Məhkəmə qərarları › İş №1(008)-797/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-797/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-797/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-də hüquqşünas işləyən, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, hüquq verən saxta vəsiqədən bilə-bilə istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 iyun 2025-ci il tarixdə saat 15 radələrində cinayətdən məlumatı olmayan tanışının şikayəti ilə bağlı Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində aparılmış araşdırma materialı üzrə qərarın nəticəsi barədə məlumat almaqdan ötrü ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun inzibati binasına gəlib, prokurorluğun dəftərxanasına keçib qeyd edilən məlumatı almaq məqsədilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü və həmin quruma heç bir aidiyyəti olmadığı halda rayon prokurorluğunun nəzarət buraxlış məntəqəsində xidmət aparan Sabunçu rayon Mühafizə idarəsinin polis nəfəri, polis serjantı Şahid2 vəkil olduğunu bildirib, özünü Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi, istintaqa məlum olmayan şəxs tərəfindən, nəməlum üsülla saxtalaşdırılaraq adına tərtib olunmuş hüquq verən rəsmi sənəd hesab edilən xx.xx.2020-ci il tarixli, 2012- VK nömrəli saxta vəsiqəni təqdim etməklə, bilə-bilə saxta sənəddən istifadə edib, bununla kifayətlənməyərək artıq xidmətdə olan polis əməkdaşı Şahid2 daxili rabitə vasitəsilə Sabunçu rayon prokurorluğunun dəftərxana müdiri Şahid1, məlumat almaqdan ötrü qəbula gəlmiş şəxsin həqiqətən də vəkilin olduğu barədə təsdiqedici məlumat verildiyindən yararlanaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü statusunda olan vəkil kimi nəzarət buraxlış məntəqəsindən keçib rayon prokurorluğunun dəftərxanasına daxil olaraq özünə aidiyyəti olmayan məlumatı almağa nail olaraq bilə-bilə saxta sənəddən istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən təxminən 3 ay əvvəl ankoloji xəstə olan, əlil Rəcəbov Rüfət adlı şəxsi Sabunçu rayon prokurorluğuna gətirmiş, belə ki, həmin şəxsin 1 saylı xəstəxanadan 14-cü PB-də şikayəti varmış, həmin işlə bağlı 14-cü PB-də qərar qəbul edilmiş, özü Rüfət və İkramla birlikdə Sabunçu prokurorluğuna getmiş, bu zaman onlar dəftərxanaya daxil olmuş, orada iki xanım varmış, sonradan bir kişi də gəlmiş, həmin kişi ilə iş barədə danışmış və qərarın ləğv olunduğunu bildirmiş, həmin şəxs isə məhkəmənin ləğv qərarının bölməyə göndərildiyini demiş, bundan sonra oranı tərk etmiş, həmin gün gecə isə pul qabının üzərində olmadığını aşkar etmişdir. Pul qabının içərisindəki vəsiqəni ona Namiq Məmmədov kimi tanıdığı şəxs təxminən pandemiya dövründə Rusiya Federasiyasının Nijninovqorod şəhərində vermişdir. Rusiya Federasiyasında olarkən orada vəkil kimi fəaliyyət göstərən X1 olmuş, həmin vaxt oradakı cinayət işi ilə bağlı Namiq adlı şəxs Rusiyadakı büroya gəlmiş, onunla tanışlığı da məhz orada olmuşdur. Həmin dövrdə Namiq ona təklif etmiş ki, Rusiyada işi olan azərbaycanlı şəxslərə kömək etmək məqsədilə onun üçün vəkil vəsiqəsi düzəldə bilər, bu zaman ondan diplomu və digər sənədləri istəmiş və Vəkillər Kollegiyasına qəbul olunmaqla bağlı ərizə yazdırmışdır. Ərizə yazıldıqdan təxminən bir ay sonra vəsiqə ona təqdim edilmiş, lakin həmin vəsiqə işləməyib, çünki Rusiyada sənəd qəbul edilməmişdir. 2022-ci ilin noyabr ayında Bakıya gəlmiş, 2023-cü ilin əvvəllərində isə Gürcüstana getmiş, vəsiqə həmin vaxtlarda Moskvada qalmışdır. 2023-cü ilin aprel ayının əvvəllərində Azərbaycana qayıtmış və o vaxtdan "Altus Construction” MMC-də hüquqşünas kimi fəaliyyət göstərir. Pul qabısının içərisindəki vəkil vəsiqəsinin saxta olduğunu bilməmiş, belə ki, 2025-ci ilin iyun ayında vəkil tanışı Rəsul adlı şəxslə rastlaşmış, söhbət zamanı Rəsul onun nə işlə məşğul olduğunu soruşduqda hüquqşünas kimi işlədiyini demiş, Rəsul isə ondan nə üçün vəkilliyə sənəd vermədiyini soruşduqda, əvvəllər məhkumluğunun olduğunu və bu səbəbdən imtahan versə də qəbul oluna bilməyəcəyini söyləmişdir. Söhbət zamanı Rəsula keçmişdə Namiq adlı vəkilin ona vəkil vəsiqəsi verdiyini demiş, üzərində gəzdirdiyi həmin vəsiqəni göstərdikdə Rəsul onun saxta olduğunu bildirmişdir. Rəsul ona bu barədə Kollegiyaya məlumat verməsini tövsiyə etmiş, bundan təxminən 10 gün sonra Vəkillər Kollegiyasına ərizə yazmış və vəsiqənin surətini ərizəyə tikərək poçtla göndərmişdir. Təxminən 20 gün sonra Kollegiyadan ona zəng etmiş və ora dəvət etmişmişlər, Kollegiyaya getdikdə isə artıq həmin vəsiqəni itirdiyini aşkar etmişdir.O vəsiqəni göstərməmişdir, sadəcə unutduğu üçün dəftərxanada qalmışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1995-ci ilin oktyabr ayından Prokurorluq orqanlarında kargüzarlıq üzrə mütəxəssis kimi işləməyə başlamış, 30 oktyabr 2023-cü ildən isə Sabunçu rayon prokurorluğunda böyük mütəxəssis (dəftərxana müdiri) kimi fəaliyyətini davam etdirmişdir. 21 iyun 2025-ci il tarixdə işdə olmuş, günortaya yaxın qapıda xidmət edən polis nəfəri daxili nömrəyə zəng edərək bir nəfər vəkilin müdafiə etdiyi şəxsin işi ilə əlaqədar dəftərxanaya yaxınlaşmaq istədiyini bildirmiş, o da razılıq verdikdən sonra həmin şəxs xidməti otağına daxil olmuşdur. Həmin şəxs Sabunçu Rayon Polis İdarəsində araşdırılan material üzrə qəbul edilmiş qərarın məhkəmə tərəfindən onun iddiası əsasında ləğv edilərək əlavə araşdırma aparılması üçün Sabunçu rayon prokurorluğuna göndərildiyini demiş, lakin şəxsin adını desə də, soyadını xatırlaya bilməmişdir. Sonradan əlindəki göy rəngli qovluqda olan çoxsaylı sənədlərə baxsa da, müdafiə etdiyi şəxsin ad və soyadını deyə bilməmişdir. Belə olduqda ondan Sabunçu Rayon Polis İdarəsində araşdırmanı aparmış şəxsin ad və soyadını bilib-bilmədiyini soruşmuş, həmin şəxs bildiyini demiş, o da onda həmin şəxsə yaxınlaşmasını məsləhət görmüşdür. Həmin şəxs çəxəb getmiş, bir az sonra onunla çalışan mütəxəssis Dilarə Ağayeva bir ədəd dəri pul qabının həmin şəxs tərəfindən iş masasına bitişik digər masanın üzərindəki printer aparatının arxa hissəsində unudulduğunu ona bildirmişdir. Həmin gün axşamtərəfi saat 17-yə qədər gözləmiş, lakin həmin şəxsin qayıtmadığını görərək internet vasitəsilə Vəkillər Kollegiyasına zəng edib özünü təqdim etmiş və vəsiqədə adı qeyd edilmiş vəkil Təqsirləndirilən şəxs vəkil və sürücülük vəsiqəsini prokurorluqda unutduğunu bildirmişdir. Təxminən bir saat sonra ona həmin ad və soyadda vəkilin sistemdə qeydiyyatda olmadığını demişlər. Səhərisi gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov rayon prokuroru Murad Dadaşova zəng edərək məsələ barədə danışmış, 23 iyun 2025-ci il tarixdə isə unudulmuş əşya və sənədlər rəsmi qaydada Vəkillər Kollegiyasına göndərilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, yalnız vəkillər qapıda duran polis əməkdaşlarına özlərini təqdim etdikdən sonra xidməti otağa daxil ola bilərlər, Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu rayon prokurorluğunun inzibati binasının girişində binaya daxil olan şəxslərin üstbaşını yoxlayır və həmin şəxslərin qeydiyyatını aparır. 21 iyun 2025-ci il tarixdə işdə olduğunu, saat təxminən 15 radələrində hazırki təqsirləndirilən şəxs Sabunçu rayon prokurorluğuna daxil olmuş, ona yaxınlaşaraq vəsiqə göstərmiş və vəkil olduğunu, hüquqlarını müdafiə etdiyi şəxsin işi ilə bağlı gəldiyini bildirərək dəftərxanaya daxil olmaq istədiyini demişdir. Bu zaman o, daxili telefonla dəftərxana müdiri Gündüz müəllimə zəng edərək bir nəfər vəkilin dəftərxanaya daxil olmaq istədiyini bildirmişdir. Dəftərxana müdiri Gündüz müəllimin isə dəftərxana otağına yalnız vəsiqəsini təqdim edib özünü vəkil kimi tanıdan şəxslərin buraxılmalı olduğunu dediyi üçün razılıq vermişdir. Bundan sonra həmin şəxs dəftərxanaya daxil olmuş, bir qədər sonra isə dəftərxanadan çıxaraq inzibati binanı tərk etmişdir. Ondan sonra baş verənlər barədə isə onun heç bir məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-xətşünaslıq ekspertizasının 26 sentyabr 2025-ci il tarixli, 4/1410 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adına olan xx.xx.2020-ci il tarixli vəkil vəsiqəsində Sədr/X5" qrafasındakı imza - X3 tərəfindən yok, başqa şəxs tərəfindən icra olunmuşdur(i.v.43-46); Sənədlərin texniki ekspertizasının 06 oktyabr 2025-ci il tarixli, 5/857 nömrəli rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına 2012-VK nömrəli vəkil vəsiqəsinə oxşar sənədinin blankı və üzərindəki çap yazılar şırnaqlı printerdə çap edilmişdir. 2. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına 2012-VK nömrəli vəkil vəsiqəsinə oxşar sənədinin üzərindəki imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. 3. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına 2012-VK nömrəli vəkil vəsiqəsinə oxşar sənəddə hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilmədi. 4. Tədqiqata vəkil vəsiqəsinin nümunəsi təqdim edilmədiyindən, tədqid olunan Təqsirləndirilən şəxs adına 2012-VK nömrəli vəkil vəsiqəsinə oxşar sənədinin müqayisəli tədqiqatı aparılmadı(i.v.47-50); Üzləşdirmə aparmaq haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdiyi xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.53-55); Qətimkan tədbirinin seçilməsi haqqında 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.87-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CMnin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadləqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.2.2-ci maddəsinə tövsif edilmiş, cəzası 04 il 08 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.93-95); Sübutların qiymətləndirilməsi haqqında 06 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus pul qabının içərisindən aşkar edilmiş xx.xx.2020-ci il tarixli, 2012-VK nömrəli saxta vəkil vəsiqəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır(i.v.97-101); Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sorğuya cavab olaraq göndərdiyi Təqsirləndirilən şəxs müraciətindən görünür ki, həmin müraciətin tarixi olaraq xx.xx.2025ci il tarix göstərilsə də, həmin müraciət xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına daxil olmuş, həmin müraciətdə Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, Moskva Vilayəti Vəkillər Palatasında fəaliyyət göstərir. Nijni Novqorod şəhərində tanış olduğu Namik Hüseynov adlı şəxslə münasibəti yaranmışdır. Rusiyada Azərbaycanlılara hüquqi yardım göstərmək lazım olduğu təqdirdə kordinasiyalı şəkildə qarşılıqlı işləmişlər. Ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasına məxsus vəsiqə təqdim edərək guya kollegiya tərəfindən verildiyini bildirmiş və həmin sənədi o saxlamışdır. Sənədi o, Azərbaycana xx.xx.2025-ci il tarixdə gətirmiş və yoxladığı zaman həmin sənədin qeyri qanuni olduğu aşkar olundu, o həmin sənədi Sabunçu rayonu prokurorluğuna təqdim etmişdir. Məlumat üçün sənədin sürətini təqdim edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vəsiqəni təqdim etmədiyini, sadəcə Sabunçu rayon prokurorluğunun dəftərxanasında unutduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 yuxarıda qeyd edilən məzmunda ifadələr verərək təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin xüsusatları təkzib edərək onun özünü vəkil kimi təqdim etdiyini göstərmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisədən bir neçə gün əvvəl Vəkillər Kollegiyasına onda saxta vəsiqənin olması ilə bağlı yazılı qaydada müraciət etdiyini göstərmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sorğuya cavab olaraq göndərdiyi Təqsirləndirilən şəxs müraciətindən görünür ki, həmin müraciətin tarixi olaraq xx.xx.2025-ci il tarix göstərilsə də, həmin müraciət xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına daxil olmuş, həmin müraciətdə Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, Moskva Vilayəti Vəkillər Palatasında fəaliyyət göstərir. Nijni Novqorod şəhərində tanış olduğu Namik Hüseynov adlı şəxslə münasibəti yaranmışdır. Rusiyada Azərbaycanlılara hüquqi yardım göstərmək lazım olduğu təqdirdə kordinasiyalı şəkildə qarşılıqlı işləmişlər. Ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasına məxsus vəsiqə təqdim edərək guya kollegiya tərəfindən verildiyini bildirmiş və həmin sənədi o saxlamışdır. Sənədi o, Azərbaycana xx.xx.2025-ci il tarixdə gətirmiş və yoxladığı zaman həmin sənədin qeyri qanuni olduğu aşkar olundu, o həmin sənədi Sabunçu rayonu prokurorluğuna təqdim etmişdir. Məlumat üçün sənədin sürətini təqdim edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciəti hadisədədən 1 ay sonra daxil olmuşdur. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs həmin müraciəti hazırki cinayət hadisəsindən əvvəl deyil, sonra etmişdir. Bundan başqa, əgər müraciətdə göstərildiyi kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Kollegiyaya müraciət etmiş olsa idi, 3 gün sonra Sabunçu rayon prokurorluğunda həmin vəsiqənin qalacağını təxmin edə bilməzdi. Halbuki, o, müraciətində həmin sənədi Sabunçu rayonu prokurorluğuna təqdim etdiyini göstərmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs həmin ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirməyə əsas verir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Maddi sübut-saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus pul qabının içərisindən aşkar edilmiş xx.xx.2020-ci il tarixli, 2012-VK nömrəli saxta vəkil vəsiqəsi məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 210(iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus pul qabının içərisindən aşkar edilmiş xx.xx.2020-ci il tarixli, 2012-VK nömrəli saxta vəkil vəsiqəsi məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 210(iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar