Məhkəmə qərarları › İş №1(008)-797/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-797/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-797/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, evlidir, orta təhsillidir, işsizdir, əvvəllər məhkum olunmamışdır, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 03 avqust 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Ay işığı” adlı çimərlikdə çarpayının üzərinə qoyulmuş X5 məxsus əl çantasından vətəndaş X5 məxsus 10 manat dəyərində ***-***-**-** mobil nömrəsi ilə işləyən, üzərində 10 manat dəyərində qoruyucu arxalıq olan 2000 manat dəyərində “İPhone 14 Pro” markalı **********48284 İMEİ kodlu mobil telefon aparatını və vətəndaş X3 məxsus 10 manat dəyərində ***-***-**-** mobil nömrəsi ilə işləyən, üzərində 40 manat dəyərində qoruyucu arxalıq olan 2400 manat dəyərində “İPhone 15 Pro” markalı **********21676 İMEİ kodlu mobil telefonu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 2020 manat, zərərçəkmiş şəxs X3 isə 2450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03 avqust 2024-cü il tarixdə saat 15 radələrində istirahət etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Ay işığı” adlı çimərliyə daxil olmuş, saat 17 radələrində çimərlik ərazisində dəniz kənarında gəzən zaman çarpayılardan birinin sahibsiz olduğunu və onun üzərində bir ədəd bel çantasının qoyulduğunu görüb çarpayıya yaxınlaşmış, orada əyləşərək bir qədər ətrafa nəzər salmışdır. O, çarpayıda oturduğu 5 dəqiqə ərzində ona heç kimin yaxınlaşmadığını görərək çarpayının üzərində qoyulan bel çantasının içərisində olan iki ədəd “İPhone” markalı mobil telefonu götürüb şalvarının cibinə qoyaraq oradan uzaqlaşmışdır. O, çimərlik ərazisini tərk edərək avtobusa minmiş və Nəsimi rayonu 28 May ərazisində gedərək orada fəaliyyət göstərən mobil telefonların alışı ilə məşğul olan dükana daxil olmuşdur. O, iki ədəd “İPhone” markalı mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyyacı olması səbəbindən satmaq istədiyini deyərək şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə mağazanın işçisinə təqdim etmiş və hər iki telefona görə 900 manatdan razılığa gəlmişlər. Mağazanın işçisi ona ilkin olaraq 450 manat pul vermiş və qalan məbləği də sonra verə biləcəyini demişdir. Sonradan həmin telefonlardan birini sahibinə qaytarmış, digər telefonun əvəzinə də telefon alıb vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 03 avqust 2024-cü il tarixdə saat 17 radələrində rəfiqəsi Zəhra Tanrıverdiyevə ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Ay işığı” adlı çimərliyə getmiş, rəfiqəsinə məxsus “İPhone 15 Pro” və özünə məxsus “ iPhone 14 Pro” markalı mobil telefonları özünə məxsus bel çantasının içərisinə qoyub, çantanın zəncirbəndini bağlayıb dənizə girmiş, 30 dəqiqə çimdikdən sonra sahilə çıxıb çarpayıya yaxınlaşdıqda bel çantasının açıq olduğunu görüb içərisinə baxan zaman çantanın içərisində olan özünə məxsus üzərində 10 manata aldığı ***-***-**-** mobil nömrəsi olan, arxasında 10 manatlıq kaburası olan, 2023-cü il tarixdə 2500 manata aldığı “iPhone 14 pro” markalı mobil telefonun və rəfiqəsi Zəhraya məxsus “iPhone 15 pro” markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. O, mobil telefonların oğurlanması ilə bağlı Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinə ərizə ilə müraciət etmiş və təhqiqat araşdırması zamanı ona məxsus “İPhone 14 pro” markalı mobil telefon ona geri qaytarılmışdır. Sonradan həmin telefonu satmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 03 avqust 2024-cü il tarixdə saat 17 radələrində rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Ay işığı” adlı çimərliyə getmiş, özünə məxsus “iPhone 15 Pro” və rəfiqəsi məxsus “ iPhone 14 Pro” markalı mobil telefonları Nərgizə məxsus bel çantasının içərisinə qoyub Nərgizlə birlikdə dənizə girmiş, 30 dəqiqə çimdikdən sonra sahilə çıxıb çarpayıya yaxınlaşdıqda bel çantasının açıq olduğunu görüb içərisinə baxan zaman çantanın içərisində olan özünə məxsus üzərində 10 manata aldığı ***-***-**-** mobil nömrəsi olan, arxasında 40 manatlıq kaburası olan, 2024-cü ilin iyul ayında 2400 manata aldığı “İPhone 15 pro” markalı mobil telefonun və rəfiqəsinə məxsus “İPhone 14 pro” markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. O, mobil telefonların oğurlanması ilə bağlı rəfiqəsi ilə birlikdə Sabunçu RPl-nin 14-cü Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun mobil telefonunun əvəzinə eyni markalı başqa telefon alıb vermişlər. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Sərhad oğlu ifadəsində göstərdi ki, o, 03 avqust 2024-cü il tarixdə saat 19:40 radələrində Nəsimi rayonu, 28 may küçəsində yerləşən mobil telefonların təmiri ilə məğul olduğu “Apple Service” telefon mağazasında olan zaman bir nəfər kişi cinsindən olan şəxs mağazaya daxil olmuş, ona özünə məxsus olduğunu bildirdiyi işlək halda olan lakin şifrələrini unutduğu “İPhone 15 Pro” və “İPhone 14 Pro” markalı mobil telefonları təqdim etmişdir. O, mobil telefonların şifrələrinin olmaması səbəbindən hər iki mobil telefon üçün ona ümumilikdə 900 manat təklif etmiş, ilkin olaraq 450 manat pulunu verərək qalan məbləği də sonradan verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs tanımadığını, onu ilk dəfə gördüyünü, ondan mobil telefonları alan zaman şəxsiyyət vəsiqəsini təqdim edərək telefonların oğurluq olmaması və özünə məxsus olmasını bildirməsi səbəbindən ona inanaraq telefonları ondan almış və hər iki mobil telefonu ehtiyyat hissələrinə ayıraraq tanımadığı şəxslərə satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Ay işığı” adlı çimərliyə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(i.v.08-10); Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.56); İfadənin yerində yoxlanılması haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir (i.v.79-81); Könüllü təqdim olunan əşyanın götürülməsi və diskə baxış keçirilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 təqdim etdiyi video çəkilişin mühüm sübut əhəmiyyəti kəsb etdiyini nəzərə alaraq video diskə baxış keçirilməsi qərara alınmışdır (i.v.82); Könüllü təqdim olunan əşyanın götürülməsi və diskə baxış keçirilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, diskdə olan görüntü Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsində yerləşən “Ay işığı” adlı çimərlikdə qeydə alınmışdır. “WhatsApp Video 2024-08-15 at 09.51.51” adlı MP4 formatlı 05 saniyəlik video çəkilişə baxış zamanı günorta saatlarında əlində ağ-göy rəngli sellofan torba olan, əynində qara rəngli şalvar, qara rəngli yay şəpiti və ağ-qara zolaqlı qısaqol köynək geyinmiş, təxminən 35-40 yaşlarında olması ehtimal edilən şəxs “Ay işığı” çimərliyinə daxil olur. “WhatsApp Video 2024-08-15 at 09.54.23” adlı MP4 formatlı 01 dəqiqə 05 saniyəlik video çəkilişə baxış zamanı əynində qara şalvar olan, üst geyimi olmayan 35-40 yaşlarında olan şəxs çimərlikdə bir qədər gəzdikdən sonra kimsəsiz yay çarpayısının üzərinə oturur. Çarpayının üzərində qara rəngli əşyanın, yəni bel çantası olması ehtimal olunan əşyanın olması görünür. Həmin şəxs çarpayının üzərinə oturub 16 saniyə ətrafa nəzər yetirdikdən sonra ayağa duraraq çiyninə aşırtdığı üst geyimini geyinib həmin yerdən uzaqlaşır. “WhatsApp Video 2024-08-15 at 09.56.46” adlı MP4 formatlı 57 saniyəlik video çəkilişə baxış zamanı ekranın sağ üst kənarında tarixin xx.xx.2024-cü il saatın isə 19:05:18 olması müəyyən edilir. Baxış zamanı əynində qara şalvar, qara rəngli yay şəpiti və ağ-qara zolaqlı qısaqol köynək geyinmiş 35-40 yaşlarında olan şəxsin çimərlik ərazisindən çıxması müşahidə olunur. “WhatsApp Video 2024-08-15 at 09.58.42” adlı MP4 formatlı 27 saniyəlik video çəkilişə baxış zamanı ekranın sol üst kənarında “99JZ394” xx.xx.2024-cü il saatın isə 19:05:18 olması müəyyən edilir. Baxış zamanı əynində qara şalvar və ağ-qara zolaqlı qısaqol köynək geyinmiş 35-40 yaşlarında olan şəxsin əlində ağ və göy rəngli sellofan torba ilə sərnişin avtobusuna minməsi müşahidə olunur (i.v.84-85); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.102-103); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 104-105); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012ci il tarixdə X6 psixotrop maddələrin gətirilməsi və üzərində daşınması maddəsi ilə ittiham olunaraq 07 il müddətinə azadlıqdan məhrum edilmiş və 50,000 X10 dirhəmi həcmində cərimə cəzasına məhkum edilərək cəzasını çəkmək üçün həmin tarixdə Mərkəzi həbsxanaya göndərilmişdir (i.v.120-121); Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır (i.v.122- 128); Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması(CM-59.1.4), zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməsi(CM-59.1.13) cəzasını yüngülləşdirən haldır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 14 avqust 2024-cü il tarixdən 16 avqust 2024-cü il tarixədək sübhəli şəxs qismində tutulduğ 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdən 16 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğ 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alın alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar