Məhkəmə qərarları › İş №1(008)-832/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-832/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-832/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Yasamal rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 05 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərində çəkilməmiş 02(iki) il 03(üç) ay 01(bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,574 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 05 aprel 2023-cü il tarixdə Sabunçu rayon Polis idarəsinin 12ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində həmin tarixdə saat 17:30 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmmədov küçəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında küçədə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,574 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə, 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən dəyəri 10 manat olan bir büküm psixotrop maddə olan metamfetamin almış və onu şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. 05 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmmədov küçəsində piyada gəzən zaman Sabunçu RPİ-nin 12-ci PŞ-nin iki nəfər əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini istəmişlər. O, üzərində psixotrop maddə metamfetamin olduğu üçün həyəcanlı olmuş və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmamışdır. Ona görə də, polis əməkdaşlarının yanından tez uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib onu Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə dəvət etdikdə o, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmişdir. Şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmiş, o, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o həmin qərarla tanış edilmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək üzərinə aparılacaq şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub- olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetamini haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, o, üzərindən aşkar edilmiş bükümlərin içərisindəki psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Hal-hazırda üzərində elektron nəzarət vasitəsi vardır, əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 05 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Səfayət oğlu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmmədov küçəsində xidmətdə olan zaman həmin ünvanda, küçədə bir nəfər şəxsin özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda həmin şəxs, özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş, onlardan da yayınmağa çalışmışdır. Ona görə də, həmin şəxsi Şabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. Qeyd olunan şəxs onlarla birlikdə polis şöbəsinə getməyə etiraz etməmişdir. Onlar şöbənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən şöbəyə gətirilməsini bildirmişlər. Bundan sonra, həmin şəxslə birlikdə 12-ci polis şöbəsinə getmişlər, şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və sonuncu bu barədə qəbul edilmiş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, üzərində keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmişdir. Təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb otaqda olan stolun üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da qablaşdırmanın üzərini və tərtib olunmuş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 Səfayət oğlu ibtidai istintaqda verdiiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.90-93); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 15); şəxsi axtarış və götürmə aparılması haqqında 05 aprel 2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində kristal formalı ağ rəngdə maddə təqdim etmiş, verilmiş suallara cavb olaraq həmin maddənin narkotik vasitə olan “Şüşə” olduğunu, təxminən 1 gün bundan öncə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(i.v.26-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1987 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,574 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı l) daxildir (i.v. 32-36); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur(i.v.52-53); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.68-69); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 07 aprel 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.70-71); Maddi sübut kimi tanıma haqqında 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,574 qram ağ rəngli psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq çəkisi 0,524 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.77); Videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 12-ci PŞ-nin təhqiqatçısı, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış matamfetamini çıxararaq könüllü olaraq təqdim edir və bildirir ki, bükümün içərisindəki maddə metamfetamindir, şəxsi istifadəsi üçün 04 aprel 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata əldə etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd büküm zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı.(i.v.81); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(004)-192/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(i.v.94-55; 96-99); xx.xx.2023-cü il tarixli, 4586 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.115- 116); Bakı şəhər Probasiya İdarəsinin 19 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 1(004)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü və onun icrası barədə xx.xx.2022-ci il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Yasamal Rayon Məhkəməsinin 1(004)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə cəzasının 02 ay 01 gün hissəsi çəkilmiş, 02 il 03 ay 25 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntü şəxsi axtarış və götürmə haqqında 05 aprel 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,574 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə baxmayaraq hazırki cinayət əməlini törətmişdir. Odur ki, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)- 192/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 03 (üç) ay 01 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 01 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-67.1), 05 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, təmiz çəkisi 0.574 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.524 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı(CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-192/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02(iki) il 03 (üç) ay 01 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 01 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmiş təmiz çəkisi 0.574 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.524 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar