Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-808/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, barəsində şikayət verdiyi X5 29 noyabr 2025-ci il tarixdə özünə məxsus "Köhne Baki" Facebook sosial şəbəkəsindəki profilində fotoşəklini dərc edərək şəklin ətrafında barəsində aşağıdakı təhqiramiz sözləri yazıb paylaşmışıdır: "Sabahun xeyir Baki! Belə axmaq insanlara inanmayın! Bu insan demək olarsa camahata sual verir ki, :-Siz sovetin bayrağından niyə qorxursunuz?" Bu ifadələrdə inşan şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini təhqir edən ifadələr var hansı ki, bu ifadələr konkret olaraq ona yönəlmişdir. Məsələn, müəllifin yazdığı "belə axmaq (yəni şəkildəki insan, yəni o)" insanlara inanmayın" ifadəsindəki "axmaq" sözü dünyanın bütün xalqlarında təhqir sayılır. O cümlədən də Azərbaycan xalqı arasında. Bu paylaşmada Salman Babayev onu "axmaq" adlandırır. Halbuki onun əlində axmaq olmağı ilə bağlı heç bir tibbi sənəd yoxdur. Azərbaycan dilinin izahlı lüğətinə görə "Axmaq" sözü ağılsız, səfeh, düşünmədən hərəkət edən və s. insanlara deyilir. Hüquqi baxımdan insanın axmaq (kəm ağıl ) kimi tanınması üçün mütləq məhkəmə qərarı olmalıdır. Babayev onu şəxsən tanımır və onun əqli sağlamlığı barədə onda məlumat yoxdur. O da Babayevi şəxsən tanımır. X3 onu "axmaq" adlandırmasına səbəb onun sosial şəbəkədə insanlara heç də uydurma olmayan əslində tarixi bir dövrə və həqiqiqət barəsində ritorik sual verməyi olub. Halbuki onun həmin sualında heç bir qəbahət də yoxdur. Əksinə bu sual çoxlarının ürəyindən olubdur. Amma bu Babayevin sual xoşuna gəlmədiyi üçün (ola bilsin sovet zamanı ona nəsə mənəvi bir zərbə dəyib) Babayev milyonlarla insanların gözu önündə onu "axmaq" adlandırmaqla insanlıq ləyaqətini alçaltmış və onu təhqir etmişdir. Hər kəsin ifadə azadlığı var. Amma bu ifadə insan ləyaqətinə toxunmamalı, onu alçaltmamalıdır. Amma Babayev ona təkcə "axmaq" deməklə kifayətlənməyib. Həmin paylaşımda onu təkrarən təhqir edib. Belə ki, o daha sonra yazır:"Bu (yəni mənə) insan demək olarsa - camahata sual verir ki, :-Siz sovetin bayrağından niyə qorxursunuz?” Göründüyü kimi, Salman Babayev bu paylaşımda ümumiyyətlə onun insanlığına şübhə ilə yanaşmışdır. Həm də bunu qəsdən və qərəzli təhqir məqsədi ilə yazmışdır, Bu isə Salman Babayevin onu düzünə qəsdlə təhqir etmək istədiyini nümayiş etdirir. Ona böyük auditoriyaya malik sossial şəbəkədə "axmaq" və “buna insan demək olmaz” ifadəsi işlətməkdə onu ailəsinin, dostlarının, onu tanıyan minlərlə insanların hüzurunda təhqir edib. Onlarla insan ona zəng edir, hətta yolda gedəndə onu saxlayıb bu təhqirli ifadələri işlədən şəxs barədə soruşmuşdurlar ki, bu adam kimdir. Hiss olunur ki, insanlar da bu ifadələrə görə çox narahatdırlar. Bu təhqirli ifadələr paylaşan andan o özünü çox pis hiss etməyə başlamışdır. İnsanlar qarşısına çıxmaqdan utanır. Ağsaqqal adamdır, Babayev də onun kimi yaşlı adamdır. Salman Babayevi buna nə məcbur edib? Salman Babayev hətta həmin paylaşımları sancaqlayaraq saxlayıb ki, onu daha çox auditoriya izləsin. Qeyd etmişdir ki "Köhne Baki" səhifəsinin X4 məxsus olması təkzib edilməz faktlarla sübut olunur. Həmin səhifədə o və onun yaxınlarına dair çoxlu fotoşəkillər səhifədə ona müraciət edən dostları ona Salman müəllim deyə muraciət edirlər. Onun xüsusi ittiham qaydasında şikayətinin icraata götürülərək xüsusii ittihamçı kimi tanınmağını və X5 barəsində AR Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibinin başlanması və işin məhkəmə baxışına çıxarılmasına dair qərar çıxarılması xahiş edilmişdir. X5 barəsində AR Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə törətməkdə təqsirli bilinərək maddəsnin sanksiyası daxilində ona 6 (altı) ay azadlıqdan məhrum edilmə cəzası təyin edilməsi xahiş edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi, müdafiəçini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. Lakin, X2 şikayət ərizəsində törədilmiş cinayət nəticəsində ona hansı zərərin vurulduğunu, vurulmuş zərərin məbləğini göstərməmişdir. Bundan başqa, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Bundan başqa, X2 barəsində şikayət verilmiş şəxs X3 məşğuliyyəti kimi Bakı Güləş Federasiyası göstərsə də, məhkəmə iclasında X5 hazırda işləmədiyini göstərmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan X3 aktiv əmək müqaviləsi olmadığı müəyyən edilmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-808/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-808/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver