Məhkəmə qərarları › İş №1(008)-808/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-808/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-808/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 1(008)-245/2023 nömrəli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 3,442 qram narkotik vasitə asetilə edilən tiryəki əldə edib üzərində saxlamaqla daşımış, 11 may 2023-cü il tarixdə, saat 19:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi nömrəsiz evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olmuş boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,442 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,11 may 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Habil və Elnur onu evdən götürmüşlər. Belə ki, polis əməkdaşları onların evinin plastik pəncərəsini sındırıb evə daxil olaraq onu polis şöbəsinə aparmışlar. O, polislərdən niyə şöbəyə aparıldığını soruşduqda Habil adlı polis əməkdaşı “gedək şöbədə biləcəksən” kimi cavab vermişdir. O, şöbəyə gəldikdən ona bir büküm təqdim edilmiş və videoçəkiliş zamanı bükümün ona məxsus olmasını bildirməsi deyilmişdir. O, buna etiraz etmiş, uzun zamandır narkotik vasitə istifadə etmədiyini, narkoloji dispanserdə müalicədə olduğunu bildirmişdir. Bu zaman onu polis şöbəsində birinci mərtəbəyə apararaq otaqlardan birində döyərək verdikləri bükümün ona məxsus olmasını bildirməsini demişlər. O, çarəsiz qalaraq razılaşmışdır. Onun videoşəkiliş zamanı cibindən bükümü çıxararaq ona məxsus olmasını bildirməsinin səbəbi döyülməsi və polis əməkdaşlarından qorxması olmuşdur. Cinayət işinin materialları istintaqa verildikdən sonra o, müstəntiqə həqiqətləri söyləmiş və üzərindən “aşkar olunmuş” narkotik vasitənin ona məxsus olmadığını, evdən götürüldüyünü, polis bölməsində döyüldüyünü bildirmişdir. Lakin cinayət işi məhkəməyə göndərilməmişdən az müddət əvvəl müstəntiq Məhəmmədəli Cümşüdov onu yanına çağıraraq komputerdə yazılmış ifadəni imzalamasını, ona kömək edəcəyini və tutulmayacağını bildirmişdir. O, müstəntiqə inanaraq təqdim etdiyi sənədləri imzalamışdır. Həmin sənədləri ümumiyyətlə oxumamışdır. Xahiş edir ki, göstərilənlər nəzərə alınsın. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs ümumiyyətlə tiryəkdən istifadə etmədiyini, əvvəllər heroindən istifadə etdiyini, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmədiyini və müalicədə olduğunu, çəkiliş zamanı üzərində çıxan maddənin nə olduğunu bilmədən təqdim edərək özünə məxsus olduğunu bildirdiyini, üzərinə baxış keçirilən zaman həmin maddənin “kakos” olduğunu deməsini onu döyən polis əməkdaşının sözü ilə dediyini, həmin polis əməkdaşının onun cibinə bir büküm qoyaraq “içəridə cibindən çıxarıb deyərsən kakosdu, şəxsi istifadəm üçün almışdım” dedklərini, həmin polis əməkdaşının onun ayaqlarının üstünə çıxaraq ona ağrı verdiyini və ayaqlarının şiş olduğunu, bud nahiyyəsinin şalvarı çıxarmasının mümkün olmayacaq səviyyədə şişdiyini, həmin xəsarətlərin müvəqqəti saxlama yerində də qeydə alındığını, ayağında həmin şişlə yanaşı köhnə yaraların da olduğunu, həmin yaraların əvvəllər narkotik vasitədən istifadə nəticəsində yarandığını, lakin şişlərin polis bölməsində döyülmə nəticəsində yarandığını, onu döyən polis əməkdaşının adını bilmədiyini, müstəntiqin onu aldadaraq iş məhkəməyə getməmişdən öncə onun tutulmayacağını və kömək edəcəyini bildirərək sonuncu ifadəni imzalatdırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə 11 may 2023-cü il tarixdə, saat 19:00-da Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin, əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı, polis şöbəsinə gətirildikdən sonra şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs onları gördükdə həyəcanlandığını hiss edib ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişdirlər. Təqsirləndirilən şəxs həyəcanlı vəziyyətdə üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığım bildirib, tez bir zamanda aralanıb getmək istədiyini görüb ondan şübhələnmişdirlər. Bu səbəbdən də ona təklif etmişdirlər ki, birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs etiraz etməyib birlikdə polis şöbəsinə gəlmiş, bu barədə tərəflərindən şöbənin rəhbərliyinə raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə araşdırmanın aparılması 12- ci PŞ-nin təhqiqatçısı Ayxan Səfərova həvalə edilmişdir. Polis şöbəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq Rəşad Çabanova təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Daha sonra tərəflərindən üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş, götürülməmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə «Kakos» olduğunu, öz istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata alıb üzərində saxlayıb daşıdığını, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs könüllü şəkildə cibindən çıxararaq təqdim etdiyi maddənin tozşəkilli maddə olduğunu, həmin maddənin heroinə bənzədiyini, Təqsirləndirilən şəxs evindən götürmədiklərini, evinin yaxınlığında saxladıqlarını, onun polis bölməsində döyülmədiyini, könüll şəkildə cibində olan tozşəkilli maddəni təqdim edərək həmin maddənin kakos olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirdiyini göstərmişdir. Şahid qismində dindirilmiş Sabunçu RPl-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 da Təqsirləndirilən şəxs könüllü şəkildə cibindən çıxararaq təqdim etdiyi maddənin tozşəkilli maddə olduğunu, həmin maddənin heroinə bənzədiyini, Rəşadın həmin maddəni heş bir təsirtəzyiq olmadan təqdim etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, saat 19:00-dan tutulmuş hesab edilmişdir(i.v.18). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə «Kakos» olduğunu, öz istifadəsi üçün Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata alıb üzərində saxlayıb daşıdığını, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirib, həmin bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitədən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddəyə təhqiqatçı tərəfindən baxış keçirib, ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (i.v. 29-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 12 may 2023-cü il tarixli, 6/2740 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün Ne159» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş məddə...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,442 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir (i.v.36-40). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli, 1(008)- 245/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.52-57). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.80-82). “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.83). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 27 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi məhkəməyə göndərilmişdir (i.v.97-98). Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 3535 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.103-104). “Sübutların qiymətləndirilməsi haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,442 qram olan narkotik vasitə asetilə edilmiş tiryək maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq, təmiz çəkisi 3,342 qram narkotik vasitə asetilə edilmiş tiryəkin Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan diskin sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.111-116). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixli təhqiqat zamanı verilmiş izahatından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildikdən sonra onun komputer vasitəsi ilə yazılmış izahatında o, təhqiqatçıya 11 may 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 100 manata bir büküm narkotik vasitə kakosu alaraq üzərində saxladığını, həmin tarixdə, saat 19:00 radələrində saxlanılaraq polis şöbəsinə dəvət edildiyini, polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə olan kakosu təqdim etmiş, həmin narkotik vasistə qablaşdırılaraq ekspertizaya göndərilmişdir (i.v.34-35). Cinayət işinin materialları istintaqa göndərildikdən sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixli ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin Sabunçu RPİ-nin 12-ci PŞ-də adını bilmədiyi polis əməkdaşı tərəfindən döyülərək cibinə qoyulduğunu, əvvəllər narkotik vasitə istifadə etsə də, hazırda istifadə etmədiyini və müalicədə olduğunu, 11 may 2023-cü il tarixdə, saat 19:00 radələrində polis əməkdaşlarının onun evinə girərək yatdığı yerdə onu götürüb polis şöbəsinə apardıqlarını, orada adını bilmədiyi polis əməkdaşının onu döyərək üzərinə narkotik vasitə qoyduğunu, o da məcburiyyət qarşısında qalaraq çəkiliş zamanı bir büküm kakosu alaraq istifadəsi üçün üzərində saxladığını bildirdiyini, polis əməkdaşı onu döydüyü üçün narkotik vasitənin özünün olduğunu bildirdiyini, lakin narkotik vasitənin ona məxsus olmadığını göstərmişdir və ifadəsinin sonunda öz xətti ilə ifadəsinin doğruluğunu təsdiq etmişdir (i.v.49-50). 13 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin Sabunçu RPİ-nin 12-ci PŞ-də adını bilmədiyi polis əməkdaşı tərəfindən döyülərək cibinə qoyulduğunu, əvvəllər narkotik vasitə istifadə etsə də, hazırda istifadə etmədiyini, 11 may 2023-cü il tarixdə, saat 19:00 radələrində polis əməkdaşlarının onun evinə girərək yatdığı yerdə onu götürüb polis şöbəsinə apardıqlarını, orada adını bilmədiyi polis əməkdaşının onu döyərək üzərinə narkotik vasitə qoyduğunu, o da məcburiyyət qarşısında qalaraq çəkiliş zamanı bir büküm kakosu alaraq istifadəsi üçün üzərində saxladığını bildirdiyini, polis əməkdaşı onu döydüyü üçün narkotik vasitənin özünün olduğunu bildirdiyini, lakin narkotik vasitənin onun olmadığını göstərmiş və ifadəsinin doğruluğunu öz xətti ilə yazılmış ifadəsi ilə təsdiq etmişdir (i.v.67-68). Müstəntiq tərəfindən “Sübutların qiymətləndirilməsi haqqında” qərar qəbul edildiyi gün komputer vasitəsi ilə yazılmaqla Təqsirləndirilən şəxs tərəfindən imzalanmış ifadədə isə Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan narkotik vasitə tiryəki öz istifadəsi üçün Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (i.v.109-110). Müstəntiq təqsirləndirilən şəxsin əvvəlki ifadələrində göstərilmiş xüsusatları görməzdən gələrək heç bir dəqiqləşdirmə aparmadan dərhal təqsirləndirilən şəxsin sonuncu ifadəsini əsas götürməklə həm sübutların qiymətləndirilməsi haqqında qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, həm cinayət işinin müstəntiqə verildiyi vaxtdan sonrakı ifadələrində, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən bölməyə aparılan zaman üzərində heç bir qanunsuz predmetin, o cümlədən, narkotik vasitənin olmadığını, polis bölməsində ona fiziki zor tətbiq edildiyindən, polis əməkdaşı tərəfindən döyüldüyündən təhqiqat zamanı təqdim edilmiş bütün sənədləri oxumadan imzaladığını, ona komputer vasitəsi ilə yazılmış ifadələrini imzalayarkən hər hansı qeyd yazmağa şərait yaradılmadığını, döyüldüyündən və təzyiqlərə dözmədiyindən verilmiş bütün sənədləri imzaladığını, döyülməsi nəticəsində ayağında şişkinliyin olduğunu, həmin şişkinliyin polis əməkdaşı tərəfindən ayaqqabı ilə onun budunun üzərinə çıxması nəticəsində yarandığını, budundakı şişin şalvarını çıxara bilməyəcək qədər böyük olduğunu, Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olan zaman ayağında şişkinliyin olduğunu və həmin xəsarətin qeydə alındığını, şəxsi axtarış və götürmə zamanı döyülməsi nəticəsində qorxusundan ona deyilən bütün sözləri təkrarladığını, istintaq zamanı bütün olanları müstəntiqə olduğu kimi danışdığını, lakin iş məhkəməyə getmədən öncə müstəntiqin onu yanına çağıraraq etirafedici sənədləri imzalanmasını deyərək ona kömək edəcəyini və tutulmayacağını bildirdiyini, bu səbəbdən təqdim edilmiş həmin sənədləri imzaladığını bildirmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müvvəqqəti saxlama yerinə daxil olarkən onda xəsarətlərin olub-olmaması barədə məlumat tələb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində tərtib edilmiş 12 may 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2203-cü il tarixdə, saat 00:10-da Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman onun bədəninə və üzərinə MSYdən tam baxış keçirilmiş, baxış zamanı onun sol qolunda köhnə kəsik izləri aşkar olunmuş, hər iki ayağı şişmiş vəziyyətdə olmuş və ayaqlarında çoxlu sayda yaralar aşkar olunmuşdur. Özünün deməsinə görə narkotik vasitə istifadəçisi olduğundan həmin yaralar əmələ gəlmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən daxil olmuş 01 sentyabr 2023-cü il tarixli, 49/2-35643 saylı məktub və ona əlavə edilmiş akt elan edildikdən sonra Təqsirləndirilən şəxs ayağında olan yaraların çoxdan narkotik vasitədən istifadə nəticəsində yarandığını, lakin şişkinliklərin polis bölməsində döyülməsi və ayaqqabı ilə onun budlarının və ayaqlarının üzərinə polis əməkdaşı tərəfindən çıxılması nəticəsində yarandığını, lakin ktda şişkinlərin yaranma səbəbi barədə heç nə yazılmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan (i.v.106-107) 14 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sabunçu rayon prokurorluğunun müstəntiqi döyülməsi barədə məlumat daxil olmuş Təqsirləndirilən şəxs izahatını almadan, məhkəmə-tibb ekspertizasının rəyini almadan öz şəxsi mülahizələri əsasında Rəşad Şobanovun döyülməməsi və bununla bağlı cinayət hadisəsinin olmaması qənaətinə gələrək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı rədd materialı Bakı şəhəri Sabunçu rayon prokurorluğundan tələb edilmiş və Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən təqdim edilmiş 06 sentyabr 2023-cü il tarixli, 374 C/23 saylı məktubdan görünür ki, 14 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar 02 sentyabr 2023-cü il tarixdə ləğv edilərək əlavə araşdırma aparılması üçün yenidən icraata qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və material üzrə əlavə araşdırma aparılması barədə” 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 iyul 2023-cü il tarixli qərar Sabunçu rayon prokuroru vəzifəsini icra edən Qəhrəman Əsgərov tərəfindən ləğv edilərək material üzrə əlavə araşdırmanın aparılmasının müstəntiqə tapşırılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş 374 C/23 saylı rədd materialında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması xüsusatı əsasında rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. Həmin qərardan görünür ki, müstəntiq Təqsirləndirilən şəxs izahatını almış, Təqsirləndirilən şəxs müstəntiqə saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını bildirmiş, polis bölməsində döyüldüyünü, tanımadığı polis əməkdaşı tərəfindən cibinə narkotik vasitənin qoyulduğunu, zorakılığa məruz qalaraq döyüldüyündən saxlanılan gün videoçəkiliş zamanı cibindən polis bölməsində cibinə qoyulmuş bükümü çıxararaq bükümün özünə məxsus olduğunu göstərmişdir. 11 may 2023-cü il tarixdə saxlanılaraq polis bölməsində döyüldüyünü göstərən Təqsirləndirilən şəxs barəsində təxminən hadisədən 04 ay sonra məhkəmə-tibb ekspertizası təyin edən müstəntiq ekspert qarşısında təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olubolmaması, vardırsa xəsarətlərin sayı, ölçüləri, lokalizasiyası, yetirilməsi şəraiti, müddəti, yetirilmə ardıcıllığı, ağırlıq dərəcəsinin müəyyən edilməsi, xəsarətlərin nə vaxt və hansı şəraitdə yetirilməsi barədə suallar qoymuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 2239 saylı, 12 sentyabr 2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində xəsarət müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı araşdırma aparan müstəntiq Fuad Babayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 2239 saylı, 12 sentyabr 2023-cü il tarixli rəyinə istinad etsə də, məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfində saxlanılaraq bölməyə gətirildiyi gün bölmədə adını bilmədiyi polis əməkdaşları tərəfindən döyüldüyüyü bildirmiş, lakin o, həmin vaxtdan 04 aydan artıq müddət keçdikdən sonra ekspertizaya göndərilmişdir ki, belə olan halda aradan keçən uzun müddətdən sonra onda xəsarətlərin aşkar edilməməsi inandırıcı və realdır və bu hal birmənalı şəkildə 04 ay öncə şəxsə xəsarət yetirilmədiyinə və onun yalan söyləməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Hətta bu hal istintaq orqanında və ya məhkəmədə şübhə yaranmasına səbəb olsa belə, həmin şübhə məhz təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs polis bölməsində məruz qaldğı fiziki təzyiqlər nəticəsində onda hər hansı başqa xəsarətin deyil, məhz ayaqlarında polis əməkdaşları tərəfindən onun ayaqlarına çıxılması nəticəsində şişkinliklərin yarandığını bildirmiş və onun göstərdiyi həmin xəsarət Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində tərtib edilmiş 12 may 2023-cü il tarixli aktda öz əksini tapmış, həmin aktda Təqsirləndirilən şəxs ayağında aşkar olunmuş yaraların səbəbi barədə müvafiq qeyd yazılsa da, şişkinliklərin səbəbi ilə bağlı məlumat yazılmamışdır. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən şəxs səmimi olaraq sol qolunda köhnə kəsik izlərinin, ayağında isə əvvəldən yaranmış yaraların olduğunu, lakin döyülməsi nəticəsində ayaqlarında şişkinliklərin əmələ gəldiyini, ayaqlarında olan şişkiliklərin polis bölməsində döyülməsi, polis əməkdaşı tərəfindən ayaqqabı ilə ayaqlarının və budlarının üzərinə çıxması nəticəsində yarandığını bildirmiş, məhkəmə iclasında iştirak edən Müdafiəçi da Sabunçu RPİ-nin 12-ci polis şöbəsində olan zaman şəxsi axtarış və götürmədən sonra Təqsirləndirilən şəxs görən zaman onun yeriməkdə əziyyət çəkdiyini, ayaqlarında şişkinliklərin və həmin şişkinliklərin gözlə görünəcək qədər böyük olduğunu, bu barədə təqsirləndirilən şəxsə sual versə də, Təqsirləndirilən şəxs ona şişkinlərin səbəbi barədə bir söz demədiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğunda tam və hərtərəfli araşdırma aparılmamış, Təqsirləndirilən şəxs izahatındakı xüsusatlar görməzdən gəlinməklə sadəcə polis əməkdaşlarının eyni ilə biri digərindən kopyalanmış izahatlarına və təqsirləndirilən şəxsin döyülməsini iddia etdiyi tarixdən 04 ay sonra keçirilmiş və ekspert qarşısında hazırki gündə Təqsirləndirilən şəxs üzərində xəsarətlərin olub-olmamasına dair qoyulmuş suallar əsasında verilmiş eskeprt rəyinə əsaslanmaqla Təqsirləndirilən şəxs izahatındakı xüsusatların tamamilə təkzib edildiyi qənaətinə gəlinmişdir ki, bu da aparılan araşdırmanın formal və səthi aparılmasının göstəricisidir. Məhkəmə MSY-nə daxil olarkən Təqsirləndirilən şəxs xəsarətlərin olmasının real və inandırıcı olması qənaətinə gələrkən yalnız təqsirləndirilən şəxsin ifadələrinə deyil, məhkəmə istintaqı zamanı mübahisəsiz qaydada müəyyən edilmiş hallara istinad edir və həmin hallarla əlaqəli şəkildə sübutları tədqiq edərkən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində səmimi olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X1rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla öz təsdiqini tapmışdır. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun ibtidai istintaq zamanı (sonuncu şablon ifadəsi istisna olmaqla) və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı Sabunçu RPİnin 12-ci polis şöbəsində döyüldükdən sonra verdiyi ifadələri isə təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Bununla yanaşı, ibtidai istintaqın sonunda komputer vasitəsi ilə yazılmış etirafedici ifadəyə münasibətdə isə məhkəmə həmin ifadənin heç Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı söylədiyi xüsusatla, o cümlədən, təhqiqat zamanı verdiyi izahatla və şahidlərin ifadələri ilə uzlaşmadığını nəzərə alaraq həmin ifadənin müstəntiq tərəfindən şablon formada yazılmaqla təqsirləndirilən şəxsə imzalatdırması qənaətindədir. Belə ki, şəxsi axtarış və götürməni özündə əks etdirən videodiskdə olan görüntülərdən, o cümlədən, şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə «Kakos» olduğunu bildirmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətindən sonra da üzərindən aşkar edilmiş vasitənin kakos olduğunu bildirmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 12 may 2023-cü il tarixli, 6/2740 saylı rəyi ilə tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün Ne159» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş məddə...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,442 qram olan tünd qəhvəyi rəngli maddə kütləsinin kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək olması müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hansı səbəbdən üzərindən aşkar edilmiş narkotik vasitənin kakos, yəni heroin olmadığı halda şəxsi axtarış və götürmə zamanı həmin maddənin kakos olmasını bildirməsinin səbəbi soruşulduqda, Təqsirləndirilən şəxs polis bölməsində döyüldükdən sonra üzərinə qoyulmuş bükümün içərisində olan maddənin nə olduğunu bilmədiyindən ona polis əməkdaşı tərəfindən “içəridə cibindən çıxarıb deyərsən kakosdu, şəxsi istifadəm üçün almışdım” deyildiyini və şəxsi axtarış zamanı da onun dediklərini eyni ilə təkrarladığını bildirmişdir. Həmin hala münasibətdə məhkəmə qeyd edir ki, həqiqətən də Təqsirləndirilən şəxs özü pul verərək cibindən çıxararaq təqdim etdiyi narkotik vasitəni əldə etmiş olsa idi, o, şəxsən aldığı və üzərində gəzdirdiyi narkotik vasitənin nə olduğunu dəqiq bilmiş olardı və həmin narkotik vasitəni təqdim edərkən onun növünü düzgün göstərmiş olardı (nəzərə alınsa ki, heroin və tiryək tamamilə başqa quruluşa, tərkibə və formaya malik narkotik vasitələrdir). Çox maraqlıdır ki, heroinin toz şəkilli olmasına, hazırda videodiskdə aşkar edilmiş tiryəkin isə bütöv bərk maddə şəklində olmasına baxmayaraq şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin kakos olduğunu bildirməsinə baxmayaraq baxış zamanı həmin maddənin heroin olmadığını gördüyü halda Təqsirləndirilən şəxs bu barədə heç bir sual ünvanlamadan, heç bir dəqiqləşdirmə aparmadan tələsik formada protokol tərtib etmişdir ki, bu da məhkəmədə şəxsin axtarış və götürmənin də əvvəlcədən düşünülmüş ssenariyə uyğun aparılmasına dair şübhələri artırır. Digər bir maraqlı məqam da ondan ibarətdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 12 may 2023cü il tarixli, 6/2740 saylı rəyi daxil olduqdan və Təqsirləndirilən şəxs “üzərindən aşkar edilmiş” vasitənin narkotik vasitə asetilə edilən tiryək olması müəyyən edildikdən sonra cinayət işi müstəntiqə verilmiş və müstəntiq də həmin xüsusata fikir vermədən Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində şəxsi axtarış zamanı döyülməsi nəticəsində bir büküm kakosu alaraq üzərində şəxsi istifadəsi üçün saxladığını bildirən zaman Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin heroin olmadığı halda hansı səbəbdən şəxsi axtarış zamanı həmin vasitənin kakos olduğunu bildirməsinin səbəbini aydınlaşdırmadan, təhqiqat zamanı aparılmış sənədlərdə göstərilən narkotik vasitə ilə ekspert rəyində göstərilən narkotik vasitənin eyni olmamasına heç bir münasibət bildirmədən formal araşdırma apararaq cinayət işini məhkəməyə göndərmişdir. Nəzərə alınsa ki, şahidlər Şahid2 və Şahid1 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı yazılmış ifadələrini sözbəsöz təkrarlayaraq məhkəmə iclasında verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin məhz heroinə bənzər, qəhvəyi rəngli toz şəkilli maddə olduğunu bildirmişlər, bu hal özü də şahid ifadələrinin formal və şablon şəkildə yazılaraq iş materiallarına əlavə edilməsinə, məhkəmə iclasına gələrkən də həmin ifadələri əzbərləyərək məhkəmədə ifadə vermələrinə dəlalət edir. Belə ki, məhkəmə iclasında şahidlərin hər ikisi eynilə istintaq zamanı verdikləri ifadələri təkralayaraq onlara dəqiqləşdirmək üçün təkrarən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin hansı formada olması barədə konkret sual ünvanlanmasına baxmayaraq onlar tərəddüd etmədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin məhz heroinə bənzər, qəhvəyi rəngli toz şəkilli maddə olduğunu bir daha təsdiq etmişlər. Bu hal özü şahidlərin ifadələrini oxuduqlarından və həmin ifadənin doğruluğuna şübhə etmədiklərindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin heroinə ümumiyyətlə bənzəmədiyi, toz şəklində olmadığı və tamamilə başqa narkotik vasitə olduğu halda düşünmək zərurəti görmədən orada qeyd olununları söyləmələrinin bariz nümunəsidir. Göründüyü kimi, ittihamda aktında göstərilmiş və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşımasını, onun özünü şübhəli apardığına görə bölməyə gətirələrək üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd bükümdə narkotik vasitə olan tiryəkin aşkar edilməsini təsdiq edən sübut kimi istinad edilmiş şahid ifadələri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bükümün içərisində əslində tiryək olduğu halda şahidlərin həmin vasitənin toz şəklində heroinə bənzər maddə olmasını göstərmələri və bu halın işin həqiqi halları ilə uzlaşmadığı müəyyən edilmişdir ki, bu da iş materiallarında olan şahid ifadələrinin həqiqəti əks etdirməməsinin göstəricisi olmaqla şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 11 may 2023-cü il tarixdə, saat 20:50-dən 21:00-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokolda şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə «Kakos» olduğunu, öz istifadəsi üçün Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata alıb üzərində saxlayıb daşıdığını, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirdiyi göstərilsə də, təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində toz şəkilli heroinə bənzər maddənin (kakos) olması deyil, bərk şəkildə tünd qəhvəyi rəngli bir kütlənin aşkar edilməsinə baxmayaraq təhqiqatçı buna əhəmiyyət vermədən, saxlanılan şəxs Təqsirləndirilən şəxs hansı səbəbdən üzərindən aşkar edilmiş bükümdə olan maddənin kakos, yəni heroin olmasını bildirməsini dəqiqləşdirmədən aşkar edilmiş maddəni qablaşdırmışdır. Bundan savayı, məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əsk etdirən və iş materiallarına maddi sübut qismində əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilən zaman təhqiqatçının Təqsirləndirilən şəxs təqdim etdiyi bərk kütləni götürməsi və bir qədər sonra artıq zərfi möhürləyərək istintaq hərəkətində iştirak edən şəxslərə imzalamaq üçün təqdim etməsi öz əksini tapmışdır. Halbuki, həmin narkotik vasitənin qablaşdırılması prosesi, narkotik vasitənin qoyulduğu zərfin içərisinin boş olması, məhz Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün həmin zərfin içərisinə qoyulması və ondan sonra möhürlənərək imzalanması videoçəkiliş zamanı qeydə alınmış görüntülərdə açıq şəkildə çəkilişlə qeydə alınmalı idi. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, saat 19:00-da saxlanılmış, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti isə 11 may 2023-cü il tarixdə, saat 20:50-dən 21:00-dək keçirilmişdir ki, bu da şəxsin saxlanıldıqdan 01 saat 50 dəq sonra üzərində axtarış aparılmasına dəlalət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Hazırki halda təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında 01 saat 50 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddətdə təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, 11 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin 10 dəqiqə, yəni saat 20:50-dən 21:00-dək aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdən həmin görüntünün 11 may 2023-cü il tarixdə, saat 19:28-də qeydə alınması (sənədlərə əsasən şəxsi axtarış və götürmənin keçirildiyi vaxtdan öncə) və cəmi 04 dəqiqə 25 saniyə ərzində həyata keçirilməsi görünməkdədir. Halbuki, iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 11 may 2023-cü il tarixli protokolda həmin protokolun saat 20:30-da tərtib edilməsi və bundan sonra Təqsirləndirilən şəxs üzərinə saat 20:50-dən 21:00-dək şəxsi axtarış və götürmənin həyata keçirildiyi göstərilmişdir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxs reallıqda hansı saatda saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından bu hal özü də təqsirləndirilən şəxsin hansı müddət ərzində polis bölməsində qanunsuz olaraq saxlanılmasının, 48 saatlıq tutulma müddətinin pozulmasının, həmin müddət ərzində narkotik vasitənin şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 11 may 2023-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 20:30-da tərtib olunmuş protokolla o və müdafiəçisi Müdafiəçi elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, Müdafiəçi həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin bir neçə dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçi imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Göstərilənlər nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 11 may 2023-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsi yolverilməzdir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 may 2023-cü il tarixə, 6/2740 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 iyun 2023-cü il tarixli, 3535 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan asetilə edilən tiryəkin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 3,442 qram çəkidə narkotik vasitə olan asetilə edilən tiryəkin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin asetilə edilən tiryəkin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 3,342 qram asetilə edilən tiryək araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar