Məhkəmə qərarları › İş №1(008)-829/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-829/2025

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-829/2025 06.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 9,66 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsinə qədər daşımış, 01 avqust 2025-ci il tarixdə, saat 23:50-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ev 16-nın qarşısında onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda təmiz çəkisi 9,66 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 avqust 2025-ci il tarixdə saat, təxminən 23:50 radələrində yaşadığı ünvanın qarşısında olarkən üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, bu zaman onun üzərində narkotik vasitə olduğu üçün o, qaçmaq istəmiş, lakin polis əməkdaşları onu saxlamışlar. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra onun narkotik vasitələrin daşınmasında və satışında şübhəli olduğunu deyib üzərinə baxış keçirilməsinin zəruri olduğunu demişdirlər. Həmin şəxslər ona hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişdirlər. Sabunçu RPİ-nin 14-cü PŞ-də inzibati otaqların birində hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə onun hüquq və vəzifələri izah olunmuş, bundan sonra ona üzərindən aşkar olunmuş narkotik vasitəyə baxış keçiriləcəyi bildirilmişdir. Baxışdan öncə prosesin videoçəkilişlə aparılmasına etiraz etməmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərindən aşkar edilmiş marixuanaya baxış keçirilmiş və baxış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, yaşadığı evin yaxınlığından tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və ekspertizaya göndəriləcəyi barədə ona məlumat verilmiş və o da, heç bir etirazının olmadığını bildirmişdir. O, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığından tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. O, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən heç bir fiziki zora məruz qalmamışdır. Əməlindən peşmandır. Şahid3 Mayıs oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 01 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, ev 16 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 və Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat - axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 01 avqust 2025-ci il tarixdə, saat 23:50-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, ev 16 ünvanının qarşısında Təqsirləndirilən şəxs müəyyən edilmiş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsini təklif etmişdirlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş qurudulmuş marixuanaya bənzər bükümü çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm onlar tərəfindən götürülmüş və baxış keçirilərək qablaşdırılması üçün Sabunçu RPİ-nin 14-ci PŞ-nə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi onlar tərəfindən videoçəkiliş ilə qeydə alınaraq 01 ədəd CD diskə köçürülərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadələrində Şahid3 Mayıs oğlunun ifadəsinə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 avqust 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və şəxsi axtarış keçirilməsinə dair» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm aşkar olunaraq götürülmüşdür(i.v.08-09); şübhəli şəxsin tutulması haqqında 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2025-ci il tarixdə saat 23:50 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.22); 02 avqust 2025-ci il tarixli «təqdim olunan əşyaya baxış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübutun qablaşdırıldığı zərfə baxış keçirən zaman şəffaf selofana bükülünün içərisində qurudulmuş ot kütləsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış bir ədəd bükümə baxış keçirilmiş və baxış zamanı həmin kütlənin qurudulmuş marixuannaya bənzədiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuanaya bənzər ot kütləsini yaşadığı evin yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir(i.v.33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 02 avqust 2025-ci il tarixli, 7/1031 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs o.imza....” yazı və imzalar olan paketdə bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 9,66 qram mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır(i.v.38-42); Videoyazıya baxış keçirilməsi haqqında 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bükümü təqdim etmişdir(i.v.69-70); Təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 03 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, onun müvəqqəti saxlanma yerindən azad edilməsi qərara alınmışdır(i.v.76-77); Qətimkan tədbirinin seçilməsi barədə 03 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.78-79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 5627 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür(i.v.99-100); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 02 ay vaxtından əvvəl şərti azad edilmişdir(i.v.102-103, 105-113); Sübutların qiymətləndirilməsi haqqında 28 noyabr 2025-ci il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 9,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuana və baxış və götürmə aparılarkən qeydə qalınmış 01 ədəd CD disk maddi subut hesab edilmiş və narkotik vasitənin Sabunçu RPİ-nin saxlancına təhvil təhvil verilməsi qərara alınmış, bir ədəd CD disk sübut növü hesab edilərək cinayət işinə əlavə edilmişdir(i.v.114-120); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, baxış və götürmə aparılması haqqında protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 9.66 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan əvvəlki hökm üzrə olan məhkumluğu ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), 01 avqust 2025-ci il tarixdən 03 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2026-cı il tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 70(yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 avqust 2025-ci il tarixdən 03 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 9.66 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 70(yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar