Məhkəmə qərarları › İş №1(008)-79/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-79/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-79/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Günel məmmədovanın sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəzərov Xalid Xaliq oğlunun, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili İsmayılov İlqar Əli oğlunun və təqsirləndirilən şəxs Abbasov Aqil Məzahir oğlunun iştirakları ilə, Abbasov Aqil Məzahir oğlu – 15.03.1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 25.10.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına və 12.01.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmaqla məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Bərdə şəhəri H.Aslanov küçəsi ev ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Abbasov Aqil Məzahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abbasov Aqil Məzahir oğluna verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Abbasov Aqil Məzahir oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,308 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 20 iyun 2024-cü il tarixdə saat 13:00-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən fərdi evin yaxınlığında olan zaman özünü şübhəli apardığından Sabunçu Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,308 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Abbasov Aqil Məzahir oğlu öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Abbasov Aqil Məzahir oğlu ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və istintaqda verdiyi ifadəni təsdiq edərək hazırda Sabunçu Rayon Məhkəməsinin 05.12.2024-cü il tarixli, 1(008)-690/2024 saylı hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzası çəkdiyinin nəzərə alınmasını xahiş etmişdir. Abbasov Aqil Məzahir oğlu ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır ki, narkotik vasitə qəbul edir. Təxminən 15 iyun 2024-cü il tarixdə axşam saatlarında nakotik vasitə qəbul etməyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata “kakos” kimi tanıdığı narkotik vasitə alaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş və düşünmüşdür ki, həmin narkotik vasitəni bir neçə gün sonra istifadə edəcək. 20 iyun 2024cü il tarixdə saat 13:00-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, fərdi evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirib ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyini xahiş etmişlər. Həmin vaxt üzərində narkotik vasitə olması səbəbindən onların verdiyi suallara həyəcanlı və qeyri-adekvat şəkildə cavablar vermişdir. Daha sonrasında isə onun danışığı polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuş və bu səbəbdən üzərində olan narkotik vasitə heroini hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin inzibati otaqların birində olarkən ona dövlət hesabına müdafiəçi qismində 07 saylı Vəkil Bürosunun vəkili İsmayılov İlqar Vəli oğlu təyin edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, ancaq o, müdafiəçisinin iştirakından imtina etmiş, buna səbəb isə üzərindən narkotik vasitənin aşkar edilməsinə vəkilinin şahid olmaması və gələcəkdə onu daha yaxşı müdafiə etməsi olmuşdur. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofanda olan bükümü çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, Bakıxanov qəsəbəsindən üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını bildirmişdir. Polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümdə içərisində qəhvəyi rəngli maddə kağız zərfdə qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir predmet və ya əşya götürülməmişdir. Narkotik vasitə aludəçisi olduğunu, bu səbəbdən şəxsi istifadəsi üçün narkotik vasitə heroini əldə edərək üzərində saxladığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlandığı üçün həmin narkotik vasitə heroini istifadə edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı Adilzadə Cavid Mail oğlu ifadəsində bildirmişdir ki, hazırda Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 iyun 2024cü il tarixdə saat 13 radələrində həmkarı Sabunçu RPİ-nin 12-ci PŞ-nin kiçik əməliyyat müvəkkli Vüqar Süleymanovla bərabər Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində fərdi evin yaxınlığında xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduqları yerdən uzaqlaşmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayaraq özlərini təqdim etdiklərini qeyd etmişdir. Daha sonra həmin şəxsdən anket məlumatlarını soruşduqlarını, ancaq onun verilən suallardan yayınaraq suallara qeyri-dəqiq cavab verməsi səbəbindən qarşılarındakı şəxsin narkotik təsir altında olmasına dair özlərində şübhə yaranmışdır. Bu şübhələrin yoxlanılması məqsədi ilə həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Saxlanılan şəxsin şəxsiyyəti yoxlanılarkən məlum olmuşdur ki, o, Abbasov Aqil Məzahir oğludur və şəxsin gətirilməsi barədə raport tərtib edilmişdir. Abbasov Aqil Məzahir oğluna təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona müdafiəçi təqdim olunmuşdur. Polis şöbəsinə tərəflərindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək polis şöbəsinə gətirilmiş Abbasov Aqil Məzahir oğlunun üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Abbasov Aqil üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ərizə ilə müraciət edərək ona təqdim olunmuş müdafiəçinin şəxsi axtarışda iştirak etməsindən imtina etmişdir. Təhqiqatçı tərəfindən polis şöbəsinə gətirilmiş Abbasov Aqilə üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdə həmin təklifə uyğun olaraq Abbasov Aqilin etiraz etmədən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etdiyini bildirmişdir. Bundan sonra Abbasov Aqilin üzərinə əlavə axtarış keçirilsə də onun üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilməmişdir. Abbasov Aqilin təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman həmin bükümün içərisində tünd qəhvəyi rəngdə maddənin olması aşkar edilmişdir. Sorğu zamanı Abbasov Aqil həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını və həmin maddəni saxlanılmamışdan 5 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində olarkən əvvəllər tanımadığı, anket məlumatlarını və əlaqə telefonunu bilmədiyi şəxsdən 50 manata əldə etməsini bildirmişdir. Abbasov Aqil Məzahir oğlunun üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Abbasov Aqil Məzahir oğlu da etiraz etmədən imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı Süleymanov Vüqar Sulidin oğlu Adilzadə Cavid Mail oğlu ilə eyni məzmunlu ifadə verərək 20 iyun 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində fərdi evin yaxınlığında şübhəli olduğuna görə saxlanılmış Abbasov Aqil Məzahir oğlunun üzərindən narkotik vasitə heroinin aşkar edilərək götürülməsində iştirak etməsini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Abbasov Aqil Məzahir oğluna üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Abbasov Aqil Məzahir oğlu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngdə maddə təqdim etmiş, verilən suallara cavab olaraq həmin maddələrin narkotik vasitə “Kakos” olduğunu, 5 gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən üzdən tanıdığı adını isə bilmədiyi şəxsdən 50 manata alaraq istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Əlavə suallara cavab olaraqsa 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. (i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3313 saylı rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün №159” möhür əksi, “Vət. Abbasov Aqil Məzahir oğlunun üzərindən aşkar edilərək götürülmüş maddə” iştirak etdilər: Adilzadə Cavid Mail oğlu /imza/; Süleymanov Vüqar Sulidin oğlu /imza/ Abbasov Aqil Məzahir oğlu /imza/; Tərtib etdi və qablaşdırdı: /imza/ Mehdi Quluzadə yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,308 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (i.v.30-32). “Maddi sübut kimi tanıma haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Abbasov Aqil Məzahir oğlundan götürülmüş ümumi təmiz çəkisi 1,308 qram çəkidə narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalmış 1,208 qram narkotik vasitə heroinin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v.144). Məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli, 4833 saylı rəyindən görünür ki, Abbasov Aqil Məzahir oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.130-131). “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin məlumatlar “Azercell” MMC-nin 22.11.2024-cü il tarixli 24637 nömrəli məktubuna əlavə edilmiş disk ilə təqdim olunmuş, təqsirləndirilən şəxs Abbasov Aqil Məzahir oğlunun istifadəsində olan “051-731-67-98” saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumata baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir(i.v.132). “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin məlumatlar “Azərfon” MMC-nin 25.11.2024-cü il tarixli AZF/LGL-9854/24 nömrəli məktubuna əlavə edilmiş disk ilə təqdim edilmiş, təqsirləndirilən şəxs Abbasov Aqil Məzahir oğlunun istifadəsində olmuş “070-282-24-32”, “070-763-53- 44”, “077-761-46-26”, “077-802-53-00” saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumata baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir (i.v.134). “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Abbasov Aqil Məzahir oğlunun əməli AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində AR CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Abbasov Aqil Məzahir oğlunun əldə etmiş olduğu narkotik vasitə heroinin mənbəyi ilə bağlı araşdırma materialları ayrılaraq araşdırılması üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmiş, Abbasov Aqil Məzahir oğlunun əldə etmiş olduğu 1,308 qram narkotik vasitə heroini (ekspertiza tədqiqatından sonra qalıq 1208 qram) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 20 iyun 2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokol sübut kimi qiymətləndirilmiş, Abbasov Aqil Məzahir oğlunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.136-142). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Abbasov Aqil Məzahir oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi İsmayılov İlqar Vəli oğlu çıxış edərək, Abbasov Aqil Məzahir oğlunun həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı öz əməlini etiraf etməsini, əməlindən peşman olduğunu bildirərək, şəxsin səmimi etirafını və istintaqa yardım etməsini nəzərə alaraq, iş üzrə sadə residivliyin mövcud olmasına baxmayaraq ona barəsində 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Abbasov Aqil Məzahir oğlu 20 iyun 2024-cü il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v.4). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Abbasov Aqil Məzahir oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.71). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 11 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Abbasov Aqil Məzahir oğlu Gəncə Hərbi Məhkəməsinin 02 fevral 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 331.1, 178.1, 184.1-ci maddələri təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Hərbi Məhkəməsinin 24 fevral 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 yanvar 2012-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 aprel 2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 yanvar 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 noyabr 2021-ci il tarixdə barəsində AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktının 2.4-cü bəndi tətbiq edilmiş, barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra məhkumluğun götürülməsi qərara alınmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə cəzası 01 il 09 aya endirilmiş, 12 yanvar 2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir (i.v.107-110). Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(103)-302/2023 saylı qərarından görünür ki, Abbasov Aqil Məzahir oğluna Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli,1(008)-628/2022 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 ildən 01 il 09 ay müddətə endirilmişdir (i.v.111-120). “Amnistiya aktının tətbiq edilməsi barədə” 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi Abbasov Aqil Məzahir oğluna tətbiq edilmiş, Amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsinin barəsində narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 7(007)- 820/2021 saylı qərarından görünür ki, Abbasov Aqil Məzahir oğluna təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 1(008)- 690/2024 saylı hökmündən görünür ki, Abbasov Aqil Məzahir oğlu AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmışdır. Abbasov Aqil Məzahir oğlunun törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını (AR CM-59.2) məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Abbasov Aqil Məzahir oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 1(008)-690/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə AR CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, onun hazırki cinayət işi üzrə 20 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, başqa cinayət işi üzrə cəza çəkməklə həbsdə olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Abbasov Aqil Məzahir oğlunun ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili İsmayılov İlqar Vəli oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Abbasov Aqil Məzahir oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abbasov Aqil Məzahir oğluna hazırki hökmlə təyin edilmiş cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05.12.2024-cü il tarixli, 1(008)-690/2024 saylı hökmünə əsasən təyin edilmiş 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Abbasov Aqil Məzahir oğluna Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla Abbasov Aqil Məzahir oğlunun üzərində qəti olaraq 2 il 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2024-cü il il tarixdən hesablansın. Abbasov Aqil Məzahir oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abbasov Aqil Məzahir oğlunun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 1(008)-690/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 1,208 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 manat Abbasov Aqil Məzahir oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Abbasov Aqil Məzahir oğlunun dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili İsmayılov İlqar Vəli oğluna sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN 9900003611, m/h AZ37NABZ01350100000000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 33010019442000207120, VÖEN 1800333381) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar