Məhkəmə qərarları › İş №1(008)-826/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-826/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-826/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 22 noyabr 1986-cı il tarixdə Ermənistan Respublikası, Tumanyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində ‘polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 büküm, hər bükümdə təmiz çəkiləri 0,093 qram və 0,074 qram, ümumi təmiz çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın qarşısınadək daşımış, 01 may 2023-cü il tarixdə, saat 23 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 4anda yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd siqaretin gümüşü kağızma bükülmüş təmiz çəkisi 0,167 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci ildən narkotik tərkibli maddələrdən istifadə edir, narkotik tərkibli maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən alır. xx.xx.2023-cü il tarixdə heroin istifadə etmək istədiyindən saat 15 radələrində heroin alması üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsinə getmişdir. Orada olarkən heç bir anket məlumatını bilmədiyi, narkotik alüdəçisi təəssüratı yaradan tanımadığı şəxsə yaxınlaşaraq heroin lazım olduğunu bildirmiş, xahiş etmişdir ki, ona 10 manatlıq heroin tapsın. Həmin şəxs bildirmişdir ki, təşkil edə bilər. Həmin şəxs 10 manatı alaraq ondan uzaqlaşmış, 10 dəqiyqə sonra ona siqaretin gümüşü kağızında olan iki büküm vermiş, bildirmişdir ki, bükümdəki heroindir. O, həmin bükümü cibinə qoyub üzərində saxlamışdır. 01 may 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 14/1 ünvanın qarşısında olarkən həmin 2 büküm heroinlər cibində olmuşdur. Həmin vaxt ona sonradan adlarını bildiyi Şahid2 və Şahid1 yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edəcək sənəd istəmişlər. Onun cibində heroin olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansı yolla olur olsun polis əməkdaşlarından uzaqlaşsın. Polis əməkdaşlarına üzərində heç bir sənədinin olmadığını deyib yoluna davam edərkən onu yenidən saxlayaraq şəxsiyyəti barədə məlumat verməsini istəmişlər. O, polis əməkdaşlarına əhəmiyyət verməmiş, yayınaraq qaçmaq istəyərkən onu saxlayıb polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. O, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızındakı 02 büküm heroini təqdim etmişdir. Daha sonra şəxsi axtarışı aparılmış, lakin üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümlər “kakos", yəni heroindir. Təqdim etdiyi bükümlər X1 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, həmin zərfi o və polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 13-cü PB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxsla ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birgə Polis bölməsinin inzibati ərazisində, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xidmət aparmışdır. Həmin tarixdə saat 23 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 14/1 ünvanın qarşısında sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs diqqətlərini cəlb etmişdir. O, Təqsirləndirilən şəxs yaxınlaşmış, özünü təqdim edərək üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs üzərində sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. O, Təqsirləndirilən şəxs təkrar yaxınlaşaraq anket məlumatları ilə maraqlanmış, sonuncu yenidən onlardan uzaqlaşmağa başlamışdır. Təqsirləndirilən şəxs hərəkətləri onlarda şübhə oyatdığından Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin daşınması ilə məşqul olmaqda şübhələnmişlər. Təqsirləndirilən şəxs Sabunçu RPİ 13-cü PB-yə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birgə 13-cü Polis bölməsinə getmişdir. O, həmçinin əməliyyat müvəkkili Şahid1 vətəndaş Təqsirləndirilən şəxs PB-yə gətirilməsi barədə PB rəhbərliyinə raportla məruzə etmişlər, bu barədə araşdırmanın aparılması X1a həvalə edilmişdir. 13-cü PB-nin inzibati binasında X1un xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 2 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümlər 'kakos”dur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər X1 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmişdir. O, həmçinin əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs zərfi imzalamışlar. Bunlar barəsində protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq protokolun doğruluğunu imzalan ilə təsdiqləmişlər. Məhkəmə-kimyəvi ekspertizasının rəyindən sonra məlum olmuşdur ki, həmin bükümlərdəki maddə heroin olmuşdur. Şahid Sabunçu RPİ 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin 02 ədəd gümüşü kağızındakı bükümü çıxardaraq masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da,‘ üzərindən başqa heç nə aşkar edilməmişdir. X1 tərəfindən büküm açılarkən içərisindən maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələr “kakos”dur (i.v. 24- 25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 02 may 2023-cü il tarixli, 6/2517 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün Ne160!’ dairəvi möhür əksi və “..Təqsirləndirilən şəxs Məhərrəm oğlunun üzərindən aşkar edilmiş maddə; Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: İki İmza, Təhqiqatçı: A.Əhmədov-imza ...” yazı əlavəsi qeyd edilmiş bır ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri -0,093 qram, -0,074 qram, ümumi təmiz çəkisi -0,167 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v.29- 33). “Maddi sübut kimi tanıma haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,167 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 0,127 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.71). Məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli, 4698 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.89- 90). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə, saat 22:50-dən tutulmuş hesab edilmişdir (i.v.19). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 03 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.57-59). “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 may 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.60-61). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.99-100). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(008)- 601/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 7(003)- 1697/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 02 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etdiyini və peşman olduğunu (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,127 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar