Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-800/2025 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mədən 2, ünvansız fərdi yaşayış evində yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 08 avqust 2025-ci il tarixdə saat 06 radələrində “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Chevrolet Aveo" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ilə üzü Zabrat qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməyərək yəni, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verildiyi, həmçinin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazım olduğu halda, həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub mövcud şəraitdə idarə etdiyi avtomobillə qarşısında hərəkətdə olan avtobusu sağ tərəfdən ötmə əməliyyatı edib həmin hərəkət hissənin sağ hissəsində yolun kənarında dayanıqlı vəziyyətdə olan "Zil" markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxa hissəsindən öz avtomobilinin qabaq hissəsilə ehtiyatsızlıqdan vurması nəticəsində "Zil" markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sükanı arxasında əyləşmiş Zərərçəkmiş şəxs huşun koma tipli pozulması ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və mədəciklərinə qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən qapalı, xətti sınığı, ənsə-təpə və sol gözyuvasıətrafı nahiyələrin dərialtı hematomaları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus "Chevrolet Aveo" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2025-ci il tarixdə səhər saat 06 radələrində idarə etdiyi "Chevrolet Aveo" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər şossesində üzü Zabrat qəsəbəsi istiqamətində üç zolaqlı yolun üçüncü, sol zolağı ilə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman orta zolaqda hərəkət edən kran maşını onun zolağına keçdiyindən o, idarə etdiyi avtomobili krana dəyməmək üçün sağa çəkmişdir. Bu zaman orada dayanan “Zil” markalı maşına dəymişdir. O, həmin maşına dəyməmək üçün yayınmağa çalışsa da, yayına bilməmiş və nəticədə toqquşma baş vermişdir. O, "Zil" markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini anidən görmüş və avtomobilinin qabaq hissəsi ilə "Zil" markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində baş, sol qol və sol ayaq nahiyələrindən xəsarətlər almışdır. Həmçinin sonradan bilmişdir ki, "Zil" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs adlı şəxs də müxtəlif növ bədən xəsarətləri almışdır. Hadisə zamanı avtomobilində tək olmuşdur. O və zərərçəkmiş şəxs Sabunçu Xəstəxanasında müalicə olunmuşdur. Valideynləri tərəfindən zərərçəkmiş şəxsin ailə üzvləri ilə razılığa gəlinməyə çalışsa da mümkün olmamışdır. Məhkəmədən barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayon Kommunal Təsərrüfatı idarəsində sürücü işləmişdir. Həmin idarəyə məxsus "Zil" markalı 10-JG- 821 dövlət qeydiyyat nişanlı yük avtomobilini Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. 08 avqust 2025-ci il tarixdə səhər radələrində qeyd olunan avtomobillə işə getmək üçün qarajdan çıxmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər şossesində üzü Zabrat qəsəbəsi istiqamətində üç zolaqlı yolun ikinci zolağı ilə hərəkətdə olan zaman avtomobilində problem olduğu üçün avtomobili yolun kənarında saxlamışdır. O, avtomobilin qapısını açıb düşmək istəyən zaman nəyinsə maşına zərbə ilə dəydiyini hiss etmişdir. Bunun nəticəsində o, yıxılmış və başından xəsarət almışdır. Daha sonra onu xəstəxanaya yerləşdirmişlər. O, huşun koma tipli pozulması ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi xəsarətlərini almışdır. Onun bir müddət xəstəxanada müalicələri davam etmiş, hərəkət edə bilməmişdir. Müalicələrdən sonra özünə gəlmiş, evə buraxmışlar. Evə buraxıldıqdan bir müddət sonra isə iki dəfə insult keçirmişdir. Hazırda yataq vəziyyətində yaşayır, hərəkət edə bilmir. Təqsirləndirilən şəxs tərəfindən ona heç bir maddi yardım göstərilmədiyindən ondan şikayətçidir. Onun müalicəsi ilə bağlı çəkdiyi xərc 10.000 manat təşkil edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı Bəxtiyar təxminən 34 ildir ki, Bakı şəhəri, Sabunçu rayon Kommunal Təsərrüfatı idarəsində sürücü işləmişdir. Belə ki, həmin idarəyə məxsus "Zil" markalı 10-JG- 821 dövlət qeydiyyat nişanlı yük avtomobilini Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. Həmçinin Bəxtiyarın qeyd olunan yük avtomobilini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 08 avqust 2025-ci il tarixdə səhər radələrində həyat yoldaşı Bəxtiyar qeyd olunan avtomobillə işə getmişdir. Həmin günü dəqiq saatı yadında deyil, onlara məlumat gəlmişdir ki, Bəxtiyar xəstəxanadadır. Bundan sonra dərhal xəstəxanaya getmiş, sonradan məlum olmuşdur ki, Bəxtiyar Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər şossesində üzü Zabrat qəsəbəsi istiqamətində üç zolaqlı yolun ikinci zolağı ilə hərəkətdə olan zaman avtomobildə nasazlıq olduğundan avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt isə arxadan gələn sonradan adını bildikləri Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet markalı avtomobillə Bəxtiyarın qeyd olunan avtomobilinin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində həyat yoldaşı Bəxtiyar huşun koma tipli pozulması ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi xəsarətlərini almışdır. Bəxtiyarın bir müddət xəstəxanada müalicələri davam etmiş, həmin müddət ərzində Bəxtiyar gah onları xatırlamış, gah da xatırlamamışdır. Həmçinin bir müddət sonra Bəxtiyarın nitq qabiliyyəti qismən bərpa olunmuş və onlarla azda olsa danışmağa başlamışdır. Hadisə barədə də xatırlayanda yuxarıda qeyd etdiklərini Bəxtiyar ona demişdir. Daha sonra isə get-gedə Bəxtiyarın vəziyyəti pisləşməyə başlamış, hazırda huşu gedib gəlir, yataq vəziyyətindədir, hərəkət edə bilmir. Bununla bağlı müvafiq xəstəlik sənədlərini təqdim etmişdir. Bir dəfə də olsun təqsirləndirilən şəxsin ailə üzvləri onun həyat yoldaşı ilə maraqlanmamışlar. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidilər. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Qayınatası Bəxtiyar uzun illər idi ki, Bakı şəhəri, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində sürücü işləyirdi. Bəxtiyar həmin idarəyə məxsus "Zil" markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edirdi. 08 avqust 2025-ci il tarixdə səhər radələrində onlara məlumat gəlmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində Bəxtiyar müxtəlif növ bədən xəsarətləri alıb və xəstəxanadadır. Bundan sonra xəstəxanaya getmişlər. Sonradan məlum olmuşdur ki, Bəxtiyar Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər şossesində üzü Zabrat qəsəbəsi istiqamətində üç zolaqlı yolun ikinci zolağı ilə hərəkətdə olan zaman maşın nasaz olduğu üçün avtomobili yolun kənarında saxlamış və maşından düşmək istəyən zaman arxadan gələn sonradan adını bildikləri Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet markalı avtomobil Bəxtiyarın qeyd olunan avtomobilini arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış və başından xəsarət almışdır. Hadisə nəticəsində Bəxtiyar baş və beyin nahiyələrindən ağır dərəcəli xəsarətlər almışdır və bir neçə gün koma vəziyyətində qalmışdır. Bəxtiyarın bir müddət xəstəxanada müalicələri davam etmiş, sonra evə buraxılmışdır. Bəxtiyarın vəziyyəti get-gedə pisləşmiş, hazırda huşu gedib gəlir, yataq vəziyyətindədir, hərəkət edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 08 avqust 2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi küçəsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 1817 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs huşun koma tipli pozulması ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və mədəciklərinə qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən qapalı, xətti sınığı, ənsə-təpə və sol gözyuvasıətrafı nahiyələrin dərialtı hematomaları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərlər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 1819 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş yarası, sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, sol diz qapağının xətti sınığı və sol bazunun siyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir; zərərçəkmiş şəxs qismində tanınma və qanuni nümayəndə təyin etmək haqqında 05 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır, zərərçəkmiş şəxsin həyat yoldaşı Şahid1 istintaq hərəkətləri aparılmasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində təyin edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 sentyabr 2025-ci il tarixli, 8/1952 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Chevrolet Aveo" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Zil" markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 13 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi videogörüntüyə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmiş və baxış zamanı təqsirləndirilən şəxs videonun 07-09-cu saniyələrində göstərilən yol nəqliyyat hadisəsinin onun tərəfindən törədilən hadisə olduğunu, videogörüntüdən də göründüyü kimi “Zil” markalı avtomobilin qəza dayanma nişanı yerləşdirmədən avtomobili yolun ortasında saxladığını, kran maşının onun yoluna keçdiyi üçün sağa doğru avtomobili hərəkət etdirdiyini, “Zil” markalı avtomobili son anda gördüyünü, bu səbəbdən hadisənin qarşısını ala bilmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Müdafiə tərəfinin təqdim etdiyi hadisənin baş vermə anının görüntülərindən görünür ki, təqsirləndirilən şəxsin bildirdiyi kimi kran maşını orta zolaqla hərəkət etməmişdir. Həmin maşın təqsirləndirilən şəxslə eyni istiqamətdə, yəni sol zolaqda hərəkət etmişdir. "Chevrolet Aveo" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin avtomobili sürətlə hərəkət edərək sağdan ötmək istəyən zaman yolun ortasında dayanmış "Zil" markalı maşını vurmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda ötməyə anlayış verilərək qeyd edilmişdir ki, ötmə- hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Həmin Qanunun 51-ci maddəsinin 1-ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir; Həmin Qanunun 2-ci hissəsində isə qeyd olunmuşdur ki, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Təqdim edilmiş videogörüntüdən görünür ki, təqsirləndirilən şəxs sol zolaqda onunla eyni istiqamətdə, ondan öndə hərəkət edən nəqliyyat vasitəsini sağdan ötmək istəmişdir. Bu isə qanununun 51-ci maddəsinin 2-ci hissəsində qeyd edilən və nəqliyyat vasitəsini sağdan ötməyə icazə verən halın, yəni həmin nəqliyyat vasitəsinin sola dönmə siqnalı verməsi və manevrə başlaması halının mövcudluğunu istisna edir. Həmçinin məhkəmə hesab edir ki, ötmə ilə bağlı qanunda göstərilən yuxarıda qeyd edilən tələblər nəqliyyat vasitəsini sağdan ötmə halı üçün də keçərlidir. Təqsirləndirilən şəxs sağdan ötmə əməliyyatını icra edən zaman keçmək istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasına əmin olmalı və həm özünün və həm ötmək istədiyi nəqliyyat vasitəsinin surətini nəzərə alaraq ötməni həyata keçirməlidir. Məhkəmə təqsirləndirilən şəxsin avtomobilin nasaz vəziyyətdə yolun ortasında saxlaması, qəza dayanma nişanının olmaması ilə bağlı mövqeyinə yuxarıda göstərilənləri nəzərə alaraq münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid bildirmişdir ki, “Zil” markalı avtomobilin sürücüsü avtomobildən düşmək istəyən zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan başqa sürücünün gətirdiyi dəlil onu lazımi diqqət və ehtiyatlılıq göstərib keçmək istədiyi hərəkət zolağının qabaqdan kifayət qədər boş olmasına əmin olmadan ötmə etməsinə əsas vermir və ona haqq qazandırmır. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə müdafiə tərəfininin Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan müvafiq cəza üzrə məhkum olunmağı və “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının İ bölməsinin 2.2 və 5.2.2-ci bəndlərini tətbiq edərək təyin edilmiş cəzadan azad edilməsi barədə hökm çıxarılması ilə bağlı mövqeyinə məhkəmə münasibət bildirərək qeyd edir ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində qərarın 1.1–1.16-cı bəndlərində göstərilən hallar müəyyən edilməmişdir. Qərarın 2.2-ci hissəsində göstərilən şəxslərin, yəni ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi isə qanuni qüvvəyə minmiş hökm üzrə məhkum edilmiş şəxsi nəzərdə tutduğundan təqsirləndirilən şəxsə münasibətdə tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 220 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-800/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-800/2025
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver