Məhkəmə qərarları › İş №1(008)-798/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-798/2025

19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-798/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,368 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı tərəfindən özünü şübhəli aparması səbəbindən Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, Yeni Yaşayış massivində saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 12-ci PŞ-in inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1,368 qram olan qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,899 qram olan psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində ünvan 3 ünvanının qarşsında saxlanılaraq həmin yerdə üstü yoxlanılan zaman əynində olan cins şalvarının sağ yan sibindən 01 ədəd şəffaf sellofan bükümündə xeyli miqdarda təmiz çəkisi 0,899 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bibisi X1 ilə birlikdə yaşayır. O, 2018-ci ildən etibarən narkotik vasitə heroindən çəkməklə istifadə edir və əvvəllər eyni əmələ görə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O azadlığa çıxdıqdan sonrada yenidən narkotik vasitə heroindən son iki ildə istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə o Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata bir büküm narkotik vasitə olan “kola” adlanan heroini alaraq öz istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 21.00 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsində yol kənarı ilə piyada hərəkət edən zaman bir nəfər polis görmüş və həyəcanlanmışdır, çünki üstündə narkotik vasitə olmuşdur. Polis əməkdaşı ona yaxınlaşaraq özünü Sabunçu RPİnin 12-ci PŞ-nin polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqəsini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq ondan yayınmağa çalışmışdır. Lakin, polis əməkdaşı ondan şübhələnib, onu saxlamış və 12-ci PŞ-nə gətirib təhvil vermişdir. Daha sonra, 12-ci PŞ-də inzibati binasında araşdırmanı aparan təhqiqatçının otağına daxil olmuşdur, orada ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə dəvət edilmiş dövlət hesabına müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt, o boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə olan “kakos” adlanan narkotik maddəni təqdim etmiş və verilən suallara cavab olaraq həmin narkotiki öz istifadəsi üçün, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalayaraq təsdiq etmişlər. Bundan başqa, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində olan zaman hər hansı anket məlumatlarını və adını bilmədiyi şəxslə görüşün ona 40 manat pul verib psixotrop maddə hesab edilən metamfetamin almışdır. xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Sülh küçəsində olan zaman ona 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib ondan da şəxsiyyətini təsdiq edən sənəd istədikdə, o üzərində narkotik maddə olmasından qorxduğu üçün bir qədər həyəcanlanmış və polis əməkdaşları onu saxlamışlar və orada videoçəkilişlə üstü yoxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra, o əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə psixotrop maddəni çıxarıb təqdim etmişdir və həmin maddə götürülərək maddi sübut qismində qablaşdırılmışdır. Bundan başqa, o əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu da təqdim etmişdir və əməliyyat müvəkkili tərəfindən həmin telefon sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Daha sonra araşdırmanın davam etdirilməsi üçün onu Sabunçu RPİ-nin 13cü polis şöbəsinə gətirmişlər və PŞ-də dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə təhqiqatçının otağında əməliyyat qrupunun üzvlərinin iştirakı ilə üstü yoxlanılan zaman ondan götürülmüş bükümə baxış keçirilmiş, içində ağ rəngli kristal şəkilli maddə olması müşahidə edilmişdir. Sorğu-sual zamanı o həmin bükümün ona məxsus olmasını, həmin gün Bülbülə qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata alıb əldə edib üzərində saxladığını bildirmişdir. Həmin büküm yenidən təhqiqatçı tərəfindən üzəri möhürlənməklə qablaşdırılmış, üzəri təhqiqatçı və müdafiəçi tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabunçu RPl-nin 12-ci PŞ-nin sahə inpektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 14 may 2025-ci il tarixdə saat 21:00 radələrində təhkim edildiyi inzibati ərazi üzrə xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh 17 ünvanında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşıb özünü təqdim etdikdə həmin şəxs narahat olaraq ondan yayınaraq uzaqlaşmağa cəhd göstərdikdə onu saxlayıb narkotik istifadəçisi olmasında şübhələri yaranması səbəbindən üzərində hər hansı narkotik vasitə və ya qanunsuz əşya olmasından şübhələnmiş və bu şübhələrin yoxlanılması məqsədi ilə onu saxlayaraq Sabunçu RPl-nin 12-ci PŞ-nə müşayiət altında gətirib raportla təhvil vermiş və onun şəxsiyyəti yoxlanılarkən məlum olmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Faktla bağlı araşdırmanın aparılması polis şöbəsinin təhqiqatçısına tapşırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına müdafiəçi qismində təyin edilmiş və üzərində videoçəkiliş aparılmaqla axtarış keçiriləcəyi elan edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisinin və onun iştirakı ilə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Bu zaman əvvəlcə təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif etmişdir. Bu zaman, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və təhqiqatçı tərəfindən həmin büküm açılaraq baxış keçirildikdə orada qəhvəyi rəngli maddə olması müşahidə edilmişdir. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin “kakos” adlanan narkotik vasitəni öz istifadəsi üçün, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb üzərində saxladığını bildirmişdir. Aşkar edilən narkotik vasitəyə bənzər maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalayaraq təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 25 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında bu barədə Sabunçu RPl-nin 13-cü PŞ-nin rəisinə raportla müraciət etmiş və tərəfindən qəbul edilmiş qərarla 13-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradıldıqdan sonra həmin şəxslərin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 18:00 radələrində X2 ünvan 3 ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt keçirilmiş əməliyyat axtarış tədbirinin videoçəkilişi əməliyyat müvəkkili Şahid4 tərəfindən mobil telefonun kamerası ilə çəkilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənlərində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə içində kristal formalı ağ rəngli maddəni çıxarıb təqdim etdiyindən həmin maddə götürülərək maddi sübut qismində qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon da sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Daha sonra araşdırmanın davam etdirilməsi zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs tərəflərindən Sabunçu RPl-nin 13-cü polis şöbəsinə gətirilmiş və təhqiqatçının otağında əməliyyat qrupunun üzvləri və dəvət edilmiş müdafiəçinin iştirakı ilə maddi sübut qismində götürülmüş bükümə baxış keçirilən zaman əvvəlcə təhqiqatçı tərəfindən təqdim edilmiş büküm tərəfindən açılmaqla baxış keçirildikdə içində ağ rəngli kristal şəkilli maddə olması müşahidə edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmasını, həmin gün öz istifadəsi üçün 40 manata alıb əldə edib üzərində saxladığını bildirmişdir. Həmin büküm yenidən təhqiqatçı tərəfindən üzəri DİN-in Zərflər üçün 160 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmış, üzəri təhqiqatçı və müdafiəçi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və ya 13-cü PŞ-də olarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiqlər edilməmiş və onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 27 avqust 2025-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 avqust 2025-ci il tarixdə saat 18:00 radələrində “Fuad” adlı şəxsin narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşınması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupunun üzvləri şübhəli şəxs qismində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 138 ünvanının yaxınlığında saxladıqdan sonra ona saxlanılmasının əsasları izah edildikdən sonra videoçəkiliş aparılmaqla üstü yoxlanılacağı elan edilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya predmet varsa təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə içində kristal formalı ağ rəngli maddəni çıxarıb təqdim etdiyindən həmin maddə götürülərək maddi sübut qismində qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon da sübut əhəmiyyətli olduğundan götürülmüşdür( i.v.07-08); Şübhəli şəxsin tutulması haqqında 27 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur( i.v.19); Təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə haqqında 27 avqust 2025-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş bükümə baxış keçirilən zaman şübhəli şəxslərin tutulmasını əsaslarını elan etdikdən sonra ondan götürülən və araşdırmaya təqdim edilmiş büküm tərəfindən açılmaqla baxış keçirildikdə içində ağ rəngli kristal şəkilli maddə olması müşahidə edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmasını, həmin gün öz istifadəsi üçün 40 manata alıb əldə edib üzərində saxladığını bildirmişdir. Həmin büküm yenidən təhqiqatçı tərəfindən üzəri DİN-in Zərflər üçün 160 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmışdır( i.v.28); Məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2025-ci il tarixli 6/2892 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN "Zərflər üçün №160” möhür əksi, “saxlanılan şəxs : (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,899 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış maddə - metamfetamindir. Qeyd : Metamfetaminin təmiz çəkisi: 0,899 qram, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,84 qram(i.v.32-35); DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 02 ədəd mp4 formatlı video fayllar vardır. Birinci mp4 formatlı video fayl açıldıqda həmin görüntüdə açıq havada Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 özünü təqdim edərək 27 avqust 2025-ci il tarixdə saat 18:00 radələrində “Fuad” adlı şxəsin narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşınması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupunun üzvləri Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, videoçəkilişi aparan Sabunçu RPİ-nin 13-cü PŞnin əməliyyat müvəkkili polis leytenantı Şahid4 özlərini təqdim edirlər, sonra isə şübhəli şəxs qismində saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir və ona saxlanılmasının əsasları əməliyyat müvəkkili Şahid2 tərəfindən izah edildikdən sonra videoçəkiliş aparılmaqla üstü yoxlanılacağı elan edilir, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya predmet varsa təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edir. Təqdim edilmiş bükümə əməliyyat müvəkkili Şahid2 tərəfindən baxış keçirildikdə sellofan bükümün içində ağ rəngli kristal formalı maddə olması müşahidə edilir, həmin maddənin nə olması sual edildikdə Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən üzdən tanıdığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirir. Əməliyyat müvəkkili Şahid2 həmin 01 ədəd şəffaf sellofan bükümündəki maddəni zərfə qoyaraq üzərini möhürləyərək qablaşdırır və imzalarla işrirakçılar tərəfindən imzalanır, həmin maddənin müvafiq ekspertizaya göndəriləcəyi elan edildikdə, Təqsirləndirilən şəxs etiraz etmir. Daha sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması davam etdirildikdə onun əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək maddi sübut qismində araşdırmaya təqdim edilmək üçün götürülür. Baxış zamanı ikinci mp4 formatlı video fayl açıldıqda həmin görüntüdə xidməti otaqda özünü Sabunçu Rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinin təhqiqatçısı kimi təqdim edir. Bundan sonra otaqda olan mülki geyimdə olan Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Sabunçu RPlnin 13-cü polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, videoçəkilişi aparan Sabunçu RPl-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid4 və müdafiəçi mülki geyimdə olan saxlanılan şübhəli şəxs isə özünü Təqsirləndirilən şəxs kimi özlərini təqdim edirlər. Təhqiqatçı şəxsi hansı şəraitdə saxlamaları barədə əməliyyat qrupunun üzvlərinə sual verdikdə əməliyyat müvəkkili polis leytenantı Şahid2 27 avqust 2025-ci il tarixdə saat 18:00 radələrində “Fuad” adlı şəsin narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşınması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlayaraq üstü yoxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər maddəni qablaşdırdığı zərfi və şəxsin üstündə olan mobil telefonu təhqiqatçıya təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrini izah edir və təqdim edilmiş büküm tərəfindən açılmaqla baxış keçirildikdə içində ağ rəngli kristal şəkilli maddə olması müşahidə edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olması, həmin gün öz istifadəsi üçün 40 manata alıb əldə edib üzərində saxladığını bildirir. Həmin büküm yenidən təhqiqatçı tərəfindən üzəri DİN-in Zərflər üçün 160 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılır tərəfindən və müdafiəçi tərəfindən üzəri imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər 01 ədəd bükümdəki maddənin tərkibinin, növünün müəyyən edilməsi üçün ekspertizaya təqdim ediləcəyini elan etdikdə, bununla bağlı Təqsirləndirilən şəxs və müdafiəçisi heç bir vəsatət bildirmirlər. Bundan başqa, təhqiqatçı üstün yoxlanılması zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefonun da araşdırılma üçün götürüləcəyini bildirir(i.v.48-49); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.65-67); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.68-69); Şübhəli şəxsin tutulması haqqında 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21 radələrində CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(i.v.92); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru Şahid1 və müdafiəçinin iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, maddə və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və təhqiqatçı tərəfindən həmin büküm açılaraq baxış keçirildikdə orada qəhvəyi rəngli maddə olması müşahidə edilmişdir. Sorğusual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs olaraq həmin “kakos” adlanan narkotik vasitəni öz istifadəsi üçün, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb üzərində saxladığını bildirmişdir. Aşkar edilən narkotik vasitəyə bənzər maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 159 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir(i.v.102-103); Məhkəmə-kimyəvi ekspertizasının 15 may 2025-ci il tarixli 6/1818 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №159” möhür əksi, “vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” və s adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,368 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi 1,368 qram, sərfedildi-0,1 qr., qalıq-1,269 qram(i.v.107-110); DVD diskə baxış keçirilməsi haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinməsi səbəbindən gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrini izah edir, sonra isə üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini elan edir və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif edir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edir və təhqiqatçı tərəfindən həmin büküm açılaraq baxış keçirildikdə orada qəhvəyi rəngli maddə olması müşahidə edilir. Sorğu sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin “kakos” adlanan narkotik vasitəni öz istifadəsi üçün, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb üzərində saxladığını bildirir(i.v.131); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.156-158); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.159-160); Maddi sübut kimi tanınma haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,368 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 1,268 qram heroinin qalıq hissəsi Sabunçu RPİ-in saxlancına təhvil verilməsi qərara alınmışdır(i.v.163-164); Mobil telefona baxış keçirilməsi haqqında 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsi olan mobil telefonun kilidi açılaraq daxilindəki müxtəlif qovluqlara baxış keçirilmiş, baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair audio və video materiallar, foto, mesaj mətnləri, səsli mesajlar və s. cinayət işi üzrə maraq kəsb edən hər hansı sübut, dəlil aşkar edilməmişdir(i.v.168); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1ci maddəsi ilə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 03 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1, 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.183-184); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.203-204); Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Azerfon MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı abonent nömrəsinə 01 oktyabr 2024-cü il tarixindən 16 may 2025ci il tarixinədək daxil olan, çıxan zənglərin, mesaj mətinlərinin və anten dairələrinə dair telefon məlumatları olan 01 ədəd CD diskindəki məlumatlara baxış zamanı həmin məlumatlarda narkotik vasitələrin satışı ilə bağlı mesaj mətinləri müəyyən edilməmişdir. Bu barədə protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.208); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4855 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə qeydiyyatdadır(i.v.215-216); Maddi sübut kimi tanıma haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 10,899 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınsın və tədqiqatdan sonra qalıq qalan 0,849 qram hissəsi Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır(i.v.222); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17 dekabr 2025-ci il tarixli hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalında həbs edilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş, həmin videogörüntülərin DVD diskə baxış keçirilməsi haqqında protokollara uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü bəndinə əsasən təmiz çəkisi 1,368 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,899 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-nin 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması və cinayətin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2),27 avqust 2025-ci il tarixdən 29 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 14 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, ümumilikdə 04(dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 17 dekabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 224 (iki yüz iyirmi dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 avqust 2025-ci il tarixdən 29 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 14 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, ümumilikdə 04(dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 08(səkkiz) ay 26(iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,368 qram, tədqiqatdan sonra qalıq çəkisi 1,268 qram olan narkotik vasitə heroin və 0,899 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,849 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 224(iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar