Məhkəmə qərarları › İş №1(008)-781/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-781/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-781/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-texniki təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68 Məhəllə, ev 2, mənzil 15-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ictimai yer hesab olunan Dostlar marketin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında həmin gün saat 22 radələrində Koroğlu metrostansiyası yaxınlığında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənələr, əxlaq normaları və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, eləcə də ictimai qaydanı kobud tərzdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib sonuncunun bədən nahiyəsinə qəsdən vuraraq sağ bazunun qançırından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirməklə kifayətlənməyib xuliqanlıq hərəkətlərini daha xüsusi qərəzli formada inadla davam etdirərək ətrafda olan insanların rahatlığının pozulmasına məhəl qoymadan silah qismində istifadə etdiyi istintaq zamanı müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs döş nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə Koroğluda baş vermişdir, zərərşəkmişlə ikisidə taksi şoferi işləyirlər. Həmin vaxt onun növbəsi olmuşdur. Cabit ona yaxınlaşmış, ondan növbə istəmiş, o da demişdir ki, “mənim maşınımda adam var, sən mənə adam ver mən gedim daha sora sən gedərsən”. O bu sözü deyəndə Cabit onu itələmiş və nalayiq ifadələr işlətmişdir. O da “ətrafda camat var belə danışma” demişdir. Daha sonra Cabit yenidən ona qarşı nalayiq ifadələr işlətmiş və onu itələmişdir, bu zaman oda onu itələyərək ona demişdir ki, “səni “ belə-belə” edərəm”. Cabit isə ona demişdir ki, eləməyən “belə-belə” olsun. Daha sonra o heç nə etmədən Cabitin yanında körpə uşağı olduğu üçün uzaqlaşmışdır. Cabit Ramanaya gəlmişdir və Cabitin qardaşı Sərdar ona zəng edərək demişdir ki, “Sən mənim qardaşımın ailəsini söymüsən”. O isə bildirmişdir ki, o söyüş söyməmişdir, söysə belə onun ailəsini yox özünü söymüşdür. Daha sonra onu Şuşa qəsəbəsində, “Dostlar” marketinin yanına çağırmışlar. O oraya tək getmişdir, əvvəl orada heç kim olmamışdır, daha sonra taksi şoferlərindən oraya gəlmişlər, adətən belə münaqişələr olanda taksi şoferləridə gəlirlər. Hadisə yolun qırağında olmuşdur, görənlər dayanırdılar. Daha sonra onlar Cabitlə oradan uzaqlaşmışlar, onlar oradan uzalaşmışdırlar ki dalaşmasınlar, onun da dalaşmaq məqsədi olmamışdır, uzaqlaşdıqdan sora o Cabitə demişdir ki “məni söymüsən” Cabit isə onu söymədiyini bildirmişdir. Daha sonra o Cabitə “Allah canını sağ eləsin” deyərək geriyə qayıtmışdır, bu zaman nə dalaşmamış nə də söyməmişlər. Cabit dostlarının yanına yaxınlaşmış və onu niyə söydüyünü soruşmuşdur, o isə onun söydüyü vaxt söydüyünü bildirmişdir və arada anlaşmazlıq olduğunu deyərək söhbəti bağlamağı istəmişdir. Bu zaman Cavid yenidən onu söymüşdür. O isə Cavidi yumruq ilə vurmuşdur bu zaman Cavidin qardaşı Sərdar da onun üzərinə cummuşdur, o isə bıçaq çıxarıb vurmuşdur. Onlar onun üzərinə gələn zaman özünü qorumaq üçün bıçaqla vurmuşdur. Hazırda Cabitlə barışmış, onu vurduğuna görə peşmandır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, bıçaq meyvə bıçağı olmuşdur, bıçaq maşında olmuşdur. Söyüş söydüyünə görə Cabiti vurmuşdur. Taksi şoferləri onları aralamışdır. Elnur, Rəsul və başqaları orada olmuşdur. Nicat taksi şoferidir, o da orada olmuşdur. Mübahisə zamanı Cabit onu nalayiq ifadə ilə təhqir edərək əli ilə onun boyun, ayağı ilə isə qarın nahiyyəsindən zərbə vurmuşdur, amma o Cabitə əl qaldırmamışdır. Köroğludakı mübahisədən sonra Cabitin qardaşı Sərdar ona zəng edərək Ramana qəsəbəsinə “Dostlar” marketin yanına çağırmışdır. Cabit də Koroğludan gedəndə ona demişdir ki, “gələrsən Ramanaya danışarıq”. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Hadisə Koroğluda baş vermiş, o axşam ora gəlmişdir, uşaq da maşında olmuşdur. O ora gələndə Fəridin növbəsi olmuşdur, o Fəridə yaxınlaşaraq ondan xahiş etmişdir ki, uşaq maşındadır, bir iki nəfər versin, o tez getsin. Bu zaman sözləri tərs gəlmişdir. Fərid ona get işinlə məşğul ol demişdir, həmişəki kimi, aralarında münasibət olmuşdur əvvəlcədən. İstəmir söyüş məsələsini desin, aralarında anlaşmamazlıq baş vermişdir və bir birilərini təhqir etmişlər. Fərid gedib bıçaq gətirmiş maşından, o da Fəridə başa salmışdır ki, onun şəxsinə qarşı söyüşü işlətməmişdir. Daha sonra o uşağı götürüb oradan uzaqlaşmışdır və bu zaman Fəridə “gələrsən Ramanaya danışarıq” demişdir. Daha sonra o Ramana qəsəbəsində yol qırağında dostu ilə söhbət edərkən Fərid onlara yaxınlaşmış və “məni niyə söyürdün” deyə soruşmuşdur, o isə onun şəxsinə söymədiyini bildirmişdir. Daha sonra söhbət uzanmış və o gedib kənarda danışmağı təklif etmişdir. Keçib kənarda söhbət etmiş, ona başa salmağa çalışmışdır ki, onun şəxsinə söyməmişdir. Fərid ona həmişə “qardaşım, qardaşım” demişdir. Sonra söhbət uzanmış, Fərid bıçaqla birini ona, birinidə qardaşına vurmuşdur. Sərdarda orada olmuşdur. Fəridi o Ramanaya çağırmışdır ki, “gələrsən Ramanada söhbət edərik”, o da gəlmişdir. Orada çox adam olmuşdur. İlk olaraq çəkilib ikisi danışmış, sonra münaqişə uzanmış, Fərid onu vurmuşdur. Hazırda Fəridlə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Koroğluda Fərid onun üstünə gələndə onu boğazından itələmiş, şillə ilə onu vurmuşdur, Fərid gedib maşından bıçağı götürüb gəlmiş, lakin onu vurmamışdır. Onların keçib getdiyi yol bir dənədir deyə, Ramanada qarşılaşmışlar. Fəridi uzun müddətdir tanıyır, onun qardaşı Sərdar ilə Fəridin dostluğu var. Fərid düz deyir, Koroğluda olanda Fəridin boğazından tutmuş, şillə ilə vurub itələmişdir. Fəridin dediklərini qəbul edir, doğrudur, Fəridi söymüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Capolad oğlu ifadəsində göstərdi ki, hadisə Koroğlu metrosunun yanında baş vermişdir, qardaşı ilə Fərid arasında münaqişə baş vermişdir. Münaqişə düşəndə orada olmamışdır, Fəridlə münasibəti normal olmuşdur. O Fəridi məsələni aydınlaşdırmaq üçün zəng edib Ramanaya çağırmışdır. Marketin yanında dava olarkən o da orada olmuşdur. Orada kimin kimi söydüyünü aydınlaşdırmışlar. Fərid onunda böyründən yüngülvari vurmuş, xəsarət olmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, orada olanlar Cabitin taksi yoldaşları olmuşdur. Hadisəni görüb gəlmişlər, onlar da davanı ayırmışlar. Nicat hadisə vaxtı orada olmuşdur, hadisəni görmüşdür. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, icarəyə götürdüyü “Mercedes Vito” markalı, **-KJ-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında olarkən digər taksi sürücüləri Cabit və Fəridin mübahisə etdiklərini görüb onları sakitləşdirmiş və onlar çıxıb getmişlər. Daha sonra Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən “Dostlar market’in yaxınlığından keçərkən onların yenidən mübahisə etdiklərini görüb avtomobilindən düşərək onlara yaxınlaşmış və onları sakitləşdirməyə çalışmışdır. Mübahisə zamanı Cabit Fəridin ünvanına nalayiq ifadələr işlətdiyi üçün Fərid üzərindən bıçaq çıxardaraq Cabitə xəsarət yetirmiş və qaçaraq avtomobilinə oturub oradan uzaqlaşmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda ondan başqa Cabitin qardaşı Sərdar və tanımadıqları bir neçə şəxs olmuşdur. Mübahisə yolun kənar hissəsində boşluq bir yerdə olduğu üçün ətrafda olan şəxsləri narahat etməmişdir. O, Fəridin əlindəki bıçağı xatırlamır, hər şey anidən baş verdiyi üçün həmin bıçağı görməmişdir. Sonradan Fəridin həmin bıçağı nə etdiyini bilməmişdir. Koroğlu metrostansiyasının yaxınlığında Cabitlə Fərid arasında baş vermiş mübahisə zamanı Fəridin avtomobildən bıçaq götürüb Cabitin üzərinə gəldiyini görməmiş, onlar bir birilərinə qarşı söyüş söysələr də mübahisə böyümədən orada olan sürücülər aranı sakitləşdirmiş, Cabit oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs Şahid1 bıçaqla vurmasını görməmiş, lakin sonradan Sərdarın özündən eşitmişdir ki, Fərid onun sağ böyrünü bıçaqla vurub sıyırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Dostlar” marketin ətrafına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.05-07); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 876 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ bazunun qançırı müəyyən edilmişdir. Xəsarətlərdən döş qəfəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, sağ bazunun qançırı isə bərk-küt əşya təsirindən törənmişdir, törənmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; sağ bazunun qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir(i.v.18-20); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur(i.v.57-58); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü Qasım-zadə Zəhra Fərid qızı adlı bir azyaşlı uşağı var (i.v.73); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.74-75); Üzləşdirmə haqqında 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadəsində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (i.v.78-81); Cinayət əməlinin tövsif edilməsi haqqında 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin materialları həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir(i.v.82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.85); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir (i.v.99- 100); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.110-112); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 19 aprel 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 19 aprel 2024-cü il tarixdə baş vermiş hadisə uzun müddət aralarında yaxın münasibət olmuş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs döş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 19 aprel 2024-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda “Zərərçəkmiş şəxs ilə aralarında həmin gün saat 22 radələrində Koroğlu metrostansiyası yaxınlığında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan” göstərilsə də, təqsirləndirilən şəxs X2 metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs hamının yanında onu söyüb təhqir etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs da bu faktla bağlı ona verilmiş suala cavab olaraq “Fəridin dediklərini qəbul edir, doğrudur, Fəridi söymüşdür” göstərmişdir. Göründüyü kimi, baş vermiş hadisə cüzi səbəbdən deyil, digər taksi sürücülərinin yanında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən “xuliqan” kimi qələmə verilən şəxsin mübahisənin başladığı Koroğlu metrosunun yanında mübahisə olduğu vaxt zərərçəkmiş şəxsin onu nalayiq ifadə ilə təhqir etməsi və vurmasına baxmayaraq oradan çıxıb getməsi özlüyündə Təqsirləndirilən şəxs niyyətinin xuliqanlıq etmək deyil, artıq baş vermiş mübahisəni sonlandırmaq istəməsinə dəlalət edən faktorlardan biridir. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, Koroğludakı mübahisədən sonra Cabitin qardaşı Sərdar ona zəng edərək Ramana qəsəbəsinə “Dostlar” marketin yanına çağırmışdır. Cabit də Koroğludan gedəndə ona demişdir ki, “gələrsən Ramanaya danışarıq”. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “...daha sonra o uşağı götürüb oradan uzaqlaşmışdır və bu zaman Fəridə “gələrsən Ramanaya danışarıq” demişdir...” Göründüyü kimi, Koroğlu metrosunun yaxınlığında şəxsi münasibətlər zəminində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Sərdar oğlu arasında baş vermiş mübahisə sonlansada belə, zərərçəkmiş şəxsin və onun qardaşının təşəbbüsü ilə Təqsirləndirilən şəxs hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ictimai yer hesab olunan Dostlar marketin yaxınlığına çağrılmışdır. Bu halda bir daha təqsirləndirilən şəxsin niyyətinin xuliqanlıq olmadığına dəlalət edir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətər zəminində başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsi bıçaqla vurmaqla ictimai qaydanı pozması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi qeyd olunduğu halda, yalnız zərərçəkmiş şəxsin qardaşı olan Şahid1, eləcə də həm zərərçəkmiş şəxsin, həm təqsirləndirilən şəxsin dostu Şahid2 şahid qismində dindirilmiş, ətrafda olan digər şəxslərin kimliyi müəyyən edilərək dindirilməmişdir. İstintaq orqanının təqdim etdiyi sübutlarla ictimai qaydanın pozulmasının nədə ifadə olunduğu aydın olmamışdır.Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar