dünyamalı oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı 19 saylı Vəkil Bürosunun vəkili olmaqla, mənimlə bağlanmış müqaviləyə əsasən Məmmədov Eldar Vəkil oğlunun hüquqlarını müdafiə edirəm. Təmsil etdiyim Məmmədov Eldar Vəkil oğluna qarşı, iddiaçı, hazırkı iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 əmlak tələbinə dair e- 2(001)-6484/2024 saylı mülki iş hazırda Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Elnarə Vəliyevanın icraatındadır. İş üzrə ekspertiza təyin edildiyindən icraat dayandırılmışdır. İddiaçı X6 həmin mülki iş üzrə iddia ərizəsinə qarşı verdiyimiz etiraz qeydlərində iddianın əsassızlığı ilə bağlı təqdim etidiyimiz sübutlarının həqiqiliyini şübhə altına almaq üçün müxtəlif yollara əl atmış, o cümlədən 25 Noyabr 2024 cü il tarixdə saat 22:50 dəqiqədə qardaşı X8 ilə birlikdə cavabdeh Eldar Məmmədovla torpaq sahəsinin alqı-satqısını həyata keçirmiş X14 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək evin həyətində X21 və onun arvadı X15 ilə təhdidedici söhbətlər aparmış, həmin şəxslərə qarşı hədə qorxu gəlib onları ələ almağa, həqiqəti danmağa və həqiqətə uyğun olmayan izahatlar verməyə çalışmışlar. Bu məqsədlə onlar gecə saatlarında X16 və ailə üzvlərini narahat etmiş, ona.hədə-qorxu gəlmiş, məhkəməyə təqdim olunmuş sübutlarla bağlı, yəni Rza ilə cavabdeh Eldar Məmmədov arasında olan torpaq alğısatqısı ilə bağlı suallar vermiş, həmin sənədləri saxta adlandırmış, saxta sənədlərlə bağlı onu prokurorluğa verəcəyi və 3-5 il müddətinə tutduracağı ilə hədələmişdir. Bu baş tutmadıqda isə ona pul təklif edərək ələ almağa çalışmışdır. Söhbət əsnasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6, aşağıdakı formada cavabdeh Eldar Məmmədovun vəkili kimi məni cinayətdə ittiham etməklə mənə böhtan atmış, yəni yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan məlumatları yaymış və eyni hərəkətləri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir “saxta sənəd düzəltdirib, vəkili də göstərə bilərəm sizə, onun vəkili də necə deyim- saxta işlərlə məşğul olandır, saxta sənəd düzəldir, necə dənə cinayət işi də olub, Sizin xəbəriniz yoxdur...." Qeyd olunanlarla bağlı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin (hakim Samirə Məmmədli) 20 oktyabr 2025-ci il tarixli 1(008)-711/2025 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. Həmin qərarda göstərilən nöqsanlar aradan qaldırılmaqla təkrarən hazırki məzmunda xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edirik. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 onu, CM-nin 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulan, rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə cinayət əməlini törətməkdə ittiham etməklə ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları ictimaiyyətdə, yəni 2 nəfərdən çox şəxslərin eşidib dinləyə biləcəyi şəraitdə yaymış, sonradan həmin səs yazısı, aparılan araşdırmalarla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən dinlənilmiş, bununla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 147.1-ci maddəsində nəzərdə tutulan, bundan əlavə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla və heç bir əsası olmayan iftiralarla təhqir etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 göstərilən cinayət əməllərini törətməsi şikayətə əlavə edilən disk yazısı ilə tam təsdiq edilir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 yazısında onun barəsində böhtan xarakterli və təhqiredici cümlələr işlədərkən vəkil kimi onu nəzərdə tutması onunla tam təsdiq edilir ki, məhz onun tərəfindən tərtib edilmiş etiraz qeydləri ilə tanış olduqdan və cavabdehin nümayəndəsinin və vəkilin X17 olduğunu bildikdən sonra etiraz qeydlərində təqdim olunmuş sübutların həqiqiliyini şübhə altına almaq üçün 25 Noyabr 2024-cü il tarixdə saat 22:50 dəqiqədə qardaşı X8 ilə birlikdə cavabdeh Eldar Məmmədovla torpaq sahəsinin alğı-satqısını həyata keçirmiş X14 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə getmişdir. Nərgiz İbrahimova həmin ünvana gedərkən tam dəqiqliyi ilə bilirdi ki, cavabdehin nümayəndəsi və vəkili X12r. Nərgiz İbrahimova həmin vaxt yenə də tam dəqiqliyi ilə bilirdi ki, bu iş üzrə mediasiyada iştirak etmiş vəkilin bu məsələyə heç bir aidiyyəti yoxdur. Əgər həmin vəkillə bağlı onun hər hansı fikri olsaydı, etiraz qeydləri ilə tanış olana qədər bildirə bilərdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Rza Səlim oğlunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək evin həyətində Rza Hacıyevlə görüşüb söhbət edərkən qardaşından başqa kənar şəxsin olmadığı barədə dedikləri də tam əsassızdır. Belə ki, səs yazısından açıq aydın görünür ki, X23 Hacıyevlə söhbət edərkən sonuncunun arvadı X10 “Siz onun həyat yoldaşısınız, Siz qadın kimi ən çox gözəl məni başa düşərsiniz” deyə müraciət etmişdir. Bu fakt onu təsdiq edir ki, Nərgiz İbrahimova onu cinayətdə ittiham etməklə ona böhtan atarkən, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayarkən və eyni hərəkətləri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir edərkən Rza Hacıyevin arvadı X15 da həmin söhbətdə iştirak etmiş, deyilənləri eşitmiş və qavramışdır. Sabunçu rayon polis idarəsinin istintaq söbəsinin qəbul etdiyi 15 avqust 2025-ci il tatixli cinayət işi üzrə icraata xitam verilməsi haqqından qərardan da görünür ki, həmin üş üzrə ifadəsi alınmış X15 25 Noyabr 2024 cü il tarixdə saat 22:50 dəqiqədə Nərgiz İbrahimova qardaşı X8 ilə birlikdə onun əri X21 və uşaqları ilə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək həyətdə əri X21 ilə söhbət edərkən o da söhbətdə iştirak etmişdir. Özü haqqında qısa olaraq məlumat vermək istəyir. O, 17 yaşından məhkəmə iclas katibi vəzifəsindən əmək fəaliyyətinə başlayaraq hakim, məhkəmə sədri vəzifələrinə, hazırda isə vəkillik peşəsinə qədər yüksəlmişdir. Əmək fəaliyyətinin 49 ili tamam olur. Belə ki, o, 2016-cı ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və bu dövr ərzində vəkil peşəsinə dair fəaliyyətini daim vicdanla, yüksək məsuliyyət və peşəkarlıqla, həmçinin peşə etikasına sadiq qalaraq həyata keçirmişdir. İşlədiyi dövrdə hüquq ictimaiyyəti arasında kifayət qədər yüksək nüfuza sahib olmuş, dəfələrlə yaxşı işinə görə təltif olunmuşdur. Sonuncu dəfə Azərbaycan Respublikası Vəkillər X5 02 dekabr 2024-cü il tarixli Qərarı ilə ona təşəkkür elan edilmişdir. Beləliklə, Nərgiz ibrahimovanın hərəkətləri nəticəsində onun nüfuzuma xələl gətirilmiş, həmçinin mənə mənəvi zərər vurulmuşdur. Odur ki, cavabdeh Nərgiz ibrahimovadan yazılı şəkildə "Hörmətli, İlham müəllim törətdiyim hərəkətlər nəticəsində sizin şərəf və ləyaqətinizin alçalmasına və mənəvi sarsıntı keçirərək iztirab çəkməyinizə səbəb olduğum üçün sizdən üzr istəyirəm. Xahiş edirəm ki, məni bağışlayın”, kimi ifadə olunmuş qaydada üzr istəməsinə, cavabdeh tərəfindən verilmiş məlumatların təkzib olunmasına, cavabdeh İbrahimova Nərgizin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsində mülki iddianın təmin edilərək ona vurulmuş mənəvi ziyan hesabına 30.000 (otuz min) manat və ödənilmiş dövlət rüsumu 180 (yüz səksən) manat pulun cavabdeh X3 alınaraq ona ödənilməsini barədə mülki iddia sənədlər məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan halların sübut olunması üçün bir ədəd CD diski məhkəməyə təqdim edilir. X15, X22 və X8 şahid qismində məhkəmə iclasına dəvət olunmalıdırlar.Tərəfindən cavabdeh X6 barəsində yaydığı məlumatlara görə təkzib verməsi, üzr istənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi xüsusi ittiham qaydasında şikayət ilə birlikdə təqdim olunmuşdur. xx.xx.1989-cu il təvəllüdlü, Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 yaşayan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilib, CM-nin 147.1-ci maddəsi ilə 3 ay müddətinə. CM-nin 148-ci maddəsi ilə 6 ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edəsiniz. CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi xahiş olunmuşdur. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X17 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, məhkəməyə mülki iş üzrə etiraz qeydlərini də təqdim etmişdir. Məhz həmin etiraz qeydləri tərəfindən elektron məhkəmə informasiya sisteminə yerləşdirildikdən sonra xanım Hacıyev Rzanın evinə getmiş, onunla söhbət edən zaman onun saxta sənəd düzəltməsini qeyd etmişdir. Səsyazısında vəkil dedikdə məhz onu nəzərdə tutmuşdur. Orada Rzanın həyat yoldaşının olması təqdim etdikləri səs yazısından da məlum olur. Rza onu tanımır, da Rzanı tanımır. Rza onun müdafiə etdiyi şəxsə deyib ki, sənin vəkilin saxtakar imiş. O, hesab edir ki, İbrahimova Nərgiz şikayətində qeyd etdiyi fikirləri bildirməklə ona həm böhtan atmış, həm də onu təhqir etmişdir. Ona görə şikayətində X4 həm CM-nin 147.1, həm də 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Hesab edir ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Əvvəl təqdim etdiyi şikayətində olan nöqsanlar hazırda aradan qaldırılmışdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 bildirmişdir ki, o, Binəqədi Rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair mülki iddia tələbi ilə müraciət etmişdir. Həmin mülki iş üzrə məhkəmə proseslərində özü şəxsən iştirak etməmiş, onun vəkili onu təmsil etmişdir. Vəkili ona torpaq sahəsi ilə bağlı alğı-satqı müqaviləsinin qarşı tərəfin təqdim etdiyini bildirmişdir. Həmin alğı-satqı müqaviləsində o, müqavilə tərəfi olaraq Hacıyev Rza adlı şəxsin qeyd edildiyini görmüşdür. Bundan sonra qardaşı ilə birlikdə həmin şəxsin evinə getmişdir. Onunla danışan zaman Rzanın arvadı pəncərdən başını çıxardıb onlara tərəf baxmış, o, həmin vaxt siz həyat yoldaşısız, xanımsız məni başa düşərsiz demişdir. Sonra o xanım içəri keçmişdir. Rza ilə aralarında olan söhbətdə xanım iştirak etməmişdir. O, Rzanın özü ilə danışmışdır. Oraya getməkdə məqsədi həmin sənədin saxta olması ilə bağlı Rzanın məlumatı olub-olmadığını aydınlaşdırmaq olmuşdur. Orada vəkil dedikdə Nuriyev İlhamı nəzərdə tutmamışdır. Ümumi olaraq vəkil demişdir. Ortada bir müqavilə olduğundan, onun hüquqşünas və ya hansısa vəkil tərəfindən hazırlandığını düşündüyündən və bununla bağlı Hacıyev Rzanın məlumatlı olub-olmamasını aydınlaşdırmaq üçün, ondan bununla bağlı söz almaq üçün o ifadələri işlətmişdir. Bu məqsədlə də orada aparılan danışaqların səs yazısını qeydə alıb hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin səs yazısını da şikayətinə əlavə etmişdir. Onun kimisə təhqir etmək, şəxsiyyətini alçatmaq niyyəti olmamışdır. Cinayət işi üzrə icraata xitam verilməsi qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermiş və şikayəti təmin olunmuşdur. Hazırda həmin iş üzrə araşdırma davam etdirilir. Eldar Məmmədovun məhkəməyə bu cür müraciət etməkdə məqsədi onu qorxudub geri çəkilməsinə nail olmaqdır. O, geri çəkilməyəcək, uşaqlarının haqqı olanı əldə edənə qədər vaz keçmiyəcəkdir. Məhkəmədən qeyd edilənləri nəzərə alıb şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 vəkili Müdafiəçi bildirmişdir ki, X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayət edən şəxs X17 şikayətində cinayət əməli kimi “saxta sənəd düzəltdirib, vəkili də göstərə bilərəm sizə, onun vəkili də necə deyim saxta işlərlə məşğul olandır, saxta sənəd düzəldir, neçə dənə də cinayət işi olub" səs yazısına istinad etmişdir. Şikayət edən şəxsin istinad etdiyi ifadələrdən də görünür ki, həmin səs yazısında Nərgiz İbrahimova ilham Nuriyevin adını çəkməmiş və onu nəzərdə tutmamışdır. Bu da o deməkdir ki, şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyildir. O halda şikayət icraata qəbul edilir ki, şikayət verilmiş əməldə cinayət əlamətləri olsun (əməl açıq şəkildə sübuta yetirilmiş olsun). Hazırkı işdə isə belə bir şikayət verilən əməldə cinayət əlamətinin olması sübuta yetirilmir. Göründüyü kimi, X6 hər hansı formada X13 CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham etməmiş və ona qarşı CM-in 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayətini törətmək niyyəti və göstərilən cinayəti subyektiv cəhətdən səciyyələndirən birbaşa qəsdinin olmasını təsdiq edən sübutlar xüsusi ittiham qaydasında şikayətə əlavə edilməmişdir. CPM-in 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və ya şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətində Hacıyev Rza ilə onun arvadının Hacıyevə İlahənin yanında onun barəsində böhtan xarakterli məlumatların yayılmasına istinad edilmişdir. X20 həmin vaxt orda olmamış və səsdə qeyd olunan ifadələri eşitməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024- cü il tarixli qərarda Hacıyev Rza izahatında həyat yoldaşının orada olmasını bildirməmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(008)-711/2025 saylı qərarı ilə məhz bu əsasla şikayətin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmış və X17 həmin qərarı mübahisələndirməyərək apellyasiya şikayəti verməmişdir. Bununla da həmin qərar qanuni qüvvəsini almışdır. Həmin qərar hazırkı işə münasibətdə preyudisial əhəmiyyət daşıdığına görə həmin məsələ ilə bağlı başqa qərar çıxarılmasına yol verilmir. Belə ki, Cinayət Prosessual Məcəllənin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Sözügedən mülki iş üzrə Eldar Məmmədovun mədiasiya prosesində başqa vəkili də olmuşdur. Eldarı həmin iş üzrə iki vəkili olduğu halda niyə İlham Nuriyev bu məsələni öz üzərinə götürməsi də başadüşülən deyildir. İlham Nuriyev şikayətdə göstərmişdir ki, guya Nərgiz İbrahimova mülki işdə məhkəməyə təqdim edilmiş etirazdan sonra onun barəsində məlumatlı olmuş və həmin səsdə də məhz onu nəzərdə tutmuşdur. Bıı dəlil də tamamilə əsassızdır. Belə ki, ümumiyyətlə Nərgiz İbrahimovanın elektron məhkəmə sistemində elektron kabineti yoxdur. Yəni, Nərgiz İbrahimova həmin etirazla tanış olmamış və Eldarın vəkilinin kim olmasını da bilməmişdir. Nərgiz İbrahimovanın həmin mülki işdə hüquqlarını təmsil edən vəkili isə ona sadəcə müqavilələri göstərmiş və onun həqiqi olub- olmadığını soruşmuş, Nərgiz isə onu dəqiqləşdirmək üçün Raznın evinə getmişdir. Şikyaət edən şəxsin Nərgizin etirazdan, X19 vəkili olmasından məlumatlı olması barədə dəlilləri ancaq mülahizələrdən və şübhələrdən ibarətdir. Cinayət prosesində isə şübhələr barəsində ittiham irəli sülülən şəxsin xeyrinə həll edilir. Bundan əlavə, şikayətdən görünür ki, şikayət edən şəxs həmçinin sözügedən səs yazısına prokurorluq və polis əməkdaşları tərəfindən dinlənilməsin! də ona qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayılmaqla işgüzar nüfuzunu alçaldılması kimi hesab etmişdir. Halbuki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Səs yazısı Binəqədi rayon prokurorluğuna araşdırılmaq üçün təqdim edilmişdir və bu halda Nərgiz İbrahimovanın bu hərəkətinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 301.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilməmişdir. Belə ki, şikayətdə qanunvericiliyin tələbinə uyğun olaraq şikayətin tərtib edildiyi yer göstərilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində onun şərəf və ləyaqətini alçaldan, onu nüfuzdan salan məlumatların olduğu səs yazısına aparılan araşdırmalarla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən dinlənilməsinə bununla da AR CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsini qeyd etmişdir. Lakin bu səs yazısının konkret olaraq hansı prokurluq, polis əməkdaşları tərəfindən dinlənilməsi, harada dinlənilməsi qeyd edilməmiş və bunu təsdiq edən sübutlar da təqdim edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi), şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-nin 293.3-cü maddəsinin tələblərinə uyğun formada tərtib edilməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən sübut olaraq əlavə edilmiş CD diskdə qeydə alınan səs-yazısına baxış zamanı xüsusi ittiham qaydasında şikayət verən şəxsin istinad etdiyi məlumatların məhz vəkil X17 barəsində deyilməsi müəyyən edilməmişdir. Həmin səs yazısında konkret olaraq hər hansı şəxsin adı çəkilməmişdir. İbrahimova Nərgiz də məhkəmə iclasında bildirmişdir ki, o vəkil dedikdə Nuriyev İlhamı nəzərdə tutmamışdır, həmin şəxsi ümumiyyətlə tanımamış, Məmmədov Eldarın vəkilinin kim olmasını bilməmiş, özü məhkəmə proseslərində iştirak etməmişdir. Səs yazısında qeyd etdiyi vəkil ifadəsini ümumi olaraq işlətmiş, Hacıyev Rzanın sənədin saxta olması barədə məlumatlı olub-olmamasını müəyyənləşdirmək, ondan söz almaq üçün bunu etmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətində Hacıyev Rza ilə onun arvadının Hacıyeva İlahənin yanında onun barəsində böhtan xarakterli məlumatların yayılmasına istinad edilmişdir. Halbuki cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarda Hacıyev Rza izahatında həyat yoldaşının orada olmasını bildirməmişdir. Şikayət verən şəxsin şikayətə əlavə etdiyi cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda ifadəsi alınan İlahə Hacıyeva söhbətin əvvəlində orada olmasını bildirsə də, sonradan evə keçdiyini bildirmiş və kiminsə barəsində hər hansı təhqiredici ifadələrin işlədilməsini qeyd etməmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxsin təqdim etdiyi səs yazısı tam şəkildə deyil, yalnız müəyyən hissələrdə təqdim edilmiş və orada konkret olaraq xüsusi ittiham qaydasında şikayət verən şəxsin istinad etdiyi və ona ünvanlandığını iddia etdiyi həqiqətə uyğun olmayan məlumatların işlədilməsi ərəfəsində Hacıyeva İlahənin orada olması müəyyən edilməmişdir. CM-nin 147 və 148-ci maddələri ilə məsuliyyətin yaranması üçün kütləvilik əlamətinin olması, yəni ən azından iki nəfər kənar şəxsin görə, eşidə, qavraya biləcəyi şəraitdə şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların, həqiqətə uyğun olmayan məlumatların yayılması və şəxsin niyyətinin də məhz şərəf və ləyaqətin alçaldılmasına yönəldilmiş olması tələb olunur. İşin hallarından da görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs müqavilənin saxta olması ilə bağlı araşdırma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət etmiş, Hacıyev Rza ilə aralarında olan səs yazısını özü qeydə alıb təqdim etmişdir. Onun şikayəti üzrə də hazırda araşdırma aparılır. Barəsində xüsusi ittiham qaydasında şikayət verən şəxsin kiminsə şərəf və ləyaqətini alçaltmaq kimi niyyətinin olması müəyyən edilməmişdir. Bundan başqa həmin səs yazısında işlədilən ifadələrlə məhz xüsusi ittiham qaydasında şikayət verən şəxsin nəzərdə tutulduğu aydın deyil. Onun kimliyini müəyyənləşdirməyə imkan verəcək kifayət qədər məlumatları özündə əks etdirmir. Məhkəmə iclasında şikayət verən şəxs Rza adlı şəxsin Məmmədov Eldarın vəkili olaraq onu tanımadığını bildirmişdir. Belə olan halda məlumatın verildiyi qeyd edilən şəxsdə işlədilən ifadələrin kimə aid olması ilə bağlı bir təsəvvür yaranmadığı üçün cinayətin əlamətləri də mövcud olmur. CPM-nin 302.1-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bununla da, X9 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar