Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-814/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində cinayətlərin məcmusu qaydasında 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs (zərərçəkmiş) X3 hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmtəsisçisidir. Hazırki iş üzrə barəsində şikayət verilən şəxs (Təqsirləndirilən şəxs) X5 "xxxx" ASC-də Tomaçı vəzifəsində işləmiş və ASCnin 24 iyul 2023-cü il tarixli, 369 k saylı əmri ilə, Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. X5 tərəfindən sosial şəbəkələr və xəbər portalları vasitəsi ilə, mütəmadi olaraq, şikayətçi (zərərçəkmiş) X3 barəsində doğru olmayan, onun şərəfmə, ləyaqətinə və nüfuzuna xələl gətirən, böhtan xarakterli məlumatlar yayılmışdır. Belə ki, X5 2024-cü ilin oktyabr və noyabr aylarında “Tik-tok” adlanan sosial şəbəkə vasitəsi ilə yayımladığı videogörüntülərdə "xxxx" ASC və onun həmtəsisçisi olan X3 barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayaraq bildirmişdir ki, - "xxxx" ASC-də özbaşınalıqdır. Kim haqqını tələb edirsə onu işdən çıxarırlar, zorla ərizə yazdırırlar ki, işdən çıxıb getsin. Həmin şirkətin sahibi Loğman müəllimdir, müəssisə rəhbəri Ramiz müəllimdir, kadrlar şöbəsinin rəhbəri Fazil müəllimdir. Onlar birləşib, necə deyərlər, camaata “torba” tikirlər, camaatı incidirlər. Bundan başqa, X5 “Bakunews” internet xəbər portalında “Qazi atası müraciət etdi” başlıqlı videogörüntü paylaşaraq, bildirmişdir ki - “Loğman Zülfüqarlı və onun ətrafında olan işçilər özbaşınalıq edir, əmək müqavilələrinin surətini heç kimə vermir. ” X5 internet sosial şəbəkəsi vasitəsi ilə paylaşdığı digər bir videogörüntüdə bildirmişdir ki - “Bakı İnşaat Sənaye ASC-də ümumiyyətlə özbaşınalıqdır, kim qanunları bilirsə və hüquqlarını tələb edirsə, onu işdən çıxarırlar. Loğman Zülfüqarlı üçün həmin şəxsin qazi olub- olmadığının heç bir fərqi yoxdur.” Bununla bağlı bildirirk ki, hal-hazırda Loğman Zülfuqarlınm rəhbərlik etdiyi "xxxx" ASC-də 50 nəfərədək Vətən müharibəsi qaziləri, veteranları və şəhid ailələrinin üvləri işləyir və həmin işçilər xüsusi qayğı ilə əhatə olunur. M.C. Baradov sosial şəbəkə vasitəsi ilə paylaşdığı başqa bir videogörüntüdə isə bildirmişdir ki - “İşlədiyim özəl şirkət ("xxxx" ASC) məni qanunsus olaraq işdən çıxarıb. Mən bununla bağlı məhkəməyə müraciət elədim. Loğman Zülfüqarlı məhkəmələrin ağzını yumdu və hakimlər onun tərəfini saxladı”. Həmçinin bildiririk ki, Mehman Baradov “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə X8 Mehdiyevlə birgə şəkilini montaj edərək paylaşmaqla Loğman Zülfüqarlım “vətən xaini” adlandırmışdır. Bununla bağlı qeyd edirik ki, X10 müharibəsi dövründə rəsmi olaraq külli miqdarda ianələr etmişdir. Loğman Zülfüqarlı daim Vətəninə, dövlətinə və xalqına sədaqətlə xidmət etmişdir. Bundan başqa, X5 "xxxx" ASC- nin hüquqşünası X6 oğlunun istifadə etdiyi 055 *** ** ** votsap nömrəsinə səs yazısı göndərərək aşağıdakıları bildirmişdir: “Loğman Zülfüqarlı hesab etməsin ki, o, pul verərək, rüşvət hesabına məhkəməni uddu. Mən onu yenidən məhkəməyə verəcəm. Görək o, bundan sonra kimə rüşvət verəcək, özünü necə haqlı çıxaracaq” Həmin səs yazısında M.C.Baradov həmçinin bildirmişdir ki - “Loğman Zülfüqarlı haqqında məndə digər sübutlar da var. Onun keçmişdə öz qonşusuna neçə milyon pul atdığı, götürüb vermədiyi barədə və digər qanunsuzluqları barədə də əlimdə məlumatlar var”Göründüyü kimi, hazırki iş üzrə barəsində şikayət verilən şəxs (Təqsirləndirilən şəxs) X5 yalan olduğunu bilə-bilə, sosial şəbəkələrdə və digər internet resurslarında X1 rüşvət verməklə məhkəmələri ələ alma (CM-irı 312-ci maddəsi), nüfuz alveri (CM-nin 312-1-ci maddəsi), vergidən yayınma (CM-nin 213-cü maddəsi), dələduzluq (CM-nin 178.4-cü maddəsi) cinayət əməllərini törətməsi, eləcə də həmtəsisçisi olduğu "xxxx" ASC-də çalışan işçilərin əmək hüquqlarını pozması barədə həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqla, ona böhtan atmış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci 147.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Buna görə də o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb olunmalı və cəzalandırılmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin qanunvericlikdə nəzərdə tutulmuş forma və məzmunla bağlı tələblərə riayət edilmədiyini nəzərə alaraq icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM: 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayəti Bakı şəhəri Sabunçu rayon məhkəməsinə verməsinin əsası kimi böhtan hesab etdiyi məlumatların xaricdə qeydiyyata alınmış kütləvi informasiya vasitələrində yayılmasını əsas götürərək X2 yaşayış yeri üzrə məhkəmədə baxılması olmasını göstərmişdir. Verilmiş şikayət ərizəsinin məzmunundan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə qarşı irəli sürülmüş ittihamların bir qisminin “Tik-tok” adlanan sosial şəbəkə vasitəsilə, bir qisminin isə “Bakunews” müstəqil xəbər portalında paylaşılması göstərilmişdir. Məhkəmə hazırlıq iclası zamanı xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi və vəkili Nümayəndə verilmiş suallara cavab olaraq həmin xüsusatı təsdiq edərək göstərmişdir ki, X5 şikayət ərizəsində göstərdiyi böhtan xarakterli məlumatları müxtəlif sosial şəbəkə platformalarında, o cümlədən “Tiktok” sosial şəbəkəsində və “Bakunews” müstəqil xəbər portalında paylaşmışdır. “Bakunews” müstəqil xəbər portalının internet saytından əldə edilmiş məlumatlardan görünür ki, “Bakunews” müstəqil xəbər portalının hüquqi ünvanı Naxçıvan MR, Babək rayonu Cəhri qəsəbəsidir. Eyni zamanda saytda qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlanıldıqda “Bakunews” müstəqil xəbər portalının hüquqi ünvanının Naxçıvan MR, Babək rayonu Cəhri qəsəbəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki məsələ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən 1-8/1-1109/2025 saylı qərarında olan mövqeyindəndə aydın olur ki, şəxsin ehtimal olunan böhtan və ya təhqir cinayətlərindən hər hansı birini (istər internet informasiya ehtiyatında və ya mediada yayılmaqla törədilmiş əməldən əvvəl, istərsə də daha sonra törədilmiş olsun) Azərbaycan Respublikasının ərazisində törətdiyi halda ərazi üzrə məhkəmə aidiyyəti məsələsinin CPM-in 74.1-ci maddəsinə müvafiq surətdə həll edilməsi üçün prosessual əsas mövcud olduğundan , həmin məsələ əslində, qanunla birbaşa tənzimlənməyən müstəsna vəziyyət üçün nəzərdə tutulmuş 2014-cü il 21 fevral tarixli Plenum qərarının 12-ci bəndinin 4-cü abzasına əsasən həll olunmamalı və CPM-in 74.1-ci maddəsində təsbit olunduğu kimi xüsusi ittiham qaydasında şikayətə Azərbaycan Respublikasının ərazisində törədilməsi ehtimal olunan (ittihamda bu cür təsvir olunan) yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə, X2 barəsində böhtan xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olmasını, X4 qarşı irəli sürülmüş ittihamda göstərilən böhtan xarakterli məlumatların bir hissəsinin “Bakunews” müstəqil xəbər portalında paylaşıldığını, Bakunews” müstəqil xəbər portalının hüquqi ünvanının Naxçıvan MR, Babək rayonu Cəhri qəsəbəsi olduğunu, nəzərə alaraq hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında verilmiş şikayət ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərni törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilsin. X2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 5 iş saatına görə 55 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-814/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-814/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver