Məhkəmə qərarları › İş №1(008)-807/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-807/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-807/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, N nömrəli hərbi hissənin Puta-1 hərbi şəhərciyi ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində yerləşən “Ayxan” kafesinin yanında tanıdığı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs baş, qarın və sol qol nahiyyələrindən bir neçə dəfə zərbə vuraraq ona sol təpə-gicgah və qarın nahiyələrinin dərialtı hematomaları, sol said və sol mil-bilək oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində Zərərçəkmiş şəxs məxsus fərdi evdə usta kimi çalışmış, indiyədək bir neçə dəfə pula görə aralarında mübahisələri olmuş və bu mübahisələrdən sonra Cavidan onunla pis rəftar etməyə və onu danlamağa başlamış, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində həmin evdə onunla birlikdə işləyən Səbuhi və tanışı Pərviz adlı şəxslərlə yaxınlıqda olan “Ayxan kafe”sində spirtli içki qəbul etmiş, həmin zaman Cavidan gələrək ona içki içdikləri üçün öz iradlarını bildirməyə başladıqda kafedən çölə çıxmış və söhbət edərkən aralarında mübahisə yaranmış, mübahisə zamanı Cavidan ona qarşı nalayiq ifadələr işlətdiyi üçün qəzəblənərək yumruqla onun baş, qarın və sol qol nahiyyələrindən bir neçə dəfə zərbə vurmuş, həmin zaman yanlarında olan Pərviz araya girdikdə isə təxminən 1-2 dəqiqə davam edən mübahisələri bitmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayır, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində fərdi evində təmir işləri aparır, həmin evdə təxminən 1 aya yaxındır ki Ceyhun adlı usta santexnik və elektrik işləri görmüş, lakin o ləng işlədiyi üçün ondan işini tezləşdirməyini xahiş etmiş, hətta pulunu da əvvəlcədən vermişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində həmin evə getdikdə ustaların orada olmadığını görüb Ceyhuna zəng etmiş, Ceyhun yaxınlıqda olan “Ayxan kafe”sində olduğunu dedikdə ora getmiş, kafeyə girdikdə Ceyhunun digər usta Səbuhi və Pərvizlə spirtli içki qəbul etdiklərini görüb ona öz iradını bildirmiş, kafedən küçəyə çıxaraq söhbət edərkən aralarında mübahisə yaranmış, o Ceyhunla kobud danışmış, mübahisə zamanı Ceyhun qəsdən yumruqla onun baş, qarın və sol qol nahiyyələrindən bir neçə dəfə zərbələr vurmuş, daha sonra Pərviz araya girdikdə təxminən 1-2 dəqiqə davam edən mübahisələri bitmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, tanışı Təqsirləndirilən şəxs bir neçə ay olardı ki, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən Cavidan adlı şəxsə məxsus evdə usta kimi çalışmış, az müddətlik olsa da ona kömək etmək üçün bir neçə gün həmin evə getmiş, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində həmin qəsəbədə yerləşən “Ayxan kafe”sində Ceyhun və Səbuhi ilə birlikdə oturaraq spirtli içki qəbul etmişlər. Həmin ərəfədə Cavidan gələrək Ceyhuna spirtli içki içdikləri üçün öz iradlarını bildirməyə başlamış, bu zaman onlar kafedən çölə çıxdıqda onların arxasınca çıxmış, onlar söhbət edərkən Cavidan Ceyhuna qarşı nalayiq ifadələr işlətmiş və Ceyhun qəzəblənərək yumruqla onun baş, qarın və qol nahiyyələrindən zərbələr vurmuş, bundan sonra araya girərək onları aralaşdırmış və bununla da mübahisə bitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində yerləşən “Ayxan” kafesinin yanına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.05-07); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 12 oktyabr 2024-cü il tarixli 2581 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol təpə-gicgah və qarın nahiyələrinin dərialtı hematomaları, sol said və sol mil-bilək oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətin bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xarakter və lokolizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcədə müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.22-23); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir (i.v.54-55); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxs və şahidin ifadəsi, verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə xx.xx.2023-cü il tarixdə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verildiyindən o yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar