Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-82/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 317- 1.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin xx.xx.2019-cu il tarixli 1379 ş/h nömrəli əmri ilə Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2022-ci il tarixli 19-T nömrəli əmri ilə təsdiq edilərək xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında” Təlimata əsasən məhkumlardan onlar üçün müəyyən olunmuş vəzifələrin və davranış qaydalarının yerinə yetirilməsini tələb etmək, rejim pozuntularına yol vermiş, cinayət etməyə cəhd edən və ya cinayət törətmiş şəxsləri saxlamaq və onları müəssisə rəisinin növbətçi köməkçisinin yaxud müdiriyyətin obyektdə olan nümayəndəsinin yanına gətirmək, məhkumlar üzərində axtarış aparmaq, onların yerləşdiyi və işlədiyi yerlərə baxış keçirmək, şəxsi əşyalarını yoxlamaq və cəzaçəkmə müəssisəsində istifadəsi qadağan olunmuş əşyaları götürmək, eləcə də öz vəzifələrini dəqiq bilmək və onları yerinə yetirərkən yüksək dərəcədə sayıqlıq, cəsarət və çeviklik göstərmək, xidmət üzrə tabe olduğu şəxslərdən aldığı əmr və göstərişləri sözsüz və dəqiq yerinə yetirmək, qanunçuluğa ciddi əməl etmək, məhkumların ləyaqətini alçaldan hallara yol verməmək, məhkumların törətdikləri rejim pozuntularının, cinayət hərəkətlərinin qarşısını qətiyyətlə almaq, növbədə olan nəzarətçilərə öz postunu tərk etməmək, xidmətdən yayınmamaq, məhkumlarla, onların qohumları ilə, digər şəxslərlə xidmətdən kənar əlaqəyə girməmək, habelə onların xidmətlərindən istifadə etməmək kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, öz qulluq mövqeyindən istifadə etməklə 2024-cü ilin iyun ayının ortalarında növbəli şəkildə nəzarəti həyata keçirdiyi zaman “İstintaq Təcridxanalarının daxili intizam Qaydaları” ilə həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaları, yəni +**********55 nömrəli danışıq kartı yerləşdirdiyi «Nokia» markalı «**********38973, **********85690» imei kodlu mobil telefonunu və elektrik qidalandırıcını aşkar edilməməsindən ötrü öz üstündə saxlayaraq Bakı İstintaq Təcridxanasının xidməti nəzarət buraxılış məntəqəsində olan yoxlamadan gizlədib Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 57 saylı kamerasında saxlanılan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Şahid1 verməklə xx.xx.2024-cü il tarixdə saat 19:00-da təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı aşkar edilənədək həmin mobil telefonlardan istifadə etmələri üçün şərait yaratmaqla həbs edilmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi, təcrid edilmələri, daxili intizamın təmin edilməsi üzrə rejim qaydalarına əməl edilməsi kimi istintaq təcridxanasının normal fəaliyyətinin pozulmasına səbəb olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının qanunla qorunan mənafeyinə mühüm zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ildən ədliyyə orqanlarında qulluğa qəbul olmuş və həmin tarixdən Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Xidmətə başladığı vaxtdan daxili intizam qaydaları, xidmətə aid digər təlimatlar ona izah olunmuşdur. Hər xidmətə çıxdığı vaxt təlimatlandırıldıqdan sonra xidməti posta çıxmışdır. Xidmətə təyin olunarkən bir neçə dəfə 1 saylı rejim korpusun 3-cü mərtəbəsinə təhkim olunmuşdur. Həmin korpusda xidmət etdiyi dövrdə 57ci kamerada saxlanılan həbs olunmuş şəxs Şahid1 ilə tanış olmuşdur. Kənanla bir neçə dəfə söhbət zamanı Elvin adlı şəxs ilə ortaq tanışlıqlarının olması məlum olmuşdur. X8 barədə bir neçə dəfə söhbəti olmuş, həmçinin Elvin ilə danışarkən Kənan barədə söhbət etmişlər. Bildirmişdir ki, o, Elvini təxminən 1 ilə yaxındır ki, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanından tanıyır və aralarında dost münasibəti vardır. Günlərin birində söhbət zamanı Elvin Kənanla mütəmadi əlaqə saxlaya bilməməsini və uzun müddətdir onunla danışmadığını bildirərək ondan Kənanla əlaqə saxlamasını xahiş etmişdir. Bundan soonra Elvinin xahişini nəzərə alıb Kənana gizli yolla telefon verəcəyini düşünmüş və hadisədən təxminən 15 gün əvvəl, yəni 2024-cü ilin iyun ayının ortalarından sonra xidmətə gedərkən Elvinlə görüşüb ondan mobil telefon və elektrik qidalandırıcı götürərək ayağındakı ayaqqabının içərisində gizlədərək xidmətə gəldikdə təcridxanaya keçirtmişdir. Elvinin bu barədə məlumatı olmamışdır. O yalnız ondan Kənanla telefon əlaqəsi saxlamağını xahiş etmişdir. Həmin gün 1 saylı rejim korpusun 3-cü mərtəbəsinə xidmətə təhkim olunmuş və xidməti təlimatdan sonra xidməti yerinə getmişdir. Həmin gün növbədə günün 2-ci yarısında, yəni axşam növbəsində olmuş və təhvil-təslim olandan sonra digər əməkdaşlar getdikdən sonra gizli yolla təcridxanaya ayaqqabısında keçirtdiyi daxilində danışıq kartı olan «Nokia» markalı mobil telefonu və elektrik qidalandırıcını siqaret qutusunun içinə qoyaraq Kənanın saxlandığı kameranın nəfəsliyindən ona vermişdir. Ona məxsus olan işlətdiyi “*** *** ** **” mobil nömrəsi ilə Kənana verdiyi telefonda olan “*** *** ** **” mobil nömrəsinə zəng edərək Elvinlə Kənanın danışmağına şərait yaratmış və bu hal dəfələrlə təkrar olunmuşdur. Onun Kənan və Elvin ilə aralarında olan bu əməli etmək qarşılığında hər hansı bir təmənna olmamış, yəni buna görə heç kim ona pul təklif etməmiş və o da heç kimdən pul istəməmişdir. Əməlindən səmimi peşmandır himayəsində 8 aylıq körpə uşağı var, nəzərə alınıb yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2016-cı ildən Bakı İstintaq Təcridxanasının Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru vəzifəsində çalışır, ədliyyə mayorudur. O, Təqsirləndirilən şəxs nəzarətçi kimi tanımış və onunla əvvəllər heç bir əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində Bakı İstintaq Təcridxanasının əməkdaşları 1 saylı rejim korpusunun 57-ci kamerasında hal şahidlərinin iştirakı ilə birlikdə daxil olaraq kamerada axtarış-baxış tədbirləri keçirməyə başlamışlar. Axtarış-baxış tədbirləri keçirilən zaman Şahid1 ilə bir kamerada həbsdə saxlanılan X4 yatdığı çarpayının üstündə olan döşəyin altından məhkumlar və həbsdə saxlanılan şəxslər üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan bir ədəd «Nokia» markalı mobil telefon və ona aid elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonun daxilində "xxxx" danışıq kartı olmuşdur. Fərid Dadaşov həmin telefonun ona məxsus olduğunu bildirsə də, həqiqətdə həmin mobil telefon aparatı Şahid1 məxsus olmuşdur. Həmin mobil telefonu təxminən 15 gün əvvəl həbsdə saxlanıldığı korpusda nəzarətçi kimi xidmət aparan istintaq təcridxanasının nəzarətçisi Təqsirləndirilən şəxs almışdır. Bu fakt ilə əlaqədar təcridxananın digər əməkdaşlarının, hal şahidlərinin, həmin kamerada həbsdə saxlanılan iştirakları ilə protokol tərtib edilmiş, aşkar edilərək götürülmüş daxilində danışıq kartları olan mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq imza atmışlar. Bundan sonra Təqsirləndirilən şəxs təcridxana rəhbərliyinə çağırılmış və o özü də göstərilənləri təsdiq edərək cinayət məsuliyyətinə səbəb olacağını bildiyi halda mobil telefonları yoxlamadan gizlətməklə təcridxanaya keçirib Şahid1 verdiyini etiraf etmişdir. Bu səbəbdən də öz ərizəsi ilə işdən azad edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təcridxanaya daxil olarkən bütün işçilərin, o cümlədən Təqsirləndirilən şəxs üzəri yoxlanır, onların telefonla təcridxanaya daxil olması və orada mobil telefon işlətməsi qadağındır. Telefonu Niyaməddin nəzarətçilərdən gizlin keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdən etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 9 il müddətinə məhkum olunmuş, məhkəmə onlayn qaydasında keçirilmişdir. Hazırda cəzasını xx.xx.2024-cü il tarixdən Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. O, Təqsirləndirilən şəxs 3-cü mərtəbədə olan posta çıxan nəzarətçi kimi tanımış və onunla əvvəllər heç bir əlaqəsi olmamışdır. Bakı İstintaq Təcridxanasında həbsdə saxlanıldığı zaman xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları qeydiyyatda olduğu 1 saylı rejim korpusunun 57-ci kamerasında hal şahidlərinin iştirakı ilə birlikdə daxil olaraq kamerada axtarış-baxış tədbirləri keçirməyə başlamışlar. Axtarış-baxış tədbirləri keçirilən zaman onunla bir kamerada həbsdə saxlanılan X4 yatdığı çarpayının üstündə olan döşəyin altından məhkumlar və həbsdə saxlanılan şəxslər üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan bir ədəd «Nokia» markalı mobil telefon və ona aid elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonun daxilində “Azercell" danışıq kartı olmuşdur. Fərid Dadaşov telefonun ona məxsus olduğunu bildirsə də, həqiqətdə həmin mobil telefon aparatı onun özünə məxsus olmuşdur. Həmin mobil telefonu təxminən 15 gün əvvəl həbsdə saxlanıldığı korpusda nəzarətçi kimi xidmət aparan istintaq təcridxanasının nəzarətçisi Təqsirləndirilən şəxs almışdır. Bununla əlaqədar aralarında hər hansı formada təmənna, yəni pul müqabilində bu telefonun ona verilməsi barədə söhbətləri olmamışdır. Həmin telefon vasitəsilə “*** *** ** **” nömrəli telefona zənglər etməklə nəzarətçi Təqsirləndirilən şəxslə və onun telefonu vasitəsi ilə Elvin ilə əlaqə saxlamış, söhbətləri ümumi xarakter daşımışdır. Şahid2 ilə o birlikdə Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş və yaxın münasibətləri olmuşdur. Bildiyinə görə, o, sabiq nəzarətçi Təqsirləndirilən şəxslə bir məhəllədə yaşayır. Təqsirləndirilən şəxs ilə onun həmin telefon barədə söhbəti olmamış, bu qəfildən olmuş və o kameranın nəfəslik pəncərəsini açaraq Elvindən ona salam olduğunu deyərək həmin balaca telefonu vermişdir. O bu telefonla dostu Ələddin ilə onun istifadəsində olan “*** *** ** **” nömrəli mobil telefonla əlaqə saxlamışdır. Həmçinin həmin telefon vasitəsilə anası X3 ilə onun istifadəsində olan “*** *** ** **” və “*** *** ** **” nömrəli mobil telefonlarla zəng və SMS vasitəsilə əlaqə saxlamış və onlar ümumi olaraq danışaraq hal-əhval tutmuşlar. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ona telefonu verməsi üçün hər hansı pul vəsaiti və ya digər maddi neməti təklif etməmiş, ona bunun qarşılığında hər hansı pul vəsaiti və ya digər maddi nemət verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər də yaşadığı Ramana qəsəbəsi ünvanından tanısa da, təxminən 2 ilə yaxındır ki, onların dostluq münasibəti vardır. Şahid1 isə 2018-ci ildən tanıyır. Belə ki, onlar Kənanla Qaradağ rayonu, 13 saylı cəzaçəkmə müəssisəsində bir yerdə olmuşlar. Bundan sonra Kənanla aralarında dostluq münasibəti yaranmış və Kənan da artıq azadlığa çıxandan sonra onlar çöldə də görüşmüşlər. Kənan azadlığa çıxdıqdan sonra 2023-cü ildə CM-nin 234.4.3-cü maddəsi ilə həbs olunaraq Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. O, Kənanın Bakı İstintaq Təcridxanasında saxlanıldığı məlumatını Niyaməddindən öyrənmişdir. Belə ki, Niyaməddinin dediyinə görə, o, BİT-də 1 saylı rejim korpusun 3-cü mərtəbəsində xidmət etmiş və Kənan da həmin korpusun 57-ci kamerasında saxlanılmışdır. Söhbət zamanı X5 qəsəbəsində yaşadığını öyrəndikdə, Niyaməddindən onu tanıyıb-tanımadığını soruşmuş, Niyaməddin isə tanıdığını və dost münasibətlərinin olduğunu demişdir. Bundan sonra o Niyaməddinlə görüşdükdə, ondan Kənanla mütəmadi əlaqə saxlaya bilməməsini və uzun müddətdir onunla danışmadığını bildirərək ondan Kənanla əlaqə saxlamaq istədiyini xahiş etmişdir. Daha sonra xatırlamadığı bir tarixdə Niyaməddin ondan telefon istədiyi üçün ona “Nokia" markalı mobil telefon və elektrik qidalandırıcı vermiş, lakin Niyaməddinin həmin telefonu nə edəcəyini bilməmişdir. Mobil telefonun içərisindəki danışıq kartı isə Niyaməddinə məxsus olan “*** *** ** **” mobil nömrəsi olmuşdur. O, Kənanla öz istifadəsində olan mobil nömrə vasitəsilə heç vaxt əlaqə saxlamamış, yalnız Niyaməddinin istifadəsində olan “*** *** ** **” mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlamışdır. Bundan başqa bildirmişdir ki, Şahid1 istifadə etməsi üçün Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına mobil telefon keçirməsi qarşılığında heç bir pul vəsaiti təklif etməmiş, nə də ki ona pul vəsaiti verməmişdir. Niyaməddin onun dostu olduğu üçün təmənnasız olaraq bunu etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarından cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 24295126 №-li cinayət işinin materiallarından Penitensiar Xidmətin Bakı İstintaq Təcridxananın əməkdaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsilə ********* №-li cinayət işi başqa icraata ayrılmışdır (i.v.01-04); 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 08 iyul 2024-cü il tarixdə, təxminən saat 19:00 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında 1 saylı rejim korpusunun 57-ci kamerasında qəfləti axtarış-baxış tədbiri keçirilən zaman, həmin kamerada saxlanılan, xx.xx.1995-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, hazırkı iş üzrə Binəqədi RPİ-nin İŞ-si tərəfindən, Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan həbs olunmuş şəxs X4 yatdığı çarpayının üzərindəki döşəyin altından ona məxsus daxilində "xxxx" danışıq kartı olan 01 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı və ona aid elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşür (i.v.9); Baxış keçirilməsi haqqında 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X4 yatdığı çarpayının üzərindəki döşəyin altından aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Nokia” markalı mobil telefona baxış zamanı telefonda olan danışıq kartının “*** *** ** **” nömrəli olduğu, telefonda son telefon zənglərinin “*** *** ** **”, “*** *** ** **”, “*** *** ** **”, “*** *** ** **”, “012 5656762”, “*** *** ** **” və “*** *** ** **” nömrəli telefonlarla olması müəyyən edilmişdir (i.v.30); xx.xx.2024-cü il tarixli 602/K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanunun 40.1.1-ci maddəsinə müvafiq olaraq (öz arzusu ilə) tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir(i.v.62); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kompüter texniki ekspertizasının 5/803 nömrəli 30 iyul 2023-cü il tarixli rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd üz hissəsində “Nokia” sözü yazılmış mobil telefonun arxa məlumat lövhəsinin olmaması müəyyənləşdirildi. Mobil telefonun proqram təminatında olan “**********38973, **********85690” “imei” kodlu mobil telefon olmaqla halhazırda işək vəziyyətdə olub istifadə üçün yararlıdır.
2. Təqdim edilmiş “Nokia” markalı mobil telefonun “Bilgi/Gelen Kutusu” bölməsində on səkkiz ədəd qəbul olunmuş mesaj və “Çağrı Kayıtı” bölməsində “cavabsız zəng” altı ədəd, “yığılan nömrə” səkkiz ədəd, “gələn zənglər” bir ədəd zəng qeydləri müəyyən olundu.
3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Nokia” markalı mobil telefonun “UFED 4PC” markalı qurğunun proqram təminatının metodlar bazasında modelinin olmaması səbəbindən həmin telefonun yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
4. Təqdim edilmiş “Nokia” markalı mobil telefonun texniki göstəriciləri “WhatsApp” proqram təminatı vasitəsilə məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan məlumatlar mobil cihazın yaddaşında müəyyən olunmadı.
5. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Nokia” markalı mobil telefonun “Bilgi/Gelen Kutusu” bölməsində on səkkiz ədəd qəbul olunmuş mesaj və “Çağrı Kayıtı” bölməsində “cavabsız zəng” altı ədəd, “yığılan nömrə” səkkiz ədəd, “gələn zənglər” bir ədəd zəng qeydləri köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (i.v.76-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 83;) Baxış keçirilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 qeyd edilən mobil telefonda olan 051 ******* №-li telefon danışıq kartından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 26 dəfə 070 ******* nömrəli telefona zənglər etməklə istintaq təcridxanasının nəzarətçisi Təqsirləndirilən şəxs ilə 7 dəfə 099 ******* nömrəli telefona zənglər etməklə tanışı X2 ilə 33 dəfə 070 ******* nömrəli və 1 dəfə 051 ******* nömrəli telefonlara zənglər və SMS-lər yazmaqla anası X3 ilə olan danışıqları və SMS-ləri qeydiyyata alınmışdır. Həmin məlumatlardan görünür ki, 051 ******* nömrəli telefon X1 adınadır (i.v.105); Maddi sübut kimi tanıma və işə əlavə edilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş 1 ədəd mobil daxilində danışıq kartı ilə birlikdə və elektrik qidalandırıcı, habelə «Bakcell», «Azercell-Telekom» və "xxxx" MMC-dən kağız daşıyıcıda telefon danışıqlarına dair və "xxxx" MMC-dən diskdə olan məlumtlar maddi subut kimi tanınmış və işə əlavə edilmişdir (i.v.106); Cinayət işini icraata qəbul etmək haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 317-1.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır (i.v.125); Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü Nuray Tağıyeva adlı azyaşlı qız övladı vardır(i.v.126); Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma barədə 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v.151); Sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 308.1 və 317-1.2-ci maddələri ilə ittiham elan edilmişdir (i.v.160-168); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 308.1 və 317-1.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.169-171); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 25 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.189); Məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 317- 1.2-ci maddəsi ilə olan ittiham hissəsi isə razılaşsa da, onun əməlinin həm də vəzifədən sui-istifadə etmə, yəni Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi də qiymətləndirilməsi ilə razılaşmır. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən suiistifadə cinayəti vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, bunun da nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma kim təsbit edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, CM-nin 308.1-ci maddəsinin məzmunundan göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlara və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, “....təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, öz qulluq mövqeyindən istifadə etməklə 2024-cü ilin iyun ayının ortalarında növbəli şəkildə nəzarəti həyata keçirdiyi zaman “İstintaq Təcridxanalarının daxili intizam Qaydaları” ilə həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaları, yəni +**********55 nömrəli danışıq kartı yerləşdirdiyi «Nokia» markalı «**********38973, **********85690» imei kodlu mobil telefonunu və elektrik qidalandırıcını aşkar edilməməsindən ötrü öz üstündə saxlayaraq Bakı İstintaq Təcridxanasının xidməti nəzarət buraxılış məntəqəsində olan yoxlamadan gizlədib...”, məhkəmə ittihamın bu hissəsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olsa da, o, ittihamda qeyd edilən mobil telefonu və elektrik qidalandırıcısını vəzifə səlahiyyətlərindən sui istifadə edərək, yəni öz qulluq mövqeyindən istifadə etməklə Bakı İstintaq Təcridxanasına keçirməmişdir. Belə ki, Bakı İstintaq Təcridxanasının nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təcridxanaya daxil olarkən bütün işçilərin, o cümlədən Təqsirləndirilən şəxs üzəri yoxlanır, onların telefonla təcridxanaya daxil olması və orada mobil telefon işlətməsi qadağındır. Telefonu Niyaməddin nəzarətçilərdən gizlin keçirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs da, mobil telefonu və elektrik qidalandırıcısını ayaqqabısının içərisində gizlədərək yoxlamadan gizlin Bakı İstintaq Təcridxanasına keçirdiyini göstərmişdir. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayətin predmeti olan mobil telefonu və elektrik qidalandırıcısını yoxlamadan gizlədərək Bakı İstintaq Təcridxanasına keçirsə də, bu onun qulluq səlahiyyətlərindən irəli gəlməmiş, ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı olmamışdır. İkincisi, məhkəmə qeyd etməyi lazım bilir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin zəruri əlaməti cinayətin məqsədidir. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində bu məqsəd vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Qanunsuz üstünlük əldə etmə məqsədi şəxsin öz qulluq səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə dövlətin və ya ayrı-ayrı şəxslərin əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsində, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olunmasında, qeyri-əmlak xarakterli mənfəət əldə etmədə, habelə qanunsuz olaraq hər hansı güzəştin və ya imtiyazın əldə olunması istəyində ifadə olunur. Halbuki, verilmiş ittihamda Təqsirləndirilən şəxs “...vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib,...” göstərilsə də, qanunsuz üstünlüyün nədə ifadə olunması, hansı qanunsuz üstünlüyün əldə edilməsi ona qarşı verilmiş ittihamda öz əksini tapmamışdır. Bundan başqa, vəzifədən sui-istifadə etmə əməli hətta özü üçün qanunsuz üstünlük əldə etmə məqsədilə törədilsə belə, bu əməlin mühüm zərərin vurulmasına səbəb olması müəyyən edilmədikdə (CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri əlamətlərindən biri) şəxsin vəzifəsindən sui-istifadə etməsi CM-nin 308.1-cı maddəsinin tələbləri baxımından həmin cinayətin tərkibini yaratmır. Eyni zamanda, məhkəmə qeyd edir ki, təhlil olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Cinayət qanunu normasının bu cür təsbitindən və ona verilmiş şərhdən çıxış edərək məhkəmə qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs qarşı CMnin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham mücərrəd xarakter daşıyır ona görə ki, onun bu maddədə nəzərdə tutulmuş əməlinin zərərçəkmiş şəxsə mühüm zərərin vurulmasına səbəb olması göstərilsə də, bu nəticə ittihamda yalnız ümumi sözlərlə ifadə olunmuş, digər tərəfdən isə Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində mövcud olmayan zərərin mühüm olmasının konkret olaraq nədə ifadə olunması toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Digər tərəfdən, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarına istinadən vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətinin yalnız birbaşa və ya dolayı qəsdlə törədilməsi mümkünlüyünü də nəzərə alaraq vurğulayır ki, şəxsin bu cinayəti törətməsi barədə nəticəyə gəlmək üçün onun qulluq mənafeyi əleyhinə olan əməlini məhz qəsdlə törətməsi müəyyən edilməli, yəni iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk etməsi, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görərək bu nəticələrin baş verməsini arzu etməsi (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi (dolayı qəsd) müəyyən edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsi ilə elan olunmuş ittihamdan təqsirləndirilən şəxsin vəzifədən sui-istifadə etmə əməlini törədərkən mühüm zərərin vurulmasında ifadə olunan nəticələrin baş verməsini arzu etməsi, yaxud da belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi görünmür və onun belə qəsdinin olması iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, bu hal ona qarşı irəli sürülmüş ittihamda da öz əksini tapmamışdır. Daha sonra məhkəmə qeyd edir ki, CM-nin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 317-1.2-ci maddəsinə əsasən eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 308.1 və 317-1.2-ci maddələrinin müqayisəli təhlili göstərir ki, bu maddələrdə nəzərdə tutulmuş hər iki cinayətin subyekti yalnız vəzifəli şəxs ola bilər, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayəti müstəsna olaraq birbaşa qəsdlə törədilsə də, vəzifədən sui-istifadə cinayətinin həm də dolayı qəsdlə törədilməsi mümkündür, Göründüyü kimi, CM-nin 317-1.2-ci maddəsində nəzərdə tutulmuş öz qulluq mövqeyindən istifadə etməklə cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayətini törətmiş şəxs məhz vəzifəsindən, yəni ona verilmiş və ya üzərinə qoyulmuş səlahiyyətlərindən sui-istifadə edərək həmin cinayəti törədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Qərarında əksini tapmış hüquqi mövqe məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, CM-nin 317-1.2-ci maddəsi CM-nin 308ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir və şəxs yalnız öz qulluq mövqeyindən istifadə etməklə cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayətini törətdiyi halda cinayətlərin məcmusu yaranmır, buna görə də onun əməli təkcə CM-nin 317-1.2-ci maddəsi ilə tövsif edilir. Bu qənaət həmçinin CM-nin 17.4-cü maddəsinin tələblərindən də irəli gəlir. Belə ki, həmin maddəyə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Həmçinin, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 39-cu bəndində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Həmin Qərarın 38-ci bəndində göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Buna görə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-nin 308.1-ci maddəsinin rəqəm ifadəsi xaric edilməli, onun əməli yalnız CM-nin 317-1.2-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həm qanunvericiliyin yuxarıda qeyd edilən normalarına, beynəlxalq müqavilələrin tələblərinə əməl edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini, bu tipli işlərə məhkəmələrdə baxılması zamanı bu cinayətlərin hüquqi tövsif ilə bağlı uzun illər formalaşmış vahid təcrübəni nəzərə alır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində səkkiz aylıq bir azyaşlı uşağının olmasını(CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM- 59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000(beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Elnurə Rəcəbova