Məhkəmə qərarları › İş №1(008)-792/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-792/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-792/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin mətbəxt hissəsində qanunsuz olaraq xeyli miqdarda, yəni 3 ədəd dipçəkdə 11 ədəd tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib xx.xx.2024-cü il tarixinədək aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı 29 iyun 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən mənzilin mətbəx hissəsində 3 ədəd dipşəkdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi təmiz çəkisi 25,0 qram olan 11 (on bir) ədəd xeyli miqdarda aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvana gələn polis əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı mənzilin mətbəxində qanunla qadağan olunmuş narkotik vasitələrin olması ilə bağlı mənzilinə baxış və axtarış keçirəcəklərini bildirmişlər. Baxışın və axtarışın video görüntü ilə keçiriləcəyi barədə mənə məlumat verilmişdir. Bundan sonra o, yaşadığı mənzilə baxış və axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mənzilinə baxış keçirilən zaman mətbəxdə təxminən 3 ay bundan əvvəl şəxsi istifadəsi üçün xüsusi qulluq edərək əkdiyi 3 ədəd dibçəkdə 11 ədəd çətənə kollarını aşkar etmişlər. O, həmin narkotik tərkibli çətənə bitkisini şəxsi istifadəsi üçün xüsusi qulluq etmişdir. Bundan sonra mənzilində aşkar olunan narkotik vasitə sayılan çətənə bitkiləri sellofana qoyulub möhürlə möhürlənmiş və o, da imzalamışdır. Bundan sonra baxış və axtarış davam edən zaman ona yaşadığı mənzildə qanunla qadağan olunmuş hər hansı bir maddə olması soruşulanda o, qanunla qadağan edilən hər-hansı predmet olmadığını bildirmiş və axtarış edə biləcəklərini demişdir. Polis əməkdaşları ilə mənzililimin digər otaqlarına baxış keçirdilər və heç nə tapa bilməmişlər. Onun üzərinə axtarış və evimə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olmamışdır. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Hazırda onun istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və kultivası ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatı barədə şöbə rəhbərliyinə məruzə olunaraq əməlin ifşa edilməsi üçün əməliyyat tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, yaradılmış əməliyyat qrupu tərkibində həmin günü saat 18-də Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanılaraq 13-cü PŞ-nə gətirilmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Daha sonra aparılmış əməlimyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda dibçəkdə narkotik tərkibli bitkiləri əkib becərməsini etiraf edərək yaşadığı mənzildə axtarış və baxış aparılmasına etiraz etmədiyini bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra həmin gün dəvət olunmuş aqronom Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına keçirilmiş baxış zamanı mənzilin mətbəx otağında pəncərənin önündə stolun üstündə 3 ədəd dibçəkdə əkilməsi və becərməsi qadağan olunan 10-20 sm müxtəlif hündürlükdə 11 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisi (narkotik tərkibli) aşkar olunmuş, bitkilər tərəfindən çıxarılaraq qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmşdir ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hadisə günü o, evdə olmamışdır. Təqsirləndirilən şəxs dibçəkdə marixuana əkməsindən məlumatsız olmuşdur. Bu barədə sonradan Azad polis bölməsinə aparıldıqdan sonra məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 təqsirləndirilən şəxsin onun oğlu olduğunu qeyd edərək digər Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Şahidlər Şahid1, Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Axtarış, baxış və götürmə aparılması haqqında” 29 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəxində 3 ədəd dibçəkdə əkib-becərdiyi və qulluq etdiyi 11 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmiş və həmin çətənə bitkisinin toxumunu tapdığını, öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim təqdim edilmiş 11 ədəd bitki yerindən çıxarılmaqla qablaşdırılaraq götürülmüşdür ( i.v. 40- 41). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 30 iyun 2024cü il tarixli, 3-16-16/2-7/1077 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 25 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (i.v.47-50). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 sentyabr 2024-cü il tarixli, 6035 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 128-129). “Sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş 11 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 25 qram olmaqla əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 24,78 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, axtarış, baxış və götürməni özündə əks etdirən bir ədəd disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v.130- 136). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 29 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 29 iyun 2024-cü il tarixdə, saat 18:00-dan tutulmuş hesab edilmişdir (i.v. 18). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.79-81). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.82-83). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 iyul 2009-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hisssəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəs ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2013-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 oktyabr 2016-cı il tarixdə cəzasının çəkilməmiş 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 iyul 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir (i.v.88-90). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 1(008)-99/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.91-106). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut –Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş narkotik vasitə çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 24,78 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar