Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-793/2025 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Xüsusi ittihamçı X8 nümayəndəsi 37 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 8, inzibati binada qeydiyyatda olan, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 1 ünvanında yaşayan, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X15 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2024-cü il tarixdə «Tik-Tok» sosial şəbəkədə onun və atası Tağı Əhmədovun şəklini qoyaraq barəsində «dədən maşennikdir, özün maşenniksən, sən bu işdə tiksən, dədənlə sən birsiz, ağıldan da kəmsiz axmağ oğlu axmağ, axmağ oğlu axmağ» mahnısım qoyaraq şərəf və ləyaqətini nalayiq formada alçaldaraq onu təhqir etmişdir. Bundan başqa X7 «Tik- Tok» sosial şəbəkədə onun şəklini qoyaraq, şəklinin üzərində “Nizami Rayon hakimi rauf ehmedov tağı oğlu sahibkar loğman zülfüqarldan rüşvet alaraq qazi atasının əlehinə qerar verdi şerefsiz” sözlərini yazaraq onu ağır cinayətdə ittiham etməklə ona böhtan almışdır. X7 onu təhqir etdiyinə və ağır cinayətdə ittiham etməklə böhtan atdığına görə o da hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müracət etməli olmuşdur. Məhkəmənin diqqətinə onu da çatdırır ki, X7 08 fevral 2017-ci il tarixdə, saat 22 radələrində, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 47 saylı evin 18 saylı mənzilində, oğlu X9 ilə aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı, əli ilə taxta oturacaqla və bıçağın küt hissəsi ilə X3 bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona sağ baldırın qançırı, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ əlin İİ barmağının şişkinliyi, burun kökünün şişkinliyi, onurğanın döş nahiyəsinin qançırı və səthi əzilmiş yarası, gicgah təpə nahiyəsinin şişkinliyi və qançırı (hematoması) kimi xəsarətlər yetirərək, zərərçəkmişin sağlamlığına, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. X3 barəsində olan cinayət işinə baxılması onun icraatına verilmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs X9 atası X3 barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 1(007)-305/2017 nömrəli hökmünə əsasən. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona. qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla. 01 (bir) il müddətinə islah işləri növündə cəza ləyin edilmişdir. Bundan başqa X10 atası X5 qarşı «kompensasiya ödənilməklə mənzilə yaşayış və istifadə hüququnun itirilməsi» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2 (007)-646/2018 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək X10 tərəfindən X5 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə X3 Bakı şəhəri Nizami rayonunun Bəkir Çobanzadə küçəsindəki 47 saylı evin 18 saylı mənzilindən yaşayış və istifadə hüququna xitam verilmişdir. X4 atası X3 hərəkətlərinə görə öz soyadını dəyişərək özünə Həsənov soyadı götürmüşdür. Bundan başqa X7 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X11 Xidməti cəlb olunmaqla, "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizani Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin baxılması onun icraatına verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2020-cü il tarixli, 2(007)- 241/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X11 Xidməti cəlb olunmaqla, "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edimişdir. X7 «Tik-Tok» sosial şəbəkədə onun şərəf və ləyaqətini ləkələyən məlumatları yayaraq böhtan atmış, habelə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və bundan başqa onu rüşvət almaqda ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bununla da X7 Azərbaycan' Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Görünüdüyü kimi X7 onu təhqir edərək, eyni zamanda onu ağır cinayətdə ittiham etməklə ona böhtan almış, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları xx.xx.2024-cii il tarixdə «Tik- tok» sosial şəbəkədə yaymışdır. xx.xx.1968-ci il tarixdə Balakən rayonun Talalar kəndində doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. 8 nömrəli inzibati binada qeydiyyatda olmaqla yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə və 148-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayəti müdafiə etdiyi bildirərək, məhkəməyə xüsusi ittiham qaydasında şikayət verildikdən sonra yenidən “tik-tok” sosial şəbəkəsində Rauf Əhmədovun şəklini paylaşaraq üzərində “sahibkar loğman zülfüqarlıdan rüşvət alaraq qazi atasının əleyhinə qərar verdi rauf əhmədov qazi atasına hədə qorxu gəldi, utanmaz utanmaz qazi atasını məhkəməyə verdi” sözlərini qeyd etmişdir. Bu isə bütün əvvəlki paylaşımalrın da onun özü tərəfindən edildiyini bir daha sübut edir. Ekspertin rəyində də xüsusi ittiham qaydasında şikayətdə göstərilənlər öz təsdiqini tapmışdır. Böhtan dedikdə hər hansı şəxsin barəsində bilərəkdən yalan və əsassız ittiham yaymaq, onu günahlandırmaqdır. Yəni insanın etmədiyi bir işə görə onu günahlandırmaq şərəf və nüfuzuna xələl gətirmək, ona böhtan atmaq sayılır. Təqdim edilən videogörüntüdən və sosial şəbəkədə paylaşılan digər yazılardan da görünür ki, X19 Əhmədovun barəsində təhqir və böhtan xarakteli məlumatları yaymışdır. O, fərdi qaydada da Mehman Baradova bildirmişdir ki, yaxınlaşıb Rauf Əhmədovdan üzrxahlıq edib barışsın, lakin Mehman Baradov əksinə deyir ki, Rauf Əhmədov özü gəlsin, mənim şikayətimi təmin etsin, ərizəmə baxsın, ondan sonra baxaram. İnsan öz davranışları ilə islah olunduğunu göstərmir. Əksinə bütün vasitələrlə digər işləri bura qatmaqla etdiyi əməllərə haqq qazandırmağa çalışır. Ona görə də hesab edir ki, ona sərt cəza verilməlidir ki, digərləri üçün də örnək olsun. Hakimlər Azərbaycan dövlətinin adından qərarlar qəbul edir, Ölkə Prezidenti tərəfindən vəzifəyə təyin olunub, vəzifədən azad olunurlar. Azərbaycan Respublikasının Konstitusiyasında hakimlərin toxunulmazlığı nəzərdə tutulub. Şəxsin məhkəmə qərarından narazı qalması halında onun apellyasiya instansiya məhkəməsinə, kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüququ qanunvericilikdə nəzərdə tutulub. Hakimin qərarından narazı qalan hər bir şəxsin hakimi təhqir etməsinə, onun şərəf və ləyaqətini alçaltmasına, nüfuzdan salmasına yol verilməməlidir. X14 sosial şəbəkədə təhqir və böhtan xarakterli məlumatları paylaşması ilə məsələ bitmir, orada şərhlərdə hər kəs istədiyini pis formada yazır, bütün bunlar da hakimlərin nüfuzuna, ümumilikdə məhkəmə sisteminin nüfuzuna ciddi xələl gətirir. Ona görə də hesab edir ki, Baradov Mehman barəsində maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bunun nəticəsində ilk növbədə özü islah olunacaq, öz səhvini başa düşəcək, həmçinin digər insanlar da hakimlərin nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinəcəkdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov əsassız və qanunsuz olaraq onun işə bərpa olunmasına dair tələbini təmin etməmişdir. 3 ildir ki o, işsizdir. Dəfələrlə apellyasiya məhkəməsinə, Ali Məhkəməyə şikayətlər etmişdir. Hazırda Konstitusiya Məhkəməsinə şikayət etmişdir. O, bu paylaşımları da qanunsuz olaraq işdən çıxarıldığı üçün etmişdir. Rauf Əhmədov şikayətində onun ailə sirrini təşkil edən məlumatları qeyd etmişdir, hansı ki ailə sirrinin yayılması da bir cinayətdir, ona görə də X8 özü məhkəmə iclasında iştirak etməlidir, o, da ondan şikayətçidir. Şəklin üzərində yazılan yazı və mahniya gəldikdə həmin şəkil “google” da vardır, şəkli oradan əldə etmiş, manhnını isə bir nəfər tanış uşaq ona demişdir ki, şəkilə bir qəşəng mahnı qoysun, çoxlu bəyənmə yığılsın, hansı mahnını qoyacağından məlumatı olmamışdır. Həmin mahnı sosial şəbəkələrdə var, oradan götürülüb, o səs onun səsi deyildir. Telefonunda internet meqabaytı bitdiyi üçün həmin vaxt baxa bilməmişdir. Sonra necə mahnı olmasına baxmış və onu silməmişdir. Həmin video yazı çoxlu “bəyənmə” yığmışdır. Həmin paylaşım hazırda silinibdir. Rauf Əhmədovun şəkli paylaşılıb yazılan ifadələri isə o, işdən çıxarılmasından, maddi vəziyyətinin pis olmasından dolayı etmişdir. Həmin fotoşəkil və səs yazısının paylaşıldığı “Tik-tok” sosial şəbəkəsində “qazi atası” səhifəsi ona məxsusdur. Onun həmin materialları paylaşmaqla şərəf və ləyaqəti alçaltmaq niyyəti olmamışdır. Sadəcə 3 ildir işsiz olduğu üçün, cənab Ali Baş Komandana bu halı çatdırmaq istəmişdir. Loğman Zülfüqarlının və Rauf Əhmədovun sayəsində o,3 ildir işsizdir. Onun ailə, maddi vəziyyəti nəzərə alınmalı və işə bərpa olunmalı idi, o, ailəsini dolandıra bilmir. İşə bərpa tələbi təmin olunmadığı üçün burada maraq olduğunu düşündüyündən belə bir paylaşım etmişdir. Bununla bağlı hər hansı sübutu yoxdur. Onun maddi vəziyyəti, ev şəraiti olduqca acınacaqlı vəziyyətdədir. 4 ildir ki, o hüquqlarını bərpa edə bilmir, işə bərpa olunmamışdır. Üç uşağını itirmişdir, oğlunun biri qazidir. Özü iki dəfə əməliyyat olunmuşdur, dərmanlarla yaşayır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş diskdə olan videogörüntülərdən və fotoşəkildən görünür ki, «Tik-Tok» sosial şəbəkəsində “qazi atası” adlı səhifədə xüsusi ittiham qaydasına şikayət ərizəsində göstərilən ifadələr işlədilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin səhifənin ona məxsus olduğunu və tərəfindən istifadə olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 4/2151 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilən materiallarda işlədilən ( “dədən maşennikdir, özün maşenniksən, sən bu işdə tiksən, dədənlə sən birsiz......”, “Nizami Rayon hakimi rauf ehmedov tağı oğlu sahibkar loğman zülfüqarlıdan rüşvet alaraq qazi atasının əlehinə qerar verdi....”) söz, söz birləşməsi və ifadələr xidməti fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə X8 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən və ətrafdakıların yanında nüfuzdan salan məlumatlar hesab edilir. Təqdim edilən materiallardakı məlumatların böhtan olubolmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən linqvist-ekspertin səlahiyyətinə aid deyildir. Ekspertizaya təqdim olunmuş məlumatlarda işlədilmiş (“axmağ oğlu axmağ”, “ağıldan kəm” və “şərəfsiz”) ifadələri X8 şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan, şəxsiyyətini mənfi qiymətləndirən və ətrafdakıların yanında nüfuzdan salan söz və ifadələr, məlumatlar hesab edilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona qazancından dövlət nəfinə 15% faiz məbləğində pul tutulmaqla, 01 il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, mötəbərliyi, mümkünlüyü, mənsubiyyəti üzrə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən AR CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi öz təsdiqini tapmaqla onun əməlində AR CM-nin 147.2 və 148-ci maddələrinin tərkibinin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma- min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi –üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Böhtan maddəsi ilə məsuliyyətin yaranması üçün 3 hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 4/2151 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilən materiallarda işlədilən ( “dədən maşennikdir, özün maşenniksən, sən bu işdə tiksən, dədənlə sən birsiz......”, “Nizami Rayon hakimi rauf ehmedov tağı oğlu sahibkar loğman zülfüqarlıdan rüşvet alaraq qazi atasının əlehinə qerar verdi....”) söz, söz birləşməsi və ifadələr xidməti fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə X8 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən və ətrafdakıların yanında nüfuzdan salan məlumatlar hesab edilir. Məlumatların yalan olması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs yuxarıda qeyd edilən məlumatların həqiqətə uyğun olmasına dair hər hansı sübutunun olmadığını, işə bərpa tələbinə dair iddiası hakim tərəfindən təmin olunmadığı üçün burada maraq olduğunu düşündüyündən onun barəsində həmin məlumatları “Tik-tok” sosial şəbəkəsində ona məxsus səhifədə paylaşdığını bildirmişdir. Yəni bu təqsirləndirilən şəxsin heç bir mötəbər sübuta dayanmayan ehtimalı olmuşdur. Məlumatların yayılması ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilən diskdə olan görüntülərdən görünür ki, yuxarıda göstərilən ifadələr “Tik-Tok” sosial şəbəkəsində təqsirləndirilən şəxsə məxsus səhifədə paylaşılmış, hətta özünün bildirdiyi kimi çoxsaylı “bəyənmə” yığmışdır. Bunlar isə məsuliyyətin yaranması üçün zəruri olan olan əlamətin mövcud olmasını, yəni böhtan xarakterli məlumatın kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını təsdiq edir. Təqsirləndirilən şəxs X1 Rauf Tağı oğlunu nüfuzdan salan yuxarıda qeyd edilən həqiqətə uyğun olmayan məlumatları kütləvi informasiya ehtiyatında nümayiş etdirərək yaymaqla AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin maddə ilə cinayət məsuliyyətinin yaranması üçün kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 4/2151 saylı rəydən görünür ki, ekspertizaya təqdim olunmuş məlumatlarda işlədilmiş (“axmağ oğlu axmağ”, “ağıldan kəm” və “şərəfsiz”) ifadələri X8 şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan, şəxsiyyətini mənfi qiymətləndirən və ətrafdakıların yanında nüfuzdan salan söz və ifadələr, məlumatlar hesab edilir. Ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki,”.....Bu ifadələr faktoloji məlumat vermir, subyektiv, emosional və kobud qiymətləndirmə xarakteri daşıyır. Təkrar və intensivləçdirilmiş formada işlədilməsi adresatı qəsdən alçaltmaq niyyətini gücləndirir. Nəticə etibarilə həmin ifadələr şəxsin ləyaqətini alçaldır, onun mənəvi-əxlaqi və intellektual keyfiyyətlərini mənfi qiymətləndirir və təhqiredici xarakterə malikdir. Ekspertizaya təqdim olunan tədqiqat materialında verilmiş məlumatlar, söz və ifadələr bir-biri ilə əlaqəli şəkildə işlənərək ümumi neqativ məzmun yaratmışdır. Materiallarda hər hansı ehtimal, sual, tərəddüd xüsusiyyətli fikirlər müşahidə edilmir. Məlumatlarda emosionallıq yaradan qiymətləndirici ekspressiyalardan istifadə olunmuşdur. Materiallarda işlədilmiş “axmağ oğlu axmağ”, “ağıldan kəm”, “şərəfsiz” və “maşennik” ifadələri sürətli tezlikdə istifadə olunmuşdur. İfadələrin neqativ məna yükü tamlıqla ümumi məzmunun üzərinə düşür. Verilmiş informasiyanın məna-məzmun təhlili deyilənlərin tam olaraq ittiham aspektindən irəli sürüldüyünü aşkar edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 12-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Beləliklə məhkəmə ekspert rəyinin əsaslandırıcı hissəsində ekspertin hər bir söz və ifadə ilə bağlı gəldiyi qənaəti ətraflı, tam təfərrüatı ilə əsaslandırdığını nəzərə alaraq müvafiq ekspert rəyi ilə razılaşır və yuxarıda qeyd edilən söz və ifadələri təhqir kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında bildirdiyi X8 şərəf və ləyaqətini alçaltmaq niyyətinin olmadığına və ona məxsus “Tik-tok” hesabında yayımlanan videonun onun tərəfindən deyil, başqa şəxs tərəfindən paylaşılması ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, həmin videonun “Tik-Tok” sosial şəbəkəsində məhz təqsirləndirilən şəxsə məxsus “qazi atası” adlı səhifədə paylaşılması, həmin videonu silməməsi, məhkəməyə xüsusi ittiham qaydasında şikayət verildikdən sonra yenidən özünə məxsus yuxarıda qeyd edilən səhifədə böhtan xarakterli yazı paylaşması onun gətirdiyi dəlillərin özünü müdafiə xarakteri daşıdığını, onun niyyətinin kütləvi nümayiş etdirilərək internet informasiya ehtiyatında X8 şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasına yönəldiyini göstərir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə iclasında mahnının paylaşıldığı fotoşəkli özünün əldə etdiyini etiraf etmişdir. Məhkəmə fotoşəkli və oxudulan manhının məzmununda işlədilən ifadələri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs məhz xüsusi ittihamçının şərəf və ləyaqətini alçaltmaq niyyətini reallaşdırmaq məqsədilə fotoşəklin üzərində bu niyyətinə xidmət edən mahnı yerləşdirərək sosial şəbəkədə paylaşmışdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin işə bərpa tələbinə dair iddiasının hakim tərəfindən rədd edilməsi səbəbindən xüsusi ittihamda qeyd edilən məlumatları paylaşmasına dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, şəxsin qəbul edilmiş məhkəmə qərarı ilə razılaşmaması ona həmin qərardan yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ verir, hakimin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilərək internet informasiya ehtiyatında yaymağa, onun şəxsiyyətini nalayiq formada alçaltmağa əsas vermir və buna haqq qazandırıla bilməz. Beləliklə məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, AR CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, xüsusi ittihamçının nümayəndəsinin ifadələrinin, ekspert rəyinin, iş materiallarına əlavə edilmiş videogörüntünün və fotoşəklin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mötəbərliyi, mümkünlüyü, mənsubiyyəti üzrə qiymətləndirməklə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi əməllər AR CM-nin 147.2 və 148-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs X3 əməlində cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona AR CM-nin 148-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, AR CM-nin 147.2-ci maddəsi ilə maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.3.1ci maddəsinə əsasən islah işlərinin iki gününü azadlığın məhdudlaşdırılmasının 1 gününə bərabər tutmaqla hesablamaqla azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti cəza təyin olunmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X7 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X5 elektron nəzarət vasitəsi tətbiq edilməli, X5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: X7 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilsin. X7 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki gününü azadlığın məhdudlaşdırılmasının 1 gününə bərabər tutmaqla hesablayaraq 01 il müddətinə islah işləri cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla X5 qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X7 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X7 barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci X2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. 1 ədəd disk iş materiallarında saxlanılsın. X3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-793/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-793/2025
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver