Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-798/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Nəzərov Xalid Xaliq oğlunun, Zərərçəkmiş şəxs – Cəlilov Ceyhun İsmixan oğlunun Təqsirləndirilən şəxs – Cəlilov İsmixan Çingiz oğlunun və qanuni nümayəndəsi Cəlilov Çingiz İsmixan oğlunun, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanova Qəmizə Salman qızının iştirakları ilə 02.06.2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Eynulla Ağayev adına 198 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə, nömrəsiz fərdi ev ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Cəlilov İsmixan Çingiz oğlunun Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Cəlilov İsmixan Çingiz oğlu 18 iyul 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1 -ci sahə ünvanındakı fərdi yaşayış evinin qarşısında əmisi Ceyhun Cəlilovun onu və anasını nalayiq ifadələrlə təhqir etməsi səbəbindən Cəlilov Ceyhun İsmixan oğlu ilə aralarında yaranmış mübahisə zamanı qəsdən əlində olan yaba ilə vuraraq sonuncuya sol əlin III barmağın dəlib-keçən deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Cəlilov Çingiz İsmixan oğlunun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Cəlilov İsmixan Çingiz oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Haqverdiyev-33 ünvanında yerləşən Eynulla Ağayev adına tam orta məktəbin 11-ci sinif şagirdidir. Ailəsi ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahədə yerləşən nömrəsiz fərdi ev ünvanında atası, anası və iki bacısı ilə birlikdə yaşayır. Onların yaşadığı evin sənədləri o vaxtı əmisi Ceyhun tərəfindən başqa bir şəxsə satıldığından atası ilə əmisi Ceyhun arasında uzun müddətdir mübahisə yaranmışdır. Ceyhuna məxsus torpaq sahəsi onların yaşadığı evin qarşısında yerləşir və Ceyhun mütəmadi olaraq həmin torpaq sahəsinə gələrək orada təsərrüfat işləri aparır. O, hər dəfə ora gədəndə hasarın arxasından onu və ailə üzvlərini nalayiq ifadələr ilə təhqir edir. Sonuncu dəfə 18.07.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı evin həyətində anası ilə birlikdə həyəti təmizləyən zaman Ceyhun onların səsini eşidib öz həyətindən onları söyməyə başladıqda o Ceyhuna onları söyməməsi üçün xəbərdarlıq etdikdə Ceyhun onları söyməyə davam etmişdir. Bundan sonra o əlinə yabanı alaraq anası ilə birlikdə evinin həyətindən çölə çıxaraq bir qədər irəlidə yol kənarında dayanaraq əmisini gözləmiş, əmisi əlində olan bel ilə onlara yaxınlaşaraq qonşuya məxsus kameranın altında deyil bir qədər kənarda söhbət etməyi onlara təklif etdikdə o, əmisinin bu təklifindən imtina edərək orada dayanmışdır. Daha sonra əmisi yolu keçib onlara tərəf irəliləyən zaman onları nalayiq ifadələr ilə təhqir etdiyi üçün o, əlində olan yaba ilə əmisinin bel və əl nahiyələrindən vuraraq ona xəsarətlər yetirmişdir. Ceyhun əlində olan bel ilə onun üzərinə gəldiyi üçün o qorxub əlində olan yabanı yerə atıb qaçaraq həmin yerdən uzaqlaşmışdır. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Cəlilov Ceyhun İsmixan oğlu ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev-33 ünvanında atası və anası ilə birlikdə yaşayır, fərdi əməklə məşğuldur. Qardaşı Çingiz və ailə üzvləri ilə onun arasında 8 ildir ki, şəxsi münasibətlər zəminində münaqişə vardır. Münaqişəyə səbəb 8 il əvvəl atası İsmixanın ürəyindən və bağırsağından əməliyyat olunmasından sonra borclarını qaytarmaq üçün özünə məxsus Ramana qəsəbəsi 1-ci sahədə yerləşən 12 sot torpaq sahəsini satmaq qərarına gəlməsi olmuşdur. O, atasının fikri ilə razılaşsa da qardaşı Çingiz onunla razılaşmayaraq atasını evdən qovmuşdur. Atası o vaxtı ona və qardaşı Çingizə Ramana qəsəbəsi 1-ci sahədə ayrılıqda 12 sot torpaq sahəsi vermişdir. Çingiz ailə qurduqdan sonra ona pay verilən həmin torpaq sahəsində ev tikib ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. O, bu yaşına kimi subay olduğundan hazırda qeydiyyatda olduğu ünvanda valideynləri ilə birlikdə yaşayır və atası tərəfindən ona pay verilən torpaq sahəsində tikili olmasa da orada əkinçilik və təsərrüfat işləri ilə məşğul olduğunu bildirmişdir. Həmçinin atası və anasının da Çingiz və onun ailəsi ilə heç bir yaxın münasibəti olmadığını qeyd etmişdir. O, özünə məxsus torpaq sahəsinə mütəmadi olaraq gedib ora baş çəkən zaman qardaşı və onun ailə üzvləri tərəfindən təhqirlərə məruz qaldığını və sonuncu dəfə 18 iyul 2024-cü il tarixdə saat 14 radələrində Ramana qəsəbəsi 1-ci sahədə yerləşən torpaq sahəninə gedib orada təsərrüfat işləri ilə məşğul olan zaman hasarın arxa tərəfində qardaşı oğlu İsmixan və qardaşının həyat yoldaşı onu nalayiq ifadələr ilə təhqir etməyə başladıqlarını və o da onları təhqir etdiyi üçün qardaşı oğlu İsmixanın onu çölə çıxmaq üçün səslədiyini qeyd etmişdir. O, həyətyanı sahəni tərk edib bir qədər irəliyə gedib qonşunun hasarının qarşısında onu gözləyərkən İsmixan anası ilə birlikdə gəlib qonşunun evinin qabağında kameranın altında dayandıqlarını və onların yanından ötüb keçmək istədikdə isə onların ikisinin də onu söyərək təhqir etməyə başladıqlarını bildirmişdir. O, arxasını onlara tərəf çevirib getmək istədikdə İsmixan əlində olan yaba ilə onun sol böyrünə zərbə vurmuşdur. İsmixan ona təkrar olaraq zərbə vurmaq istədikdə o əli ilə onun zərbəsinin qarşısını almaq istəmiş və bu zaman yabanın ucu onun sol əlinin 3-cü barmağını deşmişdir. O, almış olduğu xəsarətdən sonra əlində olan bel ilə ona tərəf gedəndə İsmixan qorxub qaçmış və o da əlində olan bel ilə onun arxası ilə qaçsa da ona çata bilməyib öz həyətyanı sahəsinə geri qayıtmışdır. Bundan sonra o, DİN-nin “102” xidmətinə zəng vuraraq baş vermiş hadisə barəsində məlumat vermiş və həmin tarixdə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gedərək qardaşı oğlu tərəfindən ona xəsarət yetirilməsi barədə ərizə və izahat vermişdir. Hadisə 18 iyul 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə ünvanında yerləşən fərdi yaşayış evlərinin qarşısında baş vermişdir. Aralarında olan mübahisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Cəlilov İsmixan Çingiz oğlu tərəfindən ona yaba ilə xəsarətlər yetirilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Sabunçu rayon Şöbəsinin 1741 nömrəli ekspert rəyi ilə tanış olduğunu və ekspertizanın qərarı ilə tam razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilova Ağdaşxanım Sərdər qızı ifadəsində göstərmişdir ki, Cəlilov Ceyhun İsmixan oğlu onun həyat yoldaşı Çingizin doğma qardaşıdır. O, Çingiz ilə 2006-cı il tarixdə ailə həyatı qurduqdan sonra hazırda yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahədə yerləşən fərdi yaşayış evinə köçmüşdür. Onun Çingiz ilə birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. İsmixan Cəlilov onun ortancıl övladıdır. Çingizin özündən başqa Ceyhun adlı qardaşı və Ziba adlı bacısı vardır. Çingizin atası 2005-ci il tarixdə ona və digər oğlu Ceyhuna 12 sot torpaq sahəsini pay vermişdir və həmin torpaq sahələri bir birinə yaxın yerləşir. Çingiz özünə məxsus torpaq sahəsində bir mərtəbəli 3 otaqdan ibarət ev tikdirsə də, Ceyhun subay olduğundan torpaq sahəsini yalnız təsərrüfat məqsədi ilə istifadə edərək öz ata anası ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşamağa davam etmişdir. Ceyhun 6 il bundan əvvəl onlara məxsus torpaq sahəsini sənədi ilə birlikdə tanımadıları bir nəfər şəxsə satdığı üçün onların arasında mübahisə yaranmış və Ceyhun qardaşı Çingizdən torpaqdan çıxmasını təkidlə tələb etdiyi üçün onların arasında bu gün də davam etməkdə olan münaqişə yaranmışdır. Ceyhun hər dəfə öz torpaq sahəsinə baş çəkməyə gəldikdə onları nalayiq ifadələr ilə təhqir etməyə davam etmiş və sonuncu dəfə də 18 iyul 2024-cü il tarixdə saat 14 radələrində o, yaşadığı evin həyətində olan zaman Ceyhun hasarın arxasından onları nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən oğlu İsmixan əmisi Ceyhunun söyüşlərini eşitdiyi üçün onu nalayiq ifadələrlə təhqir etmiş, bundan sonra Ceyhun hasarın arxasından səslənərək İsmixanı çölə çağırdığı üçün İsmixan əlinə yabanı alaraq onunla birlikdə küçəyə çıxmışdır. Onlar küçədə qonşunun evinin qarşısında dayanıb Ceyhunu gözləyən zaman Ceyhun əlində olan bel ilə onlara tərəf gəlmişdir. Ceyhun yolun qarşı tərəfindən onlara tərəf yeriyərək yolu keçmiş, yolu keçərkən onların hər ikisinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün İsmixan özünü saxlaya əlində olan yaba ilə Ceyhunu vurmuşdur. İsmixan əmisi Ceyhunu vurduqdan sonra əlində olan yabanı yerə atıb qaçmağa başlamış və bunu görən Ceyhun onun arxası ilə qaçsa da ona çata bilməyib öz həyətinə geri qayıtmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhəkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi Sabunçu Rayon Şöbəsi məhkəmə-tibbi ekspertizasının 19.07.2024-cü il tarixli 1741 saylı ekspert rəyindən görünür ki, vət. Cəlilov Ceyhun İsmixan oğlunda sol əlin III barmağın dəlib keçən deşilmiş yarası, sol bel nahiyəsinin səthi deşilmiş yarası müəyyən edildi. Xəsarətlər iti uca malik əşya(alət) təsirindən törənmişdir, qərarda göstərilən 18.07.2024-cü il tarixdə və şəraitdə törənə bilər. Dərəcəsinə görə xəsarətlərdən sol əlin III barmağın dəlib-keçən deşilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; sol bel nahiyəsinin səthi deşilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunurAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Cəlilov İsmixan Çingiz oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə istintaqı zamanı Cəlilov İsmixan Çingiz oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. “Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Cəlilov İsmixan Çingiz oğluna 28 avqust 2024-cü il tarixdə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs barəsində AR CM-nin 221-ci maddəsinin tərkib hissəsinin olmaması müəyyən edildiyindən həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə 01 (bir) ədəd “DVD” disk, məhkəmə ekspertizasının 19.07.2024-cü il tarixli 1741 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, qanuni nümayəndələrin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsində təsbit edilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.2-ci maddəsinə görə, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Qanunverici 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır. Məhkəmə, Cəlilov İsmixan Çingiz oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Cəlilov İsmixan Çingiz oğlunun barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Cəlilov İsmixan Çingiz oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növlərindən bəhs edən Azərbaycan Respublikası CM-nin 85.2-ci maddəsinə görə cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Bakı şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 175.5-ci maddəsinə görə Cəlilov İsmixan Çingiz oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Sabunçu rayon 07 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanova Qəmizə Salman qızının göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Cəlilov İsmixan Çingiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzanın icrası Cəlilov İsmixan Çingiz oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəlilov İsmixan Çingiz oğluna məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş 7 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanova Qəmizə Salman qızına göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-798/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-798/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver