Məhkəmə qərarları › İş №1(008)-791/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-791/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-791/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonu Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Göyçay rayonu Alpout Ərazi dairəsi Alpout kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 11:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 14/2 ünvanında yerləşən "xxxx" ASC-nin Bakıxanov filialının qarşısında quraşdırılmış bankomatdan əmək haqqını çıxarmaq istəyən X1 arxandan yaxınlaşıb sonuncunun pul çıxarmaq üçün müvafiq əməliyyatları yerinə yetirməsini və kartını bankomatdan çıxarmasını görən kimi pulların bankomatdan müştəriyə verilməyə hazırlanması mərhələsindəki müddətdən istifadə edib Zərərçəkmiş şəxs bankomatda pulun qurtarmasını bildirməklə onu digər bankomata yönləndirib diqqətini yayındıraraq bankomatdan çıxmış Zərərçəkmiş şəxs məxsus 700 manat pulu götürüb gizli olaraq talamaqla X1 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi 1,947 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığına daşımış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində həmin yerdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 1,947 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.1 maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "xxxx"ın yanında olarkən sonradan adının X2 olduğunu bildiyini şəxsin "xxxx"ın bankomatının qarşısında dayanıb pul çıxartmaq istədiyini görmüşdür. O, Zərərçəkmiş şəxs bankomatdan çıxartdığı pulunu ələ keçirmək istədiyindən sonuncuya yaxınlaşaraq arxasında dayanmış, Sevinc Abdullayevə kartını bankomata daxil edərək kartın gizli kodu qeyd etmiş və hesabında olan puldan 700 manat çıxarılması ilə bağlı əməliyyat etmişdir. O, Zərərçəkmiş şəxs arxasında dayandığından sonuncunun bankomat əməliyyatlarına diqqət yetirmişdir. Sevinc Abdullayevə əməliyyatı bitirib kartını çıxartmış və bankomat pulları hazırlayarkən sonuncuya demişdir ki, guya bankomatda pul yoxdur və əli ilə Zərərçəkmiş şəxs digər bankomata doğru yönəltmişdir. Sevinc Abdullayevə həmin bankomatdan ayrılıb onun göstərdiyi bankomata yaxınlaşarkən əməliyyat aparıldığı bankomat 700 manat pulu çıxarmış və o, pulu bankomatdan götürüb uzaqlaşmışdır. Əldə etdiyi pulları da öz ehtiyyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, psixotrop maddə istifadəçisi olsa da, hadisə günü onun üzərindən psixotrop maddə aşkar edilməmişdir. Ona fiziki zor tətbiq olunduğundan o, istintaqın ilkin dövrlərində etirafedici ifadələri imzalamış, istintaqın sonrakı mərhələlərində bütün sənədləri imzalamaqdan imtina etmişdir.Hazırda istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Azərbaycan Dövlər Pedoqoji Kollecində uzun illərdir ki, müəllimə işləyir. O, maaşını "xxxx"ın nömrəsini xatırlamadığı kartı ilə alır. Aylıq məvacibi də 528 manatdır. Bayram münasibəti ilə 2021-ci ilin mart ayına olan maaşına 200 manat da mükafat yüklənmişdir. 22 mart 2021-ci il tarixdə bankomat kartında ümumilikdə 728 manat pul olmuşdur. 22 mart 2021-ci il tarixdə, saat 11 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olmuş, həmin vaxt Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən bankomat kartından pul çıxarmaq istəmişdir. Bu məqsədlə bankomata yaxınlaşıb kartını bankomata daxil etmiş, balansında olan 700 manatı çıxarmaq üçün gizli kodu daxil edib əməliyyatı başa çatdırmışdır. Həmin vaxt arxasında bir nəfər əvvəllər tanımadığı şəxs dayanmış, həmin şəxs də ona demişdir ki, guya bankomatda pul yoxdur. O da kartını çıxarmışdır. Sonra həmin şəxs onu əl hərəkəti ilə ötürməklə digər bankomata tərəf yönəltmişdir. O da kartını digər bankomata salmış və hesabında pul olmadığını görmüşdür. Səhərisi gün isə o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra o, bankla əlaqə saxlamış və bankdan ona bildirmişlər ki, 700 manat pulu hesabından çıxarılmışdır. Bundan sonra o, 13-cü PB-nə dəvət edilmiş, PB-nə gedərək hadisə barədə ərizə və izahat vermişdir. O, 13-cü PB-də olarkən oraya hadisə zamanı onun arxasında dayanmış şəxsi gətirmişlər. O, həmin şəxsi görən kimi tanımış və polis əməkdaşlarına bildirmişdir ki, pulu oğurlanarkən arxasında dayanmış şəxs həmin şəxsdir. Həmin vaxt da ona məlum olmuşdur ki, hadisə zamanı arxasında dayanmış şəxs Təqsirləndirilən şəxsdur. Hazırda cinayət nəticəsində ona dəymiş ziyan tam ödənilmişdir. O, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkortik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatların yoxlanılması və sonuncunun törətdiyi cinayətin ifşa olunması məqsədi ilə 12 iyun 2022-ci il tarixdə o və Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Əbülfət oğlundan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu nəzərdə tutulmuş tədirlər planına uyğun olaraq Təqsirləndirilən şəxs adətən olduğu yerlərdə müşahidə aparmağa başlamışlar. Həmin gün, təxminən saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi adlanan ərazidə Təqsirləndirilən şəxs görüb ona yaxnlaşaraq özlərini təqdim etmişlər. Sonuncunun üzərində qanunuz olaraq psixotrop maddə və ya psixotrop maddə saxlamasından şübhələndiklərini Təqsirləndirilən şəxs bildirməklə onu 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə 15-ci PB-nə getmişdir. Onlar bu barədə raportla polis bölməsinin rəisinə məruz edildikdən sonra tərtib etdikləri raportla əlaqədar araşdırmanın aparılması bölmənin təhqitqatçısı polis kapitanı Tərlan Mayılova həvalə edilmişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs X3 tərəfindən şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bununla bağlı müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirlməsi təklif edilmişdir. Sonuncu etiraz etməmişdir. Bundan sonra onun və Şahid1 iştirakı ilə X3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş xırda kristall formada metamfetaminə bənzər psixotrop maddəni çıxarıb könüllü olaraq təhvil vermiş və bildirmişdir ki, ondan aşkar edilmiş maddə psixotrop maddə olan metamfetamindir. Həmin metamfetamini 12 iyun 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi məqsədi ilə almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə metamfetamin X3 tərəfindən zərfə qoyulmuş və qablaşdırılaraq DİN-in “Zərflər üçün” olan 161 saylı möhürü ilə möhürlənmişdir. Möhürlənmiş zərf şəxsi axtarış zamanı iştirak edən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi üzrə digər şahid Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Əbülfət oğlu məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis bölməsində üzərinə şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş xırda kristal formada metamfetaminə bənzər narkotik maddəni çıxaraq könüllü təhvil vermiş, həmin maddəni 12 iyun 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir ( i.v. 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 12 iyun 2022- ci il tarixli, 6/3317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Orucov...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,947 qram ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i.v. 35-38). “Cinayət işinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaqın ********* nömrəsi altında davam etdirilməsi, həmin cinayət işi üzrə əməlin AR CM-nin 234.1-ci maddəsindən AR CM-nin 177.1 və 234.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır (i.v.85-87). “İfadənin yerində yoxlanılması haqqında” 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 14/2 ünvanında yerləşən "xxxx"ın Bakıxanov filialının qarşısına gəlib dayanaraq bildirmişdir ki, 22 mart 2021-ci il tarixdə, saat 11 radələrində tanımadığı qadın bankomatdan pul çıxarmaq istəmiş, qadın hesabından 700 manat pul çıxarılması üçün əməliyyat aparmış, pulun çıxmasını gözləyərkən o, qadına bankomatda pulun olmadığını bildirmiş, qadın yandakı bankomata keçdikdə isə bankomatdan çıxan 700 manat pulu götürüb oradan uzaqlaşmışdır (i.v.131). Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs onun bankomatdan 700 manat pul çıxarmaq istəyərkən arxasında dayanmış və onu aldadaraq 700 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş dediklərini təsdiq edərək törətdiyi cinayət əməlini etiraf etmişdir (i.v.132-133). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji eksperizasının xx.xx.2022-ci il tarixli 4908 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə əbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 180-181). “Maddi sübut kimi tanıma haqqında” 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə təmiz çəkisi 1,947 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır (i.v.182-183). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı psixotrop maddənin olmadığını, ona fiziki təzyiq göstərildiyindən etirafedici ifadələrə imza etdiyini, psixotrop maddələrin istifadəçisi olsa da, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış 5307/2022 saylı tibbi kitabçanın surətindən görünür ki, o, Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçərkən həbs olunan zaman xəsarət aldığını bildirmiş və müayinə zamanı onda sağ dirsək qolunda qərtməkli yara və çapıq aşkar edilmişdir. Göstərilən faktla bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məlumat verilmiş və araşdırma başlanılmışdır. Lakin araşdırmanın gedişatında Təqsirləndirilən şəxs ərizə ilə Sabunçu Frayon prokurorluğuna müraciət edərək AR CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi ilə heç bir şikayət və tələbinin olmadığını, üzərində cəmi 1 qram metamfetamin olduğunu, tutularkən yıxıldığı üçün xəsarət aldığını, heç bir şikayət və tələbinin olmadığını, ekspertizadan keçməkdən imtina etdiyini bildirmiş və həmin müraciətdən sonra prokurorluq orqanlarında başlanmış araşdırma dayandırılmışdır. Məhkəmə baxışı zamanı sədrlik edən həmin məktubla bağlı təqsirləndirilən şəxsə sual verdikdə Təqsirləndirilən şəxs göstərilən məzmunlu məktubla prokurorluq orqanına müraciət etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqana müraciət edilmiş, onun müraciəti əsasında müvafiq araşdırma başlanılsa da, Təqsirləndirilən şəxs özünün sonradan daxil olmuş müraciəti əsasında (araşdırmaya ehtiyacın olmaması, xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsinə dair) həmin araşdırma dayandırılmışdır. Məhkəmə göstərilən halları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş xırda kristall formada metamfetaminə bənzər psixotrop maddəni çıxarıb könüllü olaraq təhvil vermiş və aşkar edilmiş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini 12 iyun 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi məqsədi ilə aldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 177.1 və 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, AR CM-nin 177.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin ifadəsi, AR CM-nin 234.1-ci maddəsinə münasibətdə şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 12 iyun 2022-ci il tarixdə, saat 13:47-dən tutulmuş hesab edilmişdir (i.v. 17). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 4(008)-506/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v 80-83). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(010)-31/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən 10 dekabr 2021-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (i.v.157- 161). Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 700 manat puldan 150 manat hissəsini Sabunçu Rayon Polis İdarəsində müstəntiq Əli Əhmədovdan qəbul etmişdir (i.v.174). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, 05 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir (i.v.175-177). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli, 4(008)-751/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 27 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, 21-1/3-16434-20 saylı məktubdan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(010)-31/2022 saylı hökmü ilə qəti olaraq 02 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata düşmədiyi üçün cəzası çəkilməmiş və onun 02 il 03 ay 08 gün çəkilməmiş cəzası qalmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə özünü təqsirli bilərək etirafedici ifadə verməsini, əməlindən peşman olduğunu (AR CM 59.2), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini (AR CM 59.1.13), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını ( AR CM 59.1.12) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə görə cəza çəkdiyi müddət ərzində yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin tələblərini, o cümlədən, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş AR CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(010)-31/2022 saylı hökmündən əvvəl, 22 mart 2021-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Hazırki halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifələrindən biridir. Qanunvericiliyin də tələbindən göründüyü kimi, cinayətləri vaxtında və tezliklə açmaq cinayət təqibi orqanın üzərinə qanunla qoyulmuş əsas vəzifələrdən biridir. Hazırki halda işin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş AR CMnin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin vaxtında açılmaması Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində onun AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən ona verilmiş ittihamda öz əksini tapmamış və məhkəmə hökmü yalnız verilmiş ittiham daxilində AR CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət nəzərə alınmaqla çıxarılmışdır. Halbuki, Təqsirləndirilən şəxs tərəfindən 22 mart 2021-ci il tarixdə törədilmiş oğurluq cinayəti vaxtında müəyyən edilmiş olsa idi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində onun AR CM-nin 177.2.3-1-ci maddəsi ilə törətdiyi cinayəti əməli hökm çıxarılarkən onun əvvəl törətdiyi cinayət əməli də nəzərə alınmaqla ona AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə vahid cəza təyin edilməli idi. Məhkəmə dövlət orqanlarının cinayətləri vaxtında və tezliklə açmaq vəzifələrinin olmasını, onların üzərində qoyulmuş pozitiv öhdəliklərin yerinə yetirilməməsinin təqsirləndirilən şəxsin ziyanına şərh edilməsinin yolverilməz olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həmin cəzanın AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022ci il tarixli, 1(010)-31/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmasını qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(010)-31/2022 saylı hökmü qanuni qüvvəyə mindiyi vaxtdan sonra törədilmiş AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə isə məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini (Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə görə cəza çəkdiyi müddət ərzində yenidən cinayət törətməsini), təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmin cinayətə münasibətdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli qərarının 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təyin edilərək AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(010)- 31/2022 saylı hökmü ilə qəti təyin edilmiş cəza ilə əhatə olunmuş azadlığın məhdudlaşdırılması cəzasının bu günədək çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(010)-31/2022 saylı hökmünə əsasən ona AR CM-nin 177.2.3-1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 66.5-ci maddəsi ilə təyin edilmiş qəti cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il 01 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 67-ci maddəsinə əsasən ona hazırki hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,897 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar