Məhkəmə qərarları › İş №1(008)-817/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-817/2025

26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-817/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Nardaran qəsəbəsi Cəfər Mövsümov küçəsində qeydiyyatsız ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1,230 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi ərazisinədək daşımış, Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 sentyabr 2025-ci il tarixdə saat 00:40-da həmin ərazidə saxlanıldıqdan sonra, qeyd edilən yerdə üstünün yoxlanılması zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən, içərisində xeyli miqdarda təmiz çəkisi 1,230 (bir tam mində iki yüz otuz) qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Həmin maddəni də ona lazım olanda Bakı şəhərində müxtəlif yerlərdən hər hansı şəxslərdən alır, həmin şəxsləri demək olar ki, tanımır, onların adlarını və heç bir digər məlumatlarını da bilmir. Belə ki, sonuncu dəfə 27 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində olan vaxtı, küçədə təsadüfən əvvəllər psixotrop maddə aldığı şəxslə görüşmüşdür, həmin şəxsin də nə adını, nə də digər məlumatlarını bilmir, həmin şəxslə görüşəndən sonra, 40 manat pul verərək psixotrop maddə hesab edilən metamfetamin almışdır. Həmin maddəni əynindəki qara rəngli şalvarının sağ yan cibinə qoyub üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Daha sonra Bakıxanov qəsəbəsinə tərəf gəlmişdir. 28 sentyabr 2025-ci il tarixdə gecə saat 00:40-da Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində olan zaman, 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə, o, üzərində narkotik maddə olmasından qorxduğu üçün bir qədər həyəcanlanmış, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşdığı yerdən on metrə yaxın kənara çəkilmişlər və orada çəkilişlə onun üzərinə baxış keçirilmiş, o, əynində olan şalvarının sol cibindən “Redmi” markalı mobil telefonunu və şalvarının sağ cibindən isə sellafona bükülmüş həmin içərisində psixotrop maddə metamfetamin olan kütləni çıxarıb təqdim etmişdir. Orada ondan bükümdə olan kütlənin nə olması soruşulmuş, o da səmimi olaraq həmin kütlənin içərisində bir neçə saat əvvəl Bülbülə qəsəbəsindən 40 manata aldığı metamfetamin olmasını bildirmişdir. Həmin maddə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» olan möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin vaxt onun üzərində baxış davam etdirilmiş və başqa heç bir digər qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır, bu barədə protokol tərtib edilmişdir. Daha sonra, polis əməkdaşları onu özləri ilə 13-cü Polis Şöbəsinə gətirmişlər. Orada öz razılığı ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifləri ona izah edilmiş, o, şübhəli şəxs qismində tutulmuş və tutulmanın mahiyyəti ona izah olunmuşdur. Eləcə də onun üzərindən aşkar edilmiş psixotrop maddəyə və mobil telefona baxış keçirilmiş və yenidən qablaşdırılmışdır. Əməlindən peşmandır. Himayəsində 3 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 sentyabr 2025-ci il tarixdə işlədiyi Şöbəyə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. Belə ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili X1 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır, əməliyyat qrupu ilə birlikdə 28 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi ərazisinə yollanaraq, saat təxminən 00:40 radələrində məlumatda göstərilən Təqsirləndirilən şəxs oradakı ərazidə yolun yaxınlığında müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etməklə, həmin şəxsin barəsində məlumat daxil olduğunu bildirərək, buna görə də üzərinin yoxlanılacağını bildirmişlər. Lakin, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi müəyyən edilməklə həmin yerdə baxış keçirilməsi müəyyən çətinliklər yaradacağına görə, həmin yerdən təxminən 10 metr aralıda Təqsirləndirilən şəxs üzərini yoxlamaqla baxış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Daha sonra, həmin yerdən 10 metr kənara çəkildikdən sonra, Təqsirləndirilən şəxs üzərində baxış aparılacağı bildirilərək və eləcə də hüquq və vəzifələrini izah edib hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət olunmasının mümkünlüyü izah edilmiş, daha sonra ona təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasını etiraf edərək, əlini, əynindəki qara rəngli şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofan bükümü və digər cibindən də 01 ədəd "Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir, həmin vaxt təqdim edilən sellofan büküm açıldıqda içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət kütlənin olması müəyyən olunmuş, saxlanılan şəxs həmin sellofan bükümün içərisində aşkar olunmuş kütlənin «patı» adlanan psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin dəqiq anket məlumatlarını bilmədiyi şəxsdən 40 (qırx) manata aldığını bildirmişdir. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Saxlanılan şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 28 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları - Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin Şöbənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı X2 tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, Sabunçu RPl-nin 13-cü PŞ-nə daxil olmuş məlumat əsasında 28 sentyabr 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 00:40-da Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi ərazisində saxlanılmaqla həmin ərazidən 10 metr aralıda videoçəkilişdən istifadə etməklə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərindən içərisinə təmiz çəkisi 1,230 qram olan psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin qablaşdırılmış bir ədəd şəffaf sellofan bükümün aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs bu psixotrop maddəni 27 sentyabr 2025-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 40 (qırx) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofanina bükülmüş, psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar edilmiş, aşkar olunmuş bir ədəd şəffaf selofanına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürülmüş, baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, baxış gecə vaxtı, açıq ərazidə, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(i.v.08-09); şübhəli şəxsin tutulması haqqında 28 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:40 dəqiqədə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.18); Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 28 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilən bir ədəd zərfdə qablaşdırılmış əşyaya və 01 ədəd mobil telefona baxış keçirilmiş, üzərində imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuş, sonra həmin maddə yenidən qablaşdırılaraq möhürlənmişdir(i.v.28); Məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2025-ci il tarixli, 6/3206 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş üzərində “...vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,230 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(i.v.38-41); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.75-76); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.77); Maddi sübut kimi tanıma haqqında 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,230 qram təmiz çəkidə psixotro maddə metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və cinayətin bir başa predmeti olduğundanmaddi sübut kimi tanınması, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,130 qram metamfetaminin Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır(i.v.83); Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskdə iki ədəd görüntü vardır. 28 sentyabr 2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi ərazisində saxlanılmaqla həmin ərazidən 10 metr aralıda üzərində keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış birinci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, birinci görüntü “WhatsApp Video 2025-09-28 at 02.54.58” adlı “MP4 Video(.mp4)” tipli 63 MB (63343 kbayt) həcmli 06 dəqiqə 36 saniyyə müddətli videogörüntüdə üç nəfər mülki geyimli şəxslərin olması, həmin şəxslərin açıq ərazidə qaranlıq vaxtı dayanması əks olunur, çəkiliş başlayan zaman, əlində qara rəngli əl çantası olan şəxs özünü təqdim edib Sabunçu RPlnin 13-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 olmasını, 28 oktyabr 2025-ci il tarixdə saat 00:40 radələri olmasını və Bakıxanov qəsəbəsi Elnur Xəlilov küçəsində olmalarını bildirərək, əməliyyat tədbirində iştirak edən şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özünü təqdim edərək, görüntüdə olanlardan Sabunçu RPl-nin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2, çəkilişi aparan şəxsin isə 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Ceyhun Nəzərov olmalarını deyirlər, daha sonra orta hissədə dayanmış saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxsə müraciət edərək ona saxlanılmasının səbəbini və qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə, baş əməliyyat müvəkkili Şahid1 ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 13-cü saniyyəsində Təqsirləndirilən şəxs əlini əynindəki qara rəngli şalvarının sol yan cibinə salaraq oradan bir ədəd qara rəngli mobil telefon cihazını, sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim edir, baş əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxsin təqdim etdiyi bükümü açaraq içərisindəki ağ kristalşəkilli maddəni videokameraya və iştirakçılara nümayiş edir, saxlanılan şəxsə həmin kütlənin nə olmasına, onu nə vaxt, haradan, nə məqsədlə əldə etməsinə dair suallar verir, Təqsirləndirilən şəxs verilən suallarına cavab verərək bildirir ki, həmin maddəni narkotik vasitə kimi qəbul edir və öz istifadəsi üçün saxlanılan gün Bülbülə qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 40 manata almışdır, satışı ilə məşğul olmur, ancaq öz istifadəsi üçün əldə edir və saxlayır. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 təqdim olunan bükümün maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onun götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, aşkar olunmuş 01 ədəd kağız bükümü həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini DİN-in zərflər üçün olan 160 nömrəli möhürü ilə möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Həmçinin, saxlanılan şəxsin təqdim etdiyi 01 ədəd Redmi markalı olması qeyd edilən mobil telefon cihazı da götürülür. Eyni zamanda, digər polis əməkdaşı olan baş əməliyyat müvəkkili Şahid2 baş əməliyyat müvəkkili Şahid1 təklifi ilə Təqsirləndirilən şəxs üzərini və geyinlərini yoxlayır, başqa heç bir əşya aşkar edilmir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 həmin yerdə protokol tərtib edilməsini mümkün olmadığını və baxış protokolunun 13-cü PŞ-də tərtib ediləcəyini, eləcə də heç bir şikayətin, etirazın daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir. CD-də olan ikinci görüntü 28 sentyabr 2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində xidməti otaqda qeydə alınmışdır, videogörüntü - "WhatsApp Video 2025-09-28 at 03.06.19” adlı "MP4 Video(.mp4)” tipli 49 MB (49867 kbayt) həcmli 05 dəqiqə 15 saniyyə müddətli videogörüntüdə xidməti otada dörd nəfər mülki geyimli şəxslərin və bir nəfər xidməti polis geyimində olan şəxsin olması görünür, masa arxasında olan bir nəfər polis mayoru rütbəli şəxsin əyləşməsi əks olunur, sonuncu çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı İlham Babayev olmasını bildirərək, otaqda olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özlərini təqdim edərək Sabunçu RPİ-nin 13-cü PŞ- nin baş əməliyyat müvəkilləri Şahid1 və Şahid2 olmalarını deyirlər, daha sonra saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir, daha sonra stolda əyləşmiş şəxs özünü təqdim edib 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi olmasını bildirir. Bundan sonra təhqiqatçı polis əməkdaşına əməliyyat tədbiri barədə məlumat verməsini bildirir, baş əməliyyat müvəkilləri Şahid1 da, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, 28 sentyabr 2025-ci il tarixdə saat 00:40 radələrində Bakıxanov qəsəbəsi Elnur Xəlilov küçəsi ərazisində sonuncunun saxlanılması, üzərində baxış keçirilməsini, sonuncunun üzərindən narkotik vasitəyə oxşar maddənin aşkar edilməsini bildirir, daha sonra baş əməliyyat müvəkilləri Şahid1 əlindəki qara rəngli çantanı açıb içərisindən ağ rəngli, üzəri möhürlənmiş və imzalanmış zərfi təqdim edərək, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddənin həmin zərfə qoyulmaqla möhürlənməsini bildirir, sonra qara rəngli çantadan bir ədəd mobil telefon cihazını çıxarıb təqdim edərək, həmin cihazın Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Redmi markalı mobil telefon olmasını və sübuti əhəmiyyət kəsb edəciyi üçün götürüldüyünü bildirib, zərfi və mobil telefonu otaqdakı masanın üzərinə qoyur. Təhqiqatçı mobil telefon cihazını və ağ zərfi götürüb, Təqsirləndirilən şəxs dəvət edir, həmin şəxsdən zərfdəki maddənin ona aid olub-olmamasını soruşur, sonuncu da zərfdəki maddənin psixotrop maddə olan metamfetamin olmasını və üzdən tanıdığı şəxsdən qırx manata almasını, özü istifadə etmək üçün üzərində saxlamasını bildirir, daha sonra təhqiqatçı zərfi açır, içərisindən ağ kristalşəkilli maddəni kameraya və iştirakçılara göstərir, Təqsirləndirilən şəxs da həmin maddənin ona aid olmasını bir daha təsdiq edir, daha sonra 01 ədəd şəffaf bükümü həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edilir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir. Videogörüntüyə keçirilən baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını təsdiq edərək, həmin videogörüntüdə əks olunanların həqiqət olduğunu, bununla bağlı heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir(i.v.85-86); Maddi sübut kimi tanıma haqqında 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, 28 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində qanunsuz saxlanılan psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüləri əks olunmuş 01 ədəd CD cinayət işi üzrə maddi sübut kimi tanınmışdır(i.v.87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat sorğu kartotekasında məlumat yoxdur(i.v.96-97); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 6087 nömrəli rəyində göstərilmişdir ki, «müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan "ASİLİLİQ SİNDROMU" (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.107-108); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il təvəllüdlü 03 azyaşlı uşağı vardır. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntü əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 28 sentyabr 2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,230 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 3 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 1,230 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,130 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar