Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-810/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Zərifə Əliyeva ev 78/4, mənzil 25-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Massiv 188, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə müğənnilik fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs onu "Dünya" televiziyasında verilişə çıxaracağına dair yalan vəd verib aldadaraq, 01 sentyabr 2025-ci il tarixdə 200 manat, 03 sentyabr 2025-ci il tarixdə 300 manat və 05 sentyabr 2025-ci il tarixdə 300 manat pulun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən "Aygün Mall" ticarət mərkəzinin 1-ci mərtəbəsindəki "Bazarstore" mağazasında olan ödəmə terminalından özü təqdim etdiyi cinayətdən məlumatı olmayan tanışlarının bank kart hesablarına köçürülməsinə nail olub, həmin pul vəsaitlərini nağdlaşdırıb götürməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 800 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə tanışlıqları ortaq tanışları Cavanşir Musayevə görə olmuşdur. Cavanşir bəstəkar olduğu üçün onu klip çəkməyi bacardığına görə Zərərçəkmiş şəxs məsləhət görmüşdür. Zərərçəkmiş şəxs da müğənnilik fəaliyyəti ilə məşğuldur. 2025-ci ilin avqust ayında Zeynəb ona zəng vurub Cavanşirlə danışdığını və klip çəkilişi üçün Cavanşirin onun nömrəsini verdiyini bildirmiş, həmçinin ona klip çəkə bilib-bilməməyini soruşduqda onunla razılaşmışdır. Bundan sonra vaxtı dəqiqləşdirib Bakı şəhəri "İçəri şəhər" metrostansiyasının yaxınlığında yerləşən “Flarmoniya” bağında Zeynəbin klipini çəkməyə başlamışdır. Lakin, Zeynəblə klipi çəkməyə pul danışmamış, ona nə istəsə verə biləcəyini demişdir. Klipi çəkdikdən sonra Zeynəb ona televiziyaya çıxmaq istədiyini demiş, həmin zaman ona başqa kanallar baha edəcəyini, ancaq onu “Dünya TV”yə 500 manata çıxarda biləcəyini demişdir. Zeynəb də onunla razılaşmışdır. Bundan sonra özünə məxsus kartı olmadığına görə iş yoldaşı Aslandan ona məxsus bank kartını götürmüşdür ki, Zərərçəkmiş şəxs pulu həmin karta atsın. Zərərçəkmiş şəxs Aslana aid kart hesabına xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat və iş yoldaşı İntiqamın ailə üzvlərinin adına olan kart hesabına isə xx.xx.2025-ci il tarixdə 300 manat pulu göndərmişdir. Həmin kartlardan pulları çıxarıb öz şəxsi işlərinə xərcləmiş, Zeynəbə televiziyada verilişə çıxardacağına dair söz versə də, onun verilişə çıxması alınmamışdır. Buna görə də, Zeynəb ondan pulu geri istəmiş, lakin Zeynəbin ona verdiyi pulu xərclədiyi üçün qaytara bilməmişdir. O, Zeynəbdən pulu almışdır ki, özünə xərcləsin, onsuz da sonradan bir şey fikirləşib Zeynəbi verilişə çıxardar. Sonradan verilişə də çıxartmaq alınmamışdır. Hazırda həmin puldan 70 manat qaytara bilmiş, maddi imkanı olmadığından qalan hissəsini qaytara bilməmişdir, Zeynəblə aralarında olan razılığa əsasən ayda 50 manat ona ödəyəcəkdir, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, müğənnilik fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 2025-ci ilin iyul ayında tanışı Cavanşirə kilip çəkdirmək istədiyini bildirmiş, həmin vaxt Cavanşir onu Təqsirləndirilən şəxs ilə tanış edib keyfiyyətli klip çəkdiyini bildirmişdir. Bundan sonra Əlizamin ilə işləməyə başlamış və Əlizamin onun klipini çəkmişdir. Bir müddətdən sonra Əlizamin Sumqayıt şəhərində yerləşən Dünya TV-də tanışının olduğunu bildirmiş və onu verilişə çıxaracağını, bunun üçün televiziya rəhbərliyinə 800 manat pul ödəməli olduğunu demişdir. Əlizamin ilə razılaşıb xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin içərisində olan ödəmə terminalı vasitəsi ilə onun göndərdiyi kart hesablarına 200 manat, xx.xx.2025-ci ila tarixdə 300 manat və xx.xx.2025-ci il tarixdə isə 300 manat pul göndərmişdir. Razılaşmalarına əsasən 2025-ci ilin sentyabr ayının 19-da Dünya TV-də verilişə çıxmalı idi və qeyd edilən vaxt televiziyanın işçisi onunla əlaqə saxlayacaqdı. Lakin həmin gün onunla əlaqə saxlayan olmamış, Əlizaminə zəng etdikdə sonuncunun mobil telefonuna zəng çatmamışdır. Həmin gündən hal-hazırki günə qədər Əlizamin ona nə pulunu geri qaytarmış, nə də verdiyi vədə əməl etmişdir. Bundan sonra Əlizamin tərəfindən aldadıldığını başa düşüb bu barədə DİN-in102 xidmətinə məlumat vermişdir.Hazırda ziyandan 70 manat ödəmişdir, qalan məbləğin ayda 50 manat olmaqla ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Hazırda Əlizamindən şikayətçi deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 25 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində olan Bazarstore mağazasının qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.04-06); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə olan materiala xx.xx.2025-ci il tarixdə CPM-nin 40.3-cü maddəsinə və CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir(i.v.33-34); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq istintaqa gətirilmişdir(i.v.35); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi və saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi barədə 02 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o, MSY-dən dərhal azad edilməsi qərara alınmışdır(i.v.66-68); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.69-70); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə–min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Beləliklə,təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında barışıq olmasına baxmayaraq Təqsirləndirilən şəxs dəymiş ziyanı tam olaraq ödəmədiyindən, eyni zamanda barəsində CM-nin 178.1-ci maddəsi ilə olan materiala CPM-nin 40.3 və CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildiyindən o yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4. həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(59.1.12), dəymiş ziyanın bir qismini ödəməsini(CM-59.1.14), əməlindən səmimi peşman olmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 20-ci bəndinə görə CM-nin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, 31 oktyabr 2025-ci il tarixdən 02 noyabr 2025-ci il tarixədək tutularaq saxlanıldığı 02(iki) gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli(CM-69.4), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 31 oktyabr 2025-ci il tarixdən 02 noyabr 2025-ci il tarixədək tutularaq saxlanıldığı 02(iki) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-810/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-810/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver