Məhkəmə qərarları › İş №1(008)-807/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-807/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-807/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X7 küçəsi döngə 03, ev 39 A ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.186 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 04 may 2023-cü il tarixdə, saat 03:30 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində özünü şübhəli apardığı üçün, həmin ünvanda yerləşən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Əlahiddə X5 7-ci stasionar postunda xidmət edən ÇPA-in 8-ci Patrul Bölüyünün əməkdaşı tərəfindən saxlanılıb 42-ci PB-yə aparılaraq, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bənövşəyi rəngli kağız bükümdə təmiz çəkisi 0.186 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il tarixdə Yasamal rayonu ərazisində olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən gələcəkdə istək yaranarsa öz istifadəsi üçün 10 manata bir büküm narkotik vasitə heroin alıb üzərində saxlayıb daşımışdır. 04 may 2023cü il tarixdə saat 03:30 radələrində Nardaran qəsəbəsi, Abşeron küçəsində piyada hərəkət edərkən polis əməkdaşı ona yaxınlaşıb, özünü təqdim edib, xidməti vəsiqəsini göstərib, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişdir. Üzərində narkotik vasitə heroin olduğundan, eyni zamanda şəxsiyyətini təsdiq edən sənəd olmadığından həyəcanlanmış və tez bir zamanda polis əməkdaşından yayınıb çıxıb getməyə çalışmışdır. Polis əməkdaşı onun hərəkətlərindən şübhələnib birlikdə Sabunçu RPİ-in 42-ci PB-nə getməyi təklif etmişdir. Artıq yayına bilməyəcəyini başa düşüb etiraz etməyib polis əməkdaşı ilə birlikdə 42-ci PB-nə getmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən ona bölməyə gətirilməsinin səbəbi izah edilib, üzərində şəxsi axtarış aparılmışdır. Axtarış keçirilməzdən öncə təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığı bir ədəd bənövşəyi rəngli kağız bükümdə olmuş narkotik vasitə heroini, iki ədəd 5 manatlıq əskinaslan, şalvarın sol yan cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Etiraf edib bildirmişdir ki, həmin bükümün içərisində olan maddə heroindir, onu öz istifadəsi üçün təxminən 01 may 2023-cü il tarixdə Yasamal rayonu ərazisində ad və anket məlumatlarını bilmədiyi şəxsdən almışdır.Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 may 2023-cü il tarixdə, saat 03:30 radələrində Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən 7-ci stasionar postda xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bır münasibəti, ədavət və düşmənçiliyi olmadığı, 42-ci PB-nə aparılıb təhvil verildikdən sonra ad və soyadını bildiyi Təqsirləndirilən şəxs piyada Nardaran qəsəbəsi, Abşeron küçəsində hərəkət etdiyini görüb, ona yaxınlaşıb özünü təqdim edib xidməti vəsiqəsini göstərib, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs onu görüb həyəcanlanmış və suallarına çox həyəcanlı vəziyyətdə cavab verib, tez bir zamanda ondan aralanıb getmək istədiyini görüb, eyni zamanda üzərində şəxsiyyətim təsdiq edən sənədi olmadığını bildirdiyi üçün onun bu hərəkətləri onda şübhə yaratdığından birlikdə 42-ci PB-nə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib onunla birlikdə 42-ci PB-nə getmişdir. V.M.X4 aparılıb təhvil verilməsi ilə bağlı bölmənin rəhbərliyinə raportla məruzə etmişdir. Daha sonra Bölmənin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən onun və 42-ci PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs Bölməyə gətirilməsinin səbəbi izah edilib, üzərində şəxsi axtarış aparılacağı, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı bildirilib, vəkil seçmək üçün ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilərinin siyahısı təqdim olunmuşdur. Axtarış keçirilməzdən öncə təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bənövşəyi rəngli kağız bükümdə olmuş narkotik vasitə heroini, iki ədəd 5 manatlıq əskinasları, şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs etiraf edib bildirmişdir ki, həmin bükümün içərisində olan maddə heroindir, onu öz istifadəsi üçün təxminən 01 may 2023-cü il tarixdə Yasamal rayonu ərazisində ad və anket məlumatlarını bilmədiyi şəxsdən almış, pul və telefon özünə məxsusdur. Bundan sonra onun üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş, lakin başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov X2 Mail Vüqar oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2582 saylı, 04 may 2023-cü il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının D.İ.N-in Zərflər üçün №241» dairəvi möhür əksi, «saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.186 qram olan qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0.186 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq-0.136 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X6 X3 Tibbi Yoxlamanın 2625 saylı, 04 may 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 may 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 23 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 04 may 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 may 2023-cü il tarixdən, saat 03:30 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,15). Cinayət işinin materiallarında olan 05 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,59). Dindirmə 05 may 2023-cü il tarixdə, saat 15:30 radələrində başlanmış, həmin gün 16:35 radələrində bitmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması barədə Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,74). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 05 may 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,77). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə məhkum olunmasını, lakin həmin cəzadan sonra onun islah olunmadığını, az ağır cinayət törətməsini, onun alternativ cəza ilə islah olunmasını qeyri mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «13» oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən, 05 may 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri əvəz olunmalı, məhkəmə iclas zalından həbs edilməli və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.136 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 25 saata görə 150 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 05 may 2023-cü il tarixə kimi «02» (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «13» oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.136 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 25 saata görə 150 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar