Məhkəmə qərarları › İş №1(008)-80/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-80/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-80/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1969-cı ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali-hərbi təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarında sui-istifadə edərək onu aldadıb, Zərərçəkmiş şəxs bacanağı oğlu Şahid Azərbaycan Respublikası Prezidentinin Mühafizə Xidmətinə işə qəbul etdirəcəyini vəd edərək 2022-ci ilin iyul ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Bakı Metropolitenin «Neftçilər» stansiyası yaxınlığında 5000 manat və 2022-ci ilin oktyabr ayında ünvan 4 ünvanda yerləşən “Sərham” marketin qarşısında 5000 manat, ümumilikdə 10000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs 10000 manat, yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yaşayır. 2022-ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs ona müraciət edib bacanağının oğlunu Azərbaycan Respulikasının Prezidenti Yanında Xüsusi Mühafizə İdarəsinə işə qəbul etdirmək istədiyini bildirmiş, ondan həmin idarədə işləyən tanışının olub-olmamasını soruşmuşdur. O, Zərərçəkmiş şəxs qohumunu həmin idarədə işləyən tanışı vasitəsi ilə işə düzəldə biləcəyini, bunun üçün 10000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr, noyabr və dekabr aylarında ona hissə-hissə olmaqla cəmi 10000 manat vermişdir. Şahid sənədləri Azərbaycan Respulikasının Prezidenti Yanında Xüsusi Mühafizə İdarəsinə təqdim edilmiş, lakin, bir ay sonra onlara işə qəbulla bağlı rədd cavabı verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, lakin, o, aldığı pulu şəxsi ehtiyaclarına sərf etdiyi üçün Zərərçəkmiş şəxs pulu geri qaytara bilməmişdir. Hal-hazırda, zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəmişdir. O, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2021-ci il tarixdə bacanağı X2 ilə söhbət edən zaman bacanağı ona oğlu Şahid işə düzəltmək istədiyini bildirmişdir. O, bununla bağlı tanışı Təqsirləndirilən şəxs məlumat vermiş, Məsimov X1 Mühafizə xidmətində tanışı olduğunu, həmin şəxs vasitəsi ilə onun qohumu Şahid həmin idarəyə işə düzəltdirə biləcəyini, bunun üçün 10000 manat pul tələb olunduğunu bildirmişdir. Daha sonra, o, Təqsirləndirilən şəxs tələb etdiyi sənədləri ona təqdim etmiş, 2021-ci ilin iyul ayında Bakı Metropolitenin «Neftçilər» stansiyası yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşərək ilkin olaraq ona 5000 manat vermişdir. Bir müddət sonra, ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Sərham” marketin qarşısında 5000 manat pul vermişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək qohumunu işə düzəltməmiş, pulu geri qaytarmasını tələb etməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan yayınmışdır. Şahid işə düzəldilməsi üçün lazım olan vəsaiti özü ödədiyi üçün məcbur qalaraq Təqsirləndirilən şəxs barəsində polisə müraciət etmişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-24-cü vərəqəsində olan 23 may 2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında «WhatsApp» mesajlaşma proqramı vasitəsi ilə aparılmış SMS yazışmalara keçirilən baxış zamanı Təqsirləndirilən şəxs işə qəbulla bağlı Zərərçəkmiş şəxs pul alması, söz verdiyi tarixdə işi həll edə bilmədiyi üçün Zərərçəkmiş şəxs verdiyi pulu geri tələb etməsi, Təqsirləndirilən şəxs pulu verməkdən yayınması müəyyən edilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulmasına dair protokoldan görnür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 105-107-ci vərəqələrində olan 29 iyul 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan 29 iyul 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 11303 nömrəli, 12 fevral 2024cü il tarixli qəbzinin surətindən görünr ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni, 2500 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 saylı qərarında edilmiş dəyişikliklərə əsasən, həmin qərarın 4.9-cu bəndi ilə sonuncu qərara 40-cı bənd əlavə edilmişdir. Həmin bənddə məhkəmələrə izah edilir ki, Cinayət Məcəlləsinin 73- 1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərərçəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır. Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək və yaxud hökm apellyasiya qaydasında mübahisələndirildikdə, apellyasiya instansiyası məhkəməsi yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs vurduğu ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş şəxslər tərəfindən şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 40.3,41.2, 43.1.2, 175.5, 346-348-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar