Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-822/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Qurd dərəsi adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Zəngəzur restoranın arxasında 5 hektar torpaq sahəsinə dair yerləşmə sxemini alacağına dair tanışı Zərərçəkmiş şəxs yalan vədlər verib aldadaraq 10 iyul 2022-ci ildə ünvan 2 ünvanında yerləşən İcra Hakimiyyətinin inzibati binasının arxa tərəfində sonuncunun 20.000 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə tanışı Ədalət adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Səfaralanı hamı kimi o da “Telman” adı ilə tanıyır. Zərərçəkmiş şəxsla 2022-ci ilin yay aylarında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 1 saylı Bakı Ərazi idarəsinin qarşısında görüşən zaman Səfaralan ona bildirmişdir ki, bir nəfər tanışının Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Zəngəzur restoranının arxasında 5 hektar torpaq sahəsi var və həmin torpaq sahəsinə yerləşmə sxemi almaq lazımdır. O, da Səfaralana bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayon icra hakimiyyətinin MKTB-nİn rəisi Elmin bibisi oğludur, torpağın sənədlərini gətirsin ki, aparıb ona göstərsin. Bundan bir neçə gün sonra Səfaralanla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Kosmos” kafesində görüşdükdə Səfaralan 5 hektar torpağa dair texniki pasport və digər sənədləri ona təqdim etmişdir. Həmin sənədləri 1-2 gün sonra aparıb bibisi oğlu Elminə göstərmiş və həmin torpağa dair yerləşmə sxemini necə tərtib etdirə biləcəklərini maraqlanmışdır. Elmin ona bu işin MKTBnin səlahiyyətləri daxilində olmadığını bildirmişdir. Bundan sonra o bir neçə tanışından bu barədə soruşduqda, həmin şəxslər də bunun mümkün olmadığını, həmin ərazilərin “Təmiz şəhər” layihəsində olduğunu bildirmişdirlər. Həmin torpağa dair yerləşmə sxemi ala bilməyəcəyini bilsə də, həmin vaxt pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxsla söhbət zamanı ona bildirmişdir ki, həmin yerləşmə sxemini tərtib etdirmək üçün ümumilikdə 80.000 manat vermək lazımdır. Lakin ilkin hazırlıqlar üçün 20.000 manat verəcək, sənədlər hazır olduqdan sonra da əlavə 60.000 manat verəcəkdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və 2022-ci ilin iyul ayının əvvəllərində onunla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Ədalət adlı tanışının yaşadığı evinin qarşısında görüşmüşdür. Zərərçəkmiş şəxs 20.000 manat alıb şəxsi ehtiyaclarına xərcləmişdir. Hər dəfə Səfaralan onunla əlaqə saxlaylb bu barədə soruşduqda ona işlərin qaydasında olduğunu, tez bir zamanda yerləşmə sxeminin tərtib olunacağını bildirmişdir. Düşünürdü ki, həmin müddət ərzində kimdənsə 20.000 manat pul tapıb Səfaralana qaytararaq nəticədə yerləşmə sxeminin tərtib olunmasında problemlər olduğunu və işin həllini tapmadığını desin. Lakin pulu tapa bilmədiyi üçün hər dəfəsində Səfaralanla danışdıqda ona müxtəlif bəhanələr gətirərək işin tez bir zamanda həllini tapacağını bildirmişdir. Pulu Səfaralana verə bilmədiyi üçün Səfaralan onun barəsində şikayət etmişdir. Səfaralana vurduğu 20.000 manat ziyandan hissə-hissə olmaqla 16.000 manat ödəmişdir.Qalan pulu da yaxın vaxtlarda ödəyəcəkdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə xalası oğlu X1 5 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin texniki pasportu olsa da, yerləşmə sxemi mövcud deyildir. Xalası oğlu Bahadur Rusiya Federasiyasında yaşadığı üçün ondan xahiş etmişdir ki, ona məxsus torpaq sahəsinə yerləşmə sxemi düzəltdirsin, Bakıya qayıtdıqda onun pulunu verəcəkdir. Bu məqsədlə də yerləşmə sxemini almaq üçün tanış adam axtarmışdır. Bu barədə əvvəlcədən tanışı Ədalət adlı şəxslə görüşüb söhbət etmişdir. Ədalət bildirmişdir ki, «Şahlar» adlı bir nəfər dostu var, o torpaq sahəsinə yerləşmə sxemi almağa köməklik edə bilər. Ədalətin vasitəsi ilə Şahlarla 2022-ci ilin iyul ayının əvvəlində Bakı şəhəri Nərimanov rayon ərazisində görüşmüşdür. Həmin vaxtı Ədalət də yanlarında olmuşdur. Şahlarla yerləşmə sxemi almaq barədə söhbət etdikdə, Şahlar bildirmişdir ki, Binəqədi Rayonu İcra Hakimiyyətinin MKTB-nin rəisi Elmin onun bibisi oğludur, Elminin vasitəsi ilə sənəd almaqda ona köməklik göstərə bilər. Şahlar yerləşmə sxemini almaq üçün ondan 80.000 manat, ilkin olaraq 20.000 manat, sənəd düzəldikdən sonra isə 60.000 manat pul istəmişdir. Şahlarla razılaşmış və 2022-ci ilin iyul ayının 10-da Şahlarla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasının arxa tərəfində Ədalətin evinin qarşısında görüşmüşdür. Şahların yanında bir nəfər də tanışı olmuşdur. Qeyd olunan ünvanda 20.000 manat pulu Şahların tanışının yanında Şahlara vermişdir. Həmin vaxtdan sonra dəfələrlə Şahlarla görüşmüş, ondan sənədi düzəldib verməsini xahiş etmişdir. Şahlar isə hər dəfə müxtəlif bəhanələr gətirərək nə pulunu qaytarmamış, nə də ki sənədi düzəldib verməyərək onu aldatmışdır. Hazırda 20000 manatdan ona 16000 manat qaytarılmışdır, qalan pulunun ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 26 may 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən İcra Hakimiyyətinin inzibati binasının arxa tərəfində baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 09-11); cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.31); 22 sentyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini təsdiq edib, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində bir daha ifşa etmişdir (i.v.53-54); 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi pul əskinasları 10 ədəd müxtəlif seriyalı 100 ABŞ dolları və 33 ədəd müxtəlif seriyalı 100 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 5000 (beş min) manat təşkil edir. Baxış zamanı X6 bildirdi ki, təqdim etdiyi 5000 (beş min) manat pulu qardaşı Təqsirləndirilən şəxs X3 aldadaraq sonuncudan aldığı 20000 (iyirmi min) manat pulun bir qismini ödəmək üçün təqdim edir. X2 təqdim etdiyi 5000 (beş min) manat pul götürülərək X4 təhvil verildi (i.v.56); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.74- 75); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.76-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən 25 fevral 2020-ci il tarixli qərarla rədd edilmişdir (i.v.89-90); Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan olunması qərara alınmışdır (i.v.110-111); Axtarışda olan şəxsin tutulmasına dair 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18-00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilməsi üçün 13-cü PŞ-nin NH-nə təhvil verilmişdir (i.v.118); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət təmin edilməmiş və onun dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır(i.v.136-146); Yaddaş daşıyıcısında olan məlumatlara baxış keçirilməsi haqqında 14 fevral 2024cü il tarixli protokoldan görünür ki, yaddaş daşıyıcısında 12 ədəd səs yazısını özündə əks etdirən qovluq mövcuddur. Həmin qovluqlar açılıb dinlənilmiş və ümumi olaraq söhbətin məzmunu torpaq sahəsinə dair yerləşmə sxeminin alınması üçün 20.000 manat pulun verildiyi, lakin sənədləşmənin həll edilməməsindən ibarət olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, yaddaş daşıyıcısında olan səs yazısı onun tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxsla aparılmış danışıqlar zamanı yazılmış və sübut növü kimi gələcəkdə istintaqa təqdim edilməsindən ötrü yaddaş daşıyıcısına köçürülmüşdür. Səslərdən biri onun, digəri Təqsirləndirilən şəxs və sonuncu ilə onu tanış edən Ədalət adlı şəxsin səsləridir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs torpaq sahəsinə dair yerləşmə sxeminin alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib sözünü əməl etmədiyi üçün ondan pulunu geri tələb etsə də, Şahlar müxtəlif bəhanələr gətirib pulunu qaytarmadığı üçün onları tanış edən Ədalət adlı şəxslə əlaqə saxlamış və ona Şahların etdiyi hərəktlər barədə danışıb iradını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq edib, Zərərçəkmiş şəxs 20.000 manat pul aldığını təsdiq edib, yaddaş daşıyıcısında olan səslərdən biri onun, digəri Səfaralana, tanışı Ədalətin səsi olduğunu bildirmişdir (i.v.147-148); Qətimkan tədbiri seçilməsi haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.149-150); Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan olunması qərara alınmışdır (i.v.156-157); Axtarışda olan şəxsin tutulmasına dair 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.164); 11 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X4 vurulmuş maddi ziyanın bir qismi, yəni 2.000 manat pul Təqsirləndirilən şəxs dayısı İlqar Kazımov tərəfindən Səfəralan Rəhimova ödənilməsi üçün istintaqa təqdim olundu (i.v.176); 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dayısı İlqar Kazımov tərəfindən istintaqa təqdim olunmuş 2000 manat pul Səfəralan Rəhimova təqdim olundu. X7 həmçinin bildirdi ki, bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən hissə-hissə olmaqla ümumilikdə 6.000 manat pul istifadəsində olan "xxxx" ASC-nin Birbank kart hesabına ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 7.000 manat qaytarmalıdır (i.v.177); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.182-185); 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyi nəzərə alınmaqla qüvvəsində saxlanılmışdır (i.v.186-187); Sübutların qiymətləndirilməsi haqqında 13 oktyabr 2024-cü il tarixli iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 01 ədəd CD yaddaş daşıyıcısı cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (i.v.190-194); Məhkəmə iclasında 1 ədəd CD diskə baxış keçirilmiş, həmin diskdə olan səs yazıları 14 fevral 2024-cü il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 21 sentyabr 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, , 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət, 10 oktyabr 2024-cü il tarixdən 12 oktyabr 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət, ümumilikdə 06(altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu Qurd dərəsi adlanan ərazidə nömrəsiz fərdi yaşayış evi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, , 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət, 10 oktyabr 2024-cü il tarixdən 12 oktyabr 2024cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət, ümumilikdə 06(altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Qurd dərəsi adlanan ərazidə nömrəsiz fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-822/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-822/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver