Məhkəmə qərarları › İş №1(008)-809/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-809/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-809/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi döngə 4-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər törədərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saat 23:00 radələrində ictimai yer hesab edilən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən «İ əməliyyatı» adlı kafedə sifariş verdiyi musiqinin qısa ifa edilməsi kimi əsassız səbəbdən həmin kafedə müsiqi ifaçısı Zərərçəkmiş şəxs əyləşdiyi masaya yaxınlaşaraq özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə qəsdən bir dəfə sonuncunun sifət nahiyəsindən əl zərbəsi ilə vurub, bununla kifayətlənməyərək daha xüsusi qərəzli formada inadla davam edərək heç bir əsaslı səbəb olmadan, yaxınlıqda olan masa üzərindən götürdüyü silah qismində istifadə olunan pivə bakalını atıb qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmaqla sonuncuya burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən sınığı və burunun əzilmiş yarası, üst dodağın selikli qişa səthinin əzilmiş yarası, sağ dirsək oynağı nahiyəsinin qançırı, sağ yanaq-qulaqönü və sağ said nahiyələrinin kəsilmiş yaraları ilə nəticələnən və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində qardaşı X4, qonşuları Elməddin və Elşən, Elnur, dostu Elşənlə birlikdə Sabunçu qəsəbəsində yerləşən “İ Əməliyyatı” adlı kafeyə pivə içmək üçün gəlmişlər, bundan əvvəl isə qonşusu Elşənin evində sipirtli içki qəbul etmişlər. Kafedə olan zaman bir masa arxasında əyləşmiş və sentezator ifaçısı masaya yaxınlaşmış, o, 2 manat pul ödəyərək musiqi sifariş vermiş, bundan sonra da qonşusu Elməddin də 2 manat pul vermiş, bundan sonra sifariş verdiyi musiqi qısa olduğundan musiqi ifa edən Ülviyyə xanıma sifariş verdiyi musiqinin qısa olduğunu dedikdə sonuncu ona kafedə nə desə onun dediyi olur deyib masadan ayrılmışdır. Bundan sonra o, masadan durub Ülviyyə xanımın masasına yaxınlaşmış, ona başının çatıb-çatmadığı cavabının yersiz olduğunu bildirmiş, bu zaman Ülviyyə onu nalayiq ifadə ilə təhqir etmişdir. Ətrafda tanımadığı şəxslər olduğundan o, Ülviyyənin üz nahiyyəsinə sillə ilə vuraraq sakitləşməsini demişdir. Ülviyyə isə onu itələyib üzərinə qəndqabı atmışdır. Ülviyyənin atmış olduğu qəndqabı onun burununun üzərinə dəymişdir. Ətrafda olan şəxslər və dostları onları aralamışlar. O da çölə çıxıb üzünü yumuş, yenidən qayıdaraq pivə bakalını masanın üzərindən götürüb Ülviyyəyə tərəf zərbə ilə atmışdır. Bakal Ülviyyəyə dəymiş, Ülviyyə yerə yıxılmışdır. Bundan sonra isə o, kafedən çıxıb uzaqlaşmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt içkili olmuşdur, Ülviyyə onu vurandan sonra üzü qan olmuşdur, çölə çıxıb üçünü yuyub qaytımışdır, təxminən 1-2 dəqiqə sonra Ülviyyəni bakalla vurmuşdur, özündə olmamışdır, niyə vurduğunu bilmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdi ki, bir müddətdir ki, Sabunçu qəsəbəsində yerləşən “İ əməliyyatı” restoranında musiqiçi işləyir. Onun iş saatı hər gün axşam saat 18-də başlayır və gecə saatlarına qədər davam edir. xx.xx.2024-cü il tarixdə musiqiçi kimi fəaliyyət göstərdiyi kafedə olarkən, müştəri qismində əyləşmiş şəxslərdən biri yaxınlaşaraq, mahnı sifariş etmişdir. O, çalğıçılarla birlikdə çay içdiklərini, bir azdan həmin mahnını ifa edəcəyini bildirmişdir. Həmin şəxs «onu tanımadığını, Sabunçu rayonunda hər kəsin içində sözü keçdiyini onun sifariş etdiyi mahnının anında oxunmalı olduğunu» söyləyərək üz nahiyəsinə güclü şillə zərbəsi endirmişdir. O, zərbənin təsirindən çətinliklə ayağa qalxmaq istədiyi zaman özünü müdafiə üçün qəndqabını həmin şəxsə atmışdır. Bunun ardınca kənarda olan şəxslər həmin şəxsi ondan uzaqlaşdırmışlar. Şəxs qayıdaraq ona tərəf bakal atmış, burnu sınmışdır, onu yaxınlıqda olan xəstəxanaya aparmışlar. Hadisə zamanı orada onu vuraraq xəsarət yetirmiş şəxs Natiq, onun dostları, çalışdığı restoranın müdüri və digər müştərilər olmuşlar. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Natiq onu sillə ilə vurduqdan sonra onun ünvanına nalaiq ifadə işlətmiş və o, da bu səbəbdən özünə məxsus keramik materialdan olan fincanı ona tərəf atmışdır. Fincan Natiqin burun nahiyəsinə dəymişdir. Natiqin sifətindən qan axmış bundan sonra Natiq yenə söyüş söyərək pivə bakalını ona tərəf atmışdır.Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində Natiq, onun qardaşı X4, qonşusu Elməddin, Elnur və Elşənlə birlikdə Sabunçu qəsəbəsində yerləşən "İ Əməliyyatı” adlı kafeyə pivə içmək üçün gəlmiş, bundan əvvəl isə onun yaşadığı mənzildə sipirtli içki qəbul etmişlər. Kafedə olan zaman bir masa arxasında əyləşmiş, sentezator ifaçısı masaya yaxınlaşmış və Natiq 2 manat pul verərək musiqi sifariş vermiş, bundan sonrada qonşu Elməddin də 2 manat pul vermişdir. Bundan sonra sifariş verdikləri musiqi qısa olduğundan musiqi ifa edən Ülviyyə xanıma Natiq yaxınlaşaraq mübahisə etməyə başlamışdır. Natiq şillə ilə Ülviyyəni vurmuşdur, Ülviyyə onu itələyib üzərinə qəndqabı atmışdır. Ülviyyənin atmış olduğu qəndqabı Natiqin burununun üzərinə dəymişdir. Natiqin burnunun üzəri yarılmış və qan axmağa başlamışdır. Ətrafda olan şəxslər və onlar yaxınlaşaraq onları aralamışlar. Natiq pivə bakalını masanın üzərindən götürüb Ülviyyəyə tərəf zərbə ilə atmış, bakal Ülviyyənin baş nahiyəsində dəymişdir. Xanım isə yerə yıxılmışdır. Bundan sonra isə onlar kafedən çıxıb uzaqlaşmışlar. Kafedə çoxlu adam olmuş, hamı davanı sakitləşdirməyə çalışmışlar. Həmin vaxt Natiq içkili olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.57-59); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən «İ əməliyyatı» adlı kafeyə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.10-12); Videogörüntüyə baxış keçirilməsi haqqında 08 mart 2024-cü il tarixli protokoldan görünür ki, CD diskə yazılmış videogörüntüyə baxış keçirilən zaman faylda olan videogörüntüdə xx.xx.2024-cü il tarixdə Sabunçu qəsəbəsində yerləşən «İ Əməliyyatı» adlı kafedə Təqsirləndirilən şəxs kafedə musiqi ifaçısı olan Ülviyyə Qurbanovanın masasına yaxınlaşaraq üz nahiyyəsinə sillə ilə vurduğu, daha sonra isə pivə bakalını xanımın üzərinə atdığı, yerə yıxıldığı əks olunmuşdur. Həmin 1 ədəd CD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə olunmuşdur (i.v.25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2024-cü il tarixli 526 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən sınığı və burunun əzilmiş yarası, üst dodağın selikli qişa səthinin əzilmiş yarası, sağ dirsək oynağı nahiyəsinin qançırı, sağ yanaq-qulaqönü və sağ said nahiyələrinin kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlərdən burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən sınığı və burun nahiyəsinin əzilmiş yarası, üst dodağın selikli qişa səthinin əzilmiş yarası, sağ dirsək oynağı nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən; sağ yanaq-qulaqönü və sağ said nahiyələrinin yaraları isə kəsicisi əşya (əşyalar) təsirindən törənmişdir, müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığıen uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.28-30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və qərardan görünür ki, Əsgərov X3 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 02 müddətinə islah işləri cəzasına, Sabunçu rayonu məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 180.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 67.1 və 68-cı maddələri tətbiq edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən CM-nin 180.2.5-ci maddəsi hökmdən xaric edilməklə 07 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020- ci il tarixli qanuna əsasən CM-nin 68.1.3-cü maddəsi tətbiq edilməklə 07 il 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzanın 01 ay 11 gün müddətinə olan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v.54-56, 75-78); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı uşağı var (i.v.63); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2024-cü il tarixli 06/1128 nömrəli əlavə ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs burun sümüyünün yerdəyişməyən sınığı və burun nahiyəsinin əzilmiş yaradan sonra yaranmış çapıq toxumasl müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti şəxsin xx.xx.2024-cü il tarixli rentgen müayinəsindən 4-5 ay əvvələ uyğun gəlməklə xx.xx.2024-cü il tarixdə və şəxsin qeyd etdiyi şəraitdə yetirilməsi inkar edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v.85-87); Toplanmış sübutların qiymətləndirilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişidir.. İş üzrə xx.xx.2024-cü il tarixdə baş vermiş hadisəni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.90-94); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.104-106); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.121-122); Məhkəmə istintaqı zamanı 01 ədəd “CD” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti, iddia və tələbi olmadığını bildirmiş və onun barəsində aparılan araşdırmaya xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini (CM-59.1.12) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli hökmləri üzrə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Belə ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərilən hökmlər üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd “CD” diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar