Məhkəmə qərarları › İş №1(008)-816/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-816/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-816/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Yusifbəyli və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 156-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 156-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3, 17 sentyabr 1981-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, ünvan 1 ünvanındaqeydiyyatdadır. Ailəlidir, bır azyaşlı övladı var. 2015-ci ildə X4 ilə qısa müddətli ünsiyyəti olmuşdur. Həmin şəxs daha əvvəl Həqiqət adı ilə tanınmış, sonradan istifadə etdiyi “Günel" adını rəsmiləşdirmişdir. Bir neçə görüşdən sonra o, ondan hamilə olduğunu iddia etmişdir. O, isə ailəli olduğunu, azyaşlı övladının olduğunu və qeyd olunan uşağın onunla əlaqəsinin olmadığını bildirmişdir. Buna baxmayaraq, 06 fevral 2016-cı il tarixində sözügedən şəxs uşağı dünyaya gətirmiş(ibrahimov Hüseyn) və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarı əsasında hazırda hər ay 246 manat aliment ödəyir. Sonuncu ödəniş 25 noyabr 2025-ci iltarixində həyata keçirilmişdır. Alimenti ödəməyinə və uşaqla əlaqə saxlamasına baxmayaraq, X4 illərdir onu sistemli şəkildə təhdid edir, nüfuzdan salır və iş fəaliyyətinə maneələr yaradır. O, müxtəlif vaxtlarda çalışdığı dövlət qurumlarının rəhbərlərinə və ınternet resurslarına zəng edərək onun barəsində nalayiq, böhtan xarakterli ifadələr işlətmişdir. Bu səbəbdən daha əvvəl işlədiyi dövlət qurumlarından məcburi olaraq uzaqlaşmış və 4 il müddətində işsiz qalmışdır. Sosial şəbəkələrdə onun və azyaşlı qızı Nuray ibrahimovanın şəkıllərini paylaşaraq, üzərində təhqiramiz və nalayiq ifadələr yazmışdır. Bu hallar azyaşlı qızında ağır psixoloji sarsıntı yaratmış, hal-hazırda tibbi müalicə almasına səbəb olmuşdur. Həyat yoldaşına və onun ailə üzvlərinə zəng edərək təhqiramiz davranışlar nümayiş etdirmişdir. Qohumlarının şəxsi məlumatlarını (telefon nömrələri, sosial şəbəkə hesabları və iş yerləri barədə məlumatları) qanunsuz yollarla toplayaraq üçüncü şəxslərlə paylaşmışdır. Müxtəlif şəxslərə zəng edib «ictimai rüsvayçılıq» xarakterli məlumatlar yaymışdır. 9 il ərzində fasiləsiz olaraq onu təhdid etmişdir. Hal-hazırda Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin direktoru vəzifəsində çalışır. Günel Fəttahova yenidən iş yerini müəyyən edərək Nazirliyin mətbuat xidmətinə zəng etmiş, barəsində əsassız və ləkələyici məlumatlar yaymış, nazirliyin rəsmi İnstagram səhifəsindən əməkdaşlara sorğular göndərərək şəxsi fotolarını paylaşmışdır. Bu faktlar açıq şəkildə dövlət qurumunun normal fəaliyyetinə maneçilik törədilməsi deməkdir. Qeyd olunan hərəkətlər Azərbaycan Respublikası CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığı), 147-148-ci (böhtan və təhqir), 182-cı (hədə-qorxu ilə tələb etmə), 134-cü(təhdid) maddələrinin tərkib əlamətlərini yaradır. Yuxarıda göstərilənləri nəzərə alaraq HÜQUQİ QİYMƏTLƏNDİRMƏ Cavabdehin əməlləri: AR CM-nin 147-ci (böhtan), 148-ci (təhqir), 156-cı (şəxsi həyatın toxunulmazlığınn pozulması)maddələrinin tərkibini yaradır və CPM-nin 322-327-ci maddələrinə uyğun olaraq xüsusiittiham qaydasında baxılması rica olunur. MƏHKƏMƏDƏN XAHİŞ EDİR:1. X4 barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanmasını təmin edəsiniz. 2. Təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verilərək müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarasınız; 3. Sosial şəbəkələrdə yayımlanmış bütün foto və məlumatların silinməsi barədə qərar qəbul edəsiniz; 4. Onu və ailə üzvlərini təhdid, təhqir və şantaj etməsi faktlarına hüquqi qiymət verilsin; 5. Ona vurulmuş mənəvi zərərə görə cavabdehdən 20.000 (ivirmi min) manat kompensasıya tutulmasına qərar verəsiniz; 5. Məhkəmə xərclərini cavabdehdən tutasınız. Xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin qanunvericiliyin tələblərinə riayət edilmədən məhkəməyə verildiyini, təsdiq edən sübutlar olmadığını göstərərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. Lakin, X3 şikayət ərizəsində törədilmiş cinayətin nə vaxt, harada, necə törədilməsini göstərməmişdir. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri, tarixi göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Bundan başqa, X3 şikayət ərizəsində X4 tərəfindən törədilməsi iddia olunan hansı əməllərin CM-nin 147-ci maddəsinin, hansı əməllərin 148-ci maddəsinin tərkibini yaratmasını göstərməmişdir. Bununla yanaşı, CPM-nin 293.3.3-cü maddəsinin tələblərinə riayət edilməyərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə X2 CMnin 156-cı maddəsi ilə də məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir ki, məhkəmə bu xüsusatla bağlı bildirir ki, CM-nin 156-cı maddəsində nəzərdə tutulmuş cinayət əməli məhkəmələr tərəfindən xüsusi ittiham qaydasında baxılan cinayətlərə aid deyildir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 156-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar