Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-781/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, 07 saylı vəkili bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Nərimanov rayonu, Daş Karxanası küçəsi ev 168-də yaşayan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində olan 74 saylı tam orta məktəbin həyətində şəxsi münasibətlərin pozulması səbəbindən aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən saçından tutaraq sifət nahiyəsinə sillə və ayağına təpiklə zərbə vuraraq, ona sol gicgah-çənə oynağında ağrı simptomu, qismən hərəkət məhdudluğu və dişlərin pozulması ilə müşayiət olunan sol çənə şaxəsi nahiyyəsinin şişkinliyi-qançırı və sağ bud nahiyyəsinin qançırı kimi xəsarətlər yetirib ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, onun qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildə Gülminə ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahdan bir qız övladları vardır. İlk vaxtlar münasibətləri yaxşı olsada sonradan onunla yola getmədiyi üçün ondan ayrı Sabunçu rayonu, Ramana qəsəbəsində kirayə ev tutaraq orada yaşamışdır. 20 iyul 2023-cü il tarixdə Gülminə onun mobil telefonuma zəng edərək qızı Dənizin xəstə olduğunu deyib, onun üçün dərman almaq lazım olduğunu bildirmişdir. O, buna etiraz etməmiş və Gülminə ilə görüşüb övladı Dəniz üçün lazım olan dərman vasitələrini aldığını bildirmişdir. Sonra isə Bakıxanov qəsəbəsində olan Heydər Əliyev adına parkda gəzmək qərarına gəlmişlər. Parka daxil olduqdan bir neçə dəqiqə sonra Gülminə onunla mübahisə edərək nə üçün parkda olan digər xanımlara baxırsan deyə yüksək səslə qışqırmağa başlamışdır. O, ilk öncə Gülminəni sakitləşdirmək istəsə də Gülminə əhəmiyyət verməyib öz bildiyini davam etmişdir. Gülminəni yaxınlıqda olan Sülh küçəsindəki 74 saylı tam orta məktəbin həyətinə aparmış və sakit şəkildə danışmasını xahiş etmişdir. Lakin Gülminə onunla mübahisəyə davam etmişdir. Mübahisə zamanı Gülmünə onun ünvanıma nalayiq ifadələr işlətdiyi üçün əsəblərinə sahib çıxa bilməyib saçından tutaraq, onun sifət nahiyəsinə sillə, ayağına isə təpik ilə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hal-hazırda onlar barışmışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə qızı Dənizin getdiyi uşaq baxçasından ona zəng gələrək xəstələndiyini bildirmiş və bu barədə əri Samirə məxsus «***-***-**-**» mobil nömrəsinə zəng edib uşağa dərman almasını demişdir. Əri Samir buna etiraz etməmiş, elə həmin tarixdə saat 17:00 radələrində onlar Bakıxanov qəsəbəsində görüşmüşlər. Samir ilə görüşdükdən sonra bir qədər parkda gəzmişlər. Sonra isə Samirin onun yanında digər qadınlara baxması səbəbindən aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisəyə aydınlıq gətirmək məqsədi ilə Samir onu Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Sülh küçəsində olan 74 saylı tam orta məktəbin həyətinə aparmış və həmin vaxt əri Samirlə aralarında olan mübahisə münaqişəyə çevrilmişdir. Münaqişə zamanı əri Samir onun saçından tutaraq sifətinin sol tərəfinə yumruq, sağ ayağına isə təpiklə zərbə vurmuşdur. Hal-hazırda onlar barışmışlar. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X5 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1731 saylı, 25 iyul 2023cü il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol gicgah-çənə oynağında ağrı simptomu, qismən hərəkət məhdudluğu və dişlərin pozulması ilə müşayiət olunan sol çənə şaxəsi nahiyyəsinin şişkinliyi-qançırı və sağ bud nahiyyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən 20 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xaratkerinə və lokalizasiyasına görə xəsartələrin yıxılma nəticəsində, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 31 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinyət işinin icraatına 09 aprel 2020-ci il tarixdə CPM-in 40.3, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, mübahisənin məişət problemləri üstündə yaranmasını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-781/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-781/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver