Məhkəmə qərarları › İş №1(008)-8/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-8/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-8/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,208 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış, 10 avqust 2021-ci il tarixdə saat 19:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 39 saylı fərdi evin qarşısında olarkən özünü şübhəli apardığından Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sonuncunun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd «Magna» yazısı olan siqaret qutusunun içərisindən bir ədəd siqaretin ağ kağızına bükülmüş təmiz çəkisi 0,208 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında sayğaca baxarkən oradan bir ədəd siqaret qutusunun içərisində narkotik vasitə taparaq gələcəkdə istifadə üçün üzərində saxlamışdır. Həmin gün saat 19 radələrində Sabunçu rayonu, Anaşkin küçəsində olarkən ona iki nəfər polis əməkdaşı yaxınlaşıb, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından və cibində narkotik vasitə olduğundan bir qədər həyəcanlanmış və polis əməkdaşlarından yayınmaq istəmişdir. Polis əməkdaşları onun bu hərəkətlərindən şübhələnib şəxsiyyətini təsdiq etmək məqsədi ilə birlikdə Sabunçu RPİ-nin 12ci PŞ-yə getməyi təklif etmişər. O, etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmiş, xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim edilməsi bildirilmişdir. Bu səbəbdən də o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və polis əməkdaşlarına həmin bükümün içərisində narkotik vasitə “patı” olduğunu, onu həmin sayğaca baxarkən tapmasını və gələcəkdə istifadəsi üçün öz üzərində saxlamasını bildirmişdir. Təqdim etdiyi büküm təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş, daha sonra onun üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı qeyd olunan maddədən başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu onun və axtarışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində Sabunçu rayonu, Anaşkin küçəsi 39 saylı evin qarşısında inzibati ərazidə Şahid1 ilə birgə xidmətdə olarkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apardığını oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, lakin, onlar həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsində həmin şəxsin xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 26, mənzil 75-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. 12-ci polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üzərində ‘‘Magna‘‘ yazısı olan siqaret qutusunun içərisindən bir ədəd siqaretin ağ kağızına bükülmüş kristal formalı maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Onun psixotrop maddə olan metamfetamin olduğunu, müəyyən müddət öncə yaşadığı evin divarına quraşdırılmış sayğacın qutusundan tapmasını və gələcəkdə şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsi tədqiq edilməklə elan edilmiş və Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlun ifadə verdiyi müəyyən edilmişdir. Cinayət işinin 4-cü vərəqəsində olan 10 avqust 2021-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur . Cinayət işinin 23-24-cü vərəqəsində olan 10 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd üzərində ‘‘Magna‘‘ yazısı ola siqaret qutusunun içərisindən bir ədəd siqaretin ağ kağızına bükülmüş kristal formalı maddə çıxarılaraq təqdim edilmişdir. Cinayət işinin 28-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik müəyyən edilmişdir. Cinayət işinin 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2021-ci il tarixli, 6/3413 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddələr...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,208 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə-metamfetamindir. Cinayət işinin 60-63-cü vərəqələrində olan 12 avqust 2021-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair İŞ-nin müstəntiqi Rüstəm İsmayılovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 64-cü vərəqəsində olan 12 avqust 2021-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 avqust 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə cəza 2 (iki) il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan 12 oktyabr 2021-ci il tarixli Ambulator məcburinarkoloji tibbi yoxlama haqqında 3919 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs Kannabiodlərin və psixotrop maddə olan metanfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-95-ci vərəqələrində olan 15 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məhkəmə Psixiatrik ekspertizasını 2406 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli törədərkən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin 99-102-ci vərəqələrində olan 21 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0.208 qram psixotrop maddə, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.168 qram metanfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini və xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 10 avqust 2021-ci il tarixdən 12 avqust 2021-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 0.168 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat, 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 0.168 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar